• çərşənbə axşamı, 16 aprel, 11:38
  • Baku Bakı 14°C

Növbəti erməni riyakarlığı

02.04.14 08:54 1259
Növbəti erməni riyakarlığı
Ermənistan parlamentinin deputatları Suriyanın ermənilərin yığcam yaşadığı Kassab bölgəsinə səfər ediblər. Ən maraqlısı səfər zamanı onların Suriya prezidenti Bəşər Əsədlə görüşmələri olub. Burada da xislətlərindən əl çəkməyən ermənilər Türkiyənin əleyhinə sərt bəyanatlar səsləndiriblər.
Onlar əvvəlcə üsyançıların hücumundan sonra Latakiya şəhərinə qaçmış 600-ə yaxın erməni ailəsinə baş çəkiblər. Altı nəfərdən ibarət nümayəndə heyəti Dəməşqdə Suriyanın Xalq Məclisi və hökumət rəhbərləri ilə də görüşüblər. Suriya prezidenti Ermənistan parlamentinin nümayəndə heyəti ilə görüş zamanı Kassabı geri almaq və erməni əhalinin yaşadıqları yerlərə qaytarılması üçün bütün mümkün tədbirlər görüləcəyini bildirib.
Nümayəndə heyəti Latakiyada erməni kilsələri ərazisində sığınanlarla görüşüblər. Erməni mənbələri müxalif silahlıların Türkiyənin dəstəyi ilə Türkiyə sərhədi istiqamətindən həmlə etdiyini bildiriblər. Türkiyə tərəfi bu iddiaları əsassız adlandırıb. Ermənistan parlament nümayəndə heyətindən alınan məlumata görə, Bəşər Əsədlə görüş zamanı erməni qaçqınlarının Ermənistana köçürülməsi məsələsi müzakirə olunmayıb. Millət vəkili Arman Sahakyan deyib ki, kassablılar ölkəni tərk etmək niyyətində deyillər: onlar artıq iki dəfə yaşadıqları yerləri tərk edib və yenidən qayıdıblar. “İndi də ümidvardırlar ki, hökumət qüvvələri tezliklə Kassabı geri alar və onlar qayıdarlar. Lakin məlumatlara görə, silahlılar ermənilərin evlərini dağıdıb talamağa başlayıblar” - deyə o vurğulayıb. Bir müddət əvvəl isə Ermənistan parlamentinin üzvləri Türkiyəni Suriyada hakimiyyətə qarşı silahlıların hücumunda iştirak etməkdə suçlayan bəyanatla çıxış etmişdilər. “Türkiyə silahlı qüvvələrinin hərəkətləri sayəsində Suriyanın Kassab şəhəri və ətraf yaşayış məntəqələrində məskunlaşan erməni əhalisi erməni soyqırımından bir əsr sonra yenidən sürgünlük yolunu tutmaq məcburiyyəti ilə üzləşib” – deyə Ermənistan parlament üzvlərinin bir qrupunun bəyanatında bildirilib. Bəyanatı imzalayan Ermənistan parlamentinin müxtəlif fraksiyalarının 7 nümayəndəsi “insan haqlarının kütləvi şəkildə pozulması” hallarını qeydə almaq üçün Kassab ərazisinə BMT müşahidəçilərinin göndərilməsini tələb ediblər.
Qeyd edək ki, ermənilər Türkiyə sərhədindən 3 kilometr aralıqda yerləşən Kassaba hücumda türkləri ittiham etməkdədirlər. Hətta Yerevanda bəzi siyasətçilər hücumu türklərin himayə etdiyi qüvvələrin ermənilərə qarşı həmləsi kimi səciyyələndirib. Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyənin Latakiya bölgəsinin Kassab yaşayış məntəqəsinə müdaxilə edən müxalif qüvvələrə yardımçı olduğu haqqında məlumatları əsassız və tamamilə həqiqətə uyğun olmayan adlandırıb. “Biz Kassabda baş verən prosesləri keçmişin ağrılı olayları ilə müqayisə etmək səylərini provokasiya təbliğatı cəhdi hesab edirik. Həqiqət belədir ki, həmin ərazidə “Əl Qaidə” ilə əlaqəli “Nursa Cəbhəsi” vuruşur” - deyə Türkiyə XİN-in bəyanatında bildirilib. Məlumata görə, Türkiyə ərazisinə atəş yağdırılandan sonra Türkiyə hərbi qüvvələri sərhəddə cavab atəş açıblar.
Türkiyə XİN bəyan edib ki, Kassab ermənilərini qəbul etməyə və müdafiə etməyə hazırdır. Suriya XİN isə Türkiyəni sərhəd Kassab bölgəsində Suriyanın suverenliyinə qarşı əsassız təcavüz etməkdə ittiham edib.
Artıq Ermənistanda müəyyən şəxslər Suriyaya yardım göstərilməsi ilə bağlı məsələ qaldırmağa başlayıblar. Qarabağ müharibəsi veteranı, separatçı DQR parlamentinin üzvü dünyanın müxtəlif ölkələrində yaşayan, xüsusilə, müharibə təcrübəsi olan erməniləri “Kassab bölgəsi ermənilərinin müdafiəsinə" qalxmağa çağırıb. Vahan Badasyan Suriyanın Kassab bölgəsi ermənilərinin müdafiəsi üçün silahlı dəstələr təşkil etməyi təklif edir. Qarabağ müharibəsi zamanı Martuni müdafiə dairəsinin 1-ci batalyonunun komandanı olmuş bu şəxs yaradılacaq birləşmələrə şəxsən rəhbərlik etməyə hazır olduğunu bildirib.
Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sarkisyan da Ermənistanın BMT-nin Nyu-York və Cenevrə nümayəndəliklərinə insan haqları və milli azlıqlar məsələləri üzrə xüsusi strukturlarda Kassab ermənilərinin təhlükəsizlik qarantiyası və daimi yaşayış yerlərinə təhlükəsiz qaytarılması məsələləri ilə məşğul olmaq tapşırığı verib. Ermənistan prezidenti Kassabda baş verən hadisələrlə bağlı həyasız formada bir bəyanatla çıxış edib. “Biz son yüzillikdə ermənilərin sürgün edilməsinin dəhşətli hadisələrlə dolu Kassab tarixini unutmamışıq” - deyə Serj Sarkisyan 1909-cu ildə “silahlı türk dəstələrinin Kassaba müdaxiləsi zamanı ilk dəfə ermənilərin başına gələn müsibətlər” haqqında danışıb. Tarixi saxtalaşdıran Ermənistan prezidenti bildirib ki, “ermənilər qaçıb Qaraturan dağlarına sığınıblar, lakin türklər orada da onların “evlərini yandırıb talamışdır və ermənilər Fransa gəmisi ilə Latakiya şəhərində bir il qaldıqdan sonra Kassaba qayıdıb öz evlərini bərpa edə biliblər”. Ermənistan prezidenti daha sonra, 1915-ci ildə Kassab ermənilərinin Suriya istiqamətində Deyrizor səhrasına və İordaniyanın cənubuna “sürgün edildiyini” deyib. Müxtəlif mənbələrə əsasən, vətəndaş müharibəsindən əvvəl Suriyada 60-dan 100 minədək erməni yaşayıb. Hazırda Suriya erməni icmasının sayının təxminən 50 min nəfər təşkil etdiyi bildirilir. Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, bu müddət ərzində 11 min suriyalı erməni Ermənistana qaçıb, bir çoxu qonşu Livanda sığınacaq tapıb. Bəzi məlumatlara görə, təxminən 10 min nəfər ABŞ, müxtəlif ərəb və Avropa ölkələrinə üz tutub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər