Novruz bayramı Meksika Senatında qeyd olunub
Meksika Birləşmiş
Ştatlarının Senatında "Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd
olunub.
Azərbaycanın
Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Meksika
Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran,
Pakistan, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.
Senatın
prezidenti Ernesto Kordero baharın gəlişi və torpağın oyanmasından xəbər verən,
dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edilən, dünya mədəniyyətinin
qeyri-maddi irsi olan Novruz bayramını Azərbaycan, İran, Pakistan, Türkiyə və
Gürcüstan xalqları ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar edib. O,
Meksikanın bu ölkələrlə mədəniyyət sahəsində mübadilənin onlarla münasibətlər,
o cümlədən ticari-iqtisadi sahədə əlaqələrə yeni təkan verə biləcəyinə əminliyini
vurğulayıb. Meksika senatının rəhbəri bu əlaqələri sülh, mehriban qonşuluq,
tolerantlıq prinsiplərinə uyğun olaraq daha da inkişaf etdirməyə çağırıb.
Senatın Xarici
Əlaqələr Komissiyasının sədri senator Laura Anxelika Roxas Hernandez Novruz
bayramının minilliklərlə ölçülən qədim tarixə malik olduğunu, onun YUNESKO tərəfindən
dünya qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini, BMT Baş Assambleyasının
qərarı ilə beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib. O, Novruz bayramını
sülh, dostluq və qarşılıqlı hörmətin təcəssümü adlandırıb.
Senatın
Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Teofilo
Torres Meksikanın tədbirdə iştirak edən ölkələrlə əlaqələrinin yüksək səviyyədə,
dostluq və əməkdaşlıq ruhunda olduğunu məmnunluqla qeyd edərək bu əlaqələrin
daha da genişlənəcəyinə ümidini ifadə edib.
Tədbirdə ölkəmizi
təmsil edən Azərbaycannın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd
Talıbov çıxış edərək Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri
olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd
edildiyini bildirib. Azərbaycanlı diplomat bu bayramın qonaqpərvərlik,
qarşılıqlı hörmət, səmimiyyət, dostluq, mərhəmət və bərabərlik kimi dəyərlərinin
xalqımızın mənəvi həyatına nüfuz etdiyini qeyd edib. O, Azərbaycanda müxtəlif mədəniyyət
təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını
vurğulayıb. Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq
edilməsinə böyük töhfə verdiyini qeyd edib. M.Talıbov eyni zamanda qonaqları
Novruz bayramı ilə bağlı Azərbaycanda mövcud olan adət və ənənələrlə tanış
edib.
Tədbirdə həmçinin
İran, Pakistan və Türkiyə səfirləri, Gürcüstan Səfirliyinin müşaviri çıxış
edib.Tədbirdə iştirak edən Səfirliklər adından Meksika Senatına hədiyyə edilən,
sülh rəmzi olan zeytun ağacının əkilmə mərasimi keçirilib.
Tədbir zamanı
ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb, tədbirin
çoxsaylı qonaqları Novruz bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış
edilib, onlara ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilib. Azərbaycan
masası qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.
Eyni zamanda, tədbirdə Azərbaycanda Novruz şənliklərini
əks etdirən video material və şəkillər nümayiş etdirilib.