• şənbə, 20 Aprel, 17:09
  • Baku Bakı 23°C

Nümayişçilərə qarşı güc tətbiq edilməsinə münasibət bildirilməlidir

04.06.13 08:58 1645
Nümayişçilərə qarşı güc tətbiq edilməsinə münasibət bildirilməlidir
Türkiyədə və Almaniyada baş verən son hadisələr Azərbaycanda da diqqətlə izlənilməkdədir. Xalqın meydanlara axışması, polisin aksiyaları dağıtmaq üçün seçdiyi taktika əsas müzakirə mövzularındandır. Xüsusi ilə də aksiya iştirakçılarına qarşı bəzi hallarda ölçüsüz güc tətbiqi ilə bağlı çoxsaylı mənzərələrin də şahidi olmaqdayıq. Belə hallar son zamanlar Almaniyada keçirilən aksiyaların dağıdılması zamanı da müşahidə olunur.
Sirr deyil ki, zaman-zaman Azərbaycanda da icazəsiz aksiyalara cəhdlər olur. Əksər hallarda da polis imkanlarını səfərbər edərək buna imkan vermir. Amma bunun həyata keçirilməsi üçün bəzi hallarda polislə vətəndaş arasında müəyyən qarşıdurmalar, həbslər də olur. Belə hallarda çoxları baş verənləri insan hüquqlarının pozulması, insanların sərbəst toplaşmaq azadlığına qarşı çıxmaq cəhdi kimi qələmə verirlər. Almaniyada və Türkiyədə bir neçə gündür davam edən aksiyalar bu məsələni yenidən aktuallaşdırıb.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, Azərbaycana demokratiya dərsi keçənlərin özlərinin iş fəaliyyətində insan hüquqlarının pozulması hallarına rast gəlinməsi Azərbaycanda ciddi etirazla qarşılanır. Onun sözlərinə görə, artıq demokratik dəyərlərə sahib olmuş ölkələrdə vaxtaşırı kütləvi aksiya iştirakçılarına qarşı zorakılığın tətbiqi Azərbaycanda çox böyük təəccüb doğurur: "İnsanlara qarşı zorakılığın törədilməsi, onların zorakılıqla aksiya yerindən dağıdılması və hər şeyin ciddi polis nəzarəti altına götürülməsi Avropanın aparıcı dövlətlərindən olan Almaniyada özünü xüsusilə göstərir. Almaniyanın vaxtaşırı dünya ictimaiyyətinə, ayrı-ayrı yeni müstəqil ölkələrə demokratiya ilə bağlı çağırışlar etməsinə baxmayaraq, insanların sadə hüquqlarının pozulması nədənsə çox sakit qarşılanır və dövlət bunlara haqq qazandırmağa çalışır".
A.Mirzəzadə bildirib ki, qonşu Türkiyənin İstanbul şəhərinin Taksim meydanında ticarət mərkəzinin tikilməsi ilə əlaqədar böyük bir kütlənin etirazının amansızlıqla yatırılması da insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla dost, qardaş ölkədir və Azərbaycan ictimaiyyəti orada olan hər bir hadisəni özünə yaxın qəbul edir.
Millət vəkili qeyd edib ki, Azərbaycan ictimaiyyəti Türkiyədə aksiyaya çıxan insanlarla "polis dili"ndən savayı başqa dildə danışmaq üsulunun axtarılmamasına görə təəssüflənir.
Bu məsələnin hazırda beynəlxalq ictimaiyyətin ciddi müzakirə mövzusu olduğunu xatırladan A.Mirzəzadə bildirib ki, bu baxımdan Azərbaycana demokratiya dərsi keçənlərin özlərinin iş həyatında insan hüquqlarının pozulması haqlarına vaxtaşırı rast gəlinməsi Azərbaycandan ciddi etirazla qarşılanır: "Hesab edirik ki, standartlar bütün ölkələrə, bütün hallara qarşı eyni olmalıdır. Azərbaycanda qınadıqları bir hadisənin öz ölkələrində daha ağır formada tətbiq edilməsinin özü yolverilməzdir. Çox istərdik ki, konkret olaraq Türkiyədə belə hallar olmasın və zorakılıq halları aradan qalxsın".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Demokratiya və insan haqları komitəsinin sədri Cingiz Qənizadə də qeyd edib ki, Avropa hüquq müdafiəçiləri Türkiyə və Almaniyada dinc nümayişçilərə qarşı fiziki güc tətbiq edilməsinə münasibət bildirməlidirlər. Onun sözlərinə görə, həmişə Avropada bütün proseslərin normal, demokratik dəyərlərə söykənməsi qənaətində olmuşuq. Ancaq zaman-zaman bütün ölkələrdə müəyyən qarşıdurmaların olduğu üzə çıxır: "Ancaq cox təəssüf ki, bizdə hansısa bir yüngül formada hökumət nümayəndələri ilə aksiya iştirakçıları arasında sivil dəyərlərə uyğun formada qadağanedici hərəkətlər olduqda, bu hadisə dərhal böyüyür, bəyanatlar şəklində Azərbaycana ünvanlanır. Bu günlərdə iki ölkədə, həm Almaniyada, həm Türkiyədə hökumətin hansısa bir siyasətinə qarşı etiraz edənlərə qarşı zor tətbiq etməsinin şahidi olduq".
Hüquq müdafiəçisinin sözlərinə görə, Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında artıq iki gündür ki, hökumət qüvvələri dinc aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edirlər.
O qeyd edib ki, Türkiyədə hansısa tarixi obyektin yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən insanların sayı durmadan artır. Hökumət də buna görə həmin insanlara qarşı güc tətbiq edir. Bunu demokratiya ilə bir araya sığan hal hesab etməyən Ç.Qənizadə bildirib ki, Almaniyanın Frankfurt şəhərində sosial problemlərlə bağlı aksiyada da polis zorakılığı baş verir. Ancaq indiyədək biz Almaniyanı, Fransanı və digər Avropa ölkələrini demokratiyanın beşiyi və demokratik dəyərlərə qiymət verən ölkələr kimi tanımışıq: "Sən demə, biz yanılmışıq. Təbii ki, mən hüquq müdafiəçisi olaraq, zorakılıq hallarını pisləyirəm. Eyni zamanda, həm Avropa Şurası, həm Avropa İttifaqının Azərbaycana qarşı maraqlı və qərəzli mövqe nümayiş etdirən deputatlarına və komitələrinə üzümü tutub deyirəm ki, Avropadakı hadisələrə qiymət versinlər. Biz bu hadisələrlə əlaqədar bəyanat gözləyirik. Azərbaycanda kiçik bir hadisə baş verən kimi çox operativ olaraq, bəyanatlar şəklində buna münasibət bildirirlər. Mən indi Avropanın, Avropa hüquq müdafiəçilərinin, Avropa Şurasının, Avropanın digər təşkilatlarının iki ölkədə baş verən hadisələrə necə qiymət verəcəyini gözləyirəm. Belə hesab edirəm ki, bu hadisələrə mütləq qiymət verilməlidir. Əgər qiymət verilməsə, onda hesab etmək olar ki, onların başqa dövlətlərə münasibəti heç də demokratik dəyərlərin qorunmasına söykənmir. Bu, siyasi məqsədlər güdür".
Göründüyü kimi, Almaniyada və Türkiyədə aksiyaçıların zorla dağıdılması, polisin güc tətbiq etməsi icazəsiz aksiyalar və ona cəhd edənlərə qarşı hansı münasibətin göstərilməsi məsələsini yenidən gündəmə gətirib. Avropa təsisatları, həmişə söz azadlığı və sərbəst toplaşmaq azadlığının təminatçısı rolunda çıxış edənlər mütləq səslərini çıxarmalı, baş verənlərə adekvat reaksiya ortaya qoymalıdırlar. Bütün bunlar olmasa, həmin strukturların sabah kiçik dövlətlərdə baş verən analoji hallara münasibətdə insan hüquqlarının pozulmasından danışmaları, toplamaq azadlığının təmin olunmasının mütləqliyi barədə açıqlamaları ikili standartlar kimi qəbul ediləcək.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər