AZE | RUS | ENG |

Nüşabə Babayeva-Vəkilova: “Vaqif Səmədoğlu həyatı və həyatla bağlı hər şeyi sevirdi”

Nüşabə Babayeva-Vəkilova: “Vaqif Səmədoğlu həyatı və həyatla bağlı hər şeyi sevirdi”
Onsuz anları göstərən saat

"Əşyaların taleyi” layihəsi
Əşyaların da insanlar kimi taleyi var: Əşyalara gözəyarı, saya baxmaq, itib-batmasını eyninə almadan yanaşmaq çətindir. Hərəsi hansısa anın, bir dolu zamanın xatirələri ilə bağlıdır. Əşyanı alanda, əldə edəndə bilmirsən başına nə gələcək: sahibindən az yaşayan da olur, çox ömür eləyən də... Ətrafa baxıram, düşünürəm, İlahi, sabah bir kimsə olmasa, demirəm çoxlarına, ən azı doğmaların haçansa nəfəsi toxunan əşyaların hər biri xatirəsi əziz nəsnələrə dönər, biri dəmirdən, biri kauçukdan, biri daşdan, biri parçadan. Nüşabə xanımı özümə böyük dost hesab edirəm... Aramızdakı yaş fərqini nə barmaq qatlamaqla, nə birbaşa hesablamaqla dilə gətirmək həvəsindəyəm, ancaq yaş nisbətinin dostluğa, bağlılığa dəlaləti yoxdur. Mənim üçün o, Vaqif Səmədoğlu yaşındadır. Vaqif müəllimsə düşüncə, bilgi, intellekt, ürək yaşında idi – ona görə də onu indiki ədəbi gənc nəsil olaraq özümüzlə həmyaşıd hesab eləməyə haqqımız var. Vaqif müəllim bizlə zarafat yaşında, həmdərd yaşında, keçmiş yaşında, gələcək yaşında idi... İndi mən bütün bu yaşların ifadəsini Nüşabə xanımda görürəm, eyniləşdirmələrimi də onlara əsasən aparıram.
Qəribədir, insanlar aramızdan köç edəndə, yolları uzaq səfər cığırlarına birləşəndə onların izlərini övladlarında axtarırsan, deyirsən, oğlunda bu, qızında bu cəhət, atasından, anasından gəlmədir. Mən Vaqif Səmədoğlunun cizgilərini, izlərini – hətta övlad nişanələrini belə Nüşabə xanımda axtara və görə bilirəm. 
Vaqif müəllim vəfat edəndə, aramızdan köçəndə bilməzdim ki, onsuz illər belə olacaq, belə keçəcək, bu cür sovuşacaq... Elə bilirdim həmkarlarla ayrı-ayrı tədbirlərdə toplaşıb onun haqqında oxşar, bir-birindən mahiyyət etibarı ilə o qədər də seçilməyən xatirələri danışacağıq, sonra da Vaqif müəllim də həyatın axarı, vaxtın gərdişi ilə yaddaşımızın köhnəliyinə, gündəlik həyatın adiliyinə qarışacaq. Biz sarıdan yanılmamışdım, gümanım azmamışdı, amma Nüşabə xanım sarıdan qənaətim yanlış idi: Sən demə, Nüşabə xanım Vaqif müəllimlə bağlı hər dəfə deməyə təzə söz, qatı açılmamış, əlvan hadisələr danışacaqmış... Sən demə, onun yaddaşında uyuyan Vaqifli günlər anbaan oyanacaqmış. Sən demə, Vaqifsiz günlərdən yeni-yeni Vaqifli günlər doğulacaqmış. Elə olacaqmış ki, bəlkə də Vaqif müəllimin dilindən eşidə bilməyəcəyimiz, çox ola bilər, özünün sonrakı zarafatlarımızdan, şuxluqlarımızdan qızırğalanıb, ehtiyatlanıb danışmayacağı xatirələrini də Nüşabə xanım özünəxas səmimiyyəti, açıqlığı ilə bölüşməyi bacarır... 
 
– Nüşabə xanım, XX əsr poeziyamızın parlaq simalarından biri olan, 37 illik ömür ərzində çoxsaylı gözəl şeirlər yazıb-yaradan şair Əli Kərim həyat yoldaşı Elza Kərimin başı ev işlərinə, sil-süpürə, əşyaların təmizliyinə həddən ziyadə qarışanda, şair ona deyərmiş ki, onlarla az əlləş, biz ölüb gedəcəyik, əşyalar qalacaq. Bu hadisəni xatırlatmaqda qəsdim odur ki, bəzən əşyalar insanlardan çox ömür edir. Hamımızın müşahidə etdiyi gerçəkliklərdəndir ki, vəfat edən, əbədi dünyanın sakininə çevrilən insandan sonra onun toxunduğu, hər gün təmasda olduğu, çox illər həyatının bir parçasına çevrilmiş əşyalar böyük zaman kəsiyində, uzun illər onunla eyni tavanın altında, bir evdə yaşamış insanlar üçün həmin əşyalara toxunmaq, onlara baxmaq çətin olur. Mən bilirəm ki, siz Vaqif müəllimlə bağlı əşyaların hamısına ədəbiyyat tariximizin bir hissəsi kimi yanaşırsınız, onları qoruyursunuz, muzeylərə, arxivə təhvil verməyin, bir sözlə, xalqın mənəvi xəzinə ünvanlarına bağışlanmasının tərəfdarısınız və bu cəhətinizlə də örnək olmağı, nümunə yaratmağı bacarırsınız. Ancaq bir söhbət ərzində bizim Vaqif müəllimdən qalan yadigarların hər biri haqqında danışmaq, hamısının rəmzi mənada desək, sizin evin sakininə necə çevrilməsinin tarixçəsini, yaddaşını bölüşmək imkanımız yoxdur. Ona görə də Vaqif Səmədoğlunun bir neçə yadigar əşyasından, onların sizin evə gəlib çıxmasının tarixçəsindən danışmalı olacağıq...
– Fərid, həqiqətən, əşyaların da öz taleyi, öz ömrü olur. Bəzən insan ömrünə bərabər bir ömrü, çox vaxt isə insan ömründən qat-qat uzun bir ömrü. Əşyalar yaşayır, əldən-ələ, nəsildən-nəslə keçir, ailənin, muzeylərin, şəxsi kolleksiyaların sərvətinə çevrilir... Əşyaların sahibi həyatdan gedəndən sonra onların mənəvi çəkisi də artır, dəyəri də...
Söhbət burada Vaqif müəllimin əşyalarından getdiyindən, Fərid, mən deyərdim ki, Vaqif Səmədoğlu dünyası içində "onun əşyalar dünyası” ayrıca bir mövzudur, bir kitablıq mövzudur. Onun böyük, çoxcəhətli, rəngarəng maraq dairəsi olub. Musiqi, fotoqraflıq, ovçuluq, rəssamlıq və i. Aldığı əşyalar da maraqlarına uyğun idi. Vaqif müəllim dünyadan köçəndən sonra onun əşyalarının acı taleyi ilə bağlı bir yazı yazmışdım. Orada belə bir fikir vardı: Əşyalar da yetim qalarmış, ay Allah. Sənin üçün, nə dil deyə bilirlər, nə ağı... (kövrəlir və nəzərləri bir nöqtəyə dikilir – F.H).
– Sizlə bağlı bir müşahidəmi bölüşməliyəm, çünki ünsiyyətimizin, canlı söhbətlərimizin ayrı-ayrı məqamlarında mən bu halınızı hiss etmişəm: Vaqif Səmədoğlu haqqında danışanda, hansı səviyyədə məclis olmasından asılı olmayaraq nəzərləriniz naməlum bir səmtə zillənir, sanki baxdığınız bucaqda Vaqif müəllim dayanıb və siz, əslində, ona baxa-baxa fikirlərinizi bölüşürsünüz, yaxud o nöqtədən Vaqif bəy sizə sarı boylanır və diqqətiniz də ona yönəlir...
– Dəqiq müşahidə etdibsən, həqiqətən istər onunla bağlı,  istərsə də başqa mövzu haqda danışanda ilk növbədə onu düşünürəm. Düşünürəm, görəsən, o nə deyərdi? Baş verənlərə necə baxardı? Nə replika atardı? Nəyə zarafatyana yanaşardı, nəyə ciddi? 
– Cavabınızdan yəqinim belə oldu: nə iş görsəniz düşünürsünüz ki, Vaqif müəllim nə deyərdi, belədə qəlbimdə belə bir suala meydan verməkdən özümü saxlaya bilmirəm. Növbəti cümlədə dilimə gələcək "senzura” sözünü rəmzi, məcazi mənada qəbul etməyinizi istəyirəm. Həyatınızın ayrı-ayrı məqamlarında sizə kənardan göz qoyan, "o nə deyərdi” düşüncəsində, Vaqif Səmədoğlunun "senzura”sında yaşamaq sizin üçün çətin deyil ki?
– Fərid, deyirsən yəni ömrünün böyük bir hissəsini senzuranın əlindən təngə gələn Vaqif Səmədoğlu, özü senzora çevrilib? (gülürük). Yox, bu yalnız ondan irəli gəlir ki, mən Vaqif müəllimin yaradıcılıq işləri ilə əlaqədar nə edirdimsə, mütləq özü ilə məsləhətləşməli, razılaşdırmalı idim. Ümumiyyətlə, bu və ya hansısa məsələdə onun fikri mənim üçün çox önəmli idi. Və bu gün də onunla məsləhətləşmələrim xəyalən davam edir... 
– Elə yaradıcı insanlar var ki, həyat yoldaşları dünyadan köçəndən sonra, evdə ona aid əşyaları yığışdırırlar, onlarla təmasdan ehtiyatlanırlar, o əşyaların evdə qalmasının bədbəxtliklərə qapı açacağını, dərd-sər gətirəcəyini düşünüb ya satırlar, ya da kimə gəldi bağışlayırlar ki, gözlərinin qabağında vəfat etmiş insanı anbaan xatırladan bir nəsnə qalmasın. Ancaq sizdə fərqlidir, Vaqif müəllimə aid əşyaları muzeyə direktoru olduğunuz Səməd Vurğunun ev-muzeyinə gətiribsiniz, ayrıca bir ekspozisiya düzəltdiribsiniz (Nüşabə xanım muzeydə həmçinin Yusif Səmədoğlunun ekspozisiyasını, Xavər xanımın və Aybəniz xanımın guşələrini yaradıb) və beləcə, həyat yoldaşınızla bağlı yadigarlarla hər an həmnəfəssiniz. Vaqif Səmədoğlunun evdəki otağı da, bildiyim qədər sağlığındakı sahmanındadır... İstərdim bu barədə danışaq. 
– Necə yəni, məgər insan yoxdursa, ona mənsub olan əşyalar da yığışdırılmalıdır? Mən heç kəsi qınamaq istəmirəm, amma bu münasibəti qəbul etmirəm. Sevgi varsa, kiminsə cismani yoxluğu ilə bu sevgi yox olmur, başqa bir formaya keçir. Gördüyü işlər bu sevgidən güc alır. Daşıdığı xatirələrdə, onun adı ilə bağlı işlərdə və s. bəlkə daha qabarıq olur. Çox ağrılı olsa da. Söhbət böyük sənəti, yaradıcılığı olan insanların dünyadan köçməsindən gedirsə əgər, onlardan miras qalanlara yaxınları böyük məsuliyyətlə yanaşmalıdırlar. Təsəvvür edək ki, Xavər xanım Səməd Vurğunun əlyazmalarına, ona məxsus əşyalara qayğı ilə yanaşıb, onları göz bəbəyi kimi qorumasaydı, bu muzeydə nə nümayiş olunardı? Bu uzaqgörən xanım S.Vurğunun əşyalarını 20 ilə yaxın bir vaxt ərzində o ümidlə saxlayıb ki, nə vaxtsa bu böyük şairə muzey açılacaq. Şükür ki, istedada qiymət verməyi, onu qiymətləndirməyi bacaran belə misallar da az deyil. İndi də bu məsuliyyəti mən daşıyıram. İki il yarımdır S.Vurğunun ev muzeyində işləyirəm. Bu müddət ərzində nələrsə etməyə çalışmışam. Vaqifin də bəzi əşyalarını buraya gətirib, ekspozisiyasını yaratmışam. 1956-cı ildə, S.Vurğun dünyasını dəyişəndən sonra 70-ci illərə kimi ailəsi burada yaşayıb. Vaqif ilk şeirlərini burda yazıb. Şair kimi bu evdə formalaşıb, musiqiçi kimi bu evdə yetişib. Və onun əşyalarının bu muzeydə olması təbiidir. Ancaq o da düzdür ki, Vaqif Səmədoğlu da, Yusif Səmədoğlu da adlarına muzey olmalarına layiq şəxsiyyətlərdir. Təəssüf ki, muzeydə geniş yerimiz olmadığından Vaqif müəllimin bütün maraq dairəsini burada göstərmək mümkün deyil. Ona görə də, çox şeyləri evdədir, kabinetində olduğu kimi qalır. Hər şey özü qoyduğu kimi. Çox istərdim ki, onun və Yusif müəllimim çəkdiyi fotolardan, Vaqif müəllimin əşyalarından ibarət sərgi təşkil edə bilim. Nə isə, görülməli işlər çoxdur... 
– Vaqif müəllim ömrünün axır illərində gənclik çağlarından sevdiyi gitara alətinə də maraq göstərib. Əfsus ki, o həvəsini peşəkarlığa çevirəcək ömür möhlətini tale ona qıymadı. Amma o gitara qalır, evinizdədir və istərdim ki, söhbətimiz konkret əşyalara yönəlsin və həmin çalğı alətinin sizə qismət olmasının tarixçəsindən danışaq.
– Vaqif müəllimin o qəddar xəstəliyə tutulduğu vaxtlar, ancaq sağalacağına ümidli günlərimiz idi. Müalicə üçün İsraildə idik. Ona çox gəzmək olmazdı deyə, lazım olan dava-dərmanın dalınca mən gedirdim. Vaqif isə adətən, Dizenqof küçəsindəki kafedə məni gözləyirdi. Ümumiyyətlə, Vaqif müəllim kafedə oturub kofe içməyi, qəlyan çəkməyi və insanları seyr etməyi sevirdi. Belə bir günlərin birində, mən aptekdə olanda, Vaqif zəng edib soruşdu:
– Nuşa, gəlirsən?
– Hə, gəlirəm. 
– Ancaq tez gəl, sənə sürprizim var.
Həmin oturduğu o kafenin yanında musiqi alətləri satılan mağaza var idi. Bir neçə dəfə ora girmişdik. Sən demə, orda nəyisə gözaltı edibmiş. Nə isə, gəlib gördüm yanındakı stula çexolda bir alət söykənib. Soruşdum ki, bu nədir? Dedi ki, gitara almışam. Üzü gülürdü. Allah ona təbəssümü nemət kimi vermişdi. Güləndə üzü nurlanırdı. Gitaraya baxanda ilk ağlımdan keçən bu oldu ki, İlahi, mən bunu necə daşıyacağam, çünki ona, həmin vəziyyətdə yük qaldırmaq olmazdı. Dedi sən bilirsən də, mən gitaranın səsini necə sevirəm. Ecazkar, möcüzəli səsini...
 Hətta gitara ifaçılarının bir ayaqlarının altına qoymaq üçün lazım olan balaca oturacaqdan da almışdı. Deyirdi ki, mən bir vaxtlar saz da çalmışam, gitarada da çalmağı öyrənəcəyəm. Tütəkdə, "dodaq qarmonu”nda da çala bilirdi. 
Vaqifin belə şeylərə maraq göstərməsi normal idi. Onun təbiətinə uyğun idi. Digər tərəfdən, mənə elə gəlir ki, bu həm də onun xəstəliyinə meydan oxumaq istəyi idi... Və əlbəttə, mən də çalışırdım ki, belə işlərdə onu həvəsləndirim. Gitaranı alandan sonra otelə gəldik, onu götürüb çalmağa başladı, ancaq kimyaterapiyadan sonra barmaqlarını hiss eləmirdi. Mən əminəm ki, xəstəlik imkan versəydi, o, gitara çalmağı mütləq öyrənəcəkdi. Çox istedadlı idi. 
– Ömrünün axır illərində Vaqif müəllim əsa götürürdü, özü də onlar yaşlı adamların əlində gördüyümüz əsalardan fərqli idi. Geyimi, danışığı, şeirləri kimi əsaları da adiliyə sığan, göz öyrəşən deyildi. Maraqlıdır, o, bir neçə əsanı niyə almışdı?
– Kimyaterapiyadan sonra daha inamlı yerimək üçün Vaqif müəllim Bakıda bir neçə əsa almışdı. İsraildə olanda onu görməyə gələn, keçmiş bakılı, Vaqiflə hələ uşaqlıqdan bir-birlərini tanıyan professor Mixail Aqarunovun əlindəki əsa Vaqifin diqqətini çəkdi və əsanı hardan alması ilə maraqlandı. O, əsanı Yaffadan aldığını dedi. Tel-Əvivin bir hissəsi olan Yaffa qədim qala şəhəridir. Turistlərin qaynayan yeridir. Orda cürbəcür suvenirlər, qədim, antik əşyalar satılır. O günün səhəri mən bilirdim ki, gedəcəyimiz yer Yaffa olacaq. Elə də oldu. Orda Mixail deyən yeri tapdıq və Vaqif istədiyi əsanı aldı. Əsanın yüz yaşı olardı, ancaq altının rezini yox idi. Dedilər ki, bu əsalar ucluqsuz satılır. Vaqif Aqarunova zəng edib, altlığı hardan tapa biləcəyi ilə maraqlandı. O da taksi sürücüsünə telefonla hara gedəcəyimizi izah etdi. Bu yer də tam şəhərin əks istiqamətində idi. Nə isə, gəldik həmin ünvana. Ayaqqabı təmiri olan yerə, çəkməçi Yaşanın yanına. O da dedi ki, mən daha belə işlərlə məşğul deyiləm. Rezini aptekdən də tapa bilərsiniz. Aptek-aptek gəzdik. Vaqif dedi ki, yox, bu gün necə olur-olsun rezini tapmalıyıq. Çox gülməli situasiya yaranmışdı. Dili bilməyə-bilməyə, şəhəri yaxşı tanımaya-tanımaya nəsə axtarmaq... Düzdür, rezini apteklərin birində tapdıq, ancaq onun da ölçüsü uyğun gəlmədi. Nəhayət, səhəri Vaqif başqa çəkməçinin yanına gedib, əsanın ucluğunu düzəltdirdi. Bu zaman da onun üzü təbəssümlə nurlanırdı. 
Maraqlısı odur ki, əgər Vaqifə desəydilər ki, yazılarınla bağlı harasa getmək, nəsə etmək lazımdır, o işi qoyardı sonraya, sonradan isə həvəsi də ölərdi. Ancaq sevdiyi əşya üçün dünyanın o başına getməyə də hazır idi. Yəqin bu xüsusiyyəti də onun bənzərsiz düşüncə tərzindən irəli gəlir. İndi həmin əsa Səməd Vurğunun ev-muzeyində saxlanılır. Sonra bir əsa da aldı. Həmin əsanın içində xəncər vardı. Bizə dedilər ki, xəncərli əsanı sərhəddən buraxmayacaqlar, başağrısı olacaq, apardı o ucluq düzəldən ustanın yanına, xəncəri kəsdirdi. Bax, bu cür qeyri-adilikləri, maraqlı inadkarlıqları onu mənə daha çox sevdirirdi. 
– Siqaretlərinə yaman aludə idi. Dəridən siqaret qabları olurdu, içində də ayrı-ayrı ölkələrdən gətirilmiş siqaretlər. Yaxşı xatırlayıram ki, ondan kimsə siqaret istəyəndə, qutusunu tələsmədən açar, qarşı tərəfə siqaret uzadar, sonra da onu hansı ölkədən gətizdirdiyini, markasını, nikotin miqdarını, əlavə tərkibi hökmən qeyd edərdi. Ədəbi mühitin cavanları da onun səmimi ünsiyyətindən sözün yaxşı mənasında yararlanıb, Vaqif müəllimin siqaretlərinin "dadına baxardılar”. Axır illərdəsə elektron siqaretə keçdi...
– Elədir, müxtəlif markalı siqaretlər, tütünlər, siqarlar almağı çox sevirdi. Ürəyindən əməliyyat olunduqdan sonra da, həkimlərin təkidinə baxmayaraq, siqareti atmadı. Keçdi elektron siqaretə. O da müvəqqəti... Bir maraqlı hadisə də danışım: Təyyarədə idik. Hələ havaya qalxmamışdıq. Vaqif müəllim elektron siqareti stüardessaya göstərib dedi ki, qızım, mən asma xəstəsiyəm, nəfəs ala bilmirəm, bu nəfəs aparatımdır. Stüardessa da dedi ki, əlbəttə, istifadə edin. Məni də gülmək tutdu, üzümü yana çevirdim. Elektron siqaretlərin də spesifik iyi var. Nə yaxşı ki, nə o stüardessa, nə də ki, başqaları iyindən onun siqaret olduğunu duymadılar. Bəlkə də duyub, Vaqif müəllimin üzünə vurmadılar... Xüsusən xəstələnəndən sonra siqaret həyatının vacib, ayrılmaz bir hissəsinə çevrilmişdi. Son nəfəsinə kimi o siqaretlərlə "oynadı”, çəkdi. Markalarını dəyişə-dəyişə...
– Velosiped şakərini də xatırlayıram. Sürmək üçün bağa gedirdi...
– Hətta Çexiyada birini gözü tutmuşdu, sadəcə təyyarə ilə aparılmasının baha başa gələcəyini bildikdə, fikrindən daşındı. Velosiped sürməyi çox sevirdi. Xəstəliklə bağlı ikitəkərlini sürmək çətinləşdiyindən, üçtəkərlisini axtarırdı... 
– Yaxşı yadımdadır, qəribə, diqqətçəkən pencəklər geyinərdi...
– Gözəl geyinməyi çox sevirdi. Daha çox jiletli, "tvid” kostyumları bəyənirdi. Bir dəfə soruşdum ki, Vaqif, hansı dövrdə yaşamaq istərdin? Dedi ki, XX əsrin 20-ci illərində, ancaq SSRİ-də yox. O dövrdə onun zövqünə uyğun dəst geyimlər olub. Vaqif Səmədoğlu həyatı və həyatla bağlı hər şeyi sevirdi...
P.S. Nüşabə xanımın səsi qırılır, mən onun qoluna baxıram, gözümə saatı sataşır. Vaqif müəllimin saatıdır. İşləyir, yenə vaxtı göstərir, bu dəfə Vaqif müəllim olmayan vaxtı... Əşyaların cinsi olmur...
 
Hazırladı: Fərid Hüseyn
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000