• cümə axşamı, 28 mart, 15:14
  • Baku Bakı 16°C

Norveç Krallığının səfiri ADU tələbələrinə mühazirə oxuyub - Fotolar

02.12.16 21:58 857
Norveç Krallığının səfiri ADU tələbələrinə mühazirə oxuyub - Fotolar
Azərbaycan Dillər Universitetinin (ADU) Skandinaviya mərkəzinin təşkilatçılığı ilə Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbələrinə "Norveç dili və ədəbiyyatı” mövzusunda mühazirə oxuyub. ADU-nun İnformasiya Departamentindən "Kaspi”yə bildirilib ki, tədbirdə çıxış edən Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva hər kəsi salamlayıb. O, səfir Bard İvar Svendsenin maraqlı mövzuda mühazirə oxuyacağını tələbələrin diqqətinə çatdırıb.

Səfir tələbələri salamlayaraq onları tədbirdə görməkdən məmnun olduğunu bildirib. O, Skandinav dillərindən biri olan Norveç dili barədə məlumat verərək danışıq və yazı dillərinin bir-birindən fərqli olduğunu qeyd edib. Səfir Bard İvar Svendsen XVI əsrdən XIX əsrə kimi Danimarka dilinin Norveçdə istifadə olunan standart yazı dili olduğunu söyləyib. Zamanla skandinav dilinin şərq skandinav dilinə və qərb skandinav dilinə ayrıldığını bildirən səfir Norveç dilinin qonşu dillərin təsirindən çıxması üçün ilk işə başlayanlardan birinin İvar Aasen olduğunu söyləyib. Səfir İvar Aasenin Norveçin fərqli yerlərini gəzərək dialekt və ləhcələri öyrənməyə başladığını qeyd edib.

Norveç ədəbiyyatı haqqında tələbələrə məlumat verən səfir Bard İvar Svendsen ədəbiyyatın yaranma tarixi və inkişafı barədə danışıb. O, XIV əsrdən XIX əsrə kimi olan dövrün Norveç ədəbiyyatı üçün qaranlıq illər olduğunu bildirib və XIX əsrdən etibarən müstəqillik mübarizəsi ilə ədəbiyyatın yeni dövrünün başladığını sözlərinə əlavə edib. Səfir Norveç yazıçı və şairləri haqqında danışaraq onların Norveç ədəbiyyatına verdikləri töhfələrdən də söz açıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, tədbirdə ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev də iştirak edib.



banner

Oxşar Xəbərlər