• şənbə, 20 Aprel, 16:57
  • Baku Bakı 23°C

Növbədə Sarkisyandır?

30.07.18 18:08 829
Növbədə Sarkisyandır?
Respublika Partiyası Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi məsələsini beynəlxalq arenaya çıxarmaq niyyətindədir. Bu barədə məlumatı partiyanın parlamentdəki fraksiyası yayıb. "Bu prosesin demokratiya, qanunun aliliyi və müstəqil məhkəmə sistemi ilə əlaqəsi yoxdur. Cinayət işi güclü şəkildə Ermənistanın daxili siyasi inkişafına mənfi təsir göstərir. Bu cür əsassız ittihamlarla ictimai parçalanma tendensiyaları güclənir”, – deyə bildirilib.
Qeyd edək ki, iyulun 27-də Köçəryan haqqında konstitusion quruluşu dəyişməyə cəhd ittihamı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Köçəryanın həbsi xüsusilə Respublika və Daşnaksütyun partiyalarında etiraza səbəb olub. Ermənistanın ombudsmanı Arman Tatoyan artıq ona baş çəkib. O, sabiq prezidentləsöhbət edib, saxlanma şəraiti və rəftarla bağlı şikayətinin olub-olmadığını soruşub. Eks-prezident ciddi şikayətinin olmadığını söyləyib.Köçəryanın qaldırdığıbir sıra məsələləri ombudsman penitensiar müəssisənin rəhbərliyinə çatdırıb. Rəhbərlik isə sabiq dövlət başçısının problemlərini həll edib. Erməni mediasının yaydığı məlumata görə, Ermənistanın keçmiş prezidenti ən azı 15 il azadlıqdan məhrum ediləcək. Köçəryan Ermənistan CM-in 300.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətləri (zor tətbiq etməklə Ermənistanda konstitusiya quruluşunun pozulması, həmçinin Ermənistan prezidenti, parlamenti, Konstitusiya Məhkəməsi və ya hökumətin səlahiyyətlərinin Konstitusiya ilə nəzərdə tutulmayan üsulla ələ keçirilməsi) törədib.
İstintaqın rəyinə görə, ittihamın sübut bazasının əsasında Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın 23.02.2008-ci il tarixli (0038 nömrəli) əmri, həmçinin Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş hakimi Valeri Poqosyanın "2008-ci ildə S.Sarkisyanın Ermənistan prezidenti seçilməsinin qanuniliyini tanımaq məqsədilə onlara göstərilən təzyiq haqqında” ABŞ-ın diplomatik idarəsinin əməkdaşlarına verdiyi bəyanat dayanır. Mikael Arutyunyanın əmrinə əsasən, 2008-ci ilin fevralında Ermənistanda faktiki olaraq hərbi vəziyyət tətbiq olunurdu və həmin dövrdə etiraz aksiyalarının iştirakçılarına qarşı odlu silahdan istifadə oluna bilərdi. Erməni müstəntiqlərin hesab etdiyinə görə, bu əmr Ermənistan Konstitusiyasının dinc aksiya iştirakçılarına qarşı silah tətbiqini qadağan edən 4-cü maddəsini pozurdu.
Köçəryanın tərəfdarları isə hesab edirlər ki, bu həbs sifarişlidir. Onun vəkili Ruben Saakyan da deyib ki, Köçəryanın həbsi sifariş əsasında baş tutub. "Biz girov qarşılığında Köçəryanın azadlığa buraxılmasını istəsəydik belə, buna rədd cavabı veriləcəkdi. Bizə bunun sifariş olmasıyla bağlı hər şey aydın idi. Sifariş icra edilməliydi. Sifarişi kimin verdiyini təxmin edə bilərəm, amma sizlərə deyə bilmərəm. Hər bir halda mən günahkarların Baş Prokurorluq, Xüsusi İstintaq Komitəsində olduğunu düşünürəm”, – deyə o bildirib. "Yekramas” saytına açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan da bildirib ki, Robert Köçəryanın həbsi daha çox siyasi məsələdir. "Hazırda Ermənistanda siyasi elitada dəyişikliklər gedir. Bu hələ də başa çatmayan siyasi tranzitdir. Prosesin birinci hissəsi Paşinyanın baş nazir olması idi. Bundan sonra icraedici hakimiyyətdəki elitanın yuxarı hissəsində dəyişikliklər başladı. Növbəti mərhələ qanunverici hakimiyyət oldu. Burada isə hüquqi prosedurlar olmalıdır. Belə ki, yeni hakimiyyət leqal yollarla hakimiyyətini təmin etməlidir. Parlamentdən sonra növbə məhkəmə hakimiyyətinə çatacaq. Bu vaxta qədər qanunverici hakimiyyətdə dəyişikliklər baş verməli, yerli hakimiyyətlər dəyişməlidir. Bu proses artıq gedir, bəzi yerlərdə, xüsusilə də İrəvanda isə başa çatıb. Dəyişiklik yerli səviyyələrdə elitanın dəyişdirilməsini tələb edir. Bölgədəki seçkini yerli icra orqanları təşkil etdiyi üçün bunları nəzarətə almaq çox vacibdir. Eyni prosesi hökumət biznesdə də aparır. Biznesmenlər hansısa formada yeni hökumətə qarşı loyallıq göstərməlidir. Belə proseslərin əsas vacib məqamlarından biri zərbələrin endiriləcəyi açar şəxslər olur. Robert Köçəryan cəmiyyətdə indiyə qədərki sistemin müəllifi kimi qəbul edilir. Köçəryan ictimai fikirdə sistemin simvoludur. Serj Sarkisyan isə onun varisi sayılır”, – deyə o bildirib.
Onu da qeyd edək ki, erməni KİV-ləri sabiq prezidentin həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Köçəryanın prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olduğu bildirilir. Bəziləri isə bu qənaətdədir ki, Paşinyan daxili siyasət faktorlarını nəzərə alır və çevriliş etmək imkanı olan adamları sıradan çıxarır. Köçəryan da çevriliş edə biləcək adamlardan idi. Paşinyan indidən Köçəryana qarşı önləyici addımlar atır. Beləliklə, hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni fazaya keçdiyini görürük. Belə bir fikir də var ki, Robert Köçəryandan sonra hədəf Serj Sarkisyandır.
Qeyd olunur ki, 1998-ci ildə Robert Köçəryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olunub və sui-qəsdlərə məruz qalıb. Robert Köçəryan və Serj Sarkisyan parlamentdə, o cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib.
Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub. Ölkə tarixində ən yaddaqalan və əhali tərəfindən bağışlanmayan terror məhz 1 mart 2008-ci ildə baş verən qırğındır. Əhali ciddi surətdə tələb edirdi ki, bu hadisələr araşdırılsın. Bu hadisələrin araşdırılması Paşinyanın nüfuzuna da müsbət təsir göstərir. Həmin hadisələrdə, həmçinin indi KTMT-nin baş katibi olan Xaçaturov da yaxından iştirak edib. Ümumiyyətlə, bu hadisələrə görə bir çox adam artıq həbs edilib. Köçəryandan fərqli olaraq, Xaçaturovun həbs edilməsi üçün Rusiya ilə məsləhətləşmələr həyata keçiriləcək. Politoloqlar vurğulayırlar ki, hazırda Ermənistanda baş verənlər Rusiyanın sadiq adamlarına qarşı həyata keçirilən repressiya tədbirlərini xatırladır. Amma bu adamların hər birinin indiyə qədər törətdikləri cinayətləri var. Paşinyan indi bu addımı atmasaydı, əhali arasında onun prinsipsizliyi barədə rəy formalaşa bilərdi. O zaman Paşinyanın özü gələcəkdə bu cür loyal hərəkətlərə görə cavab verməli olacaqdı. Amma Paşinyan onu hakimiyyətə gətirən insanların təzyiqi altında bu hadisələrin araşdırılmasına dair göstəriş verdi. Araşdırma nəticəsində bütün faktlar üzə çıxdı.
O da qeyd edilir ki, Rusiya olanları ciddi narazılıqla qarşılayacaq. Çünki Köçəryan Rusiyanın 1 nömrəli adamlarından idi. Güman edilir ki, Rusiya Köçəryanın həbsdə saxlanılması ilə bağlı məsələlərdə Paşinyana və Yerevana ciddi təzyiq göstərəcək.


Azər
banner

Oxşar Xəbərlər