• çərşənbə axşamı, 23 aprel, 13:06
  • Baku Bakı 24°C

Novruz bayramını harada keçirək?

20.03.14 09:36 2818
Novruz bayramını harada keçirək?
Artıq soyuq qışı geridə qoyub, yazın isti nəfəsini hiss edirik. Yurdumuza bahar gəlib. Baharı biz həm də özü ilə gətirdiyi Novruz bayramına görə sevirik. Novruz səmimiyyət, xoş arzular bayramıdır. Milli bayramımız, baharın müjdəçisi olan Novruzu uşaqlar, gənclər daha çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Çünki bu bayram onlara daha çox əyləncə gətirir.
Bayramda isə hərə bir cür əylənir. Kimisi qonşu uşaqlarla tonqal ətrafına yığışır, kimisi də mədəniyyət ocaqlarına üz tutaraq bayramı həmyaşıdları ilə birlikdə keçirməyə üstünlük verir. Buna görə də valideynlər bayram günlərində övladlarının maraq dairəsinə uyğun bayram şənliklərini izləməyə cəhd göstərirlər. Əgər bəzi valideynlər bayramların keçiriləcəyi məkanlardan hələ də xəbərsizdirlərsə, o zaman bu yazımız tam yerinə düşəcək. Belə ki, sizin üçün uşaqların harada daha gözəl əylənə biləcəkləri barədə araşdırma apardıq.
Nazirlər Kabinetinin qərarına görə, bu gündən (20 mart) etibarən, martın 24-nə kimi bayramla əlaqədar qeyri iş günləridir. Əmək Məcəlləsinə əsasən, 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq. Bu 7 günlük tətildə insanların istirahəti üçün artıq paytaxtda müəyyən işlər görülüb.
Atəşfəşanlıq olacaq

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bulvar ərazisi bayrama uyğun olaraq bəzədilib və bu işləri müvafiq dövlət strukturları həyata keçirib: “Martın 19-dan etibarən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə səhər saat 10-dan gecə saatlarına qədər bayram tədbirləri keçirməyə başlamışıq. Dünəndən bulvarda konsert proqramları, milli kulinariya nümayiş olunub. Tədbirlərdə regionlarımızda istehsal olunan məhsullar, bayramın atributları da nümayiş etdirilir. Axşam saatlarında isə konsert proqramı və atəşfəşanlıq nəzərdə tutulub”.
Digər günlərdə də bulvarın gücləndirilmiş iş rejimində işləyəcəyini deyən N.Məcidov bayram günlərində attraksionların pulsuz olmayacağını, həmişəki qiymətlərlə fəaliyyət göstərəcəyini dedi.
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Novruz bayramında böyük və möhtəşəm “Baharın 117 anı” proqramının nümayiş olunacağını qeyd etdi: “Bayram günləri üçün nəzərdə tutduğumuz sirk proqramının açılışı artıq olub. Bu proqramı paytaxtımıza Rusiya və Ukrayna sirkləri gətirib. Bayram günlərində sırf Novruz şənlikləri olmur. Bizdə 2 saatdan artıq davam edən böyük sirk proqramı mövcuddur. Burada 117 baş canlının, heyvanların çıxışı nəzərdə tutulub. O cümlədən burada pələnglərin və şirlərin böyük attraksion-şousu olacaq. Bundan başqa ekzotik heyvanların böyük bir attraksionu olacaq. Atlarla maraqlı “cigidlər qrupu” var. Həmçinin hava nömrələri, klounlar da olacaq. Bu proqram 2 saatdan artıq davam edəcək. Bayram tətili günlərində hər gün fasiləsiz tamaşalarımızı nümayiş etdirəcəyik”.
M.Hümbətovun sözlərinə görə, biletlərin qiyməti neçə illərdir ki, standart, əhalinin alıcılıq qabiliyyətinə uyğun olaraq saxlanılır. Belə ki, ön sıralar 10 manat, arxa sıralar isə 6-8 manat arasındadır.
Milli Azərbaycan Tarixi Muzeyində isə bayram günlərində “açıq qapı” kampaniyası keçiriləcək. Keçiriləcək kampaniya 10 gün davam edəcək. Yaz tətili müddətində bu kampaniyadan məktəblilər, tələbələr, bütün Bakı sakinləri və qonaqlar faydalana biləcəklər. “Açıq qapı” günləri Tarix Muzeyində martın 15-dən 30-dək, 20, 21, 22, 23 mart istisna olmaqla keçiriləcək.
Paytaxtın ən möhtəşəm konsert salonlarından olan Heydər Əliyev Sarayı da maraqlı bayram proqramı hazırlayıb. Martın 22-23-də respublikanın əməkdar artisti Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə “Baharın nağılı” adlı yeni və maraqlı bayram proqramı təqdim olunacaq. Novruzun sevilən personajları Bahar qız, Kosa və Keçəlin iştirak etdiyi musiqili tamaşada uşaqları bir çox başqa sürprizlər də gözləyir.
Teatrlarda bayram şənlikləri

Bayram günlərində teatrlarımız da hazırladıqları şənlik proqramı ilə uşaqları sevindirməyə çalışırlar. Belə ki, Akademik Milli Dram Teatrının yaradıcı kollektivi balacaları şənləndirmək üçün Novruzun personajları Kosa və Keçəlin təqdimatında maraqlı şənlik tərtib edib. Bayram tətili günlərini əhatə edəcək proqrama tamaşalardan parçalar, uşaqlarla maraqlı oyunlar, viktorinalar daxil edilib.
Novruz münasibətilə maraqlı yeniliklərdən birinə də Dövlət Rus Dram Teatrı imza atıb. Kollektiv müasir texnologiya, işıq effektləri ilə fərqli bir nümunə ərsəyə gətirib. “Xəzərdə Novruz” adlı tamaşa məktəblilərin yaz tətili günlərində (martın 24-dək) nümayiş olunacaq. Səhnə əsərində cizgi filmi qəhrəmanlarının sərgüzəştləri bir çələngdə təqdim ediləcək.
Azərbaycan Dövlət Pantomima Teatrı da bayram günlərində repertuarını uşaq auditoriyasına hesablayıb. Martın 19-dən 26-dək pantomimasevərlər “Tıq-tıq xanım”, “Pantomima buketi”, “Dejavü”, “Məlikməmməd” kimi nümunələri izləmək imkanı qazanacaqlar.
Uşaqların sevimli qəhrəmanları

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə Gürcüstanın “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşası ilə yenə paytaxtımızın qonağı olacaq. Öncəki səfərlərdə olduğu kimi, bu dəfə də kollektivin qastrol səfərinin böyük ajiotajla keçəcəyi gözlənilir. “Multi-Pulti dünyası” teatrının “Maşa və Ayı. Novruz sərgüzəştləri” adlı yeni səhnə təqdimatı balaca tamaşaçılara əsl Novruz hədiyyəsi olacaq. Uşaqlar sevimli personajları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını martın 18-dən 23-dək görə biləcəklər.
Onu da qeyd edək ki, “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb, MDB məkanında rəsmi tərəfdaşlıq hüququna malikdir. Tamaşa məxsusi olaraq Azərbaycan seyrçiləri üçün “Maşa və Ayı” cizgi filmi və Novruz motivləri əsasında hazırlanıb. Hadisələr bayram ərəfəsində baş verir. Tamaşada Maşa və Ayı ilə yanaşı, Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da iştirak edir. Səhnə əsəri Azərbaycan və rus dillərində təqdim olunacaq. Məşhur cizgi filminin əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada Azərbaycan və gürcü aktyorları çıxış edəcək. Balaca tamaşaçıları cizgi filmlərinin personajları və milli nağıl qəhrəmanları ilə birgə unudulmaz Novruz şənliyi və çoxlu sürprizlər gözləyir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bayram tamaşaları martın 17-dən etibarən start götürüb və martın 24-də yekunlaşacaq. Bayram günlərində teatrın səhnəsində Novruz tamaşası, Y.Şvartsın “Qırmızı papaq” tamaşalar nümayiş ediləcək.
Uşaqların sevimli məkanlarından olan A.Şaiq adına Dövlət Kukla Teatrı da yaz tətili günlərində maraqlı repertuar müəyyənləşdirib. Martın 19-dan 27-dək xüsusi proqramda balacalara “Göyçək Fatma”, “Ələddin”, “Qoçaq Əhməd” (rus dilində), “Məlikməmməd”, “Nağıl haqqında nağıl” (rus dilində), “Cırtdan”, “Karlson” (rus dilində), “Zınqırovlu pişik”, “Göysaqqal” (rus dilində) tamaşaları təqdim ediləcək. Keçəl və Kosanın sürprizləri, nağıl qəhrəmanlarının sehrli dünyasına səyahət də kuklaçıların vədidir.
Paytaxtla yanaşı, digər şəhərlərimizdə də teatr və konsert müəssisələri Novruza xüsusi hazırlıq görüblər. Belə ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrının “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında hazırladığı bayram şənliyi martın 18-dən etibarən nümayiş etdirilir.
Ökəmizin mədəniyyət ocaqları bu bayram günlərində sizlərin ruhunu oxşamaq, könlünü xoş etmək üçün böyük zəhmət çəkib, imkanlarını səfərbər ediblər. Siz də yaradılan bu imkanlardan kifayət qədər istifadə etməyə çalışın. Bayramınız mübarək!
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər