“Njde” qalmaqalı böyüyür
Ermənistanla Rusiya arasında nasistlərlə əməkdaşlıqla bağlı tarixi
mübahisə qızışmaqdadır. Söhbət Ermənistanın nasistlərlə əməkdaşlıq etmiş daşnak
Qaregin Njde ətrafındakı gedən gərginlikdən gedir. Bu dəfə artıq Qərb mediası
məsələyə geniş yer ayırıb. "Eurasianet.org” saytında Coşua Kuçera adlı müəllif yazır
ki, bu qalmaqal iki müttəfiqin onsuz da nahamar münasibətlərinə bir də İkinci Dünya
müharibəsi amilini əlavə edib. Müəllif yazır ki, Rusiyanın aparıcı
deputatlarından birinin (Söhbət Federasiya Şurasının üzvü Lyudmila Kozlovanın
məqaləsindən gedir) imzasıyla fevralın 6-da "Nezavisimaya qazeta”da belə bir
məqalə çıxıb: "Nasizmin Baltiklərdən Ermənistana qayıdışı”. Müəllif bu mövzunun
Rusiya üçün yeni olmadığını vurğulayır. Məqalədə qeyd edilir ki, Moskva son
illər öz ölkələrini sovet idarəçiliyindən xilas etməkdən ötrü İkinci Dünya
müharibəsi zamanı Almaniyayla əməkdaşlığa getmiş "milli qəhrəmanları” gözdən
salmağa çalışır. Amma Baltiklərlə Ukraynadan fərqli olaraq, Rusiyanın yaxın
müttəfiqi olan Ermənistan üçün durum fərqlidir. "Rusiyanın strateji müttəfiqi
olan Ermənistanın paytaxtı Yerevanın mərkəzində 3-cü Reyxlə əməkdaşlığa getmiş Qaregin
Njdeyə abidə qoyulub”, - yazan Lyudmila Kozlovaəlavə edir ki, "Njdenin əlində
minlərlə babamızın, ulu babamızın qanı var.
Müəllif Njdenin ziddiyyətli tarixi fiqur olduğunu qeyd edir. Onun on
illər boyunca Ermənistanın düşmənləri – Osmanlı Türkiyəsi, sovet Rusiyası ilə
savaşdığını iddia edir. "Amma Njde İkinci dünya müharibəsi başlayınca
Almaniyaya yardım təklif edib, onlarla əməkdaşlığa gedib”, - deyə əlavə edib.
Məqalədə erməni rəsmilərinin də məsələyə münasibəti əks olunub. Onlar isə hər
vəchlə faşist əlaltısından "milli qəhrəman” obrazı yaratmağa çalışıblar.
"Njdeni faşistlərlə bağlamağa çalışanlara cavabım belədir: kimsə faşistlərlə
əməkdaşlıq edibsə, 1933-41-ci illərdə Molotovla Stalinin rəhbərliyi altında
bütün sovet rəhbərliyi belə davranıb, Adolf Hitlerin nasist Almaniyası ilə
hücum etməmək paktı bağlayıblar”, – deyə Ermənistanın hakim Respublikaçı
Partiyasının sözçüsüEduard Şarmazanovdeyib. "Əlbəttə, nə
rusiyalılar Njdenin heykəlini götürə biləcəklər, nə də biz Lenini Yerevandan
aparıb dəfn edə biləcəyik. Amma Rusiyada azından, dərk etməlidirlər ki, erməni
xalqının əziyyət çəkdiyi rejimə qayıtmaq mümkün olmayacaq”, – qərbyönlü müxalifətçiStepan
Safaryansöyləyib.
Qeyd edək ki, Azərbaycan Njdeni Zəngəzurda azərbaycanlılara qarşı
soyqırımı keçirməkdə, əhaliyə qarşı qırğınlar törətməkdə ittiham edir. Tarixi
mənbələrə görə, onun dəstələri 1920-ci ilin martında Azərbaycan Demokratik
Respublikasının ordusuna qarşı gərgin döyüşlərdə iştirak edib. Elə Ermənistan
rəsmiləri də hazırkı qalmaqalda Azərbaycanın guya məsələni qızışdırmasına eyham
vururlar. Amma müəllif yazır ki, bütün bu cəhdlər Njdenin nasistlərlə
əməkdaşlığına haqq qazandıra bilməyib. Ən maraqlısı isə odur ki, ermənilər
burada da həyasızlığa və yalana yol verməyə çalışırlar. Məsələn, erməni
saytlarından birinin yazmasına görə, Vermaxtda erməni legionunun yaradılmasının
əsl məqsədi "Türkiyə təhlükəsini önləmək” olub. "Görünür, Njde savaşı
beynəlxalq miqyas ala bilər, "artıq bu ziddiyyətli qəhrəmana Bolqarıstanda da
heykəl qoyulacaq”, – deyə müəllif C.Kuçera sonda qeyd edib.
Xatırladaq ki, yanvarda Rusiya Dövlət Dumasında "Nasizmin yüksəlişi
ilə mübarizə və neonasizmin qayıdışı: hüquqi aspektlər” mövzusunda Dəyirmi masa
keçirilib, iştirakçılar Ermənistanı Njdenin 2016-cı ildə ucaldılmış heykəlini
götürməyə çağırıblar.
Kamran