AZE | RUS | ENG |

Novruz səfəri üstdə olan baş redaktorlar

Novruz səfəri üstdə olan baş redaktorlar
Naxçıvana, Gürcüstana gedən, tətili nəvəsinə həsr edən də olacaq

Azərbaycanın ən qədim və kütləvi ümumxalq bayramlarından biri də Novruz bayramıdır. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynayıb. Ömrünü torpağa bağlamış əkinçi əcdadlarımız yazın hər gəlişini, həyatın yeniləşməsini səbirsizliklə gözləyib və sevinclə qarşılayıblar. Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı, bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur.
 
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı da UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 28 sentyabr-2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
 
Budur, xalqımız artıq daha bir Novruz bayramını təntənə ilə qarşılayır. Təbii, Novruz bayramında hər kəsin bəlli planı olur. Bayramla bağlı verilən istirahət günlərini hər kəs bacardıqca yaddaqalan keçirməyə çalışır. Sözsüz, həmkarlarımız-media nümayəndələri də istisna deyillər. Biz də "Novruz yazıları” ənənəmizi davam etdirərək, baş redaktorlar arasında sorğu keçirdik. Redaktorlardan bayramda xalqımıza nə arzu etdiklərini və tətili necə keçirəcəklərini soruşduq.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tətili doğulub boya-başa çatdığı yerdə qeyd edəcəyini deyir: "Hər bir Azərbaycan vətəndaşına uzun ömür, can sağlığı, həmişə bayram əhval-ruhiyyəsində olmağı arzu edirəm. Ölkəmizdə əmin-amanlığın, sülhün, sabitliyin daim olmasını diləyirəm. Tətilimi isə ailə üzvlərimlə birgə doğulub boya-başa çatdığım, uşaqlıq illərimin keçdiyi yerdə - yəni Naxçıvanın Culfa rayonunda keçirəcəyəm. Buradakı ağsaqqal, ağbirçəkləri ziyarət edib, onlarla da bayramlaşacağam”.
 
"Mətbuat.az” saytının baş redaktoru Tural İsmayılov tətil günlərində Gürcüstana gedəcəyini bildirdi: "İlk olaraq xalqımızı bu gözəl bayram münasibəti ilə təbrik edirəm, daha da gözəl bayramlar qeyd etməyi arzulayıram. Mən Gürcüstana gedəcəyəm. Ənənəvi olaraq belə səfərlər etmək xoşuma gəlir. Gürcüstandan əlavə, böyüdüyüm Ağstafa və Qazaxa da baş çəkəcəyəm. Təəssüf ki, tətil bir həftədir, amma düşünürəm ki, istənilən halda, bu vaxtdan maksimum yararlanmaq olar”.
 
"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı bayramda da iş başında olacağını qeyd etdi: "Xalqımıza olan arzularımız bir qəzet səhifəsinə sığmayacaq qədər çoxdur. Bu, yalnız şəkərbura, paxlava yemək bayramı deyil, həm də milli-mənəvi dəyərlər baxımından çox vacib bayramlardandır. Dostluq, birlik, qardaşlıq bayramı kimi də qeyd etmək olar. Bizim üçün prioritet məsələlər var ki, onlardan da ən birincisi torpaqlarımızın işğaldan azad olunmasıdır. İlk olaraq onu arzu edirəm. Tətil məsələsinə gəlincə isə açığı, saytda çalışan biri olaraq Bakıdan qırağa çıxmağa çox da imkanımız olmur. Nə qədər bayram olsa da, biz yenə də iş başında olacağıq. Ola bilər ki, bir-iki günlük harasa getdik, amma hələ dəqiq deyil”.
 
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bayramı nəvəsi ilə birlikdə keçirəcək: "Xalqımıza rifah, xoş günlər arzu edirəm. Azərbaycanda inkişafın, sabitliyin daimi olması, torpaqlarımızın işğaldan azad edilməsi ən böyük istəyimizdir. Bayram tətilini ailəmlə birlikdə keçirəcəyəm. Bu il nəvəmin ilk bayramıdır, onun bayramını xüsusi təbrik edəcəyəm”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev xalqımıza daim sülh və sabitlik şəraitində yaşamağı arzu edir: "İlk olaraq bütün xalqımızı bayram münasibəti ilə təbrik edirəm. Bu bayram həqiqətən də digər bayramlardan fərqli əhval-ruhiyyə bəxş edir. Xalqımıza ən böyük arzum əmin-amanlıqdır. Dövlətimizin apardığı uğurlu siyasət nəticəsində sülh və sabitlik şəraitində yaşamağı diləyirəm. Hər kəsə bu bayram ovqatını yaşamaq nəsib olsun. Tətili ailə üzvlərimizlə birlikdə keçirəcəyəm. Xalqımızın əsas hissəsindən fərqlənməyərək, bayramı ailəmizlə birlikdə evdə qeyd edəcəyik”.
 
"Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bildirdi ki, bayram tətilindən istifadə edib övladları ilə birlikdə daha çox zaman keçirəcək: "Xalqımıza və dövlətimizə bütün işlərində uğurlar arzu edirəm. Kimin ürəyində nə arzu, istəyi varsa, nail olmaq qisməti olsun. Bir arzum var, hansı ki, istər adi günlərdə, istər bayram günlərində olsun, eyni olaraq qalır. Bu, Qarabağın, işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır. Azərbaycanlıların torpaqlarımızın işğaldan azad olunduğu günü görməyini arzulayıram. Nə qədər ki, Qarabağ işğal altındadır bayramı əsl bayram kimi qeyd edə bilmirik. Gün o gün olsun ki, Novruz tonqallarını Şuşada, Xankəndində, Ağdamda yandıraq. Bayram tətilini necə keçirəcəyimə gəlincə isə təbii ki, evdə ailəmlə birlikdə olacağam. Çünki iş vaxtı uşaqlara çox vaxt ayırmaq mümkün olmur. Fürsətdən istifadə edib bayram tətilini onlarla birlikdə keçirəcəyəm”.
"Azxeber.com” portalının baş redaktoru Hacıbəy Heydərli ailəsi ilə birgə ölkəmizin gəzməli-görməli yerlərinə səfər edəcəyini deyir: "Novruz tətilini Azərbaycanda keçirəcəyik. Novruz bayramı milli-mənəvi dəyərləri özündə əks etdirən bir bayramdır və əsrlərdir ölkəmizdə qeyd olunur. Ulu Öndər Heydər Əliyev hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına öz töhfəsini verib. Şəxsən mənim üçün Novruz bayramı bütün bayramlardan üstündür. Bu bayram bizə uşaqlığımızı, yeniyetməliyimizi xatırladır. İlboyu səbirsizliklə gözləyirdik ki, Novruz nə zaman gələcək və biz tonqal yandırmaq üçün toplaşacağıq. Hər il olduğu kimi, bu il də Novruz tətilini Azərbaycanda keçirəcəyik. Ailəmlə birgə ölkəmizin gəzməli-görməli yerlərinə səfər edəcəyik. Başqa ölkəyə getməyə ehtiyac yoxdur. Çünki Azərbaycan, xarici turistlərin Novruz tətili üçün seçdiyi ən yaxşı ölkələrdəndir" Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815