• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

“Novella Cəfəroğluna hücum edənlər “qələt” edirlər” Müsahibə

22.06.13 09:22 2150
“Novella Cəfəroğluna hücum edənlər “qələt” edirlər” Müsahibə
"Freedom House” beynəlxalq təşkilatının "Keçid dövrü ölkələri-2013” adlı növbəti hesabatı, sənəddə Azərbaycan ünvanına qərəzli tənqidlərin yer alması, hüquq müdafiəçisi Novella Cəfəroğlunun bu hesabata münasibəti, müxalifətin alternativ fikirə qarşı dözümsüzlüyü və sairlə bağlı "Kaspi”nin suallarını İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov cavablandırır.
- Elçin müəllim, "Freedom House”un son hesabatında Azərbaycanla bağlı səsləndirilən fikirləri nə dərəcədə doğru sayırsınız?
- Hesabatda Ermənistanı, Gürcüstanı tərifləyib, Azərbaycanı tənqid ediblər. Mən bu fikirlərlə razı deyiləm. Nəyə görə? Düzdür, bizim komitəyə də adamlara qarşı qeyri-insani rəftarın olması barədə müraciətlər var. Ancaq bilirsiniz ki, Ermənistan bizim irsi düşmənimizdir və bu gün həmin ölkənin həbsxanalarında antisanitariya, natəmizlik, özbaşınalıq kütləvi hal alıb. Hətta azərbaycanlı əsirlərin başına orada min cür oyunlar açıblar. Bu faktı bir kənara atıb, necə olar bilər ki, Azərbaycanda vəziyyət pisdir, insan hüquqları tapdanır, Ermənistanda yaxşıdır, deyəsən? Bu, inandırıcı deyil.
- Siz hüquq müdafiəçisi kimi Azərbaycanla digər xarici ölkələri müqayisə edərkən, insan hüquq və azadlıqlarının vəziyyəti barədə hansı qənaətə gəlirsiniz?
- Mən qaraya qara, ağa ağ deyənlərdənəm. Gəlin, Azərbaycanda polis orqanlarını götürək. Orada təqsirləndirilən şəxslərin saxlanma şəraiti tam normaldır. Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərindəki şəraitin vəziyyətində müsbət irəliləyişlər var. Mən bu dəqiqə mütəmadi monitorinqlər keçirirəm və saxlanma şəraitlərində əvvəlki illərlə müqayisədə irəliləyişlərin olduğunu dərhal hiss edirəm. Saxlama yerləri təmir olunub, Avropa standartlarına yaxınlaşır. Ancaq penitensiar xidmətdə hələlik ürək açmayan mənzərələr var, bu da faktdır. Bu gün Avropa və Birləşmiş Millətlər Təşkilatı məsələ qaldırıb ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası ləğv olunmalıdır. Mən bunun qəti əleyhinəyəm. Nəyə görə? Ona görə ki, bütün sivil dövlətlərin xüsusi xidmət orqanlarının özlərinin saxlanma yeri var. Bu, nəyə görə Azərbaycanda olmamalıdır? Bu məsələ qaldırılanda adlarını çəkmək istəmədiyim bizim bəzi hüquq müdafiəçiləri beynəlxalq təşkilatların dediklərini təsdiq etdilər ki, ləğv olunmalıdır. Ancaq mən bu barədə qəti fikrimi bildirmişəm. Ermənistanın da xüsusi xidmət orqanlarının saxlanma yeri var. Özü də Azərbaycandan fərqli olaraq, orada insanlar qat-qat pis, natəmiz, antisanitar şəraitdə saxlanılır. Bunu hətta BMT-nin nümayəndəsi də təsdiq etdi mənimlə söhbətində. Amma, gəlin görək bizdə vəziyyət necədir? Tam yüksək səviyyədə, Avropa standartlarına uyğun. Bu yaxınlarda Türkiyədə "Gəzi parkı” aksiyaları oldu, insanlarla polis arasında qarşıdurma yaşandı. Bunu bütün Avropa ölkələri əllərində bayraq etdilər. Nə üçün? Çünki Türkiyə müsəlman dövlətidir. Necə olur ki, bu gün Avropada mitinqlərdə iştirak edən, polisə müqavimət göstərən şəxslərin başına müxtəlif oyunlar gətirirlər, hətta polis qadınları dəyənəyin altına salıb döyür, sürüyür, lakin beynəlxalq təşkilatlar buna niyə göz yumurlar? Niyə Avropa dövlətləri bu barədə danışmamağa üstünlük verir? Ancaq nədənsə, Azərbaycanda, Türkiyədə güc strukturlarının qanuni tələbini yerinə yetirməyən, qanunları pozan şəxsləri polis asayişə dəvət edəndə, onların zorakılıq xarakterli aksiyalarının qarşısını alanda, bu, insan haqlarının pozulması sayılır. Bu nə deməkdir? Mənim fikrimcə, bütün bu ayrı-seçkiliyin kökündə Azərbaycanı sevməyən qüvvələrin qərəzli münasibəti dayanır. Bu gün Azərbaycanda tam stabillikdir. Ancaq Avropa od tutub yanır. Bəli, indi elə adamlar, hətta qonşu dövlətlər var ki, onlar çalışırlar Azərbaycanda qarşıdurma olsun. Əlbəttə, bu, yolverilməzdir.
- Belə qərəzli hesabatların ortaya çıxması hansı məqsədə xidmət edir?
- Biz də hesabatlar hazırlayırıq. Bizə müraciət edən insanların edilən müraciətini orada göstəririk. Amma tamamən obyektiv şəkildə. "Freedom House”un qərəzli hesabatına, onun məqsədinə gəlincə, qarşıdan prezident seçkiləri gəlir. Bəzi beynəlxalq qurumlar bir sıra ölkələrdə belə vəziyyətdən öz maraqları naminə yararlanmağa çalışırlar. Görünür həmin qüvvələr indi də Azərbaycanda stabilliyi pozmağa, burada çaşqınlıq, qarşıdurma yaratmağa çalışırlar. Azərbaycanda qardaşı qardaşın üstünə salıb sonra da kənardan buna baxıb ləzzət almaq istəyirlər. Azərbaycanın özündə də belə qüvvələrə dəstək olan şəxslər var. Düzdür, insan hüquqlarının pozulması faktı dünya ölkələrində olduğu kimi Azərbaycanda da var, amma hesabatda göstərilən dərəcədə deyil.
- Elçin müəllim, yəqin ki, "Freedom House” kimi beynəlxalq təşkilatlar öz hesabatlarını hazırlayarkən hansısa mənbəyə istinad edirlər. Sizcə, Azərbaycanla bağlı qeyri-dəqiq məlumatları onlara kim və nə məqsədlə ötürür?
- Bəzən iddialar səsləndirilir ki, Azərbaycanla bağlı məlumatları xaricə yerli hüquq müdafiəçiləri, yaxud QHT-lər ötürür. Əslində, buna ehtiyac yoxdur. Nəyə görə? Çünki həmin beynəlxalq qurumların Azərbaycanda nümayəndələri var. Bununla yanaşı, həmin beynəlxalq qurumların mərkəzi ofislərinin yerləşdiyi ölkələrin Azərbaycanda diplomatik korpusları var. Onlar Azərbaycanda baş verən prosesləri, hadisələri izləyir, görür, lazımi qeydlər götürür, bəlli mərkəzlərə ötürürlər. Bu mənada, hansısa şəxsin beynəlxalq təşkilatlara məlumat verməsinə ehtiyac qalmır. Sadəcə, biri var hadisələrdən düzgün nəticə çıxarıb doğru məlumat verilsin, biri də var şişirdilmiş. Bax, buna yol verilməməlidir. Bir faktı diqqətinizə çatdırım. Komitə sədri kimi mən, həm daxili işlər, həm də milli təhlükəsizlik nazirləri ilə mütəmadi görüşürəm. Hər bir nöqsan və problem barəsində nazirlərə öz fikrimi bildirirəm. Xahiş edirəm ki, həmin problemlər aradan qaldırılsın. Tam məsuliyyətimlə deyə bilərəm ki, haradasa, həmin çatışmazlıqlar aradan qaldırılır. Əgər biz demokratik bir dövlət yaradırıqsa, orada əlbəttə problem də, nöqsan da olmalıdır. Ancaq çalışmaq lazımdır ki, o nöqsanları vaxtında aradan qaldıra bilək. Yəni ki, Azərbaycanı qınaq nöqtəsinə almaq düzgün deyil.
- Sizin kimi həmkarınız Novella Cəfəroğlu da "Freedom House”un hesabatını tənqid edib, orada həqiqətə uyğun olmayan məlumatların yer aldığını bildirir. Ancaq nədənsə, demokratik dəyərləri özünə prioritet hesab edən müsavatçılar partiyanın xanım üzvünün alternativ fikrini qəbul etmir, hətta sosial şəbəkələrdə onu kobud şəkildə təhqir edirlər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Əvvəla, mən hesab edirəm ki, hüquq müdafiəçisi heç bir partiyanın üzvü olmamalıdır. Nə müxalifət partiyasının, nə də iqtidar partiyasının. Hüquq müdafiəçisi müstəqil şəxs olmalıdır. Novella xanım mənim həmkarımdır, biz ona "ana” deyirik. Çünki o, ağbirçək qadındır. Onun insan hüquqları sayəsində kifayət qədər təcrübəsi var. Bu yolda saç ağardıb. Ona hücum edənlər, təzyiq göstərənlər "qələt” edirlər. Bizdə belədir də, biri bir söz söylədi, tənqid etdi, ondan sonra başlayırlar gecə-gündüz ona hücumlar etməyə. Vaxtında mənə qarşı da belə şeylər olub. Prezident İlham Əliyevin gözəl bir sözü var, - "Tənqidi hamımız edə bilərik. Ən əsası odur ki, nöqsanlara, problemlərə vaxtında qiymət verib, vaxtında onların aradan qaldırılmasına çalışasan”. Tərifin də, tənqidin də öz yeri var. Bu gün hamımız Azərbaycanın vətəndaşlarıyıq, burada yaşayırıq, Azərbaycanın suyunu içib, çörəyini yeyirik. O çörəyə, o suya təpik atmaq olmaz. Hər bir yerdə, hər bir sahədə nöqsan, problem var. O cümlədən insan hüquqları sahəsində də.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər