• çərşənbə, 24 Aprel, 03:16
  • Baku Bakı 14°C

“Nizami Gəncəvi haqqında hər şey”

23.01.19 09:08 1156
“Nizami Gəncəvi haqqında hər şey”
Özbəkistandakı Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində "Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verilib. Qeyd edək ki, müsabiqə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2019-cu il üçün imzalanmış iş planına uyğun həyata keçirilir.
Qeyd edək ki, "Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsi üzrə bir neçə nominasiya elan edilib: nominasiyalara "Nizami əsərlərinin bilicisi”, "Bədahətən Nizami qəzəlləri”, "Nizami irsinin davamçılarının yaradıcılığı” və s. daxil edilib.
Müsabiqədə tələbələrlə yanaşı Özbəkistan ali məktəblərinin müəllimləri, elmi işçiləri də iştirak etmək imkanı verilib.
Münsiflər heyətində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərliyi təmsil olunur.
Müsabiqənin əsas şərtləri var: Nizami Gəncəvi irsinə dair dərin məzmunlu və geniş ədəbi təhlil aparmaqla yaradıcı inşanın hazırlanması, Nizami yaradıcılığı və dahi söz ustadının əsərləri əsasında qısa sual-cavab. Qeyd edək ki, Nizami Gəncəvi irsinin araşdırmaçıları bölməsi üzrə hazırda Özbəkistanda Nizami irsini araşdıran elm xadimləri, filosoflar və onların yazdıqları tədqiqat əsərləri üzrə suallar cavablandırılmalıdır.
Müsabiqənin sonuncu yekun şərti isə Nizami Gəncəvi qəzəlləri üzrə olacaq. Qəzəlləri bədahətən söyləmək, onu təhlil etmək və bu barədə öz düşüncələrini bölüşmək.
"Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsi iki mərhələdə keçirilir. Birinci mərhələ cari ilin fevral ayının sonuna qədər icra olunacaq və birinci yeri əldə edən müəllim və tələbələr ikinci mərhələdə iştiraklarını təmin edəcəklər. İkinci mərhələ cari ilin mart ayının 21-də Novruz bayramı tədbirində başa çatacaqdır.
İlk üçlüyü qazanmış qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin Özbək dilinə tərcümə edilmiş kitab kolleksiyası və hər üç təşkilatın Fəxri diplomları ilə təltif olunacaqlar.
banner

Oxşar Xəbərlər