• cümə axşamı, 28 mart, 17:18
  • Baku Bakı 16°C

Nona Qaprindaşvili: “Shamkir Chess” turniri qısa vaxtda böyük nüfuz qazanıb

21.04.18 20:50 873
Nona Qaprindaşvili: “Shamkir Chess” turniri qısa vaxtda böyük nüfuz qazanıb
Şəmkirdə ilk dəfə qonağam. Əslində "Shamkir Chess 2018” turnirinin açılışından sonra Gürcüstana qayıtmalı idim. Lakin iştirakçıların adlarını öyrənəndə bir neçə gün Şəmkirdə qalmağa qərar verdim. Burada çox güclü heyət formalaşıb.
AZƏRTACxəbər verir ki, bu sözləri Vüqar Həşimov memorialını izləmək üçün Şəmkirə qonaq gələn Gürcüstan şahmatının canlı əfsanəsi, beşqat dünya, on bir dəfə Şahmat olimpiadalarının çempionu Nona Qaprindaşvili deyib.
Məşhur qrossmeyster deyib: "Maqnus Karlsen, Şəhriyar Məmmədyarov, Sergey Karyakin və digərlərinin Şəmkirdə yarışması əsl şahmat bayramıdır. Turnirin Vüqar Həşimovun xatirəsinə həsr olunmasını xüsusilə qeyd etmək istəyirəm. Vüqar gənc yaşında bizi tərk etdi. Onun yoxluğunu qəbul etmək çox çətindir. Ona görə belə turnirlərin təşkili çox vacibdir. Artıq beşinci dəfə dəfə keçilən bu turnirin özünəməxsus tarixi var”.
Nona Qaprindaşvili Berlində keçirilən iddiaçılar turnirində Şəhriyar Məmmədyarovun çıxışını yüksək qiymətləndirərək bildirib: "Şəhriyar son iki ildə çox möhtəşəm oyun mümayiş etdirir. Berlindəki yarışda qələbə qazanmağa çox yaxın idi. Bir məğlubiyyət onu geri saldı. Bununla belə Şəhriyarın potensialını yüksək qiymətləndirirəm. O, dünya çempionu olmağa qadirdir. Sadəcə ilk olaraq çempionla görüşə vəsiqə qazanmaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda şahmat inkişafdadır. Daha çox kişi şahmatçıların uğurlarını izləyirik. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və digərlərinin Avropada güclülər sırasında olmasını unutmaq olmaz. 2017-ci ildə Azərbaycan komandası üçüncü dəfə Avropa çempionu oldu”.
Noyabrda Londonda dünya şahmat tacı uğrunda görüş baş tutacaq. Hazırkı çempion Maqnus Karlsen ABŞ təmsilçisi Fabiano Karuanaya qarşı mübarizə aparacaq. Qaprindaşvili bu dueldə Karlseni favorit hesab etdiyini deyib: "Hər iki şahmatçı çox güclüdür. Amma Maqnusu rəqibindən daha üstün sayıram. Bu gənc oğlan ardıcıl neçə il çempion titulunu qoruyur. Karlsen çox peşəkar idmançıdır. Onun turnirlərdəki çıxışına, hazırlığına heyranam. Sanki o, ancaq şahmat haqqında düşünür”.
"Shamkir Chess-2018” superturnirinin təşkilatçılığı barədə danışan gürcüstanlı şahmatçı iştirakçıları xüsusi qeyd edib: "Azərbaycanda güclü şahmat və təşkilatçılıq ənənələri var. Sizin 42-ci Ümumdünya Şahmat Olimpiadasını necə keçirməyiniz unudulmayıb. Azəərbaycanın şahmat yarışlarına xüsusi yanaşması var. Super turnir yüksək səviyyədə təşkil olunub. Heyət çox güclüdür. İlk turda zala daxil olanda köhnə illəri yada saldım. İnanın, "Shamkir Chess 2018” kimi turnirdə iştirak etməyi hər şahmatçı arzulayır. Bu heyəti görəndə şahmat oynadığım vaxtlar yadıma düşdü. Bir anlıq mən də bu iştirakçıların yanında olmaq, belə turnirdə qələbə uğrunda yarışmaq istədim”.

banner

Oxşar Xəbərlər