“Nizami” Kino Mərkəzində pulsuz kino günləri

“Nizami” Kino Mərkəzində pulsuz kino günləri

Mədəniyyət
01 Noyabr 2012, 17:07 1674
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Nizami” Kino Mərkəzində keçirilən “Carçı film” günləri teleradio işçilərinin peşə bayramına həsr olundu. Noyabrın 5-dək davam edəcək tədbir çərçivəsində “Nizami” Kino Mərkəzində “Carçı film” tərəfindən çəkilən filmlərin pulsuz olaraq göstərilməsi nəzərdə tutulub. Belə ki, həmin günlər ərzində “Fosfor adam”, “Azarkeş”, “Əzizim Fellini”, “Sovqat” , “Gəl təzədən evlənək”, “Qovğalı kəndinin gecələri”, “Yanlış da bir naxışdır” ekran əsərləri nümayiş etdiriləcək.
İTV-nin əməkdaşı Yusif Cavadoğlu mərasimi açaraq bildirib ki, tədbiri keçirtməkdə əsas məqsəd tamaşaçıları çəkilən filmlərlə tanış etməkdir: ““Carçı film” yaradıcılıq birliyinin 200-dən çox serial və televiziya filmləri təqdim olunub”.
İTV-nin baş direktoru İsmayıl Ömərov qeyd edib ki, “Carçı film” Yaradıcılıq Birliyinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunmasıdır: ”Bu Yaradıcılıq Birliyi yarandığı zaman, yerli televiziyaları xarici filmlər zəbt etmişdi. Həmin müddətdə Azərbaycanın milli dəyərlərini göz önünə gətirən filmlər çəkilməyə başlandı. Həmin dövrlərdə məişət problemlərini, xalqımızın adətlərini işıqlandırdıq və nəticə olaraq ən çox reytinqləri qazanan verilişlərin siyahısına qatıldıq. Elə bir zamanda fəaliyyətə başladıq ki, həmin zaman heç kəsin ağlına film çəkmək kimi bir ideya gəlmirdi. Sənədli filmlərlə işə başladıq, Azərbaycanın sənətkarlarına, şairlərinə müraciət etdik”. İ.Ömərovun sözlərinə görə, filmlərin sanballı alınması üçün Türkiyədən, Rusiyadan reportajlar hazırlanıb: “İlk addımlarımızda bizi dəstəkləyən rejissorlarımıza, şairlərimizə dərin təşəkkürlərimi bildirirəm”.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, Azərbaycan kinosunun 10 illik inkişaf strategiyasını müəyyənləşdirən ölkə prezidenti İlham Əliyev filmlərin çəkilişi ilə bağlı işlərin görülməsini Mədəniyyət və Turizm Nazirliyinə həvalə edib: ”Kino canlı orqanizmdir ki, onun inkişafı istedadlı rejissor, aktyor, bəstəkarın yetişdirilməsi deməkdir. “Carçı”nın filmlərinə böyük əmək sərf edilib. Bu layihəni alqışlayıram və davamlı olaraq belə layihələrə aidiyyatı qurumlarla birgə dəstək olmağa hazırıq”.
Millət vəkili Qənirə Paşayeva kino üçün belə layihələrin keçirilməsini önəmli hadisə adlandırıb: “Bu sahədə uzun müddətdir ki, filmlərimiz durğunluq yaşayırdı. Belə filmlər tamaşaçılara tariximizi görüntülü şəkildə öyrənməyə imkan yaradır. Layihədə sənədli filmlər təqdim olunur ki, bu da çox önəmli mahiyyət daşıyır. Getdikcə filmlərimiz çoxalır, peşəkarlıq səviyyəsi də günü-gündən artmaqdadır. Biz kino sənətində mənəvi-əxlaqi məsələlərə işıq salmalıyıq. Televiziyalarımızı xarici filmlərin başına götürməsi bir azərbaycanlı olaraq insana təsir edirdi. Xalqımızın başına gətirilən hadisələrdən sonra bu sahədə bir az durğunluq yaranmışdı. Televiziya elə bir gücdür ki, xalqımızı dünyada tanıdıb, irəliyə doğru apara bilər. İstərdim ki, digər televiziya kanallarımız belə layihələrdən örnək götürsünlər”.
“Azərbaycanfilm” studiyasının direktoru Müşfiq Hətəmov kinonu böyük kommersiya sahəsi kimi dəyərləndirib: “Sevindirici haldır ki, Kinostudiyaya yeni rəqib gəlib. Biz “Carçı film” Yaradıcılıq Birliyinə hər an kömək etməyə hazırıq və əlimizdən gələn bütün köməkliyi də əsirgəməyəcəyik. İnanıram ki, əməkdaşlığımız uzun müddət davam edəcək. Hazırda televiziyalarımızda serial çəkimləri başlayıb, bu sevindirici haldır. Biz çalışırıq ki, dünyanın məşhur şirkətlərindən gələn rejissorlar burada yüksək texnikalarla təchiz edilmiş studiyalarda işləyə bilsinlər. Çalışmalıyıq ki, bütün standartlara cavab verən mexanizm quraq”.
Tanınmış şair Ramiz Rövşən isə televiziyadakı bayağı verilişlərdən şikayətlənib: ”Televiziyalarda yayımlanan bayağı verilişlərdənsə, tamaşaçı zövqünü tərbiyələndirən əsərləri yayımlamaq daha faydalıdır. “Carçı” studiyasının mənim ssenarim əsasında çəkdiyi “Səhərə inan” filmində kifayət qədər ciddi məqamlara toxunmuşuq. Burada əsas məsələ Azərbaycanda nikahların pozulmasına yönəlib ki, bu da dövrümüzün ən aktual problemlərindən biridir. Televiziya ruhun ərazisidir, mənə elə gəlir ki, biz əxlaqi dəyərlərə arxalanaraq işimizi görməliyik. Televiziya bir güzgüdür, çalışaq ki güzgümüz kirlənməsin”.
Xalq yazıçısı Sabir Rüstəmxanlı qeyd edib ki, bu gün televiziya kanallarımızda Azərbaycanı təmsil edən verilişlər göstərilməlidir: “Biz televiziyada yayımlanan bayağı verilişlərə baxdıqda, nə qədər xəcalət çəkiriksə, dünyanın o biri başında televiziyamızı izləyən soydaşlarımız da ən azı bizim qədər xəcalət hissi keçirirlər. Azərbaycan kanalları kabel vasitəsilə dünyada yayımlanır. Bizim teatrlardakı aktyorların əzab çəkən, qoca insanları canlandıran simalarına baxanda düşünürəm ki, onlardan film aktyoru olmaz. Azərbaycan ədəbiyyatında kifayət qədər oxunaqlı materiallar var, bunlardan sanballı filmlər çəkmək olar”.
Tədbirin sonunda ssenari müəllifi Ramiz Rövşən, quruluşçu rejissoru Cavid Təvəkkül olan “Səhərə inan” filmi təqdim edildi.

Xəyalə Rəis