• çərşənbə axşamı, 16 aprel, 22:38
  • Baku Bakı 18°C

Novruzda papaq ataqmı? - Polemika

19.03.15 19:00 1237
Novruzda papaq ataqmı? - Polemika

Azərbaycan xalqının bir çox adət-ənənələri mövcuddur. Ən maraqlı adətlərdən biri də Novruz bayramında papaq atmaqdır. Lakin hazırda bəzi insanlar düşünür ki, papaq kişilərdə qeyrət simvolu olduğu üçün yerə atılmalı deyil. Həmçinin bir çoxlarının fikrincə, illər keçdikcə bəzi adətlər də dəyişməlidir. Çünki bayramlarda olan adətlər yarandığı dövrün mühitinə uyğun formalaşıb. Bəs Novruz bayramında papaq atmaq olarmı? Bayramlarda bəzi adətlərin dəyişdirilməsinə ehtiyac varmı?
“Papaq atmaq düzgün deyil”
Kamran Əlizadə, menecer

Kamran hesab edir ki, Novruz bayramında papaq atmaq o qədər də düzgün deyil: “Novruz bayramı bizim qədim vaxtlardan süzülüb gələnbayramlarımızdandır. Xalqımız əsrlər boyu yazın gəlişinin işarəsi olan bu bayramı böyük bir sevinclə və xüsusi həvəslə qeyd edib. Bu bayramın özünəməxsus çox gözəl adət-ənənələri mövcuddur. Mənim də hamı kimi bu bayrama böyük rəğbətim var. Bu bayramın ta qədimlərdən gələn adət-ənənələri içərisində xonça bəzəmək, tonqal qalamaq, qapı pusmaq, qonaq getmək və sairi misal çəkmək olar. Belə adətlərdən biri də qapı-qapı gəzib bayram payı toplamaq, başqa sözlə desək, papaq atmaqdır. Hər kəs bu məsələyə müxtəlif cür yanaşır. Kimisi papaq atır, kimisi atmır. Lakin mən düşünürəm ki, papaq atmaq o qədər də düzgün deyil. Bəlkə də bu sözümə görə kimlərsə məni mühafizəkar və yaxud geri düşüncəli birisi kimi qəbul edəcək, amma papaq xalqgeyimimizin elə bir atributudur ki, onu hər gələn yerə atmaq olmaz. Düzdür, indi bunu nəzərə alan olmasa da, keçmiş dövrlərdən bəri papaq namusun, mənliyin bir növ simvolu sayılıb. Buna görə də kişilər başlarına papaq qoyardılar. Kiməsə borcu olan bir şəxs borcunu qaytarana qədər papağını borclu olduğu şəxsə verərdi. Bax, belə bir əhəmiyyətə malik idi papaq. Baxmayaraq ki, indi o dövr deyil, amma yenə də papaq sözü işlənərkən qeyri-ixtiyari ağla ilk olaraq namus gəlir. Buna görə də papaq atmağı məqsədəuyğun hesab etmirəm”.
Müsahibimizin sözlərinə görə, bayram adət-ənənələrinə dəyişiklik və ya yenilik edilməsinə heç bir ehtiyac yoxdur: “Çünki bu bayram elə öz adət-ənənələri ilə gözəl və maraqlıdır. Bəzən elə olur ki, bayram ərəfəsində vacib bir xarici qonaq təşrif buyurur və o, bizim adətləri görüb heyran qalır və onu heyran edən də adətlərimizin əsrlər boyu dəyişikliyə məruz qalmamasıdır. Əslində bu adətlər bizə bir növ keçmişimizi, keçmişdə kim olduğumuzu xatırladır. Bizi müasirliyin, avropalaşmağın bir çox mənfi təsirlərindən məhz bu adətlər qoruyur. Bu adətlər millətimizin bir növ pasportu, başqa millətlər arasına qarışıb onların içində yox olmağımızınqarşısını alan bir səddir”.
“Adətimizə bir az dəyişiklik edilməlidir”
Gülqız Novruzova, mühasib

Gülqız düşünür ki, papaq atmaq adətinə bir az dəyişiklik edilməlidir: “Mən papaq atılmasının əleyhinə deyiləm. Bu, maraqlı adətdir. Lakin uşaqlar papaq atıb qaçmalı deyillər. Papaq atdıqdan sonra onlar ev sahibini təbrik etsələr, daha yaxşı olar. Onların da üzündə bir gülüşə səbəb ola və daha sonra bayram paylarını götürə bilərlər. Düzdür, belə olsa, çox nadir hallarda papaqatma mərasimi olar. Çünki biz uşaqlarımızı sərbəst özünüifadə bacarığına yiyələndirməmişik. Uşaqlarımız digər insanlar ilə ünsiyyətdə çətinlik çəkirlər. Amma papaqatmanın bu tərzdə olması daha çox xoşuma gələrdi. Hər kəs uşaqlar üçün qabaqcadan hədiyyələr hazırlasa idi, daha yaxşı olardı. Bu, təbrikə gələn uşaqları daha da sevindirərdi. Axı bayramlar əslində elə uşaqların günüdür”.
Həmsöhbətimizin sözlərinə görə, Novruz bayramı qədim xalq bayramı olduğuna görə bir çox adətlərə əməl olunaraq qeyd edilir: “Adət bir hərəkəti hər dəfə təkrar etməkdən irəli gələn sözdür. Mənim fikrimcə,adətlər zaman keçdikcə həm görüntü, həm də hiss baxımından bir çox şey itirib. Bu, təkrarlandıqca məğzin arxa plana, təqlidin önə çıxması ilə bağlıdır. Qədim zamanlarda hər kəsin evində şəkərburanın, paxlavanın, növbənöv yeməklərin bişirilmə imkanı olmadığından uşaqlarda papaqatmaya və böyüklərdə uşaqları sevindirməyə maraq olub. Bu da adətə çox gözəl mənəvi hisslər yükləyib. Bu səbəbdən bu adət indiki zamana qədər gəlib çıxsa da, həmin mənəvi hisslər itib. Əslində bu, çox təbii bir haldır və faciə deyil”.
“Adətlərimiz kökünü saxlamalıdır”
Ağa Rzayev, layihə koordinatoru

Ağa hesab edir ki, Novruz bayramında xalqımızın adəti kimi papaq atmaq olar: “Papaq qeyrət rəmzi olsa da, məncə, bayramlarda papaq atmaqda eyib bir şey yoxdur. Papağı adətən uşaqlar atır. Mən bu adətin saxlanılmasının tərəfdarıyam. Papaqatma zamanı uşaqlar çox əylənirlər. Bu, həm də qonşuluq, qohumluq münasibətlərində mehribançılığın daha da artmasına şərait yaradır. Məncə, hazırda cəmiyyətdə də bu adət normal qarşılanır. Bu adətin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi vacibdir. Həmçinin elə ailələr var ki, onların maddi durumları yaxşı deyil. Buna görə də, uşaqların papaq atmağı məqsədəuyğundur. Həmçinin papağa sovqat qoyan ailələr ehtiyacı olanlara yardım etmiş olurlar”.
Həmsöhbətimizin sözlərinə görə, adətlər öz xüsusiyyətini saxlamaqla dəyişdirilə və yenilənə bilər: “Ancaq bu dəyişikliklər milli mentalitet çərçivəsində olmalıdır. Belə düşünürəm ki, bəzi adətlər getdikcə unudulur, istifadə edilmir. Belə adətlərin yenilənməsi həm indiki dövr, həm də gələcək nəsillərə ötürmək üçün daha məqsədəuyğundur. Müasir dövrdə bayramlarda bəzi adətlər yerinə yetirilmir. Misal üçün, Novruz bayramında bəzi yerlərdə ocaq qalanmır, qapılara papaq atılmır. İndiki uşaqlar daha çox öz vaxtlarını kompüter oyunlarına sərf edirlər. Nəticədə balacalar arasında ünsiyyət problemi yaranır.Buna görə də biz bir çox adətlərimizi yenidən bərpa etməli və qalan adətlərimizi qorumalıyıq. Gələcək nəsillərə ötürüləcək adətlərin öz kökünü saxlaması vacib şərtdir”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər