• cümə axşamı, 18 aprel, 23:31
  • Baku Bakı 21°C

Növbəti erməni-rus gərginliyi

21.01.20 19:07 1252
Növbəti erməni-rus gərginliyi
Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması gündəmə gəlib

Kreml politoloqları Ermənistan hökumət üzvlərindən birinin Rusiyanın "ORT” və "Rossiya” telekanallarının erməni efirindən çıxarılması bəyanatını təşviş içində müzakirə edirlər. Məlumat üçün bildirək ki, ötən həftə Ermənistan televiziya və radio komissiyasının sədri Tiqran Akopyan parlamentdə çıxışında Rusiya televiziyalarını ölkə üçün təhlükə adlandırıb. Müzakirələrdə çıxış edən Tiqran Akopyan bildirib ki, kabel şəbəkələrində 400 telekanal translyasiya olunur ki, onların da 339-u əcnəbidir və yalnız 58-i yerli kanallardır. "Mən hesab edirəm ki, bizim şəbəkənin 85 faizini əcnəbi dillərdəki proqramlar tutmamalıdır”, - deyə Akopyan bildirib. Düzdür, Akopyan Rusiya kanalları ilə yanaşı, CNN-in də adını çəkib. Lakin əksəriyyət hesab edir ki, əsas hədəf Rusiya telekanallarıdır. Özü də Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması çağırışları birinci dəfə deyil ki, səslənir. Ötən ilin aprel ayında hakim "Mənim addımım” fraksiyasından olan deputat Narine Xaçatryan da Akopyandan adıçəkilən Rusiya kanallarının, hətta "Mir” kanalının yayımının dayandırılmasını tələb edib. Onun sözlərinə görə, bu kanallar ermənilərə qarşı nifrət əhval-ruhiyyəsi yaradır.
Rusiyanın Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neymjakov hökumət başçısı Nikol Paşinyanın tabeliyində olan şəxsin radikal bəyanatlarına reaksiya verəcəyinə ümid edir. "Nikol Paşinyanın ətrafında Ermənistan hakimiyyətinin təsir edə bilmədiyi və Rusiya telekanallarının təsirinin artacağından ehtiyat edən şəxslərin olması təəccüblü deyil. Lakin indiki mərhələdə Ermənistan hakimiyyət orqanları nümayəndələrinin ölkənin informasiya təhlükəsizliyinə əcnəbi telekanalların təhlükə olması barədə bəyanatlarını ticarət etmək elementi kimi nəzərdən keçirmək gərəkdir. İndiki halda Moskva ilə. Hökumət komandasında təmsil olunan şəxsin radikal təşəbbüslərlə çıxış etməsi siyasətdə geniş yayılan yanaşmadır”, - deyə "Moskva-Baku” portalına müsahibəsində M.Neymjakov bildirib. O, istisna etmir ki, Paşinyan komandası üzvünü anti-Rusiya bəyanatı səsləndirməsinə daxili siyasi səbəblər vadar edə bilər. "İlk növbədə Nikol Paşinyan bu yaxınlarda bildirib ki, "hökumətə qarşı Ermənistanda informasiya müharibəsi aparılır-hətta korrupsionerlərin teleşirkəti də var”. Lakin hakimiyyətin mediaməkanda daxili opponentlərinə qarşı sərt bəyanatları cəmiyyətin siyasiləşmiş təbəqəsi arasında heç də həmişə birmənalı reaksiya doğurmur. Ermənistan hakimiyyət orqanları üçün bu mövzunu rezonans doğura biləcək formada genişləndirmək düzgündür”, - deyə politoloq vurğulayıb.
M.Neymjakov bir daha xatırladır ki, Paşinyana əvvəlki tək Rusiya ilə münasibətləri kəsmək sərf etmir. "2020-ci ildə Rusiyanın ölkədə fəaliyyət göstərən törəmə müəssisələrinə yeni iddialar mümkündür. Bununla belə Paşinyanın ehtiyatlılığını yada salmaq gərəkdir - müəyyən qırmızı xətlər var ki, onu keçmir. Onun üçün əsas hal əvvəlki tək Moskva ilə əməkdaşlıqdan müəyyən üstünlüklər almaqdır”, - deyə ekspert sonda bildirib.
Şərqşünas Dmitri Verxoturov da rəsmi Yerevanın Rusiya telekanallarının yayımını dayandıracağına inanmır. "Aydındır ki, heç də hamıya Ermənistanda Rusiya telekanallarının yayımı xoş gəlmir. Müəyyən insanlar var ki, onlar Moskva ilə inteqrasiyanı xoşlamır. Hesab edirəm ki, belə tələblər ritorika səviyyəsində qalacaq. Ermənilərin sadəcə efiri nə ilə dolduracaqları problemdir. Əgər ermənilərin belə məramı olarsa, onda başqa bir vasitə tapsınlar. Bütün bunlar qəribə səslənir. Milli Teleradio komissiyasının rəhbəri çıxır və deyir ki, onlar öz yayımlarının 85 faizini doldura bilmirlər. Yəni, erməni teleşirkətləri heç nəyə qadir deyillər və onları buraxmaq gərəkdir. Natural özünüifşa baş verib”, - deyə Verxoturov bildirib.
Ali İqtisadiyyat Məktəbinin İnformasiya təhlükəsizliyi kafedrasının rəhbəri Aleksandr Baranov isə hesab edir ki, Akopyan Paşinyan komandasının qərbyönümlü qanadına aiddir. Və onun səsləndirdiyi bəyanat qərbdəki kuratorlar tərəfindən dəstəklənir. "Söhbət Qərbin hansısa bir sifarişli planından gedir. Onlar üçün kursu müəyyən edən sponsor tapılıb. Bu qüvvələr Ermənistanla Rusiyanın birdəfəlik ayrılmasına çalışanlardır”, -deyə ekspert bildirib. O, əmindir ki, Paşinyan Rusiya telekanallarının ölkə ərazisində yayımını sadə bir səbəbdən dayandırmayacaq. Baş nazir bu qənaətdədir ki, bu, bir hissəsi Rusiya ilə sıx bağlı olan erməni cəmiyyətinin mövqeyini əks etdirmir.

Azər


banner

Oxşar Xəbərlər