AZE | RUS | ENG |

Nqiem Vu Kay: Azərbaycanın Vyetnama çox isti münasibəti var

Nqiem Vu Kay: Azərbaycanın Vyetnama çox isti münasibəti var
Coğrafi baxımdan Vyetnamdan uzaqda yerləşən Azərbaycanın Vyetnama, onun xalqına qarşı çox isti münasibəti var. AZƏRTAC xəbər verir ki, bu fikirləri Vyetnam Milli Assambleyasının deputatı, Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının sədri Nqiem Vu Kay Vyetnam Kommunist Partiyasının rəsmi "Nhan Dan” televiziya kanalının "Xarici məsələlər jurnalı" verilişində qonaq olarkən deyib. Verilişdə ötən əsrin 70-ci illərində Bakı Dövlət Universitetinin geologiya ixtisasi üzrə ali təhsil alan Nqiem Vu Kay ölkəsinə qayıtdıqdan sonra yerli neft-qaz geologiyası sahəsində kadrların hazırlanmasında yaxından iştirakı, Vyetnam-Azərbaycan münasibətləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının yaradılması və fəaliyyəti haqqında danışıb. 2011-2013-cü illərdə Vyetnamın elm və texnologiya nazirinin müavini vəzifəsində çalışmış Nqiem Vu Kay bildirib ki, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyası iki ölkə və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə vermək üçün 2015-ci ildə təsis edilib. Assosiasiyasının sədri iki ölkə arasında mövcud dostluğun və həmrəyliyin Vyetnamda baş vermiş milli azadlıq müharibəsi zamanı özünü daha qabarıq formada göstərdiyini söyləyib. O, Vyetnamın sabiq prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana səfərini yada salaraq, ötən müddətdə iki xalq arasındakı sıx dostluq münasibətlərinin Azərbaycan-Vyetnam əməkdaşlığının bütün sahələrdə dərinləşməsinə böyük təsir göstərdiyini qeyd edib. Nqiem Vu Kay Azərbaycanın təkcə neft-qaz sənayesi kadrlarının deyil, həm də siyasi, hərbi ixtisaslar və elm-texnologiya sahəsində mütəxəssislərin yetişdirilməsində Vyetnama kömək etdiyini xüsusi vurğulayıb. Təsadüfi deyil ki, Azərbaycan təhsil ocaqlarından məzun olanlar arasında Vyetnam parlamentinin sədr müavini Uonq Çu Lu, habelə 4 nəsil hərbi dəniz admiralları olub. Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının sədri müasir dövrdə də hər iki ölkənin rəhbərliyinin əlaqələri dərinləşdirmək niyyətində olduqlarını söyləyib, 2014 və 2015-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərini yada salıb. Bildirib ki, dövlət rəsmiləri və parlament üzvləri səviyyəsində çoxsaylı səfərlərin həyata keçirilməsi, həmçinin hökumətlərarası komissiyanın fəaliyyəti əlaqələrimizin genişlənməsi işində böyük rol oynayır. Rəhbərlik etdiyi assosiasiyanın fəaliyyətindən danışan Nqiem Vu Kay deyib ki, Azərbaycanın Hanoydakı səfirliyi ilə əməkdaşlıq şəraitində bir çox tədbirlərin təşkilində yaxından iştirak edirlər. Bundan başqa, assosiasiyanın üzvləri, xüsusən də Azərbaycanın ali təhsil ocaqlarının məzunları və onların ailə üzvləri ilə birlikdə hər il müxtəlif əlamətdar günlərdə, o cümlədən Novruz bayramında toplaşaraq, Azərbaycanla bağlı xatirələrini bölüşür, iki xalq arasında mübadilənin dərinləşməsi ilə bağlı görə biləcəyi işlər haqqında danışırlar. Azərbaycanda təhsil aldığı illəri yada salan Nqiem Vu Kay müəllimlərin, tələbə yoldaşlarının, sadə insanların vyetnamlılara xeyirxah və isti münasibətinin, hərtərəfli dəstəyinin, onun kimi digər vyetnamlı tələbələrin yaddaşında silinməz iz qoyduğunu deyib. O, məhz bu münasibət və dəstək sayəsində vyetnamlı tələbələrin tədrisdə və ictimai işlərdə fəallıq nümayiş etdiklərini qeyd edib, müharibə illərində Azərbaycan xalqının Vyetnama göstərdiyi hərtərəfli dəstəyini və həmrəyliyini xüsusi vurğulayıb. Verilişdə, eyni zamanda, Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi barədə məlumat verən assosiasiyanın sədri deyib ki, Azərbaycan ədəbiyyat və musiqi yaradıcılığı sahəsində çox böyük inkişafa nail olub. O, azərbaycanlıların zəhmətkeş, xeyirxah və dürüst insanlar olduqlarını qeyd edib. Nqiem Vu Kay iki xalq arasındakı oxşar cəhətlərin və ortaq dəyərlərin dostluğumuzun və əməkdaşlığımızın möhkəmlənməsinə fayda verdiyini deyib. Nqiem Vu Kay müasir dövrdə iki ölkə arasında elm, təhsil, texnologiya sahələrində əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edib, vyetnamlı gənclərə Azərbaycanda ali təhsil almağı tövsiyə edib. O, iki ölkənin ticarət, beynəlxalq nəqliyyat-logistika və turizm kimi sahələrində əməkdaşlığının səmərəliyi haqqında söhbət açıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775