• cümə, 26 Aprel, 14:12
  • Baku Bakı 23°C

Növbəti beşillik üçün hədəflər

08.02.14 09:32 1741
Növbəti beşillik üçün hədəflər
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” dövlət proqramlarının icrasına həsr olunan konfransda ölkə başçısı görülmüş işlərlə yanaşı, gələcək planlardan da danışıb. İlham Əliyev bildirib ki, üçüncü dövlət proqramının qəbulu gözlənilir: “Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcək. Əlbəttə, növbəti illərdə ölkəmizin ümumi iqtisadi inkişafı təmin edilməlidir, makroiqtisadi vəziyyət sabit olaraq qalacaq”.
Dövlət başçısının sözlərinə görə, növbəti illərdə həm neft-qaz, eyni zamanda, qeyri-neft sektorlarının inkişafı sayəsində ölkəmizə böyük valyuta axını gözlənilir. O, qeyd edib ki, dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu yerdədir. İlham Əliyev yerli sahibkarlığın inkişafı haqda danışarkən vurğulayıb ki, bu gün tikinti sahəsində işlərin böyük əksəriyyəti yerli şirkətlər hesabına görülür: “Bu, o şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdırır, iş yerlərinin açılmasına gətirib çıxarır, büdcəyə daha çox vergi ödənilir və təcrübə toplanılır”.
Ölkə rəhbəri qarşıya vəzifə də qoyub: növbəti 5 il ərzində infrastruktur layihələrinin icrası tam başa çatmalıdır. 5 il ərzində bütün infrastruktur layihələri tamamilə icra ediləcək. Elektrik xətləri də yenilənəcək, elektrik təsərrüfatı da müasirləşəcək, qazlaşdırma ən azı 95 faizə çatdırılacaq. İlham Əliyev deyib ki, içməli su və kanalizasiya layihələri bütün şəhərlərdə başa çatmalı və əksər kəndləri əhatə etməlidir: “Görüləsi işlər hələ çoxdur, infrastruktur layihələrinə vəsait nəzərdə tutulur”. Hazırda ölkədə meliorasiya layihələri icra edilir. Ötən il Taxtakörpü Su Anbarının açılışı oldu. Bu ilin sonuna qədər Şəmkirçay Su Anbarının istismara veriləcəyi gözlənilir. Ölkə başçısı qeyd edib ki, beləliklə, iki nəhəng meliorasiya layihəsi başa çatacaq və biz bundan sonra yeni suvarılacaq torpaqlarda hansı işlərin görülməsi haqqında düşünməliyik.
Dövlət başçısının sözlərinə görə, kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaq: “Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir... Məhsuldarlıq artırılmalıdır və artırılacaq. Böyük imkanlar var. Burada məruzədə səsləndi ki, taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq 55 sentnerə qalxıb. Ölkə üzrə bu rəqəm 27,5 sentnerdir, yəni, 2 dəfə çoxdur. Bu təcrübə hər yerdə tətbiq edilməlidir. Dövlət öz imkanlarını ortaya qoyur. Bütün infrastruktur, kommunikasiya, suvarma məsələlərini öz üzərinə götürür. Sahibkarlara kreditləri də dövlət verir. Təki sahibkarlar gedib bu torpaqdan səmərəli şəkildə istifadə etsinlər və məhsuldarlıq artsın. Əgər 2 dəfə də olmasa, ümumi məhsuldarlıq 60-70 faiz artarsa, o zaman bizim bütün daxili tələbatımız ödəniləcək və böyük ixrac potensialımız da yaranacaq”.
Kənd təsərrüfatının inkişafı üçün müasir texnikanın alınması davam etdiriləcək. Ölkə başçısı deyib ki, müvafiq göstərişlər verilib və artıq proses başlanıb: “Növbəti 3-4 il ərzində, bəlkə də ondan da qısa bir müddətdə özümüzü ən müasir texnika - kombayn, traktor və digər texnika ilə tam şəkildə təmin edəcəyik”. Fermerlərin əsas problemlərindən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. Prezident bildirib ki, dövlət burada da öz yardımını göstərəcək: “Biz çalışmalıyıq ki, ilk növbədə, Azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və burada aidiyyəti dövlət qurumları bu işləri tənzimləməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar ola-ola, qala-qala, xaricdən məhsullar idxal edilir. Burada da ciddi nəzarət olmalıdır. Əgər biz özümüz bu məhsulu istehsal ediriksə, niyə onu xaricdən idxal etməliyik?!”
Azərbaycanın Dünya Ticarət Təşkilatına niyə üzv olmaması ilə bağlı tez-tez suallar səsləndiyini deyən ölkə başçısının sözlərinə görə, ölkəmiz təkidlə təşkilata üzvlüyə dəvət edilir: “Üzv olmamanın səbəbləri var və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Biz ilk növbədə öz fermerlərimizə, şirkətlərimizə şərait yaratmalıyıq. Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcək, kəndli zərər çəkəcək”.
Azərbaycan bir çox ərzaq məhsulları ilə özünü, demək olar ki, tam təmin edir. Məsələn, ət və ət məhsullarının özünütəminetmə səviyyəsi 94 faizdir, quş əti 92 faizdir. Özümüzü yumurta ilə 96,5 faiz, süd və süd məhsulları ilə 75 faiz, taxılla 65 faiz, üzümlə 94 faiz, kartofla 98 faiz, bostan məhsulları ilə 100 faiz təmin edirik. Meyvə və giləmeyvə ilə təminat 126 faizdir, yəni, böyük ixrac potensialımız da var. Tərəvəz 100 faiz, duz 72 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 174 faiz, - bu, ən böyük ixrac potensialımızdır, - bitki yağları və marqarin 70 faiz, kərə yağı 50 faiz. Ölkə başçısı qeyd edib ki, süd və süd məhsullarının 75 faiz səviyyəsində istehsalı əlbəttə ki, bizi qane edə bilməz, bu, 100 faiz olmalıdır: “Dövlət qurumları və sahibkarlar bu istiqamətə daha da ciddi diqqət yetirməlidirlər. Azərbaycanda kərə yağı da, bitki yağları da az istehsal edilir. Artıq bu cədvəldən hər şey görünür. Bu cədvəl həm dövlət orqanları, həm də sahibkarlar üçün bir yol xəritəsi olmalıdır. Mən hər il bu rəqəmləri səsləndirirəm, bəzi məhsullar üzrə irəliləyiş var. Amma bəzi sahələr üzrə əvvəlki illə builki vəziyyət eynidir. Xüsusilə, kərə yağı, meyvə, giləmeyvə, bostan məhsulları, bax bu sahələrdə istehsal artmayıb”.
İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafına dövlət dəstəyi davam edir və etdiriləcək: “Bu dəstək hesabına son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılıb... Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcək. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaq”.
Prezidentin sözlərinə görə, Azərbaycanda son illərdə bank sektoru da sürətlə inkişaf edib: “Hesab edirəm, vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları ayırsınlar. Hazırda belə deyil. Ancaq bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görür. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırıb”.
Hədəflərdən biri də bölgələrdə informasiya-kommunikasiya texnologiyaları tətbiqinin davam etdirilməsidir: “Hər bir şəhərə genişzolaqlı internet çəkilməlidir. Bu sahədə Azərbaycan qısa müddət ərzində böyük uğurlara imza atdı. Biz bu gün kosmik dövlətlər sırasındayıq. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur, sürətlə artır”.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcək. “Bu, böyük sosial bəladır, böyük yaradır” deyən ölkə başçısının sözlərinə görə, korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir: “Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcək. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olub. Tam şəffaflıq təmin edilib, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcək. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar...
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.
Azərbaycanın dünyada ciddi uğurlar qazandığını deyən İlham Əliyev korrupsiya və rüşvətin dövlətimizi içdən sarsıtmasına göz yummayacağını bildirib: “Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaq. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.
Dövlət başçısı ölkənin turizm imkanlarından, bu sahədə reallaşdırılan və nəzərdə tutulan layihələrdən də danışıb. Eyni zamanda bildirib ki, cənub və qərb zonalarının, Naxçıvan Muxtar Respublikasının turizm potensialı kifayət qədər genişdir: “Burada da böyük işlər görülür və görüləcəkdir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər