• cümə axşamı, 28 mart, 12:39
  • Baku Bakı 16°C

Növbəti iqtidar-müxalifət dialoqu keçirildi - Yenilənib

15.05.15 06:37 1011
Növbəti iqtidar-müxalifət dialoqu keçirildi - Yenilənib
Mayın 15-də Azərbaycanda növbəti iqtidar-müxalifət görüşü baş tutub. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev və 20-yə yaxın partiya sədri iştirak ediblər.
Görüşün əvvəlində Ə.Həsənov giriş nitqi ilə çıxış edərək bildirib ki, siyasi partiyalarla hakimiyyət nümayəndələrinin ənənəvi növbəti görüşünün keçirildiyini diqqətə çatdıraraq, son görüşdən təxminən 3 aya yaxın vaxt ötdüyünü vurğulayıb. Bildirib ki, əvvəlcədən iki ayda bir dəfə görüşmək barədə vədələşmə olsa da, bu iki ay özü də müəyyən qədər şərti xarakter daşıyıb. PA rəsmisinin sözlərinə görə, gərək cəmiyyəti, siyasi partiyaları, hakimiyyəti düşündürən elə ciddi məsələlər olsun ki, onun ətrafında da müzakirə aparmağa dəysin: “Yoxsa, gərəkli oldu-olmadı iki ayda bir dəfə yığışmağımız bu görüşlərin effektini aşağı sala bilər. Biz Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsiyik. Azərbaycan cəmiyyətində baş verən, ümummilli mahiyyət kəsb edən mühüm məsələlər gündəmə gəldiyi zaman, istər hakimiyyət strukturlarının, istərsə də siyasi partiya sədrlərinin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsi aparmaq, siyasi partiyaların ideyalarını, fikirlərini, təkliflərini dinləmək, müvafiq hakimiyyətin siyasəti ilə onların uyğunlaşdırılması, uzlaşdırılması məsələlərinə baxmaq, bundan sonra qəbul edilən qərarların daha optimal olmasına çalışmaq başlıca şərt olur. Bütün bu görüşlərin, dialoqun mahiyyəti bundan ibarətdir”.
Hakimiyyət opponentlərin də fikirlərinin nəzərə alınmasını istəyir

Ə.Həsənov dövlət idarəçiliyindən, Azərbaycan dövlətinin maraqlarının daxildə və xaricdə təmin edilməsindən, Azərbaycan siyasətinin formalaşmasından da söhbət açaraq deyib ki, hakimiyyət opponentlərin də fikirlərinin nəzərə alınmasını istəyir: “Azərbaycanın digər aparıcı institutlarının, istər QHT-lər, istərsə də media olsun, - onların gündəlik təkliflərini biz mətbuatdan da dinləyirik. Amma siyasi partiyalarla birbaşa dialoqun aparılması, bu məsələlərin birlikdə müzakirə edilməsi, düşünürük ki, milli mahiyyət kəsb edir. Bu görüşlərin mahiyyəti də elə bundan ibarətdir. Keçən dəfə biz mövzu məsələsini gündəmə gətirmişdik ki, növbəti görüşün mövzusu razılaşdırılsın. Açığını deyim ki, 3 ay müddətində siyasi partiyalardan bəzi təkliflər daxil olub. Biz də administrasiyada bu təklifləri saf- çürük etdik, bunların hansını bugünkü görüşün gündəminə çıxarmağı öz aramızda müzakirə etdik. Faktiki olaraq deyim ki, hamının marağını kəsb edəcək və bugünkü Azərbaycan cəmiyyəti üçün aktual olacaq ciddi bir təklif daxil olmadı partiyalardan. Yeganə təklif, siyasi partiyaların bir yerdə yaratdığı blokun adından daxil olub. Bu, Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı bir ümumiləşmiş təklifdir. Hakimiyyət bu gün sözügedən təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil. Hakimiyyət olaraq buna lüzum da görmürük. Bu gün siyasi partiyalarla seçki islahatlarını və qarşıdan gələn parlament seçkilərini gündəmə çıxarmağı, onun müzakirəsini aparmağa ehtiyac duymuruq. Ona görə də biz bu mövzudan vaz keçdik”.
Cəmiyyətin aparıcı siyasi institutları kənarda qalmamalıdır

Ə.Həsənov deyib ki, hazırda Azərbaycan cəmiyyəti daha çox maraqlandıran, onun gündəmində dayanan əsas məsələ Avropa Oyunlarıdır: “Ümumiyyətlə, bu oyunlara daxildə və xaricdə münasibət məsələləri gündəmdə olduğuna görə, düşünürəm ki, cəmiyyətin aparıcı siyasi institutları da kənarda qalmamalıdır. Ona görə də fikirləşdik ki, bugünkü görüşün gündəminə bu məsələni çıxaraq. Mən təklif edirəm ki, bundan başqa biz görüşlərimizin gündəminə cari məsələlər sətri də əlavə edək. Yəni, ümumiləşmiş bir mövzunu çıxartmaqla bərabər, siyasi partiyaları maraqlandıran digər məsələləri də müzakirə edək. Bunlar fərqli məsələlər də ola bilər. Parlamentdə iclasa başlamazdan əvvəl cari məsələlər gündəmə gətirildiyi kimi, bu görüşlərin gündəminə də cari məsələlər əlavə edilə bilər”.
Əsas gündəm: Azərbaycanda Avropa Oyunlarının keçirilməsi

Ə.Həsənovun giriş nitqindən sonra görüş mətbuata qapalı şəkildə davam etdirilib.
Müzakirələrdən sonra PA rəsmisi Ə.Həsənov görüşün yekunu barədə fikirlərini mətbuata çatdırıb. Bildirib ki, 3 saata yaxın müddət ərzində partiya sədrləri ilə məhsuldar görüş keçirilib. O, keçən dəfəki görüşlərdən fərqli olaraq, bu dəfə gündəliyə əsas mövzu ilə bərabər, cari məsələlərin də əlavə edildiyini vurğulayıb. Qeyd edib ki, gündəliyə cari məsələləri daxil etməklə partiya sədrlərinə əlavə imkanlar yaradılıb: “Biz istədik ki, partiya sədrləri yalnız müzakirəyə çıxarılan məsələyə münasibət bildirməsinlər, eyni zamanda onları və siyasi tərəfdaşlarını narahat edən, Azərbaycan cəmiyyətində yaşanan digər məsələləri də müzakirəyə çıxarıb fikir mübadiləsi apara bilsinlər. Belə də oldu. Bildiyiniz kimi, bu dəfə gündəmin əsas məsələsi Azərbaycanda Avropa Oyunlarının keçirilməsi, onun təşkili və digər məsələlər idi. Bununla yanaşı, görüşdə partiya sədrləri tərəfindən cari məsələlər də qaldırıldı. Partiya sədrlərinin bəziləri keçən görüşlərdə müzakirə edilən məsələləri təkrar qaldırdılar. Onlar birinci və ikinci görüşdə bir qrup məhbusun azad edilməsi məsələsini qaldırmışdılar. Həmin məsələni bu gün də təkrar gündəmə gətirdilər və dövlət başçısına o məhbusların əfvi ilə bağlı müraciətlərinin təkrar çatdırılmasını xahiş etdilər. Azərbaycan cəmiyyəti və siyasi partiyaları narahat edən digər məsələləri, o cümlədən ictimai-siyasi proseslərdə iştirak, partiyaların maddi təminatı, qərargahla təmin edilmə, sosial problemlərin Azərbaycan cəmiyyətində hazırkı müzakirəsi, bank kreditləri, siyasi plüralizm və sair kimi məsələlər qaldırıldı. Bunların bəzilərinə dərhal münasibət bildirildi, digərləri barədə isə sonrakı görüşlərdə fikir mübadiləsinin aparılması qərara alındı”.
Ölkəmizin reallıqlarını dünyaya çatdıraq

Ə.Həsənov budəfəki görüşün gündəliyinə çıxarılan əsas məsələ ilə bağlı partiya sədrlərinin fikirlərinin yekdil olduğunu bildirib. Qeyd edib ki, əksər partiya sədrləri də Avropa Oyunlarının Azərbaycan dövlətinə, xalqına lazım olduğunu vurğulayıblar: “Partiya sədrləri bildirdilər ki, Azərbaycan xalqı və dövlətinin keçirdiyi, ev sahibliyi etdiyi Avropa Oyunları ölkəmizin mədəniyyətinin, mövcud milli-mənəvi dəyərlərinin, xalqımızın yaşamının, tolerantlıq və ictimai-siyasi vəziyyətinin, regiondakı mövqelərinin dünyaya çatdırılması üçün yaxşı fürsətdir. Azərbaycan sadalanan istiqamətlərdə öz mesajlarını idman yarışlarından istifadə edib xarici nümayəndələrə, jurnalistlərə və onların vasitəsilə dünya ictimaiyyətinə çatdırmalıdır. Bizim qənaətimizə görə də Avropa Oyunları Azərbaycan dövlətinə imkan verdi ki, özünün idman strukturlarını genişləndirsin, idman resurslarını artırsın, bir idman ölkəsi kimi lazımi infrastruktur siyasətini həyata keçirsin və gələcəkdə daha böyük idman yarışlarına ev sahibliyi etmək iddiasını ortaya qoysun. Görüşdə ümumi şəkildə ifadə olundu ki, bu yarışlar Azərbaycan üçün məqsəd deyil, vasitədir. Bu vasitə o istiqamətə yönəldilməlidir ki, Azərbaycanın problemlərini dünyaya anladaq, reallıqlarını dünyaya çatdıraq. Bizim əleyhdarlarımızın neçə ildir apardığı anti-Azərbaycan təbliğatının formalaşdırdığı trafaretləri sındıraq, ölkəmizin real gerçəkliklərini, mədəniyyətini, tarixini, sivilizasiya dəyərlərini dünyaya çatdıraq”.
Bu dialoqun alternativi yoxdur

Administrasiya rəsmisi qeyd edib ki, görüş müddətində siyasi partiya rəhbərlərinin fərqli çıxışları, həmçinin razılaşıb-razılaşdırılmayan məsələlər də olub: “Düşünürəm ki, bu dialoqun alternativi yoxdur. Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı institutlarıdır, Azərbaycan cəmiyyətində baş verən, proqnozlaşdırılan, baş verməsi ehtimal olunan məsələlərə onların münasibətini dinləmək hakimiyyət olaraq bizə də lazımdır. Prezident İlham Əliyev də belə düşünür. O hesab edir ki, Azərbaycan cəmiyyətində həyata keçirilən bütün məsələlər ətrafında konsensus olmalıdır. Azərbaycan xalqı dövlətin və Prezidentin siyasətini dəstəklədiyi kimi, siyasi partiyalar da imkana malik olmalıdır ki, yürüdülən siyasəti təhlil etsinlər. Opponentlik etsinlər və bizim mövcud çatışmazlıqlarımızı ortaya çıxarsınlar”.
Müsəlman dünyasının mədəni obrazı

Dialoq barədə fikirlərini bölüşən Vəhdət Partiyasının sədri Tahir Kərimli budəfəki görüşün əsas mövzusunun Avropa Oyunları olduğunu xatırladaraq, tərəflərin birmənalı şəkildə ilk Avropa Oyunlarını müsbət qiymətləndirdiyini söyləyib. Dialoqun siyasi partiyaların məşvərət məclisi xarakteri daşıdığını deyən partiya sədrinin sözlərinə görə, çıxışlarda sözügedən oyunların nəinki Azərbaycanın, hətta müsəlman dünyasının mədəni obrazının yüksəldilməsinə xidmət edəcəyi vurğulanıb: “Açığını deyək ki, bəzən bizi Avropada əli baltalı, başı əmmaməli müsəlman kimi təqdim edirlər. Bizi istəməyən qüvvələr vəhşi obrazımızı yaradırlar. Ancaq yarışlar çərçivəsində onlar görəcəklər ki, Azərbaycan hansı tolerant mühitə malikdir, bu cəmiyyət içərisində mədəni səviyyə nə qədər yüksəkdir. Bu oyunlar vasitəsilə Azərbaycanın Avropa ailəsinin bir hissəsi olması sübuta yetiriləcək”.
Dialoqlar hakimiyyətlə müxalifət arasındakı münasibətləri yumşaldır

T.Kərimli onu da əlavə edib ki, həbs edilən bəzi şəxslərin azad edilməsi məsələsi də görüşdə cari məsələ kimi qaldırılıb. Onun sözlərinə görə, heç bir xarici təsir olmadan qətimkan tədbirini dəyişdirmək və ya əfv yolu ilə həmin şəxslərin azad edilməsi mümkündür. Partiya sədri deyib ki, bu hallar Azərbaycan qanunvericiliyində də nəzərdə tutulub. T.Kərimli ümumilikdə bu cür dialoqların keçirilməsini səmərəli və vacib sayıb: “Belə dialoqlar hakimiyyətlə müxalifət arasındakı münasibətləri yumşaldır. Burada iştirak etməyən qüvvələr də oldu. Onların arqumentini əsassız sayıram. Onlar dialoqun əleyhinə deyillər. Lakin deyirlər ki, uyğun zamanda, uyğun şərtlərlə dialoqa getmək olar. Ancaq bu şərtlər və zamanı onlar tək yox, dialoqda iştirak edən bütün qüvvələr müəyyən edir. Onları çağırardım ki, dialoqa qatılsınlar. Çünki bu dialoq sosial bazasını xeyli dərəcədə itirmiş müxalifətə özünü reabilitasiya imkanı da yaradar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər