• cümə, 29 Mart, 11:47
  • Baku Bakı 5°C

Norveç “Forum 18”-nin yersiz canıyananlığı

19.03.15 19:26 847
Norveç “Forum 18”-nin yersiz canıyananlığı

Və ya öz cəmiyyətində ciddi problemləri olan bir ölkənin QHT-si nədən bunları kənara qoyub uzaq Azərbaycandakı dini etiqad azadlığı problemlərinə vaxt ayırmalıdır?
Son vaxtlar bir sıra qüvvələr tərəfindən guya Azərbaycanda insan haqlarının, vicdan azadlığının məhdudlaşdırılması ilə bağlı çirkin kampaniya yeni vüsət qazanıb. Bu kampaniyanın sifarişçiləri də həmişə olduğu kimi, Azərbaycan xalqı və dövlətinə düşmən kəsilmiş dairələrdir.
İlk növbədə “siyasi məhbus” məsələsini, ardınca heyvan hüquqlarının pozulması kimi qərəzli və uydurma ittihamları Azərbaycan əleyhinə istifadə etməyə cəhd göstərən dairələr öz niyyətlərinə çata bilmədiyindən, indi də daha guya ölkədə dini zəmində problemlərin olmasını iddia etməyə başlayıblar. Bu işdə fəallıq göstərənlərdən biri də Norveçin “Forum 18” adlı QHT-sidir. Belə ki, təşkilatın saytında fevral və mart aylarında Azərbaycanda guya vicdan azadlığı ilə bağlı problemlərlə əlaqədar bir neçə material yerləşdirilib. Onu da qeyd edək ki, bu məsələnin şişirdilməsində və bir növ, “Forum 18” təşkilatına informasiya dəstəyi verilməsində erməni saytları da canfəşanlıq edir.
Təşkilatın saytında 14 fevral tarixində yer almış məqalədə Azərbaycanda Eldəniz Hacıyev, İsmayıl Məmmədov, Rəvan Səbzəliyev, Zəkəriyyə Məmmədov və Şahin Həsənov adlı şəxslərin həbs edilməsi barədə yazılır və bu, vicdan azadlığının pozulması kimi dəyərləndirilir.
Halbuki, verilmiş rəsmi informasiyalara görə, həmin şəxslər qətiyyən dini inanclarına görə deyil, konkret cinayət əməlində şübhəli bilinərək həbs ediliblər. Hətta bununla bağlı məhkəmə prosesi də keçirilib. Əslində hansısa xarici QHT-nin bəyanatı məhkəməyə təzyiq kimi dəyərləndirilməlidir.
Hesabatda Azərbaycanın “Dini etiqad azadlığı” haqqında qanuna edilən dəyişikliklərin hər dəfə daha da sərtliyi ilə seçilməsinin qabardılması da yersiz hesab edilməlidir. Belə ki, hər bir qanunun yeni dövrün tələblərinə uyğunlaşdırılması normal hüquqi prosedurdur. Məlumdur ki, zamanla dini situasiya da fərqli hal ala bilir. Xüsusilə də Yaxın Şərqi təhdid edən İŞİD və digər bu kimi ekstremist təşkilatların fəaliyyətinin artması və açıq-aşkar ətraf regionlara təhlükə törətməsi dövlətlərin zəruri tədbirlər görməsini labüd edir. Həmçinin ölkənin milli təhlükəsizliyinə ola bilən digər dini zəminli təhdidlər də qanunvericiliyin adekvatlığının təmin edilməsini zəruri edir. Bu baxımdan qanunlara edilmiş dəyişiklik və əlavələrin hər hansısa ölkənin QHT-sinin neqativ yöndə şərh etməsi müstəqil dövlətin hüquq sisteminə hörmətsizlikdir.
Digər tərəfdən, təşkilatın hesabatında ölkənin məhkəmə-hüquq sistemi barədə həqiqəti əks etdirməyən və heç bir fakta söykənməyəm ümumi tənqidi ifadələr də səsləndirilir ki, bunlar da qəbuledilməzdir.
Göründüyü kimi, təşkilat Azərbaycanda az qala bütün həbslərin vicdan azadlığı ilə bağlı olması rəyini yaratmağı qarşısına məqsəd qoyub. Sanki təşkilat Azərbaycanın milli təhlükəsizlik maraqlarını məqsədli şəkildə nəzərə almadan hər bir həbsi vicdan azadlığı ilə bağlamağa cəhd edir.
Sizcə, Avropanın inkişaf etmiş ölkələrindən olan, neft milyardları içində üzən Norveçin hansısa QHT-sinin Azərbaycanda dini etiqad azadlığının durum ilə bağlı silsilə hesabatlar hazırlaması təsadüfidirmi? Ümumiyyətlə, Norveç kimi kiçik bir ölkənin QHT-sinin uzaq Azərbaycandakı proseslərlə belə yaxından maraqlanması mümkündürmü? Təbii ki, çox maraqlı məsələdir. Bu gün Norveç dünyada intiharların sayına görə ilk sıralarda gedən dövlətlərdən biridir. Bu ölkədə gənclərin narkomaniyaya qurşanması ilə bağlı da çoxlu faktlar var. Çox uzağa getmək lazım deyil, elə 2011-ci ilə Anders Breyvikin 70-dən artıq insanı qətlə yetirməsi də Norveçdə baş verib. Cəmiyyətində bu cür problemlər olan bir ölkənin QHT-si nədən bu kimi məsələləri qoyub başqa bir uzaq ölkədəki dini etiqad azadlığı problemlərinə vaxt ayırmalı, hesabatlar hazırlamalıdır? Bu təsadüfü ola bilərmi? Əlbəttə ki, yox.... Artıq dünyada nələrin baş verdiyi, hansı problemlərin hansı səbəblərdən qabardıldığı hamıya yaxşı məlumdur. Kimin əlinin kimin cibindən çıxdığı da aşağı-yuxarı çoxumuza bəllidir. Bu baxımdan bir Norveç təşkilatının Azərbaycanda vicdan və etiqad azadlığı ilə bağlı problemlərin qabardılmasının sırf məqsədyönlü kampaniyanın tərkib hissəsi olduğu aydın olur.
Ölkənin nüfuzunun artması, iri beynəlxalq layihələrin müəllifinə, mühüm tədbir və idman yarışlarının ev sahibinə çevrilməsi ona qarşı qısqanclıq, düşmənçilik edən dairələrin fəaliyyətini aktivləşdirməkdədir.
Xüsusilə I Avropa Oyunları yaxınlaşdıqca bir sıra antiAzərbaycan dairələr bəzi xarici QHT-lərin kölgəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Hələ bir müddət öncə bu kampaniyaya “Human Rights Watch”ı da qoşmağa nail oldular. "Amnesty International"-ın adından yayılmış eyni məzmunlu bəyanat isə yalan çıxdı. Bu da onu göstərdi ki, həmin qüvvələr ölkəmizin uğurlarının qarşısını almaq niyyətilə hər cür yola əl ata bilərlər.
“Forum 18” təşkilatının Norveçi təmsil etməsi də bizə çox şey deyir.Ümumiyyətlə, ölkəmizin daxili işlərinə qarışmaqda bu vaxtadək öndə gedən dövlətlərdən biri Norveç olub. Norveç gah rəsmi, gah da QHT-ləri vasitəsilə öz “fəaliyyətini” nümayiş etdirib. Hələ 2003-cü ildə ölkədə xidmətdə olan səfir Steynar Gir açıq şəkildə siyasi proseslərə müdaxilə edirdi. Müxalif siyasi qüvvələr siyahısında az qala Norveç səfirliyi də yer alırdı.
Bundan başqa, Norveçin Helsinki Komitəsi də Azərbaycanın daxili işlərinə qarışması ilə yaddaşlarda iz buraxıb. Belə ki, qurum ötən ilin oktyabrında yaydığı açıqlamada 2014-cü il üçün Saxarov mükafatına guya Azərbaycanda olan 98 “siyasi məhbus”u da namizəd kimi göstərmişdi. Hazırda ölkədə dini zəmində qızışdırıcı mövqe tutan “Forum 18” təşkilatının da bu ölkəni təmsil etməsi düşündürücüdür.
Yəni ssenari eynidir. Dünyanı idarə edən güclər Azərbaycan kimi ölkələr təzyiq etmək istəyəndə öz QHT-ləri ilə yanaşı, Norveç kimi təsir dairələrində olan kiçik dövlətlərdən və onların QHT-lərindən istifadə edirlər. Bununla da təzyiq etmək istədikləri ölkələrdəki insan haqları, media azadlığı ilə bağlı problemlərin guya əksər ölkələri narahat etdiyi görüntüsü yaratmağa çalışırlar.
Qeyd edək ki, bu cür kampaniya 2012-ci ildə ölkəmizdə keçirilən “Avroviziya” yarışmasından da bizə tanışdır. Həmin dövrdə də, indiki kimi, ölkənin üzərinə müxtəlif böhtanlar atılır, yalan və təxribatçı informasiyalarla dünya ictimaiyyəti çaşdırılmağa çalışılırdı. Bu gün də eyni taktikadan istifadə olunur, həmin dövrdə sınaqdan çıxarılmış üsullar yenidən işə salınır.
Reallıq isə budur ki, Azərbaycanın multikulturalizm, milli və dini tolerantlıq mərkəzi olması dünyanın mütərəqqi kəsimlərinə çoxdan məlumdur. Tarixən ölkəmizdə heç zaman dini və məzhəb münaqişəsi baş verməyib. Hətta Avropanın göbəyində antisemitizm tüğyan edərkən Azərbaycanda müsəlmanlarla yəhudilər birgə dost və mehriban yaşayıblar. Bu, bu gün də belədir. Təsadüfi deyil ki, bunu ölkəmizdə səfərdə olan xarici qonaqlar da dəfələrlə dilə gətiriblər.
Milli və dini tolerantlıq hazırda Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında xüsusi fərman imzalayıb. Bundan başqa, Prezident fərmanı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi də yaradılıb.
Bütün bunlar bəzi xarici dairələrin Azərbaycanda guya dini ayrı-seçkilik, vicdan və etiqad azadlığı ilə bağlı təşkil etdikləri cılız kampaniyaya tutarlı cavab olmaqla, dövlətin bu sahəyə nə qədər ciddi önəm verdiyini ortaya qoyur.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər