• cümə axşamı, 28 mart, 19:03
  • Baku Bakı 13°C

Nofəl Vəliyev Türkiyədən iki mükafatla geri döndü

24.11.15 11:35 1999
Nofəl Vəliyev Türkiyədən iki mükafatla geri döndü
Ötən gün eşitdik ki, Azərbaycanın əməkdar artisti Nofəl Vəliyev Türkiyənin nüfuzlu “XV Direklerarası Seyirci Ödülləri” mükafatına layiq görülüb. Özü də bir deyil, düz iki mükafatı birdən alıb. Rejissorumuz “Gec qalanlar” və “Qaçaq qocalar” tamaşalarının uğurlu səhnə həllinə görə qonşu ölkədə “Ən yaxşı rejissor” mükafatı ilə təltiflənib.
Biz də Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru və rejissorunu təbrik edib, səfər barədə təəssüratlarını öyrənməyi özümüzə borc bildik.
- İlk olaraq sizi təbrik edir və uğurlarınızın bol olmasını diləyirik. Çox istərdik ki, səfər barədə təəssüratlarını bizimlə bölüşəsiniz.
- Çox sağ olun. Əslində mən mükafata avqust ayında layiq görülmüşdüm. Sadəcə olaraq indi həmin mükafatın təqdimetmə mərasimi keçirilirdi. Təqdimata bir çox ölkələrdən incəsənət adamları gəlmişdi. Mən orada iki tamaşaya görə mükafat almışam. Biri Teatr Xadimlər İttifaqının rejissor laboratoriyasında hazırladığım “Qaçaq qocalar” tamaşasına görə “Ən yaxşı rejissor işi” idi. İkincisi isə 2014-cü ilin avqustunda Antalya Böyük Bələdiyyə Teatrında Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığım tamaşa idi. Həmin tamaşa da uğurlu alınmışdı. Onlar bu tamaşanı indi də repertuara daxil ediblər. Əslində mən iki mükafat gecəsində olmalı idim. Mükafatlandırılma gecələrinin biri Əski şəhərdə, digəri isə İstanbulda keçirilirdi. Eyni vaxtda ikisində də ola bilməyəcəyim üçün mən İstanbula getdim. Bir sözlə, Türkiyəyə gedib iki mükafatımı alıb geri döndüm.
- Mükafatlandırma gecəsindən sonra əməkdaşlıq etmək üçün həmin teatrlardan sizə yeni təkliflər gəldimi?
- Ötən il Antalyada tamaşa qurmuşdum. Tamaşanı hazırlamaq üçün məni özləri dəvət etmişdilər. Bu il avqustda onların dəvəti ilə Bursa şəhərində bir həftə teatr yay məktəblərində aktyor sənətindən ustad dərsi keçdim. Bir həftə içərisində 4 semestrdə keçirilən dərsi izah etməli olduq. İndi yenə müxtəlif təkliflər almışam. Təkliflər barədə öncədən danışmağı xoşlamıram. Ona görə yox ki, bunun düşər-düşməzi var. Əvvəlcədən məlumat verəndə bəzən o layihə alınmır, sonra da deyirlər ki, heç elə bir şey olmayıb, özü haqqında yalan informasiya verir. Allah qoysa, yanvar ayında Elçin Hüseynbəylinin “Qaçaq qocalar” tamaşası ilə Teatr Xadimlər İttifaqının xətti ilə Antalya Böyük Şəhər Bələdiyyə Teatrında 3 gün qastrolumuz olacaq. Artıq dəvətimiz Teatr Xadimlər İttifaqı tərəfindən qəbul olunub. Dünən Gənc Tamaşaçılar Teatrında yeni quruluş verdiyim Rövşən Ağayevin eyni adlı pyesi əsasında “Sonluğun sonu” əsərinə daxili baxış keçirildi. İnşallah, onun premyerasını keçirərik.
- Mükafatlandırma gecəsində Azərbaycanın yeganə təmsilçisi siz idiniz?
- Bəli, Amma orada Cənubi Azərbaycandan da bir nəfər mükafata layiq görülmüşdü. Lakin o, mükafatlandırılma gecəsinə qatıla bilmədiyindən təşkilatçılardan rica etmişdi ki, onun mükafatını mənə təqdim etsinlər. Bu mənim üçün böyük jest oldu. İnanın ki, öz mükafatımı alanda bu qədər təsirlənməmişdim. Ondan başqa, Gürcüstan teatrından Turqay Vəlizadə də mükafata layiq görülmüşdü. O, da çox istedadlı bir insandır. Onu da qeyd edim ki, teatrımızın aktrisası olan Nigar Bahadirqızı da mənə dəstək olmaq üçün mükafat gecəsinə gəlmişdi. O, hazırda Türkiyə kanallarının birində aparıcı kimi çalışır.
- Nofəl müəllim, yəqin ki, belə mükafatlar siz sənət adamlarını daha çox həvəsləndirir?
- Əlbəttə. Bu kimi tədbirlər aktyorları daha da həvəsləndirir. Bu çox lazımlı bir işdir. Dünyanın başqa ölkələrindən incəsənət nümayəndələrini dəvət edirlər, onların işlərinə qiymət verirlər. Bizim də teatrımızda belə festivallar keçirilir. Hesab edirəm ki, onların sayı daha çox olsa, yaxşı olar.
Bu kimi təqdimatları keçirmək əslində çox çətindir. Görün bu qurum nə qədər tamaşaya baxır? Neçə yüz tamaşanın içərisindən seçim edirlər. Belə ki, tamaşaları izləyib onların içərisindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı zalı olan teatr”, “Ən gözəl foyesi olan zal”, heç nəyi nəzərdən qaçırmamışdılar. Hətta teatrın kostyum sexinin işçisinə mükafat vermişdilər. Kostyum sexinin işçisinin ən azı 75 yaşı olardı. O, səhnəyə çıxıb çox təsirli çıxış etdi. Dedi ki: “Mən bütün həyatımı sənətçilərin içərisində keçirmişəm. Sənətçilər kənardan çətin insan kimi görünsələr də, əslində çox yaxşı insanlardırlar”. O, qeyd etdi ki, aktyorların arasında olmaqdan çox xoşbəxtdir.
- Türk xalqının teatra münasibəti necədir?
- Təsəvvür edin, İstanbul şəhərində dövlət teatrlarının 120 salonu var. Onların hamısı davamlı olaraq işləyir. İstanbulda 100-ə yaxın müxtəlif səviyyəli özəl teatrlar fəaliyyət göstərir. Özəl teatrın var olması o deməkdir ki, onun kifayət qədər izləyicisi var. Onlar teatra Türkiyə kinosunun ulduzlarını dəvət edirlər. Biletlərindən əldə etdikləri maliyyə ilə aktyorlara maaş verirlər. Aktyorlar bir filmdən aldıqları pulla həyatlarını dəyişirlər. Düzdür söhbət puldan getmir. Deməyim odur ki, onlarda hər şey sistemli şəkildədir. Onların özlərinin də narazı olduğu bəzi məqamlar var. Bütün bunlara baxmayaraq oradakı vəziyyəti müsbət qiymətləndirirəm. Bir şəhərin özəl teatrı varsa, demək ki, bu şəhərin teatral insanları var.
- Vaxtilə Kamera Teatrında sizi daha çox səhnədə görürdük. Teatrlar birləşəndən sonra sanki Gənc Tamaşaçılar Teatrında aktyor kimi bir qədər kölgədə qalmısınız.
- Bu mənim problemim deyil, bu rejissorların seçimidir. Mən heç zaman nə işsiz, nə də kölgədə qalmamışam. 3-4 ildir ki, məqsədli şəkildə rejissorluq işi ilə məşğulam. Rejissorluqla məşğul olmaq üçün gərək vaxtının çoxunu ona sərf edəsən. Bu işin dərinliklərinə qədər öyrənməyə çalışıram. Teatrlarımız birləşəndən sonra mən bir müddət rejissor assistenti kimi çalışmağa başladım. Bu da mənim fəaliyyətimdə çox lazım idi. Səhnədə ilk addımlarımı atandan bəri rejissorluqla maraqlanmışam. Düzdür, rejissorluq fakültəsini bitirməmişəm, ancaq hər zaman bu mənim maraq dairəmdə olub. Kamera Teatrında repertuar həddindən artıq çox idi. Ona görə də rejissorluqla tam məşğul ola bilmirdim. Həmin teatrda özümün aktyor keyfiyyətlərimi daha çox təqdim edirdim. Rejissor assistenti kimi işləməyə başlayanda mənim üçün asan oldu. Misal üçün, rejissor tamaşanı qururdu, sonra onun üzərində mən işləyirdim. “Mən Səni Sevirəm”, “Əlincə qalası”, “Buzovna kəndinin əhvalatları” və sair tamaşaların rejissor assistentiyəm. Bu məndə bir növ özümə inam yaratdı. Mən gördüm ki, aktyorlarla işləyə bilirəm. Biri var ancaq dostlarımla işləyim, biri də var məndən xoşu gəlməyən insanlarla da işləməyi bacarıram. Bir şeyi əldə etmək üçün başqa bir şeydən imtina etmək lazımdır.
- Bir aktyorun rejissorluq etməsi başqa rejissorlar tərəfindən qısqanclığa səbəb olmur ki?
- Aktyor olmaq istəyəndə mənə “səndən aktyor olmaz” deyənlər çox olub. Bunu tək mənə yox, bir çox aktyorlara da deyiblər. Ancaq aktyor olmaq istəyəndə ünvanıma deyilən o sözlərin heç biri mənə mane olmadı. Çünki mən öz yolumu müəyyənləşdirmişdim və o yola doğru addımlayırdım. Həyatda bir qədər tərs və prinsipial insanam. Əgər rejissor olmaq qərarına gəlmişəmsə, kiminsə qısqanclıqla baxması və yaxud da söz atması mənim vecimə də deyil. Heç mən o haqda fikirləşmirəm də. Məni düşündürən odur ki, tamaşamı harada hazırlayacağam, teatrda istədiyim şəkildə tamaşa hazırlamaq üçün mənə imkan və şərait yaradılacaqmı? Teatr böyük məkandır. Ola bilər ki, mənim rejissorluq etməyimdən kiminin xoşu gələr, kimininsə yox. Ona görə də hesab edirəm ki, bir aktyor rejissor ola bilər, əgər bacarığı varsa… Əsas odur ki, onun məktəbini keçəsən. Mən də göydəndüşmə rejissor olmamışam. İki il müddətində teatr Xadimlər İttifaqında rejissor laboratoriyasında Cənnət Səlimovanın sinfini bitirmişəm, sertifikatım var. Elə hesab edin ki, iki il rejissorluğun magistr təhsilini bitirmişəm. Tamaşa hazırlamışam, böyük təcrübə əldə etmişəm. Ola bilər ki, mənim rejissorluq etməyimə kimsə qısqanclıqla yanaşsın. Düşünürəm ki, aktyor rejissor ola bilər. Mən şəxsən kimin yaxşı bir işi olarsa, ona heç vaxt qısqanclıqla yanaşmaram. Əgər görsəm ki, kiminsə yaxşı bir işi yoxdursa, öz iradımı ona bildirərəm. Əgər biri ortaya yaxşı iş qoyursa niyə də olmasın… Biz tamaşaya baxırıq, əgər tamaşa yaxşı alınıbsa, deməli tamaşanın rejissoru peşəkardır. Alınmayıbsa, onun diplomu, savadı, yaxşı insan olmağı tamaşaçı üçün maraqlı deyil. Mənim üçün diplomun o qədər də əhəmiyyəti yoxdur. Azərbaycan teatrında o qədər rejissorlar var ki, onların rejissorluq diplomu yoxdur. Sadəcə olaraq, rejissorluq üzrə iki illik ixtisasartırma fakültəsini oxuyub, bu sənətə yiyələniblər. Ona görə bu məni narahat etmir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər