• cümə axşamı, 25 aprel, 16:32
  • Baku Bakı 23°C

Nurəngiz Gün poeziyasının fəlsəfi çalarları

21.09.16 15:12 2848
Nurəngiz Gün poeziyasının fəlsəfi çalarları
Bahar Bərdəli
Filologiya üzrə fəlsəfə doktoru

Ədəbiyyat dövrünün güzgüsüdür və ya onun əks-sədasıdır. Hər sənətkar keçmişə və ya gələcəyə arabir nəzər salsa da ən çox öz zamanını, məkanını, dövrünü vəsv edir. Real olaraq gördükləri, duyduqları həyat hadisələrini qələmə alır. Tanınmış ədəbiyyatşünas Yaşar Qarayev "Realizm: Sənət və həqiqət” adlı kitabında yazır: "Bəşəriyyətin ahəng və gözəllik, xoşbəxt cəmiyyət və kamil insan axtarışları bütün epoxolarda mütərəqqi bədii sənətin əsas ideya-məzmununu təşkil edir”. Bu mənada N.Gün də öz dövrünün hadisələrini fəlsəfi lirik şeirləri ilə kifayət qədər əxz edir və oxucularına çatdıra bilir. Bəzən bu yumoristik dillə qələmə alınsa da, onun alt qatında şairin böyük fikirləri, ağrılı düşüncələri gizlənir. Arif oxucu üçün fərqi yoxdur, bu fəlsəfəni tez duyur, anlayır və görür, götürür. Şairin "Qəfəs Respublikası”, "Açıq söhbət”, "Məsələ”, "Qalanlara” kimi şeirləri məhz bu qəbildəndir. Bu əsərlərdə ədəbi-bədii, poetik düşüncə fəlsəfi fikirlə vəhdət təşkil edir və N.Gün poeziyasının mahiyyətini, həyatiliyini, realist keyfiyyətini xarakterizə etməyə imkan verir.
Təbiətin gülü, qanqalı, tikanı olduğu kimi cəmiyyətin də cahili, kamili, alimi, sənətkarı var. Təəssüf doğuran odur ki, bəzən bu tarazlıq tikanın, cahilin xeyrinə pozulur. Əslində isə təbiət gülün, cəmiyyət də kamilin xeyrinə inkişaf etməlidir.

Bəs rəssamlar neçə il öyrənib oxudular?
Rəngi – rəngə qatdılar?
Bilmirəm…
Təkcə bunu bilirəm,
Heç bir tablo önündə
ağlamıram, gülmürəm…

Bəs şairlər?
Onlar da bir cürə əhmədi-biqəm…
…Füzulidən sonra ağlayanı
yoxdur, balam!
… Toy-bayramdı bu dünyanın işləri.
Ay ağlayan! Gəl bəri!

Dünyanın toy-bayram olması bəlkə də yaxşı əlamət sayılardı, əgər cahil kamil üzərində qələbə çalmasaydı! Axı Cordano Burunonu yandırandan sonra məhkəmə işçilərinin "qalibiyyəti” elmin inkişafının neçə əsrlər geri saldı, ləngitdi.
N.Günün "Məsələ 1983” adlı bir maraqlı şeiri də var. Cəbrdən, onun rəqəmlərindən, kəsrindən danışır. Ədəbiyyat, söz adamı çətin ki, həndəsi fiqurları, cəbri, riyaziyyatı asan qavraya bilsin. Amma yox. şairin bu riyazi rəqəmlər içində öz fəlsəfəsi, öz fəlsəfi duyumu, yozumu var:

Əlqərəz. "Cəbr”
Səbr elə, səbr!
Əvvəl böl, sonar vur, indi çıx,
İndi bir-birinin üstə gəl…

…Çox şeyləri anıram,
Yüzdə birini qanıram.
Bax bu 100, buda 1.
Yəni rəqəm 100, başında tir.
Üstündə bir 1/100

Tapdım təsəlli,
beləymiş həlli.
Yuxarıdakı ömür,
altdakı qayğı…

Demək, şairə görə 100/1-in cavabı, həlli belədir: bir ömürdə 100 qayğı gizlənib, istəyirsən vur, çıx, böl, fərq etməz, qayğılar çoxluq təşkil edir. Bəlkə elə bölündükcə də çoxalır?
"Qalanlara” şeirində şair dünyada yaşayan insanları və varlıqları üç yerə bölür: ölənlər, qalanlar, bir də əbədi olanlar. Şairin lirik qəhrəmanı bunları uzaqdan, kənardan seyr edir:

Ölənlər vardı, Ölənlər ki –
nə ölümə yaraşıb, nə ölümü düşünüb öldülər.

Lirik qəhrəmanın fikrincə ölənlər də iki qismə ayrılır. Bir qisim ölənlər həyatı, cəmiyyəti, insanları, vətəni qorumaq üçün ölüblər. Ölümə yaraşmasalar belə. Bir qisim insansa dünyanı bölə-bölə, "mənim!” – deyə-deyə ölüb getdilər: "….Dünyanın işlərini bölənlər vardı ki, sonsuzluq karvanına qoşulub getdilər…”. İndi qalanlar – hələ yaşayanlar var, hər şey mənim! - deyənlər var. Amma unudurlar ki, əbədi olanlar dərin dəryalardı, yalnız Günəşdir, Yerdi, Aydır. Demək qalanlar da müvəqqətidi, sabah yoxdular, ölənlərin cərgəsinə qoşulub gedəcəklər. "Hər şey mənim!” – deyənlər görəsən bunu dərk edirlərmi? Fərqindədirlərmi, ömür çox da uzun deyil, hər an qırıla bilər. Əbədiyyətin insan ömrünə dəxli yoxdur:

İndi qalanlar var,
Hələlik torpağın üstü,
Günəş, ay, dərin-dərin
dəryalar sizindir…
İşlədiniz bol-bol, istədiyiniz qədər,
qalanlar!
Axı, dərin-dərin dəryalara,
Günəşə, aya nə var?
Ən əbədi yalnız onlar!

Günəş də, Ay da, Dəryalar da nemətini hər kəsə bərabər paylayır, təmənnasız verir. Heç kəsi fərqləndirmir. Əbədi yaşarlıq hər şeyin fövqündə dayanan ilahi varlıqlara məxsusdu. Çoxlarının dərk etdiyi, bildiyi, lakin əməl etmədiyi bu adi həyat fəlsəfəsini şair bir daha qabardır, diqqətə çatdırmaq istəyir.
Həyat hadisələrini bədii təfəkkürün süzgəcindən keçirən N.Gün gördüyü, duyduğu hər bir fakta öz poetik münasibətini bildirir. Cəmiyyətdə baş verən xoşgəlməzlikləri bədii fikrin ifadəsində ədəbiyyata gətirir. Sözlə, bəzən sərt, bəzən sadə, mülayim şəkildə misralara yükləyir və oxucusunu çatdıra bilir. "Qəfəs Respublikası” şeiriylə şair böyük, geniş, vəhşi təbiəti qəfəsə salanları sərt şəkildə tənqid edir. Meşələr şahı aslanın, pələngin, bəbirin, ya ürkək, qorxacaq ceyranın, cüyürün və ya güllərin qoynunda nəğməsilə hər kəsi bihuş edən bülbülün qəfəsə salınması onların məhvi, təbii imkanlarının, güc-qüvvələrinin yox olması deməkdi. Şairin qənaətincə vəhşi təbiət deyil, insanların hərisliyi, acgözlüyü, eqoizmidir. Hər şey öz yerində möhtəşəmdir, canlıdır, yaşarıdır:

Kim düşünüb qara bəbir əsarətini?
Hara sığar bu bəbirin zilləti?
Məhbusa bax! Gözlərindən qığılcım yağır!
Aman zalım! Kimdir belə o pələngi danlayır?!
O pələngin gözündən xəlvəti yaş damlayır…

Şair bütün heyvanların, quşların çarəsiz, yazıq durumlarına dözmür, sanki üsyan edir.
Qəfəsdə olan Qızılquş, akvariumdakı balıqlar, Qurd oğlu qurd - ormanlar bəyi, Şir indi canlıların ən alisi, əşrəfi sayılan insanların əlində acizdirlər.
N.Günün "Tərcümeyi-hal” şeirinin maraqlı sujet xətti var. Bir bağlı otaqda insan və pişik bir-birlərinə baxsalar da çox darıxırlar. İnsan pişiyi başa salır ki, sən bu evdə az xumarlan. Sənin nəslin, şəcərən pələngdən başlayır. Sən gərək indi meşələrdə, ormanlarda olasan…
Öz tərcümyi-halına da nəzər salan insan düşünür ki, axı onun da nəsli dağlarda, düzlərdə, təbiətin qoynunda döyüşüb, vuruşub, yaşayıb. O niyə indi bir otağa sığınıb qalıb:

Mən də pişik şəklindəyəm
Əyləşmişik…
O bir küncdə,
Mən bir küncdə…
O miyoldayır,
Mən yalvarıram.
O meşəyə qaçmaq xülyasında,
Mən eşiyə…
Qapılar möhkəm-möhkəm bağlı…
Fağır-fağır baxışırıq….

Lirik qəhrəmanın həyat fəlsəfəsi burda başqa istiqamətdə yönəlir. Təkamül nəticəsində bir çox canlılar, eləcə də təbiət öz ilk formasını dəyişib. Əlbəttə, şairin lirik məninin məqsədi heç də elmi araşdırmalar aparmaq deyil. Sadəcə mənəviyyatda gedən cılızlaşmanı, fağırlaşmanı, ətaləti üzə çıxartmaq, səbəblərini soruşmaqdır.
Bu qədər dəyişmədən sonra geriyə, əslə, ilkinliyə qayıtmaq mümkünmü?! Əlbəttə, yox! Çünki gəldikləri o yollar elə möhkəm bağlanıb, çətin ki, onu aça və geriyə qaça bilsinlər!
"İlğım” şeirində şair sanki bu məsələyə bir az aydınlıq gətirmək istəyir. Geriyə qayıtmaq, hər şeyi təzədən, istədiyin kimi yenidən başlamaq olardı. Amma Zaman adlı bir məfhum da buna imkan verməz:
Uzaqdan rənglər qarışır, yuxularım qımışır,
Uzaqdan bir səs qışqırır,
Taleyimdir ardımla qoşur…
Hər şey uzaqda qalıb. Qarışan rənglər, illiuziyalardı… Ardınca qoşan, qaçan taleyin də sənə çatmağa imkanı, zamanı yoxdur. Qarşı tərəfdə - öndə də çox şeylər var. ona da yetməyə sənin gücün, qüvvən, vaxtın çatmaz.
Qarşıda ocaq odlanır, bütün xırman çırtıldayır,
Qarşıda xaniman yanır, fərqində yoxam, qollarım çatmayır…
Təkamüllər üçün bir insan ömrü yetərli deyil. Bu günlə yaşayan insan arxaya – dünənə və önə - sabaha əl uzatmaq, nələrisə dəyişmək, dəyişdirmək gücündə, iqtidarında deyil.


Uzaqdan ömrümü sellər aparır, gecdir, girincdir, əfsus!
Uzaqdan arzular fəryad qoparır, heçdir, bivecdir, əfsus!

Beləliklə, N.Günün lirik qəhrəmanı həyat, təbiət, insan haqqında düşüncələrini önə çəkərək, özünəməxsusluğunu qoruyaraq həyat həqiqətlərini birbaşa diqtə edir. Şairin şeirlərindəki ideya, məqsəd fəlsəfi fikirlərin yükü ilə bahəm oxucuya çatdırılır, təbii ki, poetik sözün gücü nəticəsində. Orijinal, təbii, səmimi hisslərdən yoğrulmuş bu poetik nümunələr eyni zamanda insanlara da böyük, səmimi duyğular, aydın fikirlər aşılayır.
banner

Oxşar Xəbərlər