AZE | RUS | ENG |

Noyabrda neftin qiyməti artmaqda davam edəcək, amma...

Noyabrda neftin qiyməti artmaqda davam edəcək, amma...
Ekspert deyir ki, texnoloji inkişaf neftin dünya iqtisadiyyatındakı rolunu azaldacaq

Bu gün "Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində neftin qiymətləri və dünyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi mövzusunda  tədbir keçirilib. Tədbirdə çıxış edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qiymət dəyişmələrinin dünya iqtisadiyyatındakı ümumi tendensiyalarla bağlı olduğunu söylədi: "Neftin qiymətində cari il üçün illik orta hədd 75 dollar müəyyənləşdirildi. Ötən ilin sonunda heç bir maliyyə institutu və ya  enerji agentliyi qiymətlərin bu həddə qalxacağını proqnoz etmirdi. Neftin builki qiyməti onlar üçün də sürpriz oldu. Əslində qiymətlərin birdən-birə 30 faizdən yuxarı qalxmasının bir neçə səbəbi var. Ümumiyyətlə, neft elə bir məhsuldur ki, onun qiyməti daim dəyişir. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, neftin qiyməti nə qədər yüksək olarsa, bir o qədər yaxşıdır. Bu, cəmiyyətin neftdən asılılığın təzahürüdür. Bizim iqtisadi inkişafımıza neft qədər təsir edən ikinci bir amil yoxdur. Amma dünyada bu, belə deyil. Düzdür, qiymətlər gün ərzində 1-2 faiz dəyişmələrə məruz qalır. 3-4 illik dövrdən bir isə qiymətlərdə kəskin  enmələr və qalxmalar olur. Bu isə bazardakı ümumi iqtisadi tendensiya ilə bağlıdır. Neftə olan tələbat, qiymətlərə əsas təsiredici amillər sırasındadır. 2014-cü ilin oktyabr ayında neftin qiyməti 80 dollardan aşağı düşdü. Çünki qiymətlər uzun müddət ərzində çox yüksək həddə idi. İqtisadiyyatı neftdən asılı olan ölkələr qiymət enmələrini siyasi proseslərlə əlaqələndirir. Amma əslində heç də belə deyil. Bazara böyük həcmdə neft ehtiyatları çıxarıldı. Anbarlardakı neft ehtiyatları bazara çıxdıqdan sonra qiymətlər getdikcə aşağı düşməyə başladı. Digər tərəfdən, yeni neft yataqları kəşf edildi. Bu yataqlarda hasil edilən neft, qiymətlərin aşağı düşməsinə səbəb oldu”.
Ekspert söylədi ki,  2016-cı ilin yanvarın 20-də ilk dəfə olaraq Brent markalı neftin qiyməti 27 dollaradək düşdü: "Həmin vaxt neft sənayesində çalışan 400 minə yaxın insan ixtisara düşdü. Şirkətlər məcburiyyət qarşısında özlərini mövcud şəraitə uyğunlaşdırdılar. 2017-ci ilin yanvar ayından etibarən isə qiymətlər sürətlə artmağa başladı. OPEC-in konfransında əldə olunan razılığa görə, OPEC ölkələri bir milyon, OPEC+  ölkələri isə 600 min barrel nefti bazardan çəkdi. Bu isə öz nəticəsini dərhal büruzə verdi. 2018-ci ildə də bu kvotalara əməl olundu. Qiymətlərin qalxmasının bir səbəbi isə Venesueladakı iqtisadi böhran oldu. Çünki bu ölkənin neft hasilatı 500 min barrelədək aşağı düşdü. May ayında isə qiymətlərin artımına təsir edən başqa bir səbəb yarandı. Belə ki, ABŞ prezidenti mayın 12-də İrana qarşı sanksiyaların birinci mərhələsinə imza atdı. O qeyd etdi ki, sanksiyaların növbəti mərhələsi daha sərt və güclü olacaq. Bu, bazara çox ciddi təsir etdi. İyun ayından etibarən şirkətlər və hökumətlər İranın idxal həcmlərini azaltmağa başladı. Nəticə etibarı ilə iyun ayında qiymətlər 70 dollar həddini keçməyə başladı. Sentyabr ayının 25-də isə qiymətlər 80 dollar dəhlizinə keçid etdi. Çünki sentyabrın 21-də OPEC-in Əlcəzairdə monitorinqi keçirildi. Hal-hazırda qiymətlər 83-85 dollar arasında dəyişir. Amma noyabr ayında qiyməti yenə də  artacaq. Əslində hər şey bazarda baş verən situasiyadan asılıdır”.
 
UNEC-in professoru Elşad Məmmədov bəzi məqamlara toxudu: "Dünya iqtisadiyyatında baş verən proseslər neftin qiymətinə bilavasitə təsir göstərir. İqtisadi proseslər isə çox sürəli şəkildə dəyişir. Hal-hazırda dünya iqtisadiyyatında böyük struktur dəyişiklikləri edilməkdədir. Bu dəyişikliklər isə texnoloji amillərlə bağlıdır. Çin və onun ətrafındakı ölkələrdə böyük istehsal meydançası formalaşmaqdadır. Yüksək əlavə dəyər tutumlu məhsulların yeni mərkəzinin Şərqdə cəmləşməsi enerji bazarına da təsir göstərir. Belə olan halda, ABŞ administrasiyasının aqressiv xarici siyasətinin əsas səbəbləri görünməyə başladı. İqtisadi rəqabətdəki problemlər ABŞ-ı adekvat addım atmağa sövq etdi. Amma ABŞ-ın cavab reaksiyası əksər hallarda əks təsir göstərir. Biz bunu İrana və Çinə qarşı olan proseslər zamanı müşahidə etdik. Neft əsas enerji daşıyıcısı kimi öz əhəmiyyətini uzun illər saxlayacaq. Amma nəzərə almaq lazımdır ki, neftin dünya iqtisadiyyatındakı rolu tədricən azalacaq. Bu isə texnoloji inkişafın məntiqi nəticəsidir”.
Tədbir çıxışlarla davam etdirildi.
Şəbnəm Mehdizadə
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000