AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Novruz bayramında insanların bir-birinin evinə getməsi yoluxma sayını artıracaq"

Təfsilat
05 Mart 2021, 23:00 642
"Koronavirusa yoluxma sayının artmasının əsas səbəbi son vaxtlar havanın sərt keçməsidir”. 
Bunu APA-ya infeksionist Süleyman Kamilov deyib. O bildirib ki, hava şəraiti ilə əlaqədar insanların qapalı məkanlarda toplaşması artıb: "Ona görə də virusa yoluxma sayında artma oldu. Sosial məsafəyə əməl olunmaması, müəyyən günlərdə yoluxma sayının aşağı enməsi ilə insanlarda arxayınlığın yaranması da yoluxma sayına təsir edən amillərdəndir. Hər kəs düşündü ki, artıq pandemiya bitdi, pandemiya dövründə olan qaydaları unutdular. Qaydalara əməl etməyən kimi yoluxma sayı artdı”. 
Həkim qeyd edib ki, qaydalara əməl olunsaydı, xəstəliyə yoluxma sayı bu qədər artmazdı: "Bu, onu göstərir ki, müəyyən arxayınlıq virusa yoluxma sayının artmasına səbəb olur. Novruz bayramı ilə əlaqədar insanların bir-birinin evinə getməsi yoluxma sayına təsir göstərəcək. Həmişə bayram, toy olanda bir yerə yığışırıq. Amma virusla əlaqədar bir az səbirli olub, gözləmək lazımdır. Çünki yalnız bizdə deyil, dünyada vəziyyət belədir. Hər kəs koronavirusla mübarizə aparır. Hər ölkə yoluxma sayını bacardığı qədər minimuma endirmək istəyir. Bu, 5-10 nəfərlə olacaq iş deyil, gərək hər kəs bu işdə fədakar olsun. Hər kəs öz evində bayramını qeyd etsin. Hər kəsi başa düşürük, adət-ənənələr var. Müəyyən mərhələdir, bu mərhələni keçmək üçün qaydalara əməl etmək lazımdır. Bayramı keçirdik, yedik-içdik, hər şey gözəl oldu. Bayramdan sonra isə yoluxma sayı artacaq, nəticələri pis olacaq.  Hər şey qaydalarla, sərtləşdirməklə deyil. Ola bilər ki, sərt karantin olmasın, amma fərd olaraq bunu nəzərə almalıyıq. Bir yerdə toplaşmamalı, sosial məsafəni qorumalı, maska taxmalıyıq. Artıq bunu bilməliyik, qaydaları unutmamalıyıq. Qaydaların sərtləşdirilməsi toplaşmaların qarşısını nisbi şəkildə ala bilər. Ona görə də fərdi şəkildə hər kəs qaydalara əməl etməlidir”.