• şənbə, 27 Aprel, 06:23
  • Baku Bakı 12°C

Njdeyə abidə qoyulması Ermənistanın imza atdığı beynəlxalq sənədlərə ziddir

12.10.18 13:54 748
Njdeyə abidə qoyulması Ermənistanın imza atdığı beynəlxalq sənədlərə ziddir
Faşistlərlə əməkdaşlıq etmiş daşnak Qaregin Njdeyə Ermənistanda qoyulan abidə Rusiya mediasında hələ də müzakirə mövzusu olaraq qalır. "SM.news” portalında dərc edilən məqalədə Njdenin keçdiyi yol, onun nasistlərlə əməkdaşlıq etməsindən ətraflı bəhs edilir. Müəllif yazır ki, bu məsələnin kökləri XX əsrin birinci yarısına gedib çıxır və dərin xarici siyasi motivasiyası var. Müəllif xatırladır ki, 1890-cı ildə Tiflisdə erməni Daşnaksütyun partiyası təsis edildi və sonrakı illərdə ona məhz Qaregin Njde (əsl soyadı Ter-Arutyunyandır) rəhbərlik etməyə başladı. 30-cu illərdə Njde artıq erməni millətinin digər millətlərdən üstün olduğu barədə ideyanı - "Çeqakron”u yaratdı. Rus dilindən tərcüməsi "Etnoinam” mənasını verir. Lakin az sonra "Daşnaksütyun”da hesab etdilər ki, Njde partiyanı parçalayır və bu səbəbdən də onu üzvlükdən çıxardılar. Həmin müddətdə isə Qaregin artıq döyüş dəstələri yaratmağa müvəffəq oldu. O, Hitlerin rəhbərlik etdiyi Almaniya hakimiyyət orqanları ilə əməkdaşlıq edirdi.
Müəllif ardınca belə bir sualla çıxış edir -bu kontekstdə alman nasistləri ilə "əməkdaşlıq” nə deməkdir? Xeyr, bu o demək deyil ki, saziş bərabərhüquqludur. Bu o deməkdir ki, bir tərəf digərini öz məqsədlərinə çatmaq üçün istifadə edir. Qarşı tərəf də elə bilir ki, müstəqil kurs həyata keçirir. Njde guya Ermənistanın müstəqilliyinə çalışırdı, lakin hansı müstəqillikdən söhbət gedə bilər? Əgər "Çeqakron” sözünün mənasına varsaq, bir irq qarşısında baş əyilməsi anlamına gəlir ki, bu da nasizm-hitlerizmə bərabərdir. "Beləliklə də, Njde özünün "Çekaqron”u ilə erməni gerçəkliyində faşizmi təbliğ edir”, - deyə Njdenin yaxın tərəfdarı olmuş Ovanes Devedjyan Ermənistan xüsusi xidmət orqanlarına 1947-ci ildəki dindirilmə zamanı bildirib.

Müharibə başlamazdan əvvəl Njde Sofiyada idi və orada Almaniyadan gələn Kamsarakan soyadlı erməni ilə görüşüb. Devedjyan hesab edirdi ki, Kamsarakan alman kəşfiyyatına xidmət edib. Məqsəd də Njde tərəfdarlarını nasistlərlə əməkdaşlığa cəlb etmək idi. Njde 1932-ci ildə ABŞ-da "Çeqakron” hərəkatına tərəfdar toplamağa cəhd göstərirdi. Orada erməni icmalarına bir-bir baş çəkərək öz ideyalarını yayırdı. Qruplaşmanın gücləndirilməsi işləri sonradan Bolqarıstanda davam etdirildi. Bundan əlavə, alman tərəfi "Erməni Milli Şurası”nı yaratdı və Njdeni də ora daxil etdi. Bu platformanın bazasında 40-a yaxın erməni hərbçi və zabiti öz tərəfinə çəkərək, Berlinə oxumağa göndərdi. Bir neçə ay sonra isə onları Krımda Qırmızı Ordu ilə döyüşə yolladılar. Njde erməni əsirlərin olduqları düşərgələrdə də çox olub. Bunu Deved Devedjyana "Daşnaksütyun”un Siyasi Şurasının üzvü David Davidxanyan bildirib. Onun sözlərinə görə, Njde onları SSRİ-yə qarşı silahlı mübarizəyə səsləyir və bildirirdi ki, "Almaniya uğrunda ölənlər, Ermənistan uğrunda həlak olurlar”.

Müəllif yazır Lakin Devedjyan da erməni nasistidir. Njdenin 1947-ci ildə istintaqa verdiyi ifadədən bəlli olur ki, Devedjyan 1941-ci ildə "Daşnaksütyun”un Buxarestdə keçirilən toplantısında iştirak edib və orada alman faşistləri ilə əməkdaşlıq edilməsi barədə qərar qəbul edilib: "Belə bir təbliğat aparırdı ki, almanların azad etdikləri ölkələr müstəqillik əldə edəcəklər. Misal kimi də Ukraynanı göstərirdilər. Devedjyan bildirirdi ki, Ermənistan faşistlər tərəfindən tutulan kimi Ukraynadan da böyük və geniş müstəqilik əldə edəcək”, - deyə Njde istintaqa ifadəsində bildirib. Njdeni Bolqarıstanda SMERŞ əməkdaşları tutub Moskvaya, oradan isə 1946-cı ildə Yerevana apardılar. İki il sonra isə barəsində 25 illik həbs qərarı çıxarıldı. O, 1955-ci ildə Vladimirdəki həbsxanada ölüb. 2016-cı ildə Ermənistanda ona abidə qoydular. Rusiya Xarici İşlər Nazirliyi bunu təəccüblə qarşıladı. Axı cəmi bir il əvvəl BMT nasizm və neonasizm ideyalarının yayılmasını pisləyən qətnamə qəbul edib və erməni deputatlar da ona səs veriblər. Moskvanın faşizmin hər hansı bir formada təbliğinə olan mövqeyi dəyişməz olaraq qalır.

Müəllif yazır ki, Azərbaycanda da buna sərt şəkildə etiraz edilib. Məsələn, jurnalist Tatyana Çaladze öz ifadələrində çəkinmədən "Nasist bicbalası Qarejin Njde, Serj Sarkisyan və erməni şovinizmi - bunlar hamısı vahid bir cəmdir” başlıqlı məqaləsində Qareginin fürerə məhəbbətinə, sevgisinə toxunur. "Yeri gəlmişkən, istintaq materiallarında Njdenin regionun azərbaycanlılardan "təmizlənməsi” barədə Devedjyan da danışıb. Bütün çıxışlarında, yazdığı kitablarda nasizmi təbliğ edən Njde Hitlerin müəllifi olduğu "Mayn kapf”ın oxşarı olan "Mənim kredom” adlı kitab da yazıb. Kitabda əsas hədəf türklər seçilir və bildirilir ki, bir gün də onlara qarşı mübarizəsiz keçməməlidir”, - deyə gürcü jurnalist məqaləsində yazır. Çaladze əmindir ki, erməni millətçiliyi o həddə çatıb ki, bu artıq dövlətçiliyin deqradasiyasına, suverenliyin itirilməsinə gətirib çıxarıb. Onun sözlərinə görə, Ermənistanda qalib gələn millətçilik qanqrena kimidir - ölkəni kiçik bir coğrafi nöqtəyə çevirib: "Bu nöqtədən erməni xalqı bütün dünyana qaçır, milli qürur hissini itirir, ölkəsinə sevgidən məhrum olur”.

Hazırda bir sıra Rusiya tarixçiləri Böyük Vətən Müharibəsi illərində nasistlərin ermənilərlə əməkdaşlığını araşdırırlar. Bu mövzuda Rusiya xüsusi xidmət orqanlarının məxfi materialları da yayılıb və onlar sözügedən əməkdaşlığı gözəl əks etdirir. Məqalədə daha sonra müharibədən əvvəl və müharibə illərində nasistlərlə daşnakların əməkdaşlığını sübut edən çoxsaylı faktlar və istintaq materialları əks olunur. Ən maraqlı məqam sənədlərdə daşnakların nasistlərin dövlətinin tərkibində öz dövlətlərini yaratmaq planları olub. Bu dövlətin ərazisinə Türkiyə əraziləri, Dağlıq Qarabağ və Gürcüstanın Borçalı rayonu daxil edilmişdi. Faktiki olaraq daşnaklar Cənubi Qafqazda hitlerçilər üçün reyxkomissariatlıq yaratmaq istəyirdilər.

Tarixçi, politoloq və hüquqşünaslar hesab edirlər ki, Ermənistanda Njdeyə abidə qoyulması BMT-nin irqi ayrı-seçkiliyi pisləyən qərarlarına, baza prinsiplərinə uyğun deyil. Onlar hesab edirlər ki, erməni hakimiyyət orqanları Njdeni layiq olmadığı "qəhrəman” obrazına qaldırırlar. Erməni baş nazir Nikol Paşinyanın bununla bağlı Düşənbədə MDB sammitində etdiyi çıxış da maraq kəsb edir. Həmin çıxışda baş nazir nasizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu bəyan edib.

Qeyd edək ki, Njdenin fəaliyyəti tək SSRİ-yə deyil, Bolqarıstana da zərər vurub. Məhz bu ölkədə də ona erməni biznesinin köməyi ilə abidə qoyulması gündəmə gətirilir. Ümid etmək olar ki, bu Avropa dövlətinin rəhbərliyi arqumentləri nəzərdən keçirəcək və nasist əlaltısını təmizə çıxarmağa çalışmayacaq.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər