NURƏNGİZ GÜNÜN AĞ QANADLARI
Dünyada gözəl qadın az deyil. Xüsusən qadın gözəldirsə
və intellektə malikdirsə, onda bu, çox nadir uzlaşmadır. Bir qadının gözəl və
ağıllı, üstəlik istedadlı olması isə sözün əsl mənasında təbiətin unikal hadisəsidir.
Mən bu oçerkimdə bax belə bir unikal insandan bəhs
etmək istəyirəm. Xüsusilə ona görə ki, rus dilli oxucular təəssüf ki, onun
yaradıcılığına demək olar ki, bələd deyillər.
Bu günlərdə Azərbaycanın ədəbi ictimaiyyəti mərhum
şairə, nasir, ssenarist Nurəngiz Günün (Quliyeva) 80 illik yubileyini qeyd
edir. Bu münasibətlə ədəbi-bədii jurnallarda, qəzet və saytlarda onun şeirlərindən
seçmələr çap edilir, Yazıçılar Birliyində şairənin xatirəsinə həsr olunan
yaradıcılıq gecəsi keçirilib, televiziya kanallarında bu tarixə həsr edilən
filmlər nümayiş olunub.
Özünə Gün (gün, günəş) ədəbi təxəllüsünü götürən,
çoxsaylı oxucularının yaddaşında yaradıcı azadlıq və müstəqillik rəmzi kimi
qalan Nurəngiz xanım kimdir?
Nurəngiz xanım 1938-ci ilin 21 sentyabrında Bakıda
ziyalı ailəsində doğulub. Ailəsinin tarixçəsi Stalin repressiyasının amansız
epoxasına xas olan digər nümunələr kimi faciəlidir. Nurəngiz Gün - Qulubəyovlar
ailəsindəndir (sovet dövründə bu "narahat” soyadı neytral "Quliyeva” ya dəyişməyə
məcbur olmuşdu). Şairənin, dövrünün məşhur həkimi, taun xəstəliyi ilə mübarizə
aparan, xəstələri təmənnasız müalicə edən, Hüseyn Cavidin və Nəriman Nərimanovun
dostu olan babası 1917-ci ildə bolşeviklər tərəfindən öldürülüb.
1937-ci ildə isə ailəsini əslən təbrizli olduqları
üçün İrana sürgün edirlər. Təkcə ailənin kiçik qızı olan Nurəngiz Günün anası
Bakıda qalır. Çünki o, artıq nişanlı idi. Nurəngiz xanımın dayısı - Ağa Səlim
Hacızadə 1946-cı ildə Bakıya qayıdır. Lakin talehsizlik ailədən əl çəkmir. O
repressiya olunaraq Sibirə sürgün edilir və orada həyatını itirir. Nurəngiz
Günün digər dayısı - İranda məşhur rəssam olan, əsərləri ABŞ-da, Avropada sərgilənən
Ağa Kərim Hacızadə bütün həyatı boyu vahid Azərbaycan ideyası uğrunda mübarizə
aparmış, əqidəsinə görə dəfələrlə şahın zindanına salınmışdır. O, ömrü boyu Cənubi
Azərbaycanla Şimal arasındakı sərhədlərin yıxılacağı günün ümidi ilə yaşamış,
ancaq həmin işıqlı günü görmək ona qismət olmamışdır. Sərhədlərin açılmasına
bir-neçə gün qalmış vəfat etmişdir. Bütün bu yaşananlar, ailə dramı sonralar
Nurəngiz Günün yaradıcılığında təbii ki, öz əksini tapacaqdı.
Nurəngiz xanım Mirzə Ağa Əliyev adına Mədəniyyət və
İncəsənət İnstitutunu bitirmişdir. Onun ilk iş yeri demək olar ki, 15 il ard
arda çalışdığı Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsi olmuşdur. Qısa
müddət ərzində onu bütün Azərbaycan tanıdı - dinləyicilər əvvəlcə onun səsini,
sonra özünü sevdilər.
İri badamı gözləri, incə burnu, topa parlaq qara
saçları olan bu xanım, gənc azərbaycanlı qızlar üçün həqiqi bir dəb ikonasına
çevrilmişdi.
Nurəngiz Gün diktorlardan Roza Tağıyeva, Natəvan
Hacıyeva, Ofelya Sənani, Rafiq Hüseynov ilə birlikdə Azərbaycan Televiziyasının
siması idi. Üstəlik o, təqdim olunan mətnləri mexaniki səsləndirən adi diktor
deyildi. O, ”Səadət” qadın proqramından tutmuş "Klassik irsimizdən” kimi bədii-ədəbi
layihələrə qədər müxtəlif səviyyəli və məzmunlu onlarla proqramın müəllifi və
aparıcısı idi. Təəssüf ki, subyektiv səbəblər üzündən Nurəngiz xanım
televiziyadan uzaqlaşmağa məcbur olur.
1979-cu ildən etibarən o, bitirdiyi doğma təhsil
ocağında səhnə danışığı müəllimi kimi çalışmağa başlayır. Ancaq Nurəngiz Gün
institutda çox az işləyir, kafedra müdiri ilə fikirləri düz gəlmədiyindən
1984-cü ildə oranı tərk edir. Xoşbəxtlikdən həmin dövrdə o, artıq istedadlı ədəbiyyatçı
kimi tanınırdı. 80-ci illərin əvvəllərində onu o zamanın bəlkə də ən nüfuzlu təşkilatı
olan SSRİ Yazıçılar İttifaqına qəbul edirlər. Daxilən azad, düşüncələrində müstəqil
olan bu istedadlı qadın bütünlüklə özünə doğma olan poeziya dünyasına köklənmişdi.
Bu dünya onun pənahgahı, sığınacağı, dualarının evi, bütün həyatının mənasına
çevrilmişdi. Elə buna görə də onun bir çox məhrəm şeirlərinin duaya bənzəməsi təsadüfü
deyil.
Maraqlıdır ki, Nurəngiz Gün ədəbiyyata nəsrlə gəlib.
1981-ci ildə "Ulduz” jurnalının 4-cü sayında onun «Tanrı - bəşər övladıdır»
povesti çap olunur. Daha çox poemaya oxşayan bu povestin ana xəttini bir neçə
cümləylə nəql etmək çox çətindir.
Tanrını - əsərin
qəhrəmanını - onun atası uşaqlıqda bu adla çağırıb, əslində isə qızın adı Məryəmdir. Hədər yerə
demirlər ki, insanın adında onun həyat kodu proqramlaşdırılıb. Belə ki, Tanrı
adlandırılan, adının mənası müqəddəslik rəmzi olan Məryəm adlı qız özünün ən
xoşbəxt anları hesab etdiyi uşaqlıq
xatirələri ilə yaşayır. Artıq böyüyən və öz balaca qızı ilə kəndə - bir
zamanlar bibisinin yaşadığı evə gələn Məryəm anlayır ki, uşaqlıq lövhələrindən
heç bir iz qalmamışdır. Bu yetmirmiş
kimi, üstəlik bibisinin evində şər və haqsızlıqla qarşılaşır. Məryəm təbiəti
etibari ilə mübariz deyil. O, çox kövrək və zərifdir, öz romantik dünyasında
yaşayır. Ancaq lazım gələrsə insanların amansızlığına qarşı çıxa bilər, bəşər
övladı olan Qınıq adlı kiçik qulluqçu qızı həyata qaytarmaq üçün güclü ola
bilir.
Bu povest, Nurəngiz Günün oxumaq nəsibim olan digər
nəsr əsərlərində, məsələn "Qırmızı gecə” povestində də olduğu kimi, sanki nəsirlə
deyil, nəzmlə yazılmışdır. Bu əsərlər ahəngli, təsirli, yuxu ilə gerçəyin,
keçmişlə bu günün, romantik xəyallarla xatirələrin qarışdığı poetik şeirlərə bənzəyir. Bu povest və hekayələrdə heç də həmişə fərəhli
işlərdən söhbət açılmasa da, onlar sehrli nağıllara bənzəyir. Nurəngiz Günün
Qınıq adlı "zoluşka” haqqında yazdığı povest eynən sehrli nağılların sonluğunda
olduğu kimi bitir - göydən üç alma düşür…
Nurəngiz Günün povest və hekayələri, hələ gənc yaşlarında qələmə alınmasına baxmayaraq,
Azərbaycan dilinin zənginliyi ilə heyran edir. Xüsusilə "Tanrı bəşər övladıdır”
povesti yalnız müəyyən bir reqionun əhalisinə xas olan dialektlərlə, arxaizmlərlə
diqqət çəkir. Əsərdə hər personaj öz dilində danışır. Danışığından, hətta
dialektindən həmin personajın
xarakterini anlamaq mümkündür.
Uğurlu başlanğıca baxmayaraq, Nurəngiz Gün nəsrdə
öz təcrübəsini davam etdirməyib və ona əsl məşhurluq və çoxsaylı oxucu sevgisi
qazandıran poeziya ümmanına tamamilə qərq olub.
Qəfəsdə bülbül…
…Nurəngiz Gün poeziyaya XX əsrin 70-ci illərinin
sonu, 80-ci illərinin əvvəlində gəlmiş olsa da,
əslində onun yaradıcılığı mahiyyəti etibariylə sovet «altmışıncılarının”
böyük humanizm ənənələrinin daşıyıcısı kimi üzə çıxırdı. O, bir çox şeirlərində
poeziyasının əsas məğzi olan insanlığa sanki himn tərənnüm edir.
İnsandır düşüncəm də,
nəfəsim də.
İnsandır nəğməm də,
titrəyən səsim də…
İnsanlarsız nə dəniz, nə sahil,
nə qaya?
İnsanlarsız nəyə lazımsan,
dünya?
Bu sətirlər Oljas Süleymanovun «Torpaq, insana təzim et!» adlı məşhur
poeması ilə səsləşir.
Nurəngiz Gün öz şeirlərində günəşə, işığa əbədi himn oxuyur. Təsadüfi deyil
ki, onun «Gün» təxəllüsü də elə işıqlı həyatın
başlanğıcının ifadəsidir.
Kölgə sözü yaddır mənə.
Heç kəsin kölgəsində
yorulub qalmamışam.
Kölgəsində itmərəm heç kəsin.
…1980-ci il. Şairə gündəlik
həyatın buxovlarından, şəhərin səddlərindən və keşməkeşlərindən xilas olmağa
çalışır. Axı o nə vaxtsa meşədə ağac olub və günlərin birində təbiətin ağuşuna
qayıdacaqdır («Bir zaman ağac idim»). Nurəngiz xanım qəfəs
bülbülü alır ki, onu azad etsin və quşu bu sözlərlə açıb buraxır:
Uç, uç!
Geniş ormanlar yaxşıdır.
Baxma ki, pələngi, aslanı var.
Uç, uç!
Ormanlar bir yaşıl nağılın
yağışıdır...
Pulum çatdı
bu biricik qəfəs azadlığına.
Və əgər,
İşdi-şayəd,
pulum daha çox olarsa,
onda açıb buraxacam
dünyadakı
bütün
haqsız
qəfəs düçarlarını!
Ümumiyyətlə Nurəngiz Gün
şeirlərində ağaclarla, meşəylə, quşlarla və heyvanlarla sənli mənlidir, azad
küləyə, çağlayan okeana qaynayıb-qarışmışdır. O, gecənin nəhayətsiz və boş
qaranlığı ilə danışır, gələn günü salamlayır, həyat verən Günəşə dua edir. Şairənin
«Qaçıram» adlı şeiri isə, əsil azad insan kredosunu, şərəf kodeksini ifadə
edir.
Boş haylardan
haraylardan,
təmtəraqlı
otaqlardan,
-
saraylardan qaçıram!
Yersiz gülüşlərdən,
saxta, yaltaq öpüşlərdən
qazanc güdən,
söz
üyüdən
görüşlərdən qaçıram!
Əli baltalı qollardan
dolam-dolaşıq yollardan,
boş küylərdən,
kələklərdən qaçıram!
Şairə insan qərəzinə, ədalətsizliyə yer olmayan, səmimi hisslərin hökm sürdüyü öz dünyasında xoşbəxtdir. Diqqət edilməli olan bir məqam da ondan ibarətdir ki, bütün bu və digər şeirlər, 80-ci illərin əvvəllərində, daha doğrusu, bir çox ədəbiyyatçıların partiya və hakimiyyətin tapşırıq və sifarişiylə yazdığı sovet dövründə çap olunan «Ağ qanadlar» adlı şeirlər kitabında yer alıb. Nurəngiz Gün həmişə məhz qəlbinin, ruhunun hökmü ilə yaradıb. O, həyatda da poeziyasında olduğu kimi idi - təmtəraqlı sözlərdən, təriflərdən qaçırdı, saxtakarlığa və qeyri-səmimiliyə nifrət edirdi. Şairə özünün bütün asan olmayan həyatı boyu özü olmaq haqqını qazanmışdı…Əlbəttə, Nurəngizin əksər şeirlərinin lirik qəhrəmanı - o, özü, onun fikir və yaşantıları, qorxu və həyəcanları, həyatdan köçən valideynlərinin həsrəti, onu bu gözəl dünyaya bəxş edən anasına minnətdarlığı, böyüməkdə olan qızıdır. Eyni zamanda, Nurəngiz Günün poeziyasında vətəndaş lirikasının nümunələri, yüksək vətənpərvərlik hissini tərənnüm edən şeirlər, doğma vətənə və torpağa məhəbbət nümunələri yetərincədir. O, öz nəslinin istedadlı şairləri kimi Ezop dilində də danışmağı bacarır. Bu mənada «Döngəli dalan» şeirini qeyd etməliyik. Şeirdə, ona hücum edən hörümçəklərin, həşəratların və digər bu kimi ikrah doğuran obrazların arxasında əslində real insan surətləri dayanır. O, yaltaqlığa, simasız cahillər xoruna qarşı çıxır, onlara gülür, əl-ələ verib bu zorakılığa və pisliyə qalib gəlməyi bacaracaq vicdanlı, ləyaqətli, vətənini sevən ərləri köməyə çağırır.
80-ci illərin ortalarında və sonlarında Nurəngiz
Günün poeziyasında daha çox tənqidi notlar eşidilir. Hədər yerə deyil ki, o, «Mən
gülürəm» adlı şeirini böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin
xatirəsinə ithaf etmişdir. Bu o zamanlar idi ki, dünənki kütbeyinlər, cahillər
ön plana çıxaraq meydanları və stadionları doldurmuşdular, hakimiyyətin zirvəsinə
qalxmışdılar - bir sözlə köpüklər ictimai həyatın səthinə yüksəlmişdilər. Nurəngiz Gün də öz şeirlərində bu
nizamsızlığa etiraz edir, bu ağılsız xora qoşulmamaq üçün xilas olmağa çalışır,
özünü evinin sakitliyində ağ vərəqlər arasında gizlədir. Bunun özü də
özünəməxsus bir etiraz formasıdır. Şairə həmin dövrün reallıqlarıyla barışmır,
sovetlərin sonunun gəldiyi xəbərini imperiya dağılmazdan çox illər əvvəl şeirlərində sanki xəbər verir.
«Pələng yuxusu», «Ehtiyat», «Açıq söhbət», «Öz
aramızda qalsın» və xüsusən «Qəfəs respublikaları» kimi şeirlərində, o, hansısa
qüvvəni (yəqin ki, «böyük qardaşı») bütün qəfəslərdəki quş və heyvanları qəfəslərdən
açıb azadlığa buraxmağa çağırır. Bu şeir 1986-cı ildə, hələ Qorbaçov «yenidənqurma»sının
ilk küləklərinin əsdiyi vaxtlarda yazılsa da, bir neçə il keçəndən sonra - ölkədə
senzuranın bir qədər zəiflədiyi zamanlarda işıq üzü görə bilmişdir.
Xocalı
simfoniyası
90-cı illərdə Nurəngiz xanımın yaradıcılığında
amansız düşmənin təhqir və talan etdiyi torpaqlarımızın motivləri qabarıq şəkildə
səslənirdi. Xalqının başına gələnlərdən hədsiz sarsılan Nurəngiz Gün özünün
şedevrini - "Xocalı simfoniyası" poemasını yaradır. O, hələ sovet
dövründə, özünə xas olan romantik, lirik-dramatiik ruhda hərbi-vətənpərvərlik
mövzulu şeirlər yazırdı. Belə ki, 1981-ci ildə Nurəngiz Günün "Salamat ol,
Ağca yol" adlı poeması çap olunmuşdur. Böyük Vətən müharibəsinin özü ilə gətirdiyi
faciə, 40 il oğlunun müharibədən qayıtmasını gözləyən ananın obrazında göstərilir.
Poema 20-ci əsrin 80-ci illərində meydana çıxsa da, təəssüf ki, üstündən 10 və ya
20 il keçməsinə baxmayaraq, aktuallığını itirmir. Əsər bu gün də aktualdır.
Çünki Azərbaycanda yüzlərlə, minlərlə ana Qarabağ müharibəsindən dönməyən
övladlarının yolunu gözləyir. Nurəngiz Günün poemasının lirik qəhrəmanı kimi, kədər
və ümidlə, gözləyir…
«Xocalı simfoniyası» poeması – Xocalı soyqırımı mövzusunda yazılan ilk bədii əsərdir
və əgər belə demək mümkündürsə şairənin ürəyinin qanı ilə yazılıb. O, gah
xristian allahına müraciət edir, gah da çox sevdiyi Məryəm anaya belə bir dəhşətli
cinayətin törədilməsinə necə yol verdiklərini sual edir:
Ah! Boğulur, cocuqlar,
Yorulur torpağın altında
Cocuqlar!
Əlləri, qolları yorulur…
Heç bir şey anlamır, Cocuqlar!
Cocuqlar top-top oynamaq istəyir,
torpağın altında.
Cocuqlar bir təhər ovunar
havasız… nəşəsiz...
torpağın altında…
O! Məryəm!...
Ancaq ki, ana məməsi istəyir körpələr
torpağın altında!
Heç bir şey anlamır İnqalar!..
İnqalar ana döşü əvəzinə
İndicə torpağı əməcəklər!..
Nurəngiz Günün Xocalı soyqırımının qurbanlarına
anım fəryadı insanı qəlbinin dərinliklərinə qədər sarsıdır, oxucunu uzun müddət
tərk etmir, mənəvi iztirab keçirməyə vadar edir. Əsil sənət əsərlərinin
yazılmasının məqsədi də elə budur.
Bu poema demək olar ki, ölkənin bütün əsas
telekanalları tərəfindən ekranlaşdırılıb. 2011-ci ildə isə «Xocalı simfoniyası»
Azərbaycan televiziyasında sənədli-publisistik film kimi yeni həyat qazanıb…
Apar məni,
apar, apar…
XXI əsrdə onun yaradıcılığında yeni motivlər görünməyə başlayır - bunlar, hər şeydən əvvəl
qardaş Türkiyə, Şimali Kipr mövzusu, hədsiz sevdiyi Nazim Hikmətə həsr etdiyi
poemadır. Nurəngiz xanımın poetik dili mürəkkəbləşir, dərin obrazlılıq ortaya
çıxır, şairənin özünün yaratdığı neoloqizmlər diqqət çəkir. Nurəngiz Günün
yaradıcılığının bu xüsusiyyəti və ümumilikdə bütün yaradıcılığı dərin təhlilə və
tədqiqə möhtacdır. Yeri gəlmişkən, sevindirici haldır ki, onun ədəbi irsi
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda xüsusi dissertasiyaların
mövzusuna çevrilmişdir.
Türkiyədə Nurəngiz Günün yaradıcılığı populyar və
sayqın olmuşdur. O, 1992-cü ildə
TÜRKSOY-un Ankarada keçirilən ilk qurultayında Azərbaycanın ilk və yeganə təmsilçisi
kimi iştirak etmişdir. Azərbaycanda və Türkiyədə «Kuzey Kıbrıs rüzgarları»
poeması yayınlandıqdan sonra isə Şimalı Kipr Respublikasının Prezidenti Rauf
Denktaş tərəfindən hörmətlə qəbul edilmişdir. Onun şeirləri Türkiyənin nüfuzlu
jurnallarında çap olunmuş, çox sayda qəzetlərdə
dərc edilmiş, Türkiyə televiziyasının ekranlarından səsləndirilmişdir. 2014-cü
ildə Nurəngiz Gün Türkiyənin ən nüfuzlu mükafatlarından birinə – «Türk ədəbiyyatına
xidmətlərinə görə» mükafatına layiq görülmüşdür.
Nurəngiz Günün dili – çoxobrazlıdır,
alliterasiyalı, ahənglidir. Onun sətirlərini rus dilinə çevirmək bir o qədər
asan deyil. Tərcümədə bəlkə də oxucuya yalnız mənanı çatdırmaq olar, ancaq onun
şeirlərinin musiqisini çatdırmaq demək olar ki, mümkünsüzdür. Məsələn, bu sətirləri
necə çevirəsən?
Ən çox qısqandığım
Və
Anlayıb, anlatdığım şey:
Bir ulu eşq!
Bir həzin səsli ney,
bir də
Quzeylərin dərdindən
xəbərsiz
Güney.
Gün, ey!...
***
Nurəngiz Günün yaradıcılığı haqqında çox yazılıb və
deyilib. Onun haqqında Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı kimi məşhur şairlər,
Vaqif Yusifli kimi görkəmli tənqidçilər, İsa Həbibbəyli, Teymur Kərimov, Nizami
Cəfərov, kimi böyük alimlər yazıblar. Onlar şairəyə Azərbaycan poeziyasına gətirdiyi
mövzu və obraz zənginliyinə, bəyaz şeirin ən
yaxşı ənənələrini, böyük Rəsul Rzanın ənənəsini qoruyub inkişaf
etdirdiyinə görə, heç bir zaman kimsənin qarşısında əyilmədiyinə, ən sərt dönəmlərdə
belə, axına qarşı gedərək, yüksək Şair
adını ləkələmədən yaşadığına görə minnətdarlıq ediblər. Yeri gəlmişkən mən, Nurəngiz
Günün poeziyasını dünya ədəbiyyatına bəyaz şeirin öncül nümayəndələri kimi
daxil olmuş Marina Svetayeva, Bella Axmadulina kimi böyük Rus şairələri ilə
müqayisə edərdim.
Nurəngiz Günün özünəməxsus manifestinə çevrilən
"Yol gedirəm”şeiri onun poeziyasının pərəstişkarları
arasında bəlkə də məşhur və sevilən şeirlərindən biridir.
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə
ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.
Ovcumda sirr,
Barmaqlarımda
qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.
Saçlarımda rüzgarım,
Ruhumda
ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.
Önümdə silsilə dağlar,
Sərt
qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol
gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə
Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol
gedirəm, yol olanadək.
Bax belə, Nurəngiz Gün başını dik tutaraq, qürurla
öz yolunu getdi, poeziyanın üfüqlərində parlaq ulduz kimi əbədiyyətə qovuşdu.
Prezidentin fərdi təqaüdçüsü, çoxsaylı beynəlxalq mükafat və diplomların
laureatı olsa da, hansısa xüsusi titulların sahibi olmadı. Təəssüf ki, buna
ömrü vəfa etmədi... Xalq şairi adını almağa sayılı günlər qalmış gözünü əbədi
yumdu... Lakin xalqın sevimlisi olmaq titulunu sağlığında qazana bildi. Nurəngiz
Gün Azərbaycan poeziyasına onun layiqli və parlaq nümayəndələrindən biri kimi
daxil oldu. Əminəm ki, Nurəngiz Gün poeziyasının anlamı, onun poetik söz xəzinəsinə
bəxş etdiyi töhfələrin dəyəri getdikcə daha çox dərk ediləcək və o, Azərbaycan ədəbiyyatı
tarixində əbədi yaşayacaqdır.
Elmira Axundova
Azərbaycanın Xalq yazıçısı