AZE | RUS | ENG |

“Ünsiyyətin aça bilmədiyi qapı yoxdur” - Uğur hekayəsi

“Ünsiyyətin aça bilmədiyi qapı yoxdur” - Uğur hekayəsi
Elxan Mərdanlı: “Məşhur ticarət mərkəzlərində çantada şəkər təklif etdiyim zamanlar var idi, indi burada mağazalarım var”

Çalışqan, məqsədli, məsuliyyətlidir. Deyir ki, insan arzularına çatmaq istəyirsə, gecə-gündüz çalışmalı, özünü inkişaf etdirməlidir. Yenilikçi olmağın və daim öz üzərində işləməyin tərəfdarıdır.

Müsahibimiz Mosaic Group və Good Group şirkətlərinin Marketinq, PR və Satış direktoru, Karen Millen, LKBennett, French Connection, Oasis, Acoola Kids geyim brendləri, IL Patio və Planet Sushi Restoranı, Le Kebab Old City Restoranının brend meneceri, Acoola Kids-in marketinq, PR və satış direktoru, Good Group və 3SÖZ reklam agentliyinin təsisçisi və art direktoru Elxan Mərdanlıdır. Həmsöhbətimizin 32 yaşı var.

Məktəb illərindən aktivliyi ilə həmyaşıdlarından seçilib. Daha sonra ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılan "Uşaq və Gənclərin sülh şəbəkəsi”ndə təhsil alıb: "Şəbəkədən sonra düşüncə tərzim, həyata yanaşmam dəyişdi. Artıq cəmiyyətdə özümü söz hüququ olan şəxs kimi hiss edirdim. Beləliklə, rayonlara, internat məktəblərinə səfərlərim olurdu. Universitetə qəbul olunduqdan sonra, layihələr çərçivəsində "Ümidli Gələcək” gənclər təşkilatı ilə tanış oldum. Dayanmadan işlədim. Xarici təşkilatlarla görüşdüm. İşgüzar fəaliyyət nəticəsində Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının katiblik vəzifəsinə təyin etdilər. İşlədiyim bütün qurumlarda katiblik, rəhbərliyə qədər gəlirdim. Əməkdaşlıqlar, əlaqələr insanın gələcək karyerasında çox yaxşı rol oynayır. Daha sonra Avropa Şurasının müxtəlif layihələrində iştirak etdim. Ay ərzində müxtəlif ölkəyə səfər edirdim. Dünyagörüşüm formalaşdıqca, biznesə maraq göstərdim”.
 


- İctimai sfera ilə biznes tam fərqlidir. İctimai sferada uğur qazandığınız bir vaxtda necə oldu ki biznesə keçdiniz?
- Həmişə öz işimi özüm görməyə çalışmışam. İctimai sektorda çalışanda bütün kompyuter proqramlarını öyrənmək istəyirdim. Çalışdığım qurumun tədbirlərinin və lazımı reklam vəsaitlərinin hazırlanmasını özüm edirdim. İşlər gəldikcə ictimai sektordan uzaqlaşdım. 

Tələbəlik illərində yay aylarında kiçik bizneslə məşğul olurdum. Bağçalarda uşaqları güldürmək üçün kloun, şaxta baba kimi fəaliyyət göstərirdim. Yayda ən çox xoşladığım və məşğul olduğum iş dondurma satmaq idi. 5-6 soyuducu icarəyə götürürdüm. 20 yanvarda 6 dondurma soyuducum olurdu. Yayda boş durmurdum. Açığını deyim, yaşıdlarım kimi nə futbol oynamağa maraqlı idim, nə də "playsteyşn”ə. Ancaq pul qazanmaq haqqında düşünürdüm. Bir neçə dəfə playsteyşn oynadım, sonra gördüm ki, yox, mən pul qazanmaq əvəzinə, itirirəm. Axırda pleysteyşn klub işlətdim və qazanmağa başladım. Hər şeydən yararlanmağa çalışırdım. Haradan gəlir gəlirdi, o işdə özümü sınayırdım. Sosial şəbəkələr o qədər də yayılmadığı zamanlarda məlumatların insanlara çatdırılması üçün çap məhsulları çox önəmli idi və bu imkandan yararlanaraq müxtəlif müəssisələr üçün bukletlər, flayırlar, vizitka və s. çap məhsulları etdirməyə başladım. Həm dizayn edirdim, həm də reklam fəaliyyəti ilə məşğul olurdum. Bu ərəfədə ticarət mərkəzləri təzə açılmışdı. Gördüm ki, birdəfəlik şəkər tozları xaricdən gəlir. Araşdırıb, qablaşdırma aparatı tapdım. Aparatın sahibi ilə danışdım. O istehsal edirdi, mən ticarət mərkəzindəki icarədarlara paylayırdım. Özüm öz reklamımı apararaq, bu biznesi genişləndirdim. Sonra düşündüm ki, böyük şirkətlərin pr sirlərini öyrənməliyəm. "Mətanət A” şirkətinə düzəldim. Bir müddət çalışdım və "Nurgun Holdinq”də işimə davam etdim.  Orada da çalışa-çalışa kənarda şəxsi reklam şirkətimi açdım. Sonra mənə "Mosaic Group” şirkətindən təklif gəldi. O zaman reklam nümayəndəsi kimi işə başlasam da, çox qısa zaman ərzində şirkətin Marketinq, PR və satış direktoru vəzifəsinə yüksəldim və bu illər ərzində şirkətin obyektlərinin sayını 6-ya qaldırdım. Daha sonra öz şirkətimi – "Good Group”u yaratdım və "Acoola kids” markasını Azərbaycana gətirdim. Karyerama baxanda görürəm ki, biznes əslində həyatımın hər anında olub.
 

 
- Hazırda ticarət mərkəzlərində bir neçə məşhur markanın brend menecerisiniz və daim müştərilərlə ünsiyyətdə olursunuz. Maraqlıdır, azərbaycanlı müştərilər nə istəyir? 
- Azərbaycan müştərisi fərqlidir. Dövlətin qoyduğu qanunvericiliyə əks gedirlər. "Sən öl”, "mən öl”, "nə olar ki bizə bu endirimi edin”, "oldu da”... kimi ifadələrdən bu qədər çox  istifadə edən başqa ölkə yoxdur. İzah etmək olmur ki, hər vaxt endirim mümkün deyil. Amma son dövrlər bizdə bu sahədə də inkişaf var. 70 faiz müştərilərdən razıyıq. 30 faizini razı sala bilmirik ( Gülür-A.Ə). Müştəriyə yaxşı təqdimat lazımdır. Onların hisslərinə yalandan toxunmaq olmaz. Bizim müəllif hüquqluğu mənə məxsus olan "Santa Sale” adlı layihəmiz var. Müştəri qutudan hansı nömrəni çıxarırsa, o qədər faiz endirimi olur. Onsuz da bayram ərəfəsi bir çox brendlər endirim edir. Amma bunu fərqli təqdim etdikdə, müştərinin də zövqünü oxşayır. Təqdimatdan çox şey asılıdır. İkincisi, satışın ən önəmli tərəfi danışmaqdır. Sən insanları malının keyfiyyətinə inandıra bilirsənsə, sata biləcək və bu sahədə uğur qazanacaqsan. Satışda uğur qazanmaq üçün müştərini razı salmağı bacarmalısan.

- Kreativ ideyalarınızla tanınırsınız. Maraqlıdır ideyanın yaranması üçün nə qədər vaxt sərf edirsiniz?
- Mənim riyaziyyat müəllimim var idi. Misalları verirdi, oturub fikirləşirdim. Bir gün müəllim mənə dedi ki, niyə fikirləşirsən? Bir an ərzində həmin misal, məsələyə baxanda beyninə həlliylə bağlı bir faiz belə nəsə gəlmirsə, fikirləşməyə dəyməz. İdeya da elədir. Bir anda gəlir və icra edirəm. Böyük ideyalara gəlincə, gözümü yumuram və özümün onun içində hiss edirəm. İdeya düşündüyüm anda ağlıma gəlməlidir. Etiraf edim ki, mən bir ideya haqqında uzun müddət düşündükdə, ortaya maraqlı fikir çıxmır.
 

 
- Dostlarınız sizin aktivliyinizdən danışır. Bir yerdə dayanmırsınız. Deyəsən, 24 saat sizə kifayət etmir...
- İnanın etmir. Gündüz də, axşam da işləyirəm. Ən pis xüsusiyyətim isə evə gec gəlməyimdir. Gec gəlmək məni yorur. Amma telefon zəngləri olmadığı üçün axşamlar işləmək gündüzdən daha rahatdır. Mən heç vaxt dostlarımla çayxanaya çay içməyə getmirəm. Əslində elə dostlarım da mənim kimidir. Xüsusi günlərdə yığışırıq. Düşünürəm ki, çay içməyə ayırdığım vaxtı övladıma ayıraram. Vaxt çox önəmlidir. Əgər kim deyirsə ki, mən uğur əldə etmişəm və onunla yanaşı hər şeyim paralel gedir, inanmaram. Mütləq nəyisə qurban vermək lazımdır. Mən asudə vaxtımı qurban verirəm. Ailəmə istədiyim qədər vaxt ayıra bilmirəm.
 
- Plan qurursunuzmu?
- Mütləq qururam. Plansız heç bir işi çatdırmaq olmaz. Bundan əlavə, harada nəyi görürəmsə, özümdə qeyd edirəm. Bütün xərclərimi yazıram. Məsələn, avtomobilimə nə qədər pul xərclədiyimi qeyd edirəm. Siz mənə desəniz ki, avtomobilinə 2016-cı ildə nə qədər pul xərcləmisən, onu deyərəm. Hər dəfə servisə gedəndə servis nümayəndəsi "kim yağın qiymətinin hansı ildə nə qədər olduğunu bilmək istəyirsə Elxan bəydən soruşsun” deyir. (gülür-A.Ə). İstifadə etdiyim çeklərin hamısını elektron formada saxlayıram. Ölkədə nə qədər inflyasiya olub, bunu real görə bilirəm. Mən bilirəm ki, aylıq benzin xərcim 200 manatdır. Bu, dəyişmir. Əlavə xərci də telefona yazıram. Ağıllı telefonun çox gözəl xüsusiyyətləri var. Mən ondan qeydiyyat kitabçası kimi istifadə edirəm. Bundan əlavə, vaxtıma qənaət etmək üçün gömrük bəyannamələrinin hazırlanmasını, vergi ödənişlərini, hesabatlarımın hamısını telefonla ödəyirəm. 
 

 
- Elxan bəy, sizcə işləyən insan üçün iş həmişə varmı? 
- İş həmişə var. Sadəcə, fərasətli olub, araşdırmaq, özünü inkişaf etdirmək lazımdır. İşsizlik gənclərin özündən qaynaqlanan problemdir. Aktivləşmək lazımdır. Əgər bir insanda kompleks varsa, o heç vaxt uğur əldə edə bilməz. Mən uşaqla uşağam, böyüklə böyük. İnsanda niyə kompleks olmalıdır ki... Özünə güvənən, aktiv həyat tərzi sürən, daim axtarışda olan insan işsizlikdən şikayət edə bilməz. İş həmişə var. İnsan bir yerdə bərqərar olmaq istəyirsə, həmin yerdə gecə-gündüz çalışmalı, inkişaf etməlidir. Mənim Park Bulvar və 28 Mall ticarət mərkəzlərində əlimdə parça çantaylala şəkər təklif etdiyim zamanlar var idi, indi burada mağazalarım var. Bunu heç kimin dəstəyi olmadan, təkbaşına etdim. Dövlət tərəfindən həyata keçirilən islahatlar bizim kimi sahibkar gənclərə çox böyük yollar açır. Hər şeyin elektronlaşması, gömrük və vergi sistemində şəffaflaşma bizə çox xeyirlidir. Vaxt qızıldır və vaxta qənaət edirik. 
 
- Sizcə, işgüzar fəaliyyət üçün insanda hansı xüsusiyyətlər olmalıdır?
- Əvvəlcə özünə inanmalısan. İnsan gecə gündüz öz pr-nı aparmalı və özünü inkişaf etdirməlidir. Özünü düzgün təqdim etməyi bacardığın an, diqqətləri də üzərinə çəkə bilərsən. Əgər sən öz bacarıqlarını komplekssiz göstərə bilirsənsə, iş üçün sənə nə day-day, nə də pul lazımdır. Ünsiyyətin aça bilmədiyi qapı yoxdur.
 

 
- 32 yaşınız var və artıq 2 uşaq atasısınız. Sizcə, ailə karyeraya maneədir, yoxsa dəstək?
- İnsan gərək özünü tanıdıqdan sonra ailə qursun. Biz həyat yoldaşımla eyni sektorun adamlarıyıq. Onun mənim həyatımda, uğurlarımda çox böyük rolu var. Mənə yaxşını, pisi göstərə bilib. İnsan resursları üzrə çalışdığı üçün insanlarla düzgün ünsiyyəti öyrədib. Onun dəstəyini hər zaman hiss etmişəm. İnsanın özü kimi biri ilə ailə qurması, həyatında onu anlayan birinin olması ən böyük uğurdur. Uğurlu ailə elə uğurlu karyeranın başlanğıcıdır.

- Ənənəvi sualımız. Uğur sirriniz nədir?
- İlk olaraq çox çalışmaq, məqsəd və özgüvən. Hesab edirəm ki, insan özünün nə üçün var olduğunu bilir və mahiyyətinə varırsa, o zaman uğur əldə edir. Üçüncü ən önəmli faktor isə ünsiyyət bacarıqlarıdır. Fikrini ifadə etməyi və özünü təqdim etməyi bacardıqdan sonra, səni mütləq görəcəklər.

Aygün ƏZİZ 
 

 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN