• cümə, 19 Aprel, 10:07
  • Baku Bakı 13°C

Növbəti iqtidar-müxalifət dialoqu

12.02.15 05:35 2140
Növbəti iqtidar-müxalifət dialoqu
Ötən ilin dekabrı həm də Azərbaycanda iqtidar-müxalifət dialoqunun baş tutması ilə yadda qalıb. Həmin vaxt bu görüşdə hakimiyyəti təmsil edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Əli Həsənov və ölkədəki 17 müxalifət partiyasının sədrləri iştirak etmişdi. Qapalı keçirilən görüşdən sonra mətbuata açıqlama verən şöbə müdiri bildirmişdi ki, Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı, həmçinin vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür. O, bu səbəbdən də davamlı olaraq mətbuat, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirildiyini vurğulamışdı. Ə.Həsənov Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılan görüşü də müsbət qiymətləndirərək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıldığını, nəticələrin Prezident İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdırılacağını söyləmişdi. Həmçinin qeyd olunmuşdu ki, belə görüşlərin, dialoqların davamının olacağı gözləniləndir. Bu dialoqun davamı olaraq, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalif partiyaları rəhbərləri növbəti iqtidar-müxalifət görüşünə dəvət olunublar. Bu gün keçiriləcək həmin görüşdə PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov 14 partiya sədri ilə bir araya gələcək, fikir mübadiləsi aparacaq.
Bu görüşlə bağlı fikirlərini, gözləntilərini “Kaspi”yə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev istənilən halda sözügedən prosesin müsbət qiymətləndirilməsini vacib sayır. O deyib ki, xüsusilə iqtidar tərəfdən atılan bu addım həmrəyliyin formalaşması, cəmiyyətdə hər şeyin dünyagörüşü, polemika müstəvisinə keçirilməsi və bu yolla həllini tapması baxımından əhəmiyyətlidir: “Bəzən siyasi partiyalar fərdi adamlara qarşı qərəzli münasibət göstərir, mübarizə aparırlar. Təbii ki, bu da normal hal deyil. Müxalifət partiyaları ilə ötən ilin dekabrında keçirilən birinci görüşdə hörmətli Əli müəllimin çox konstruktiv şəkildə ortaya mövqe qoyması onu deməyə əsas verir ki, bu, çox ciddi tendensiya olacaqdır. O baxımdan müxalifət partiyaları ilə iqtidarın ikinci görüşünün əhəmiyyətli nəticələrlə sonuclanacağına inanıram. Bizim partiyaya gəldikdə isə, birinci görüşdə olduğu kimi, bu dəfə də təşəbbüslərlə çıxış etməyi planlaşdırmışam. Partiya sədri kimi yeni təkliflərimi diqqətə çatdıracağam. Biz onun tərəfdarıyıq ki, bir təmərküzləşmə olsun, qarşılıqlı anlaşma yolu ilə bütün məsələlər həllini tapsın. Yanaşmaların fərqli olması təbiidir, amma sivil müxalifətçiliyi də davam etdirməyi bacarmaq lazımdır. Biz bunda maraqlıyıq. Hakimiyyət tərəfindən atılan son addımlar onu göstərir ki, iqtidar da bu məsələdə maraqlı tərəfdir. Ona görə də ikinci görüşdən müsbət nəticələr gözləyirəm”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu siyasi dialoqun fəlsəfəsinə görə əldə edilən uğurun hər iki tərəfə aid olduğunu bildirib. Qeyd edib ki, əgər dialoq vasitəsi ilə həm iqtidar, həm də müxalifət nə isə əldə edirsə, bundan ümumilikdə xalq qazanmış olur. Onun sözlərinə görə, dialoq yeganə prosesdir ki, burada tərəflərin üst-üstə düşən maraqları əslində xalqın maraqlarından ibarət olur: “Demokratiyanın 2 prinsipi var ki, onun da biri uzlaşma prinsipidir. Uzlaşma əks tərəflə yalnız danışıqlar yolu ilə mümkündür. Əgər hərə öz kabinetində otursa, uzlaşmanı necə təmin etmək olar? Buradan da məlum olur ki, dialoq olmadan uzlaşma mümkün deyil. Əgər kimlərsə dialoqu satqınçılıq hesab edirsə, onda sual olunur: siz demokratiyanın uzlaşma prinsipini necə həyata keçirə bilərsiniz ki, iqtidarla hər bir dialoqdan, razılaşmadan imtina edirsiniz?! Razılaşma olmayan cəmiyyətdə demokratiyadan danışmaq olmaz. Azərbaycanda siyasi dialoqun gündəmə gətirilməsi və ona hətta seçkilərdən daha çox önəm verməyimiz onunla bağlıdır ki, bu prosedur bilavasitə milli və dövlətçilik maraqlarına xidmət edir”.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da iqtidar-müxalifət dialoquna müsbət yanaşdığını söyləyib. Bildirib ki, iqtidarla müxalifət arasında dialoq cəmiyyətdə konstruktivliyə xidmət edən, Azərbaycanın dövlət maraqlarına cavab verən yanaşmadır. Millət vəkili bundan əvvəl bir qrup müxalif partiya sədrləri ilə keçirilən görüş kimi növbəti dialoqu da əhəmiyyətli addım kimi qiymətləndirib: “Hər iki tərəf arasında dialoqun olması vacibdir. Çünki belə bir dialoq olmadıqda xaricdəki bizi istəməyən qüvvələr müxalifətin daha zəif “həlqələrinə” təsir etməyə, onları ələ keçirməyə çalışırlar. Çox təəssüf ki, müəyyən vaxtlarda buna nail də olurlar. Necə ki, bu gün müxtəlif QHT-lərlə, radikal müxalifətin ayrı-ayrı qanadları ilə belə əməkdaşlıq əlaqələri qurublar. Bütün bunları nəzərə alsaq, iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirmək lazımdır. Eyni zamanda, hesab edirəm ki, belə görüşlərdə yalnız müxalifət partiyaları deyil, Azərbaycanın ümumi palitrasının iştirakı da yaxşı olardı. Yəni iqtidar-müxalifət dialoqunun formatının daha geniş olmasını arzulayardım. Ümumi götürəndə, Azərbaycan iqtidarı dialoq üçün hər zaman açıq olub. Dəfələrlə də hakim partiyanın nümayəndələri bu barədə fikirlərini açıq şəkildə ifadə ediblər. Lakin müxalifətin radikal qanadını təmsil edən partiyalar belə görüşlərə maraq göstərməyiblər. Daha çox özlərini təcrid etmək mövqeyində dayanıblar. Bunun da başlıca səbəbi xaricdən diqqəti özünə cəlb etmək, xaricdən təşkilati və maliyyə yardımı almaq niyyəti olub. Amma müxalifətin digər qanadı ilə, o cümlədən Milli Məclisdə təmsil olunan partiyalarla iqtidarın ən müxtəlif səviyyələrdə görüşü, dialoqu baş tutub. Azərbaycanın taleyüklü məsələləri ilə bağlı birgə görüşlər, toplantılar da keçirilib”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da növbəti iqtidar-müxalifət görüşünün tərəflər arasında münasibətlərin inkişafına müsbət təsir edəcəyini vurğulayıb. O, bu görüşün əleyhinə çıxanların, dialoqu tənqid edənlərin xislətində problem olduğunu diqqətə çatdırıb: “Biz ötən ilin noyabr ayında Prezident Administrasiyasına müraciət etdik və dekabrda iqtidar-müxalifət görüşü baş tutdu. Orada da razılaşmışdıq ki, 2 ay müddətində bir də görüşəcəyik və bu da növbəti görüşdür. Mən bu dialoqu normal qiymətləndirirəm. Biz keçən dəfə görüşdə iştirak etməyənlərin də əlavə olunmasını istəmişdik və bu istiqamətdə də addımlar atılıb. Hər halda görüşün nəticələrini müzakirə edəcəyik və mətbuata məlumat veriləcək. O ki qaldı bəzi müxalifət partiyalarının indidən dialoqu tənqid etməsinə, bu da bir mövqedir. Onlar da bir işlə məşğul olmalıdırlar, ya yox? Onlar artıq ixtisaslaşıblar və tənqid üzrə mütəxəssis olublar. Qabaqlar ədəbi tənqid var idi. İndi də siyasi tənqid mövcud olub. Bu adamlar bütün işləri tənqid edirlər. Yağış yağır - tənqid edirlər, gün çıxır - tənqid edirlər, insanlar doğulur, ölür - tənqid edirlər. Bu da belə adamların xislətidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər