• çərşənbə, 24 Aprel, 11:09
  • Baku Bakı 13°C

Növbəti erməni həyasızlığı

13.04.16 10:42 2147
Növbəti erməni həyasızlığı
Ermənistan cəmiyyəti cəbhə zonasında baş verən son hadisələr, itkilər, beynəlxalq birliyin baş verən proseslərə biganə münasibətini müzakirə etməkdə davam edir. Düşmən ölkənin nəşrləri hazırda növbəti bir həyasızlığa əl atıblar. Guya cəbhə zonasında erməni təxribatının qarşısını alan Azərbaycan dinc erməni əhaliyə qarşı zorakılıq həyata keçirib, eləcə də məhv edilən əsgərlərin meyitlərinə qarşı qeyri-etik hərəkətlərə yol verib. Hətta məsələni beynəlxalq müstəvidə müzakirə etmək niyyətlərini də ortaya qoyublar. Budur erməni həyasızlığı.
İllər boyu işğal altında olan ərazilərdə dinc sakinlərə qarşı olmazın işgəncələrə yol vermiş, bəşəriyyət tarixinə ən qanlı hadisə kimi düşmüş Xocalı soyqırımını törədən bir ölkə irimiqyaslı hərbi əməliyyatlar zamanı öldürülən hərbçilərinin beynəlxalq müzakirəsini keçirmək istəyir. Əksər beynəlxalq təşkilatların hesabatlarında, mətbu orqanlarda Xocalıda törədilən soyqırımı, insanlara olmazın əzabların verilməsi dəfələrlə qeyd olunub. Hər dəfə də ermənilər bunun müzakirəsindən qaçmağa çalışıb. İndi isə hansısa bir əsgərin hərbi əməliyyatlar zamanı öldürülən meyitindən yararlanmağa çalışır. Budur bu ölkənin mahiyyəti. Ölmüş əsgərinin meyitindən (istisna deyil ki, elə onların özləri tərəfindən törədilib - müəllif) siyasi alver vasitəsi kimi istifadə etməyə çalışır. Bununla da dünya ictimaiyyətinin gözündə özünü əzabkeş, hücuma məruz qalan tərəf kimi göstərmək istəyir. Ancaq dünya birliyi məsələyə obyektiv yanaşarsa, onda belə bir sualla çıxış edə bilər: Axı erməni əsgərinin başqa ölkənin ərazisində nə işi var? Bununla bağlı Prezident İlham Əliyevin “Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun” fikrini xatırlatmaq yerinə düşür. Ümid etmək olar ki, beynəlxalq birlik erməni tərəfinin ittihamı ilə rastlaşarsa, onda obyektiv şəkildə məsələyə qiymət verəcək. Heç olmasa, hörmət etdiyi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarından erməni qoşunlarının çıxarılmasını nəzərdə tutan qətnamələrinə nəzər salar.
Şübhəsiz ki, hərbi xuntanın belə bir şou düzəltməkdə məqsədi daxili elektorata hesablanıb. Əhali işğal altında olan torpaqlara öz övladlarını göndərmək istəmir. Axı niyə erməni gənc Qarabağ klanının istəyi ilə oturub-durub övladlarını başqa ölkənin ərazisinə göndərməlidir? 23 ildə separatçı “DQR” de-fakto mövcud olsa da, de-yure heç kim tərəfindən tanınmayıb. Və Azərbaycan da öz torpaqlarının işğalına, eləcə də ona məxsus torpaqlarda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.
Artıq yayılan xəbərlərə görə, işğal altındakı torpaqlardan erməni əhali qaçmağa başlayıb. Bu fikirlər BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrikin dilindən səslənib. Onun sözlərinə görə, yüzlərlə insan Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi səbəbindən evlərini tərk edib. “Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk ediblər. Kəndlərdən köçkünlərin böyük hissəsi şimal-şərq hissəsindən olanlardır. Yüzlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk ediblər” - deyə o bildirib. İdarənin məlumatına görə, insanlar Qarabağın başqa rayonlarına, eləcə də Ermənistana qaçıblar. Eyni zamanda qeyd edilib ki, məcburi köçkünlərin sayının dəqiq qiymətləndirilməsi mümkünsüz olub. “Qaçqınların bəziləri bildiriblər ki, onsuz da bu 20 il ərzində təmas xəttində atışmalara görə bir neçə dəfə yerlərini dəyişməyə məcbur olublar”.
Qurum tərəfindən Ermənistan və Azərbaycan hökumətlərinə köçkünlərin ehtiyaclarını ödəmək üçün humanitar yardımlar təklif edilib. Bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Zaru Amatuni də jurnalistlərə açıqlamasında üç minə yaxın erməninin Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk etdiyi haqqında məlumat verib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür. Hələ də kömək üçün müraciətlər davam edir. Zaru Amatuninin sözlərinə görə, BQXK-nin 15 əməkdaşı Dağlıq Qarabağda çalışır. Amma zərurət yaranarsa, təşkilat daha çox əməkdaşı verməyə hazırdır.
Maraqlıdır ki, ermənilər özləri də etiraf edirlər ki, torpaqlarını işğaldan azad etməyə hazır olan Azərbaycan ordusu regionun ən güclü və müasir ordusudur. Və hər an işğal altında olan əraziləri azad edə bilər. Buna onun hərbi və insani potensialı bəs edir. “Bu gün Azərbaycanın müasir ordusu var. Onlar ciddi şəkildə müharibəyə hazırdırlar. Son əməliyyat göstərdi ki, Azərbaycan ordusu taktiki planda zəif deyildi. Bunu qiymətləndirmək lazımdır” - deyə Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsi, general-mayor Vitali Balasanyan televiziyaya müsahibəsində bildirib. Onun sözlərinə görə, itkilərə baxmayaraq Azərbaycan tərəfi hərbi baxımdan çox savadlı döyüş aparıb. “Bunu qiymətləndirməmək olmaz. Cəbhə xəttinin bütün yolları artilleriya atəşi altında idi. Bu çox savadlı döyüş idi. Azərbaycanlılara hücum etmək asan oldu, ona görə ki, onların pilotsuz təyyarələri vardı. Bunun nəticəsində onlar yuxarıdan döyüşə nəzrət edə biliridlər” – deyə Balasanyan bildirirb.
Yeri gəlmişkən, Ermənistan ordusu itkilərini gizlətməyə çalışsa da, onların vəziyyətinin nə qədər acınacaqlı olduğu özlərinin kütləvi informasiya vasitələrində yaydıqları videokadrlardan da görünür. Həmin videokadrlarda Ermənistan tərəfinin böyük itkilər verdikdən sonra artıq orduya qocaları da cəlb eləməyə başladığı görünür. Görünən odur ki, orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti yaşı 60-ı ötmüş, ayaq üstə güclə dayanan ağsaqqallardır. Hərəkət etməyə belə, çətinlik çəkən qocalar döyüşlərə qatılmaq istədiklərini deyirlər. Videoda diqqətçəkən məqam ondan ibarətdir ki, orduya yola düşmək istəyən şəxslərin yanında bir nəfər də olsa hərbçi yoxdur. Onlar özbaşına olaraq avtobuslara doluşaraq guya cəbhə bölgəsinə gedirlər. Orduya əsgər axtaran Ermənistan hökuməti veteranları toplamaqla necə aciz vəziyyətdə olduğunu göstərir.
O da bildirilir ki, Ağdərənin Tərtərlə yaxın kəndlərində erməni hərbçilərlə mülki əhali arasında baş verən insident zəminində xeyli sayda ölən və yaralananlar olub. Hadisəni telefonla görüntüyə alan 2 erməni gənc isə hərbçilər tərəfindən yerindəcə güllələnib. Gənclərin güllələnməsindən sonra qarşıdurma güclənib və hərbçilər cəbhəboyu kəndlərin əhalisinin ərazini tərk etmələrinin qarşısını almaqda çətinlik çəkiblər. Yerevana gedən insanlar Ermənistanı tərk etmək istəsələr də, hava limanından ölkədən çıxmalarına böyük maneələr yaradılır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər