• cümə, 19 Aprel, 17:48
  • Baku Bakı 25°C

Növbəti liderlik, prinsipiallıq və mərdlik nümunəsi

03.05.16 10:52 1151
Növbəti liderlik, prinsipiallıq və mərdlik nümunəsi
Prezident İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə göstərdi ki, təmas xəttindəki vətəndaşların, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır
Azərbaycanın ərazi bütövlüyünün Ermənistan silahlı birləşmələri tərəfindən pozulması, işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi hər bir azərbaycanlını düşündürən ciddi problemdir. Bu problemin sülh yolu ilə həlli üçün Prezident İlham Əliyev xarici ölkələrə etdiyi bütün səfərlərində, beynəlxalq təşkilatlarda keçirdiyi rəsmi görüşlərdə diqqəti münaqişəyə yönəldib, ən yüksək tribunalardan Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırıb. Ermənistan qoşunlarının işğal olunmuş rayonlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin, o cümlədən BMT Baş Assambleyasının, AŞ PA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələrinin bu günə qədər yerinə yetirilmədiyini dəfələrlə bəyan edib. Lakin əfsuslar olsun ki, 20 ildən artıq bir müddətdə problemin həllində ciddi irəliləyiş olmayıb, Azərbaycanın 20 faiz ərazisi yenə də Ermənistan işğalı altında qalıb, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün kimi yaşamağa məhkum olub. Bütün bu proseslər, xüsusən də beynəlxalq aləmin münaqişəyə laqeydliyi Ermənistan siyasi rəhbərliyində özünəvurğunluğu daha da artırdığından, onlarda belə bir təəssürat yaranmışdı ki, yeni nəslin formalaşdığı Azərbaycanda Dağlıq Qarabağ və ətraf rayonları tədricən unudulacaq, bu torpaqlar uğrunda heç kim savaşmayacaq. Ona görə də məkrli düşmən tez-tez atəşkəsi pozub, müxtəlif təxribatlara əl atıb, hətta sülh danışıqlar prosesinə təsir etməklə status-kvonun dəyişməz olaraq qalmasına çalışıb.
Lakin aprel ayının əvvəlində düşmənin belə bir niyyətlə təkrar təxribata əl atması, azğınlaşaraq mövqelərimizə soxulmaq istəməsi Azərbaycan Silahlı Qüvvələrinin ön cəbhədəki birləşmələri tərəfindən cavabsız qoyulmayıb. Düşmənin hücumunun qarşısı alınmaqla bərabər, əks hücuma keçən əsgərlərimiz Ermənistan ordusunun 20 ildən artıq müddətdə dayanmadan gücləndirdiyi müdafiə xəttini qısa zamanda yarıb, işğal altında saxlanılan bir sıra strateji yüksəkliklər üzərində nəzarəti bərpa edib. Dörd gün davam edən döyüş nəticəsində düşmənin 322 hərbi qulluqçusu və onlarla hərbi texnikası məhv edilib, 500-dən çox erməni əsgər və zabiti yaralanıb, 50-dən çoxu itkin düşüb. Olduqca ağır və sarsıdıcı zərbə alan Ermənistanda təşviş və xof yaranıb. Ermənistanda əsgər analarının hakimiyyətə qarşı üsyanı prezident Serj Sarkisyanın kürsüsünü də laxladıb, xalqla iqtidar arasında dərin uçurum yaranıb. Bu vəziyyətdən çıxmaq üçün Ermənistan prezidenti öz generallarını ayaqlar altına atmağa, məğlubiyyətin əsas günahkarı kimi onları göstərməyə çalışır. Hazırda da erməni cəmiyyətində böyük narahatlıq yaşanmaqdadır.
Bu müddətdə isə Azərbaycan xalqında Silahlı Qüvvələrimizə, Ali Baş Komandan İlham Əliyevə inam daha da artıb. Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarının davamı kimi ordumuzun göstərdiyi şücaət xalq-hakimiyyət birliyini, Vətənə, elə-obaya bağlılığı bir qədər də möhkəmlədib. İndi böyükdən kiçiyə hər kəs əlinə silah almağa, Silahlı Qüvvələrimizlə birlikdə işğal altındakı torpaqlarımızı daşnak tör-töküntülərindən təmizləməyə hazırdır. Bu günlərdə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olması insanlarımızda mübarizlik ruhunu daha da artırıb. Qeyd edək ki, Azərbaycan Prezidenti və xanımı Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə yerindəcə tanış olublar. Ali baş komandan bildirib ki, vətəndaşlara dəymiş ziyan tezliklə aradan qaldırılacaq, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Sakinlər isə qüdrətli Azərbaycan Ordusuna, Ali Baş komandana arxalandıqlarını, böyük cəsarətlə düşmənlə üz-üzə dayandıqlarını, lazım gəldiyi təqdirdə işğalçılarla savaşa da hazır olduqlarını söyləyiblər.
Bununla yanaşı, Azərbaycan Prezidenti və xanımı ön cəbhədəki hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə də tanış olub və şəxsi heyətlə görüşüblər. Həmçinin, Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralı sakinlərə də baş çəkiblər. Dövlət başçısının və xanımının cəbhə bölgəsinə bu səfəri orada yaşayan əhalinin, əsgər və zabitlərin əhval ruhiyyəsini daha da yüksəldib, orduda və insanlarda ruh yüksəkliyinə səbəb olub. Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin cəbhə xəttinə səfər etməsi birinci dəfə deyil. Bundan əvvəl də Ali Baş Komandan böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedib, insanlarla görüşüb. Cəbhə xəttində həm hərbi xidmət çəkənlər, həm də onlara yaxın ərazidə yaşayan yerli sakinlər Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını daim görüb və yüksək qiymətləndiriblər.
Azərbaycan Prezidentinin budəfəki səfəri isə bir daha göstərib ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür. Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin də göstəricisidir.
Mİllət vəkili, politoloq Rasim Musabəyov də hesab edir ki, Azərbaycan Prezidentinin və xanımının cəbhə xəttinə yaxın ərazilərimizə, düşmənin atəşkəsi pozması nəticəsində ciddi zərər görmüş yaşayış məntəqələrimizə, eləcə də hərbi hissələrimizə səfəri həm hərbçilərimizdə, həm də dinc sakinlərimizdə böyük ruh yüksəkliyi yaradır. Bununla yanaşı, dövlət başçısının bu addımı onun Ali Baş Komandan və ali rəhbər kimi bütün məsələlərlə yerindəcə tanış olmaq, düzgün qərar vermək istəyindən irəli gəlir: "Orada bəzi problemlər var ki, onun həlli bilavasitə cənab Prezidentin öz gözü ilə görməsindən, qərar verməsindən asılıdır. Ona görə də Azərbaycan Prezidenti qorxmazlıq, cəsarət nümayiş etdirərək, indiki ağır şəraitdə cəbhə xəttinə yaxın ərazilərə səfər edib, orada hərbçilərlə, dinc sakinlərlə görüşüb. Mən inanıram ki, onun situasiya ilə şəxsən tanış olmasından sonra oradakı bir sıra məsələlər daha tez həllini tapacaq. Bunu həm hərbi sahəyə, həm də mərmilərin düşməsi nəticəsində ciddi xəsarət alan yaşayış evlərinin bərpasına aid etmək olar. Ağır sarsıdıcı zərbə alan düşmənin bütün təxribatlarının və hücumlarının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən rəşadətlə alındığından, onlar dinc insanların yaşadığı kəndləri, məktəbləri hədəfə alıblar. Bundan irəli gələrək yaranmış vəziyyətdə əhaliyə köməklik göstərilməlidir. Dövlət başçısı bu səfəri ilə onlara qısa zamanda köməklik göstəriləcəyini bir daha nümayiş etdirir”.
Millət vəkili, politoloq Hikmət Məmmədov isə belə həssas bir məqamda cənab İlham Əliyevin cəbhə bölgəsindəki kəndlərdə və hərbi hissələrdə olmasını tarixi səfər kimi səciyyələndirib. Bildirib ki, ilk dəfə olaraq Azərbaycanın Ali Baş Komandanı təmas xəttinə son taktiki döyüşlərdə qələbə qazanmış bir ordunun Komandanı kimi gedib, üstəlik, bu səfərdə ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva da iştirak edib. Deputatın fikrincə, bu, təmas xəttinə yaxın rayonlarda yaşayan vətəndaşlarımızın mənəvi-psixoloji ovqatının daha da yüksək olması baxımından olduqca vacib idi: "Hər bir Azərbaycan vətəndaşı bir daha gördü ki, Prezident öz ailəsi ilə birlikdə ön cəbhədədir, döyüş xəttindədir, xalqı ilə bir yerdədir, Milli ordumuzun önündədir. Elə bu birlik və güc də düşməni qorxudur, vahiməyə salır. Prezidentin cəbhə bölgəsinə səfəri Azərbaycan ordusunda yüksək hərbi vətənpərvərlik hissi yaradır. Ölkə başçısı orada olarkən bir daha bəyan etdi ki, aprelin ilk günlərində erməni işğalçı ordusu yenidən atəşkəsi pozdu və ordumuz tərəfindən layiqli cavab aldı. Lakin buna baxmayaraq, aprelin 5-də Azərbaycan tərəfini sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdi. Ancaq aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimiz atəşə tutuldu. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir, döyüş mövqelərimiz daha da möhkəmlənib, dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər özünü doğruldub. Bütün bu fikirlər, eləcə də səfərin özü həm işğalçı Ermənistana, həm də onu himayə edənlərə açıq mesaj idi. Hamıya bir daha nümayiş etdirildi ki, Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməyə hazırdır və gec-tez bunu edəcək”.
Son olaraq qeyd edək ki, Azərbaycan Prezidenti hər bir azərbaycanlının, o cümlədən də cəbhə bölgəsində yaşayan vətəndaşların, səngərdə dayanan əsgər və zabitlərimizin prezidentidir, Ali Baş Komandanıdır. Bu gün təmas xəttinə yaxın ərazidə yaşayan dinc sakinlər, düşmənlə üzbəüz döyüş növbəsi çəkən hərbçilərimiz də daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunurlar. Azərbaycan Prezidentinin və xanımının cəbhə xəttinə son səfəri bu həqiqəti bir daha nümayiş etdirdi. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Bütün bunları nəzərə alaraq, şübhə etmirik ki, İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaqdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər