• cümə, 26 Aprel, 11:32
  • Baku Bakı 12°C

Nümunəvi dövlət-vətəndaş münasibəti

06.02.15 14:47 1648
Nümunəvi dövlət-vətəndaş münasibəti
Binəqədi Rayon İcra Hakimiyyətində “Sakinlərin Müraciət Xidməti-1646”-nın (SMX–1646) yaranmasından 2 il ötür. Bu məqsədlə Rayon İcra Hakimiyyətində mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, 6 fevral 2013-cü il tarixindən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti-1646” istifadəyə verilib. Onun sözlərinə görə, bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. Şöbə müdiri xidmətin iki il ərzində göstərdiyi fəaliyyətə diqqət çəkərək, Binəqədi sakinlərinin bu xidmətdən məmnun qaldıqlarını vurğulayıb.
Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyəti, sakinlərə göstərilən xidmət barədə ətraflı məlumat verib. Bildirib ki, belə bir xidmətin yaradılması dövlət orqanı ilə əhalinin əlaqələrini daha da möhkəmləndirir. A.Səfərlinin sözlərinə görə, bu xidmətdən istifadə edən rayon sakinləri həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edirlər: “İcra hakimiyyətində SMX-nin fəaliyyəti rayonun yerli struktur orqanlarının məsuliyyət hissini də artırır, həmçinin mübahisələrin həllində və əhalinin informasiya əldə etməsində bərabərlik və ədalət hisslərinin yaradılmasına səbəb olur. Bu, eyni zamanda, şəffaflığı təmin edir və korrupsiyaya qarşı mübarizədə rayon sakinlərinin rolunu artırır. 1646 nömrəsinə edilən hər hansı zəng xidmət və sakinlərin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydiyyata alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdıqda lent yazısını dinləmək mümkündür. Bütün stasionar telefonlardan zənglər ödənişsizdir. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnologiyaları vasitəsilə avtomatik rejimdə, operatorlar tərəfindən vətəndaşlarla birbaşa ünsiyyət rejimində və operatorun yönəldici iştirakı müvafiq proqram təminatı vasitəsi ilə aparılır. Vətəndaşlara göstərilən xidmət müqabilində onların sualları cavablandırılır. Hər bir zəng operatora yönəldikdən sonra 7 saniyə ərzində cavablandırılmaq üçün qəbul edilir. Şikayət ərizəsi tərtib olunan zaman müraciət edənin kimliyi, ünvanı və telefon nömrəsi qeydə alınır. Şikayət vərəqəsi qəbul edildikdən sonra operator müraciətin kateqoriyası üzrə operativ şəkildə aidiyyəti yerli quruma, ünvanın aid olduğu qəsəbə nümayəndəliyinə və icra hakimiyyətinin aidiyyəti şöbəsinə məlumat verilir. Şikayət vərəqəsi vətəndaşın müraciətində qeyd etdiyi məsələ tam həll olunanadək nəzarətdə saxlanılır. Vətəndaşla əks-əlaqə yaradılaraq məmnunluq səviyyəsi ölçülür. Sakinlərin müraciət xidmətində vətəndaşlara göstərilən xidmətlərə, o cümlədən, operatorla vətəndaş arasında aparılan telefon danışıqlarına nəzarət etmək və tənzimləmək məqsədilə sistemdəki xüsusi modul vasitəsilə bu xidmətlər və danışıqlar sistemin yaddaşına yazılır, arxivləşdirilir. Anonim və sair zənglərin qarşısının alınması üçün vətəndaşın nömrəsi avtomatik təyin olunur. Telefon xidməti zamanı daxil olan zənglərin, edilən müraciət və cavabların, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılır”.
A.Səfərli xidmətin eyni zamanda 30 telefon nömrəsini qəbul edə bildiyini söyləyib. Eyni zamanda qeyd edib ki, 1646 xidməti sürətli kommunikasiya sistemi ilə təmin olunub: “Bütün zənglərin qeydiyyatı aparılır. Hətta xətlər məşğul olduqda və vətəndaş əlaqə yarada bilmədikdə dərhal biz özümüz onunla əlaqə saxlayır, problemini öyrənirik. Bundan başqa, vətəndaşın şikayət etdiyi dövlət qurumunun rəhbərliyinə də xidmət vasitəsilə sms göndərilir, qeyd olunan problem təşkilat rəhbərinin bilavasitə diqqətinə çatdırılır. Statistik rəqəmlərin dili ilə xidmətin fəaliyyətini təsvir etsək, ilk növbədə bildirməliyəm ki, ötən iki il ərzində xidmətə ən müxtəlif problemlərlə bağlı 58 mindən artıq müraciət daxil olub. Həmin müraciətlərin 99 faizi cavablandırılıb. Təkcə 2014-cü ildə 1646 xidmətində vətəndaşlardan 35725 müraciət daxil olub. Ötən ilin yekun hesabatından o da bəlli olur ki, belə bir xidmətin fəaliyyət göstərməsi səbəbindən icra hakimiyyətinə ünvanlanan yazılı müraciətlər 20 faiz azalıb. Ümumiyyətlə, 1646 xidməti yarandıqdan sonra yerli təşkilat və qurumlarda məsuliyyət hissi bir qədər də artıb”.
Binəqədi Rayon İcra Hakimiyyətinin 1646 xidməti yaratmaqla Azərbaycanda ilkə imza atdığını deyən A.Səfərli yaxın vaxtlarda xidmətin fəaliyyətinin genişləndiriləcəyini söyləyib: “Həmçinin sakinlər elektron formada da xidmətə müraciət edə bilərlər. Bunun üçün 1646 xidmətinin www.bineqedi-1646.az saytı, [email protected] elektron poçt ünvanı və “Facebook” səhifəsi də yaradılıb. 1646 xidməti 24 saat ərzində fəaliyyət göstərir”.
Mətbuat konfransının sonunda KİV nümayəndələri 1646 xidmət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, xidmətə daxil olan zənglər, vətəndaşla yaradılan ünsiyyəti canlı izləyiblər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər