• cümə, 29 Mart, 05:26
  • Baku Bakı 7°C

Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa

17.06.15 20:13 1685
Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa
“Əsl qələbə I Avropa Oyunları üzərindən Azərbaycana qarşı aparılan “geosiyasi oyunlar”ın ifşası və iflası oldu”. Bu fikir rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc olunan “Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa” məqaləsində yer alıb. Məqalədə qeyd edilir ki, Avropa Oyunlarını geosiyasi çəkişmə müstəvisinə keçirməyə, siyasiləşdirməyə çalışan məlum xarici güc mərkəzinin iradəsinin ziddinə olaraq, heç bir ölkənin idman komandası Azərbaycana gəlməkdən imtina etmədi. Heç bir ölkənin Milli Olimpiya Komitəsi siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirakçısına çevrilmədi. Bu isə o deməkdir ki, həmin mərkəzin bütün resurslarının cəlb edildiyi antiazərbaycan kampaniyası dəhşətli çat verdi, bütün planlar alt-üst oldu. Hətta onun Azərbaycandakı “5-ci kolon” üzvlərini - milli xəyanətkar ünsürləri hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı.
Bütün vasitələrdən istifadə olunmasına baxmayaraq, nə Azərbaycanı öz iradəsinin əksinə olan siyasi proseslərə qoşmaq, nə də “çərçivədən çıxan” bu ölkəni cəzalandırmaq üçün onu Ukraynanın halına salmaq planları baş tutdu. Halbuki Azərbaycandan ərazi baxımından 8, əhali resursları baxımından isə 6 dəfə böyük olan Ukrayna bir o qədər də əziyyət çəkilmədən qısa müddətdə qarışdırıldı: “Xatırlatmaq yerinə düşər ki, həm Ukraynada, həm də Azərbaycanda çevriliş planının həyata keçirilməsinə eyni vaxtda başlanılmışdı. İcra olunan proqram, prosesləri idarə edən mərkəz və ona rəhbərlik edən şəxs də eyni idi - ABŞ Dövlət Departamenti və dövlət katibinin müavini Viktoriya Nuland.
2014-cü ilin yanvarında xanım Nulandın ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payettlə məlum söhbəti ictimailəşdirildi. Bəlli oldu ki, Ukraynadakı gərgin durumu müzakirə edən Dövlət Departamentinin rəsmisi səfirdən bu ölkədə ABŞ-ın maraqlarının təmsilçisi olan Arseni Yasenyukun yeni hakimiyyət quruculuğu prosesinə cəlb olunmasını tələb edib. ABŞ-ın planlarına əsasən, Yasenyuk yeni hakimiyyətin formalaşmasına rəhbərlik etməli və bütün imkanlar bu iş üçün səfərbər olunmalıydı. Nuland səfirin “Maydan hərəkatı”nın rəhbərlərindən olan boksçu Vitali Kliçkonun kütləyə təsir imkanları və Avropanın maraqları barədə əks arqumentinə məşhur “...EU” ifadəsi ilə reaksiya verməklə ABŞ-ın Avropa məkanı və bu qitənin ayrı-ayrı ölkələri barədə gerçək düşüncələrini nümayiş etdirdi. Aydınlaşdı ki, ABŞ öz maraqlarının təmin edilməsi üçün nəinki rəqib ölkələri, hətta müttəfiqlərini və bütövlükdə Avropanı xarabalığa çevirməkdən çəkinmir”.
Məqalədə qeyd edilir ki, eyni proseslərin Azərbaycanda icrası üçün vaxtilə “Böyük xalq günü”, “Xalq üsyanları” adlı kampaniyaların icrasına başlanılmışdı. 2012-ci ilin mart ayında Qubada, 2013-cü ilin yanvarında İsmayıllıda təşkil olunan hadisələrin alovlanaraq bütün ölkəni əhatə etməsi, hakimiyyət çevrilişi ilə nəticələnməsi istiqamətində ciddi planların reallaşdırılmasına cəhd edilmişdi. 2013-cü ilin yanvar ayında isə “Əsgər ölümlərinə son” kampaniyası başladı. Bu ssenari üzərində daha ciddi işlənildiyini təsdiq edən fakt odur ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevs öz səxavət kisəsindən layihəyə 2 milyon dollar pul ayırmışdı. Azərbaycan dövlətinin çevik tədbirləri bu şəxslərin əməllərinin və əsl niyyətlərinin tez bir zamanda ifşa edilməsinə, Viktoriya Nulandın koordinatoru olduğu layihənin iflasa uğramasına gətirib çıxardı. Bu, əslində, Azərbaycanın Avropada hakim kəsilən “ABŞ-ın qarşısında müti davranış” stereotipinin dağıdılması demək idi.
Məqalədə qeyd edilir ki, Ukraynada proseslərin gərginləşdiyi bir dövrdə Azərbaycanda okeanın o tayından alovlandırılan “inqilabi” meyillərin qarşısının alınması, ABŞ-ın “5-ci kolon”unun tam neytrallaşdırılması 2015-ci il fevralın 18-də Viktoriya Nulandı Azərbaycana gəlməyə məcbur edib. Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlama verən Nuland Azərbaycan Prezidenti ilə ölkədə insan haqlarının vəziyyəti barədə müzakirələr apardığını bildirib: “Əslində, xanım Nuland Azərbaycana səfəri ilə konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və “siyasi məhbus” kimi təqdim edilən bəzi “5-ci kolon” nümayəndələrinin azadlığa buraxılmasına nail olmaq istəyirdi. Bu baş vermədikdə isə, antiazərbaycan kampaniyası yenidən alovlandırıldı, həm ABŞ, həm də Avropa QHT-ləri, mediası Azərbaycana qarşı total hücuma keçdilər”.
Məqalədə Avropa Oyunları ərəfəsində Böyük Britaniya mediasının Azərbaycana qarşı qərəzli münasibətinin də mərkəzində xanım Nulandın durduğu vurğulanır. Əlavə edilir ki, Azərbaycan artıq əvvəlki tədbirlərdə baş verən hadisələrdən ciddi nəticə çıxarıb və bütün mümkün ssenarilərə qarşı əsaslı şəkildə hazırlaşıb: “Bəlkə elə bu səbəbdəndir ki, bir müddət bundan əvvəl ABŞ-ın məlum ssenariləri hələ layihələndirmə mərhələsində ifşa olundu. Plana görə ən müxtəlif şüarları gündəmə gətirməklə I Avropa Oyunları proqramının pozulmasına nail olunmalı, nəticədə Azərbaycan fakt qarşısında qalmaqla ABŞ-ın təzyiqlərinə boyun əyməli idi. ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə edilən kampaniyanın əlaqələndiricisi qismində “National Endowment for Democracy” (NED - Demokratiyaya Dəstək Milli Fondu) təşkilatı seçilmişdi: “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci layihənin isə Avropadan həyata keçirilməsi, bu prosesə hüquq müdafiə təşkilatlarının, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatların cəlb olunması nəzərdə tutulurdu. Maraqlıdır ki, Danimarkanın “International Media Support” (IMS) təşkilatı bu kampaniyanın koordinatoru təyin edilsə də, ona ABŞ vətəndaşı Rebekka Vinsent rəhbərlik edir, maliyyə mənbələri qismində isə Amerikanın NED təşkilatı və Soros Fondu çıxış edirdi. Proqramın icrasına onlarla müxtəlif Avropa təşkilatlarının cəlb edilməsinə baxmayaraq, prosesdə təkanverici qüvvənin ABŞ donor təşkilatları olması açıq göstərir ki, bütün sifarişlər bir mərkəzdən gəlir və idarə olunur”.
Məqalədə ABŞ İkinci Dünya müharibəsindən ötən 70 il ərzində ümumilikdə Avropa məkanını sadə mexanizmlərlə idarə etməsinə də yer verilib. Vaşinqtonun bu məkandakı maraqları təhlükəyə düşəndə peyk QHT-lərin “prinsipiallıq duyğusu” da baş qaldırır. Onlar milli hökumətləri fakt qarşısında qoymaq, güzəştlərə sövq etmək üçün səfərbər olunurlar.
Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə “milli QHT” var ki, onlar öz fəaliyyətlərini istisna olaraq Vaşinqtonla koordinasiya edir, okeanın o tayından gələn tapşırıqları yerinə yetirirlər. Məkanı Avropa, ürəyi isə Amerika olan bu peyk təşkilatları ayaqda saxlamaq və lazımi anda hərəkətə gətirmək üçün ciddi xərc də tələb olunmur. Daha doğrusu, bu QHT-lərə Vaşinqtonun sərf etdiyi hər bir sent mahiyyət etibarilə milyonlara dönüb ABŞ-ın özünə qayıdır”.
Məqalədə konkret faktlara da istinad edilir. Qeyd edilir ki, Böyük Britaniyanın dünyaya beynəlxalq statuslu təşkilat kimi təqdim etdiyi QHT-lər arasında “Artikl XlX” ilk cərgədə dayanır: “Bəs “Artikl XlX”un üzdə olan simaları kimlərdir? Rebekka Vinsent. Amma Rebekka Vinsent ABŞ vətəndaşıdır. O, Azərbaycanda ABŞ səfirliyində çalışıb. Sonradan “Artikl XlX”un nümayəndəsi kimi ən böyük antiazərbaycan kampaniyalardan birinin koordinatoru olub. I Avropa Oyunları ərəfəsində Avropa KİV-ində aparılan kampaniya da bu qəbildəndir. Əgər 01-05 iyunda xarici mediada Azərbaycanda insan hüquqlarının vəziyyəti ümumi qaydada və qərəzli şəkildə şərh edilirdisə, 06-10 iyun arası konkret presedentlərin yaradılması və bu halların məlum dairələrə sərfəli şəkildə işıqlandırılması həyata keçirildi. İyunun 10-dan isə xaricdə məskunlaşmış “5-ci kolon”un nümayəndələrinin məqalələri Avropanın aparıcı nəşrlərinin səhifələrini bəzədi. Burada maraq doğuran məqam təkcə doğma dillərində cümləni cümləyə qoşa bilməyən adamların dünyanın ən nüfuzlu nəşrlərinə - “The Guardian”, “The Independent”, “The Teleqraph”, “Deutsche Welle” və digər bu kimi nüfuzlu media orqanlarına gedib çatmaları deyil, bu qədər nəşrin eyni zamanda eyni tezislər əsasında materiallar yaymasıdır. Deməli, bu qədər redaksiyanı lazımi anda bir cərgədə düzmək iqtidarında olan güc mərkəzi var”.
Məqalədə qeyd edilir ki, I Avropa Oyunlarında bu mərkəz Azərbaycana qarşı qarayaxma kampaniyasını olduqca hiyləgər şəkildə həyata keçirib. Əsas mərkəz rolunda Böyük Britaniya QHT-si və KİV-i çıxış etməklə Almaniya, Fransa, İsveç, Danimarka və bəzi digər Avropa ölkələrinin hüquq müdafiə təşkilatları və mediası total antiazərbaycan kampaniyasına cəlb olunub. Bu zaman ABŞ-ın 3-4 uğursuz siyasətçisi istisna olmaqla, bu ölkənin mediası və vətəndaş cəmiyyəti institutları müşahidəçi kimi məsələləri kənardan seyr etmiş kimi görünürlər. Yəni ABŞ bu prosesə birbaşa deyil, Avropadakı resursları vasitəsilə rəhbərlik edir: “Məhz Nulandın başçılıq etdiyi mərkəzin sifarişinin nəticəsi idi ki, “International Freedom of Expression eXchange” (IFEX) təşkilatı bütün milli bölmələrini sosial şəbəkələrdə Avropa Oyunlarının rəsmi səhifələrinə qarşı hücum təşkil etməyə çağırdı.
Antiazərbaycan kampaniyasına qoşulmuş vətəndaş cəmiyyəti institutlarının maliyyə mənbələri araşdırılarkən nəticələr ABŞ donorlarına bağlanır. Belə ki, onların da büdcəsi USAID vasitəsilə ABŞ Dövlət Departamentindən asılıdır. Sadəcə, kələfin ucu elə dolaşdırılıb ki, sona çıxmaq hər kəsə nəsib olmasın. Azərbaycan üzərində oynanılan oyunlar isə bu sxemin aydın dərk edilməsinə yardım göstərdi”.
Məqalədə ATƏT-in təsisçiləri sırasında olan və onun büdcəsinin əhəmiyyətli hissəsini ödəyən ABŞ-ın bu təşkilatda öz maraqlarını kifayət qədər keçirə bilməsinə də xüsusi yer verilir. Qeyd edilir ki, ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri təşkilatın rəhbərindən daha güclü şəxs hesab olunur. Xüsusilə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Media Ofisi tam ABŞ-ın nəzarətindədir və onların rəhbərləri ya Vaşinqtondan təyin olunur, ya da bu təyinat onunla razılaşdırılır. ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyenin qurumun Azərbaycandakı layihə əlaqələndiricisi olan Aleks Şahtaxtinski ilə davranışı bu mülahizəni təsdiq edən tutarlı fakt kimi göstərilir: “AŞ PA-nın insan haqları üzrə komissarı Nils Mujneks milliyyətcə latış olsa da, Los-Ancelesdə, latviyalı emiqrant ailəsində doğulub. Bütün şüurlu həyatını Amerikada yaşayıb, orada təhsil alıb. 1992-ci ildən başlayaraq öz tarixi vətəni ilə əlaqə qurub və 1992-1995-ci illərdə Soros Fondunun Latviya bölməsinin direktoru olub. Hazırda bu şəxs Azərbaycana qarşı kəskin çıxışlar etmək üçün bütün imkanlardan yararlanır. Vaxtilə Avropa Şurasında irqçilik və dözümsüzlüyə qarşı komissiyanın sədri olsa da, öz elmi işini bu mövzuya həsr etsə də, Rusiyaya və ruslara qarşı kəskin şovinist mövqe tutur.
BMT İnsan Hüquqları Ali Komissarlığının düşüncə və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Devid Kaye də ABŞ vətəndaşıdır. Təsadüfi deyil ki, Devid Kaye Nils Mujneks və ATƏT-in Media Ofisinin rəhbəri Dunya Miyatoviçlə birlikdə I Avropa Oyunları ərəfəsində məqalə ilə çıxış edərək Azərbaycanı tənqid hədəfinə çevirmişlər”.
Məqalədə o da vurğulanır ki, Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kannın, FİFA-nın sabiq prezidenti Yozef Blatterin və digərlərinin başına gətirilən oyunlar da ABŞ-ın Avropada təkcə insan hüquqları, ifadə azadlığı təsisatlarının deyil, həm də iqtisadi sferanı tənzimləyən strukturlara, hüquq-məhkəmə sisteminə ciddi nüfuz etdiyini göstərir. Ən maraqlısı da budur ki, heç bir Avropa ölkəsi vəziyyətin bu qədər acınacaqlı duruma düşməsinə qarşı mübarizə apara bilmir: “Məhz bu səbəbdən də Avropa liderləri özlərində qətiyyət tapıb I Avropa Oyunlarının açılışına gəlmədilər. Böyük əminliklə demək olar ki, Oyunlardan əvvəl Nulandın “qvardiyası” azadlığa çıxsaydı, ABŞ Dövlət Departamenti Azərbaycanı təqdir edən bəyanat versəydi və Avropa liderlərinə göz ağartmasaydı, onlar ard-arda Bakı Olimpiya Stadionunun ən rahat kürsülərində bu mühüm Ümumavropa bayramının açılış mərasimini izləyəcəkdilər. Ancaq onların heç birində İlham Əliyev qədər cəsarət və prinsipiallıq yoxdur! Onların heç biri öz xalqlarının gələcəyi naminə Vaşinqtona, Nulandlara dirəniş göstərmək iqtidarında deyil! Avropa zahirən azad görünsə də, dərin köləliyin məngənəsindədir!”
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər