• şənbə, 20 Aprel, 09:32
  • Baku Bakı 14°C

“Njde” qalmaqalı böyüyür

14.02.18 09:00 745
“Njde” qalmaqalı böyüyür
Ermənistanla Rusiya arasında nasistlərlə əməkdaşlıqla bağlı tarixi mübahisə qızışmaqdadır. Söhbət Ermənistanın nasistlərlə əməkdaşlıq etmiş daşnak Qaregin Njde ətrafındakı gedən gərginlikdən gedir. Bu dəfə artıq Qərb mediası məsələyə geniş yer ayırıb. "Eurasianet.org” saytında Coşua Kuçera adlı müəllif yazır ki, bu qalmaqal iki müttəfiqin onsuz da nahamar münasibətlərinə bir də İkinci Dünya müharibəsi amilini əlavə edib. Müəllif yazır ki, Rusiyanın aparıcı deputatlarından birinin (Söhbət Federasiya Şurasının üzvü Lyudmila Kozlovanın məqaləsindən gedir) imzasıyla fevralın 6-da "Nezavisimaya qazeta”da belə bir məqalə çıxıb: "Nasizmin Baltiklərdən Ermənistana qayıdışı”. Müəllif bu mövzunun Rusiya üçün yeni olmadığını vurğulayır. Məqalədə qeyd edilir ki, Moskva son illər öz ölkələrini sovet idarəçiliyindən xilas etməkdən ötrü İkinci Dünya müharibəsi zamanı Almaniyayla əməkdaşlığa getmiş "milli qəhrəmanları” gözdən salmağa çalışır. Amma Baltiklərlə Ukraynadan fərqli olaraq, Rusiyanın yaxın müttəfiqi olan Ermənistan üçün durum fərqlidir. "Rusiyanın strateji müttəfiqi olan Ermənistanın paytaxtı Yerevanın mərkəzində 3-cü Reyxlə əməkdaşlığa getmiş Qaregin Njdeyə abidə qoyulub”, - yazan Lyudmila Kozlovaəlavə edir ki, "Njdenin əlində minlərlə babamızın, ulu babamızın qanı var.

Müəllif Njdenin ziddiyyətli tarixi fiqur olduğunu qeyd edir. Onun on illər boyunca Ermənistanın düşmənləri – Osmanlı Türkiyəsi, sovet Rusiyası ilə savaşdığını iddia edir. "Amma Njde İkinci dünya müharibəsi başlayınca Almaniyaya yardım təklif edib, onlarla əməkdaşlığa gedib”, - deyə əlavə edib. Məqalədə erməni rəsmilərinin də məsələyə münasibəti əks olunub. Onlar isə hər vəchlə faşist əlaltısından "milli qəhrəman” obrazı yaratmağa çalışıblar. "Njdeni faşistlərlə bağlamağa çalışanlara cavabım belədir: kimsə faşistlərlə əməkdaşlıq edibsə, 1933-41-ci illərdə Molotovla Stalinin rəhbərliyi altında bütün sovet rəhbərliyi belə davranıb, Adolf Hitlerin nasist Almaniyası ilə hücum etməmək paktı bağlayıblar”, – deyə Ermənistanın hakim Respublikaçı Partiyasının sözçüsüEduard Şarmazanovdeyib. "Əlbəttə, nə rusiyalılar Njdenin heykəlini götürə biləcəklər, nə də biz Lenini Yerevandan aparıb dəfn edə biləcəyik. Amma Rusiyada azından, dərk etməlidirlər ki, erməni xalqının əziyyət çəkdiyi rejimə qayıtmaq mümkün olmayacaq”, – qərbyönlü müxalifətçiStepan Safaryansöyləyib.

Qeyd edək ki, Azərbaycan Njdeni Zəngəzurda azərbaycanlılara qarşı soyqırımı keçirməkdə, əhaliyə qarşı qırğınlar törətməkdə ittiham edir. Tarixi mənbələrə görə, onun dəstələri 1920-ci ilin martında Azərbaycan Demokratik Respublikasının ordusuna qarşı gərgin döyüşlərdə iştirak edib. Elə Ermənistan rəsmiləri də hazırkı qalmaqalda Azərbaycanın guya məsələni qızışdırmasına eyham vururlar. Amma müəllif yazır ki, bütün bu cəhdlər Njdenin nasistlərlə əməkdaşlığına haqq qazandıra bilməyib. Ən maraqlısı isə odur ki, ermənilər burada da həyasızlığa və yalana yol verməyə çalışırlar. Məsələn, erməni saytlarından birinin yazmasına görə, Vermaxtda erməni legionunun yaradılmasının əsl məqsədi "Türkiyə təhlükəsini önləmək” olub. "Görünür, Njde savaşı beynəlxalq miqyas ala bilər, "artıq bu ziddiyyətli qəhrəmana Bolqarıstanda da heykəl qoyulacaq”, – deyə müəllif C.Kuçera sonda qeyd edib.

Xatırladaq ki, yanvarda Rusiya Dövlət Dumasında "Nasizmin yüksəlişi ilə mübarizə və neonasizmin qayıdışı: hüquqi aspektlər” mövzusunda Dəyirmi masa keçirilib, iştirakçılar Ermənistanı Njdenin 2016-cı ildə ucaldılmış heykəlini götürməyə çağırıblar.
Kamran

banner

Oxşar Xəbərlər