• cümə, 29 Mart, 03:50
  • Baku Bakı 7°C

Növbəti erməni vandalizmi

26.04.16 20:30 3369
Növbəti erməni vandalizmi
İşğalçı Ermənistan ordusu yenə də atəşkəsi pozmaqda davam edir. Özü də işğalçılar aprelin əvvəlində aldıqları zərbələrin acısını yenə də mülkü əhalidən, sosial obyektlərdən çıxmağa çalışırlar. Aprelin 25-dən 26-na keçən gecə saat 01:00 radələrindən başlayaraq qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ağır artilleriyadan atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşindən sonra erməni birləşmələri bu dəfə Tərtərin yaşayış məntəqələrini hədəf alıb. Yaşayış məntəqələri ağır artilleriya ilə yanaşı, tanklar və "Qrad" qurğusundan atəşə tutulub. Gərginlik səhər saat 05:00 radələrinədək davam edib. Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, 6 yaşayış məntəqəsində fərdi evlərə və həyətlərə mərmi düşüb. Mülki əhalidən xəsarət alan olmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilər ötən gecə Tərtər şəhərini minaatanlardan və iri çaplı silahlardan atəşə tutublar. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.
Öz məğlubiyyətini və acizliyini həzm edə bilməyən erməni yaraqlılarının mülki əhalini hədəfə alaraq, yaşayış binalarını, mal-qaranı, əkin-biçin sahələrini güllə və mərmi yağışına tutması ilk dəfə deyil. Münaqişə tarixində erməni qatilləri hətta azyaşlılara da rəhm etməyib, snayper atəşi ilə azərbaycanlı uşaqları öldürüblər. 2011-ci il mart ayının 8-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi yenidən pozması, Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açması yüzlərlə bu kimi faktdan biridir. Həmin zaman balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Elə həmin il Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib. Həmin ərazidə analoji hadisə 1994-cü ildə də baş verib. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olub, biri yaralanıb. Ötən il iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyevaya ağır yaralanıblar.
Bu il aprelin 2-də də Tərtər rayonunun Qarağacı kəndinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Orxan Rəhimov hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Ramin Əhmədov çoxsaylı qəlpə yaraları alıblar. Həmin gün saat 12.00 radələrində mərmilərdən biri qəsəbədə məskunlaşmış İsa Əhmədovun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan Əhmədov Bərdə rayon xəstəxanasına yerləşdirilib. Saat 19:20 radələrində isə rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri 1987-ci il təvəllüdlü Sadiq Əliyevin idarə etdiyi “Niva-2121” markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Fərman Əsədli çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Mübariz Rəhimov çoxsaylı qəlpə yaraları alıblar. Saat 20.00 radələrində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Cümşüd Hüseynov top mərmisinin partlaması nəticəsində bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib. Bundan bir saat sonra Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vahid Vəliyev yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb. Aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il təvəllüdlü Əbdüləzim İbrahimov və Tapqaraqoyunlu kəndində yaşayan 1974-cü il təvəllüdlü Abbas Allahverdiyev mərmiyə tuş gələrək ağır yaralanıblar. Başqa bir mərmi isə Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Olqa Kruqlovanın yaşadığı mənzili tamamilə dağıdıb.
Tərtərin Düyərli kəndində yaşayış evinə mərmi düşməsi nəticəsində 2 qadın yaralanıb. Düşmənin atdığı mərmilər şəxsi təsərrüfatlarla yanaşı, təhsil müəssisələrinə də ciddi ziyan vurub. Ağdam rayonunun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb və təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində də məktəb binasına zərər dəyib, divarlar zədələnib.
Sadalanan faktlardan da göründüyü kimi, ordumuz tərəfindən təxribatlarının qarşısı alınan, ağır məğlubiyyətə uğradılan düşmən quduz it kimi quduraraq mülki əhalini, yaşayış məntəqələrini, uşaqların təhsil aldığı məktəbləri mərmi yağışına tutub.
Fuad

banner

Oxşar Xəbərlər