• cümə axşamı, 25 aprel, 14:06
  • Baku Bakı 23°C

«Nuru Paşanın keçdiyi yollar xilas yolu idi»

16.09.14 12:05 2064
«Nuru Paşanın keçdiyi yollar xilas yolu idi»
Tarixin bütün səhifələrində Türkün Türkdən başqa dostu olmadığını sübut edən hadisələrə rast gəlmək olar. 15 sentyabr buna ən gözəl misaldır. Biz də bu tarixi hadisəyə laqeyd qalmadıq. Və üzümüzü bu barədə ən yaxşı sözü deyə biləcək adama, Qafqaz Universitetinin professoru Minəxanım Nuriyeva Təkləliyə tutduq:
-Minə xanım, Nuru Paşayla bağlı söz deyəcək iki adam varsa onun biri və birincisi sizsiniz. İldönümlə bağlı düşüncələrinizi bilmək istərdik…

-Çox sağ olun. Sabah 500 səhifəlik Nuru paşa kitabımız əldə olacaq. Müəllif Nehman Süleymanov, nəşrə hazırlayan Prof. Mehmet Rıhtım və prof. Minəxanım Təkləli.
Bizim bu mövzuda kitablarımız var ki, dönə-dönə nəşr olunub, işıq üzü görüb.
-Sizcə biz Nuru Paşanı tanıyırıqmı?

-Həm hə, həm də yox. Nuru paşa tək olmayıb, onun silahdaşları var. Onlar haqqında nə bilirik? Ayrı-ayrı döyüş alayları, qəhrəman taburlar, alaylar var, onların rəşadəti, hünəri… Bunları fərqləndirə bilirikmi? Tarixi yerləri necə, qoruyub-saxlaya bilirikmi?
90-cı illərədək Bakı ətrafında səngərlər qalırdı, indi Bakı kənd kimi tikilə-tikilə gedir. Ordu qərargahları, generalların həm də ilk Azərbaycan ordusu generallarımızın durduqları məntəqələr, döyüş yolları…
Xatirələr üstündə heç bir nişangah yoxdur...
Bu gün heç yerdə bir xatirə lövhəsi yoxdur.
Baxın, keçmiş 26-lar bağı Bakının ən böyük meydanı olub. Biz ermənilərin orada 1918-ci ildə məşq elədikləri fotoları yayırıq.
Eynilə orada, Bakı azad olanda Nuru paşa çıxış edib, sonra Təzə pirdə...
Bəs hanı xatirə lövhələri? Harda asılıb?
-Təəssüf ki, haqlısınız. Bəs çarəni nədə görürsünüz? Nə eləməliyik?

- Yenə də sevinmək lazımdır, 1992-də ilk dəfə «Azərbaycan» qəzetində yazanda və dostlarımın köməyi ilə televiziyada 15 sentyabr Bakının azad edildiyi gün mövzusunda çıxış edəndə hər kəsi təəccüb götürmüşdü. İndi dövlət səviyyəsində bu məsələ qəbul olunub, tədbirlər keçirilir. Əlbəttə, ciddi irəliləyişlər var.
-Bizim Sahil bağı da Hürriyyət meydanı adlanmır...

-Təbii, o bağın adını mən də hələ bilmirəm. Əvvəl Birja meydanı olub, sonra 26-lar basdırılanda Hürriyyət adlandırılıb, sonra “26-lar”, daha sonra “15 may” və daha nə bilim nələr…
-Ümidverici nə var bu mövzuda?

-Türkiyə səfirliyinin ərazisində Nuru Paşanın büstü qoyulub. Bu yaxşı haldır amma azdır. Niyə Bakının sinəsində Nuru Paşaya yer verilməsin? Niyə?! Qoqola da büst, qəhrəman Nuru paşaya da?!
-Keçmiş səfir Hülusi Kılıç bizimlə görüşündə demişdi ki, "mən burda, səfirliyin həyətində belə olsa onun büstünü qoydurub gedəcəm burdan". Dolayısıyla o da bizim əməlimiz deyil. Minə xanım, başqa ampluadan baxsaq, 15 sentyabr bizə nə verdi? Ya da nəyin başlanğıcıydı, biz fərqində olmadıq? Olanda da artıq geciydi…

-Yenə deyirəm, 70 il elmi və bədii əsərlərdə başkəsən, quldur, xuliqan kimi göstərilən Qafqaz İslam ordusu və milli könüllü birləşmələrimizdən ibarət xilaskar ordumuz bu gün öz dəyərini yavaş-yavaş qazanmaqdadır. Bütün hallarda dövlət xətti lazımdır, milli-vətənpərvərlik tərbiyəsi yuxarı səviyyələrdən, dövlət miqyasında təbliğ olunmalıdır.
-Sizə elə gəlmirmi ki, bu, hər iki dövlət üçün keçərlidir. Türkiyədə Azərbaycana münasibət sizi qane edirmi? Bunu səbəbsiz soruşmuram. Təəssüf, çox təəssüf ki, bizə münasibətin orta həddi yoxdur. Ya çox əladır ya çox pis…

-O böyük mövzudur məni heç Azərbaycanımızın da qardaş Türkiyəyə mövqeyi qane eləmir. Bəlkə də çox şey gözləyirəm, ona görə belə deməli oldum. Sizcə təkcə Türkiyəmi? İraqda türkmənlərı qırırlar, biz də durub baxırıq, hamı Türkiyəni yamanlayır, bəs biz? Bəyəm balaca dövlətik? Biz demirikmi güclüyük? Əlbəttə güclüyük-bəs niyə səsimiz çıxmadı?
Ondan ötrü özümüzü demək lazımdır ki, yaxşı nə varsa olduğu kimi təqdim edə bilmirik. Özümüz haqqında yanlış rəyə yanlış düşüncəmiz və yanlış dəsti-xəttimiz səbəb olur.
-Burda fərdlərin də rolu danılmazdır. Bəs təhsilin? Deyək ki, bizi Sovet təhsili bu günə qoydu, bir az da qanımızda vardı, amma indi sizin dediyiniz kimi tarixi irdələyib həqiqəti tapırıq. Türkiyəyə mane olan nədir? Niyə bizi durulamır?

- İndi Türkiyədə milliliyi sevmirlər, səsini çıxarana irqçi "şovinist" deyirlər...
-Niyə? Bunun zərbəsi axı Türkiyənin özünə də dəyir. Daha doğrusu Türkə!

-Özümüz bilməliyik, bildirməli, sevdirməliyik. Biz axı, heç kimin dərdinə qalmırıq, yanmırıq, sevmirik. Bizi sevsinlər, bizə yansınlar, tanısınlar deyirik.
-Nuru Paşaya qayıdaq. Nə olmasını istərdiniz ki, Paşa layiqli qiymətini alsın?

-Qəhrəman Nuri paşa Mosuldan Yevlax stansiyasınadək 45 günə at belində gəldi... Onun Bakının mərkəzində at üstündə heykəli olmalıdır.
Hələ yolda vuruşlara qatılırdı, Xoy-Səlmas qırğınlarını durdurdu, yoldan Naxçıvana qüvvə göndərdi, Göyçayadək gələn erməni-rus qüvvələrinə sinə gərdi. Göyçaylıların qarşısında çıxış elədi.
Bakıdan sonra Ağdama da gəlib “Qarabağ Azərbaycan torpağıdır və burada Azərbaycan qanunları işləməlidir,” dedi, Qarabağı azad elədi.
Bir sözlə, Nuru Paşanın keçdiyi yollar xilas yolu idi.
Nigar İSFƏNDİYARQIZI
banner

Oxşar Xəbərlər