AZE | RUS | ENG |

Nizaməddin Şəmsizadə: Həqiqət yalnız bizim xəyallarımızdadır

Nizaməddin Şəmsizadə: Həqiqət yalnız bizim xəyallarımızdadır
“Sevdiyim əsər” layihəsi

"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir. Onun sevdiyi əsər Elçinin "Baş” romanıdır.

  – Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Elçinin "Baş” romanı sizin sevdiyiniz əsərdir? 
  – Belə fikirləşirəm ki, 60-70-ci illər ədəbi prosesi 21-ci əsrə keçəndə bir qədər duruldu. Yəni bədii ədəbiyyatdan çör-çöp təmizləndi. C.Cabbarlı,  Məhəmməd Füzuli haqqında deyirdi ki, o, ədəbiyyatımızı xəşəmdən təmizlədi. Bir növ yazıçılar daha çox sərbəstlik əldə etdilər. 60-cı illərdə Stalinin şəxsiyyətə pərəstişindən sonra Xuruşov mülayimləşməsi başladı. Qorbaçovun hakimiyyətə gəlməsi ilə də bir balaca nəfəs verildi. Xuruşov mülayimləşməsi dövründə Anarın qəhrəmanı Nemətin qəzet köşkünə "Pravda var?” sualını ünvanlaması və onun "Pravda harda var?” cavabı ilə cavablandırılması bəzi mətləbləri üstüörtülü deyirdisə, artıq sonrakı dövrlərdə baş verən meydan hərəkatında həmin ədəbiyyatın qəhrəmanları milli azadlıq tələb etdilər. Bu mənada Elçinin "Baş” romanı özünün yaradıcılıq təkamülünün gözəl nəticəsidir. Onun "Baladadaşın ilk məhəbbəti”, "Ox kimi bıçaq” və s. povestləri və digər bütün romanları bu səviyyədə deyil. Bu əsər tarixi hadisələr fonunda yazılmış psixoloji romandır. Elçin bu günlə bağlı müəyyən faktları və fikirlərini gizlətmək üçün 19-cu əsr Rusiya hakimiyyətindən bəzi tarixi faktları qələmə alıb Bu əsərin ikinci məziyyəti odur ki, onun poetikası yenidir. Bu, təkcə Sisianovun başına gələn tarixi olaylarla bağlı yaddaş romanı, yaxud roman içində roman deyil, üslubun təkamülü formasında yazılmış bir əsərdir. Elçin, əsas nəticələri oxucunun özünə buraxır. Məsələn, romanın qəhrəmanı "O kimdir?” yaxud "O nədir?” Roman şüur axını əsasında yazılıb. Mən bu romanı "roman-esse” adlandırardım. Çünki ipəkqurdu yarpağı yeyib özünə yuva qurduğu kimi, sanki Elçin də tarixi həzm edərək orada bir yuva qurur. Təəssüf ki, bu yuva da boşdur. Yuva ona görə boşdur ki, oxucu bunu özü fəhm etməlidir. Bu roman tarixi bilgi ilə fəhm əsasında yazılıb. Ümumiyyətlə, bu əsər fəhm olunma vasitəsilə anlaşılan romandır. 

  – Sizcə, öz romanı "Baş” adlandıran yazıçı insanlığın başsızlığına işarə edirmi, yoxsa burada başqa məna var? 
  – "Baş” başsızlıq haqqında romandır. Harda başsızlıq var, orda milli fəlakətlər var. H.Cavidin dediyi kimi "İdraki sönük başçıların ğəfləti ancaq, Etmiş, edəcək bizləri həp əldə oyuncaq”. Bu, idraki sönük başlar haqqında romandır. Burada söhbət bircə generalın başından getmir. O, rus imperiyasının simvoludur. Əsərdə bir hissə haqqında fikir bildirmək istərdim. Bakı xanı Hüseynqulu xanın bacısı oğlu Mahmud Ağa çox cəsarətli türk kimi təqdim edilir. O, qorxunc imperiya generalını bir dəqiqəyə güllənin ağzına verir. Sisianov öldükdən sonra Bakının axundu molla Müzəffər Ağanın göstərişi ilə meyitin başını kəsirlər. Fikrimcə, bu, bir din xadiminə yaraşmayan hərəkətdir. Bu, romana müəyyən qüsur gətirir. İkinci iradım isə Sisianovun Knyaz Volkakominski ilə məktublaşmasının göstərilməsidir. O dövr  rus imperiyasının hakimiyyət dairələrində gedən prosesləri əks etdirmək üçün bu üsul uğurlu olsa da, psixoloji roman kimi "Baş”ı tempdən salır. Bu romanın gözəlliyi, birnəfəsə oxunması və oxucunu gərginlikdə saxlamağıdır. Roman haqqında danışmaq üçün, əslində onu iki dəfə oxumaq lazımdır. Mən bu əsəri əlyazmasından oxumuşam. Elçin fikrimi bilmək istəyirdi. Ona görüşdüyümüzdə, bu əsərdə bəzi mətləbləri açmağı ehtiyat etdiyini söylədim. Gülüb "yox” desə də, bu romanın digər hadisələr fonunda "O”nun romanı olduğunu düşündüyümü dedim. "O” kimdir? "O” orijinal bir obrazdır. "O” şəffaf və çəkisiz varlıqdır. "Sərhədsiz və məkansız görünən məkanda” ifadələri bu obrazın mistik olma ab-havasını yaratsa da, əslində, belə deyil. Bu, müasir bir yazıçının dövrün həqiqətlərindən qaçmaq üçün yaratdığı bir obrazdır. Bu, Elçinin təfəkkürünün məhsuludur. Mən deyərdim ki, hətta "O” Elçinin özüdür. Çünki bütün hadisələrə "O” nəzarət edir. Gənc Sisianovun Yemilyan Pilaçovun asılmasında iştirak etməsi, gürcü çariçası Marinanın general Lazarevi öldürməsi, yaxud rus çar saraylarında I Pyotrun, II Yekaterinanın, Pavelin saraylarında baş verən hadisələrə "O” qiymət verir. Həmçinin Sarı çoban qızının at müqabilində satılması, Abbas Mirzənin ondan istifadə etməsi əsl faciədir. Əsərdə təsvir olunan Fətəli şahın sarayı, Abbas Mirzənin əyyaşlığı və bizə münasibəti çox böyük maraq doğurur. Başı kəsib torbaya saldıqdan sonra nümayəndə heyətilə Abbas Mirzəyə Fətəli şaha çatdırılması üçün göndərilir. Bu, həmin Abbas Mirzədir ki, Gülüstan müqaviləsini rus generalı ilə birlikdə imzalamışdı. Bu, tarixi şəxsiyyət olan şahzadə Abbas Mirzədir. Qəribədir ki, o, heç molla Müzəffər Ağanı və igid Mahmudu qəbul etmir. O, molla Müzəffər Ağanın gedib öz mollalığını etməsini istəyir. Mahmudu isə ümumiyyətlə, hüzurundan çıxarır. Mahmud, əslində, Fətəli şahla görüşmək istəyir ki, türkləri birləşdirmək ideyasını ona versin. Fətəli şah türk olmasına baxmayaraq, İran şahı heç türkləri birləşdirərdimi? Belə olacağı təqdirdə, Azərbaycanı işğal etmiş bir imperiyanın generalının başını digər işğalçıya göndərməyin mənası nədir? Həmin dövrün hadisələri zənci saçları kimi dolaşıqdır və həmin dolaşıqlıq da romanda aydın görünür. 

  – "Baş” Elçinin dördüncü romanıdır, sizcə, əvvəlki romanlarla bu roman arasında hansı daxili ideya bağları var. "Baş” onları başa vururmu?
  – Elçinin iki romanı – "Mahmud və Məryəm” və "Ağ dəvə” haqqında yazmışam. Onun "Ölüm hökmü” romanı xoşuma gəlmədi. Çünki orada Mir Cəfər Bağırova qarşı düzgün tarixi münasibət yoxdur. Yazıçı, əslində, həqiqəti açmalıdır. Siyasətin arxasınca getməməlidir. "Mahmud və Məryəm”də Səfəvilər imperiyasının tənəzzülündən sonrakı Azərbaycan xalqının faciəsi verilib. "Ağ dəvə”də bizim 30-cu illərdəki faciəmiz verilir. "Baş” romanında olan ideya bağlılığı isə xalqın taleyinin necə olacağı düşüncəsidir. Şəffaf və çəkisiz olan varlıq sərhədsiz və zamansız görünən məkanda taleyi axtarırdı. Hansı məkanda? sualının cavabını isə oxucu özü tapmalıdır. Elçində həmçinin Azərbaycan ədəbiyyatından gələn bir ənənə var. M.F.Axundovda "nuxulular”, C.Məmmədquluzadədə "dəlilər” toplum obrazı Elçində də camaat obrazı kimi təzahür edir. 

  – Elçinin 90-cı illərdə yazdığı bir çox əsərlər "ağıldan bəla” problemi ilə bağlı idi. Məsələn, "Diaqnoz d”, "Dəlixanadan dəli qaçıb”, "Mənim ərim dəlidir”. Sizcə, yazıçının ağıl, şüur, idrak probleminə 30 ildən artıq ardıcıl müraciətləri nədən doğur?  
  – Elçin məqsədlərini aydın vermir. Bunun əsas səbəbi odur ki, Elçin çıxılmaz vəziyyətdən çıxış yolu axtarır. O, fikirlərini dəlilərin dili ilə çatdırmağa çalışır. Yaşar Qarayev yazır ki, Mirzə Cəlil heç də Məmmədhəsən əminin itmiş eşşəyini axtarmır. Məmmədhəsən əminin varlığında itmiş vətəndaşı axtarır. Elçində də bu tezis çox güclüdür. Yaşar Qarayevin digər bir fikri isə ədəbiyyatın, ağrı yaddaşının faciəsi olmasıdır. Elçinin dramlarındakı ağrı yaddaşıdır. Yaddaşla məşğul olmaq, bir növ də bu mövzudan çıxa bilməmək əlamətidir. Özünü təkrar və mövzusuzluq əlamətidir. Onun "Teleskop” pyesinə maraqla baxsam da, yeni olmadığını qeyd etməliyəm. Məsələn, ya yuxuda, ya da xəyalda o dünyaya gedib bu dünyaya qayıtmaq istəməmək ideyası çoxdur. Burada Arif Abdullazadənin bir beytini xatırlatmaq istərdim. "Tövbə, ömür adlı kəlməyə tövbə, Bir də bu dünyaya gəlməyə tövbə”. Bu dünya bəziləri üçün maraqlıdır. Bizim həyatımıza baxanda Qoqulun "Ölü canlar” əsəri yadıma düşür. Mən də "Yeriyən tabutlar” adlı hekayə də yazmışam. Elə bil müxtəlif rəngli tabutlardır, hamısı yeriyir. Müasir insanın üzündə fərəh hissi yoxdur. Biz bəzi məsələlərdə dünya ədəbiyyatının arxasınca gedirik. Xüsusilə qlobal məsələləri həll etmək məsələsində bu aydın görünür. Ədəbiyyat hələ Qarabağ tarixini açmayıb. Əsərlər, tarixi faktlar açılmamış yazılmalıdır. Burda fantastikadan danışılmır. Ədəbiyyat uzaqgörən olmalı, ən azı 50-100 il qabağı görməlidir. Yazıçı fəhmi, bəsirət gözü bunun üçündür. Elçinin romanında bu, bir qədər var. Fəhmlə yazılan bu roman fəhmli oxucu üçündür. Bu roman haqqında bəlkə də, 20-dən artıq məqalə yazılıb. Amma o romanı hələ də heç kim tam şəkildə aydınlaşdırmır. Çünki oxucu bu romanla nə edəcəyini bilmir. Bu roman 200 il öncəki həqiqətlər deyil. 200 il öncəki həqiqətləri ədəbiyyat yox, tarix deməlidir. Ədəbiyyat 200 il sonrakı həqiqətləri deməlidir. Elçin bu iki fikir arasında qalıb. 

  – Sizcə, "Baş” romanı hansı yaradıcılıq metodu ilə qələmə alınıb? 
  – Bu romanda postmodernizmin bəzi prinsipləri var. Psixologizm isə daha çox üstünlük təşkil edir. "Baş” sırf tarixi fonda yazılmış psixoloji bir romandır. Zahirən realist metodla yazılsa da, əslində, dünya ədəbiyyatında dəbdə olan şüur axını ilə qələmə alınıb. 

  – Yazıçı "Şekspir” və "Teleskop” pyeslərində "mütləq həqiqətin ölçüsü varmı” problemini qoyur və buna "yox” cavabını verir. Bildirir ki, həqiqət nisbidir. Hər kəsin öz həqiqəti varmı? Sizcə, "Baş”da da yazıçı bu həqiqəti müdafiə edirmi? 
  – Həqiqət yoxdur. Sufilər min ildir ki, həqiqəti ancaq Allahda görür. Ona görə də, sufizmdə 4 mərhələ var: Şəriət, təriqət, mərifət, həqiqət. Həqiqət artıq Allaha çatmaqdır. Yer üzündə həqiqət yoxdur. Nitşe deyir ki, nə etməli, hakimiyyət həmişə əyri ayaqlar üzərində bərqərar olur. Napoleon Fransanı imperiya elan etmək üçün konstitusiya yazdırmaq istəyir. Fransanın hər yerindən ziyalıları, alimləri yığır və hamı gözləyir ki, Napoleon böyük nitq söyləyəcək. Napoleon gözlənilənin əksinə, iki söz deyir: "Anlaşılmaz yazın”. Əksər ölkələrdə qanunlar hədsiz anlaşılmazdır. Belə olduğu təqdirdə, həqiqəti hardan tapaq? Həqiqət yalnız bizim xəyallarımızdadır.
 
  – Mənə elə gəlir ki, Elçin bu romanında ümumən insanlığın öz başını itirməsindən danışır. Konkret olaraq bu düşüncəni vermək üçün Sisianovla bağlı məlum olayı seçməsi nə ilə bağlıdır? 
  – Bu romanın bir məziyyəti də odur ki, yazıçının yazdıqları ilə rus işğalı bir daha yada salınır və bu münasibətləri psixoloji cəhətdən çözür. Romanı oxuyanda görülür ki, Azərbaycanda birlik yoxdur. Buna görə də Sisianovun qabağına çıxmağa adam olmadığı üçün hamı təslim olur. Elçin ümumbəşəri məsələyə toxunur. Başsızlıq olan yerdə ailədən tutmuş nəhəng imperiyaya qədər, hamını fəlakət gözləyir. Yazıçı oxucuya bunu çatdırmaq istəyir. Buna görə də bir növ o dəlilərə müraciət edir. Dəlilik başsızlığın başqa bir formasıdır. Amma burada qeyd olunan məsələ daha konseptual, bəşəridir. Şəxsiyyətin birinci əlaməti təfəkkürlə bərabər cəsarətdir. 

  – M.F.Axundov Dərviş Məstəli şahın və Molla İbrahimxəlililin, Mirzə Cəlil isə Şeyx Nəsrullahın möcüzə törətməsinə inanmırlar. Elçin isə sanki öz romanında Fətəli şahın göstərişi ilə qeyri-adi qabiliyyət sahibi olan Əxvarinin Sisianovun başının kəsilməsindəki roluna heç də birmənalı inamsızlıqla yanaşmır. Bu, "Baş”ın ənənəvi maarifçilik düşüncəsindən çıxıb neo-maarifçilik romanı olduğunun göstəricisi sayıla bilərmi? 
  –  "Baş” romanını roman janrının tarixən formalaşmış ənənəvi poetikası ilə izah etmək mümkün deyil. Burda təhtəlşüurluluq iştirak etməsi romanın qeyri-adiliyini təyin edən cəhətdir. Əsərdə kapitan Suxerev obrazı diqqəti cəlb edən obrazlardandır. Rus imperiyası generalının başını kəsdirən yazıçı, digər təmiz qanlı rusa böyük hörmətlə yanaşır. Bu, özlüyündə ziddiyyət kimi görünsə də, belə deyil. Hakimiyyət başqa, xalq başqadır. Elçinin romanında o vaxtkı hakimiyyətə nifrət, xalqa hörmət var. "O” obrazı timsalında bunu daha aydın görə bilərik. Yazıçıda möcüzələrə inanmaq sufi düşüncəsindən gəlir. Buna Mənsur Həllacın möcüzələrini misal göstərmək olar. Bunlar əfsanə deyil. Buna dair çoxlu misal gətirə bilərəm. Elçin də istəyir ki, şahın dediyinə inansın. Burda həm də bir az şərq fanatizmi də özünü göstərir. Fanatizmdən qurtulmaq lazımdır. 

  – Bəzi tənqidçilər Bakı xanı Hüseynqulunun qardaşı oğlu Mahmudun, yəni Sisianovun qatilinin türkçü mövqeyini müəllifin mövqeyi ilə eyniləşdirirlər. Sizcə, Elçin tarixi fakta İlahi, yoxsa milli rakursdan yanaşır? 
  – Mahmud Ağa Elçinin arzusu, onun təxəyyülünün məhsuludur. Bu təxəyyül reallığa, türkün qəhrəmanlığına əsaslanır. O, bu gün də Azərbaycan millətinə zülm edənlərin başından güllələnməsini istəyir. Mahmud Ağa Sibirə sürgün olunur. O soyuqda, başıaçıq, sırsıra bağlamış vəziyyətdə özünü "Atilla”, "Allahın qəzəbi” adlandırır. Bu, Elçinin arzusu, xəyalıdır. O, müasir türkə əcdadından nümunə göstərir ki, əsl türk bilsin necə olmalıdır. Elçin istəyir ki, gənc nəsil Atillaya, Meteyə, Əmir Teymura, İldırım Bəyazidə layiq olsunlar. Dünya ona görə gözəldir ki, orada türklər yaşayır. Harda türkcə səs eşidirəm, dönüb salavat çəkirəm. Bu, mənim əqidəmdir. Mahmud Ağanın Sibirə getməsi onun öz vətəninə, türklərin qədim torpaqlarına qayıdışı, vətəninin bir başından o biri başına gedişidir. 

  – Sisianovun mürəbbisi milliyyətcə gürcü əsilzadəsi olan Knyaz həmişə uşaq vaxtından ona Allahı və ölümü unutmamağı məsləhət görür. Bunu həm də Elçinin öz oxucularına məsləhəti kimi başa düşmək olarmı? 
  – Mürəbbiyə Sisianova şikəst oğlanı göstərərək Allahı və ölümü unutmamağı məsləhət görür. Çünki Allahı və ölümü unutmayan adam heç vaxt qəddar ola bilməz. Amma Sisianov buna əməl eləmir. Sisianovun Allahı silahdır. O, sərkərdə olduğu üçün bu düşüncəsində də bir həqiqət var. O, mütləq hər zaman qalib gəlməlidir. 

  – "Baş” romanının insanın təkəbbürünə verilən ilahi cəza haqqında əsər kimi başa düşmək olarmı? 
  – Mən belə düşünmürəm. Bütün fatehlərin axırı ya qarşı tərəfdən, ya da öz yaxınları tərəfindən qətllə qurtarır. Bütün nəhəng imperiyaların da axırı tənəzzüllə qurtarır. Bu, tarixin hökmüdür. Elçin onu ölümə məhkum etmək istəyir və bir türk oğlunun gülləsinə qurban verir. 

  – Roman rus imperiyasının Birinci Aleksandr dövründəki böyük millətçilik və dünya ağalığı ideyasına qarşı yazılıb, sizcə, bu tarixi örtük altında müasir beynəlxalq siyasətə işarə varmı? 
  – Baş, rus imperiyasının simvoludur. İşğalçılıq üzərində qurulan nəhəng imperiyanın sonu yoxdur. Güclü hakimiyyət hələ güclü imperiya demək deyil. Yazıçı mesaj göndərir. Güclü imperiya, qanunları eşidən, əhalini sevən, hər kəsə eyni gözlə baxan imperiyadır. 

  –  Romanda müsbət planda təsvir olunmuş iki qəhrəman var: gürcü knyazı Arçil Baba və Qarabağ xanı İbrahim xanın qızı, İran şahı Fətəlinin zövcəsi Ağabəyim Ağa. Lakin onların heç birinin övladı yoxdur. Sizcə, bu, təsadüfdür, yoxsa yer üzündə xeyrin kökünün kəsilməsinə işarədir? 
  – Bu, xeyrin kökünün kəsilməsinə işarədir. Yazıçı bunu oxucuya məqsədli şəkildə çatdırır. İmperiya siyasətində şər o qədər güclənib ki, xeyir qapı arasından baxır. Elçin xeyrin güclü olduğuna inanır, bu nəsillər olmasa da, gələcək nəsillərin tarixin təkamülünü döndərəcəyinə inanır.

  – Mayor Lisanoviç tərəfindən Qarabağ xanı İbrahim xan qətlə yetirilir və ailə üzvlərinin öldürülməsindən dəhşətə gələn Ağabəyim Ağa bu cinayəti törədənlərə qarğış edir. Sanki məhz bu qarğışın nəticəsində yüz il sonra bolşeviklər tərəfindən Romonovların nəsli kəsilir. Sizcə, yazıçı bu bədii həqiqəti tarixi həqiqət qədər inandırıcı verə bilibmi?
  – Mayor Lisanoviçin hərəkətlərində işğalçı rus imperiyasının qəzəbi ifadə olunur. Azərbaycan xanının təkcə özünün yox, bütün ailəsini gülləməsi fikrimizin doğruluğunu göstərir. Bu, tarixdə də olub. Romonovların özünü bir neçə fəhlə güllələdi. Elçin deməyə çalışdığı fikirləri mistik formada çatdırır. Elçinin ümumiyyətlə romanlarında bir işıq var. Məsələn, "Ağ dəvə” romanında övladlarını itirmiş qadının, yeddi oğul əvəzinə ləpirlərində ağ güllər çıxır. Ümumiyyətlə, Elçin faciələrdən yazsa da, əsərləri nikbin sonluqla qurtarır. 
 
  – Romanda zaman xronologiyası yoxdur, daha doğrusu, bir-birinə keçmiş haldadır. Bu situasiyanı nəzərə alıb, romanı absurd nümunə kimi qiymətləndirməyə bu və ya digər dərəcədə haqqımız varmı?
  – Ümumiyyətlə, Elçinin romanını heç bir metodla izah etmək mümkün deyil. Bu roman bir növ xəritədir. Absurd da, postmodernizm də, realizm də, romantizm də var. Elçin istifadə etdiyi bir çox ədəbi üsullarla müxtəlif obrazlara qarşı oxucuda fərqli münasibətlər yaratmağı bacarır. 

  – Əsərdə diqqəti çəkən obrazlardan biri də Ağabəyim Ağadır. Romanda təkcə İran şahının hərəmi kimi deyil, şair və poliqlot kimi fəaliyyəti, sarayda xanımlığı və habelə hələ Qarabağda öz doğma evlərində ikən atasından etdiyi ağıllı-kamallı xahişləri, tədbirli göstərişləri başında qalmış Ağabəyim Ağanın yeri gəldikdə dövlətin siyasi məsələlərinə müdaxilələri və s. öz əksini tapır. Bütün bu xüsusiyyətləri ilə bu obrazı necə qiymətləndirirsiniz? 
  – Ağabəyim Ağa tarixi bir şəxsiyyət olub. Mən onu nə tarixdə, nə də romanda müsbət qiymətləndirirəm. Çünki bir şaha hədiyyə verilən qadını necə nümunə göstərmək olar? Mənə görə o, özünü xəncərlə öldürsə idi, daha böyük qəhrəman olardı. İnsan kimi Ağabəyim Ağa güclü və böyükdür. Amma bir qəhrəman kimi nə tarixdə, nə də romanda bu obraz xoşuma gəlmir. 

  – "O-"nu necə xarakterizə edərdiniz?
  – "Baş” romanında hadisələr iki müstəvidə baş verir. Bir Başın yaddaşında, bir də onun taleyində. Başın taleyini yazıçı danışır. Başın yaddaşı isə onun öz dilindən verilir. Sisianov Puqaçovun edamından baş kəsmək dərsi öyrənir. Bütün hadisələr demək olar onun yaddaşında cərəyan edir. "Baş” ümumiyyətlə, uğurla tapılmış bir addır. Mən bu romanı "O” adlandırardım. "O” həddindən artıq güclü psixoloji obrazdır. "O” heç bir bədii, poetik parametrə, fəlsəfi anlayışlara uyğun gəlməyən bir obrazdır. "O” Elçinin tapıntısıdır. Şəffaf və çəkisiz varlıq olan "O” ruh kimi nəzərdə tutulsa, ona aid edilən sərhədsiz və zamansız məkan xüsusiyyətlərini necə yoza bilərik? Demək ki, belə bir şey yoxdur. "O”nun orijinallığı və mükəmməlliyi bundadır.
 
  – Sisianovun kəsilmiş başının danışmağı, heç nəyin heç vaxt ört-basdır edilə bilməyəcəyinə, yalan yazılmış tarixin nə vaxtsa mütləq üzə çıxacağına və ümumiyyətlə, heç bir sirrin qapalı qalmayacağına, tarixin dil açacağına işarədirmi?
  – Bu, yazıçı təxəyyülü ilə bağlıdır. Oskar Uyald deyirdi ki, sənət çəməndə olmayan çiçəkləri bitirməyi bacarmalıdır. Sənət al sapla göydən Ayı yerə endirməyi bacarmalıdır. Elçin də belə edir. Sisianovun başının danışmağı haqqın ədalətin ölməzliyinə işarədir. Qətllərin, qanların yerdə qalmayacağına işarədir. Sisianov ümid edir ki, haçansa onun başını kəsənin də başını kəsəcəklər. Bu romanda qəribə bir fikir var. Bəxtiyar Vahabzadənn "Baş” şeirində belə deyilir: 
Qəribə aləmdir... zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş...
Böyrək də,
ürək də,
qulaq da,
göz də
Bədəndən bədənə köçürülərmiş...
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir, axı, baş, beyin.
Baş özü, başları necə dəyişsin?
 
  Elçin yazır ki, "Baş”ın düzəltdiyi silahla başlar kəsilir. Bu müharibələrə qarşı yazılıb. Ey insan, silah düzəltmə ki, daha sonra silah sənin başını kəsməsin. Bu dünyada biz özümüz faciələri yaradırıq. Siyasət müharibəyə çevrilir. Siyasət bitdiyi, problemləri həll edə bilmədiyi yerdə müharibə başlayır. Bu roman çoxmənalı romandır. Hər bir oxucu bunu fərqli cür izah edə bilər.

  – Müəyyən bir dövrün ictimai-siyasi mənzərəsi, tarixin səhifələrindən tanıdığımız şəxsiyyətləri əsərdə canlı görürük. Bu, təkcə baş qəhrəmanlara aid deyil. Həm də epizodik surətlər də dəqiq cizgilərlə canlandırılır. Bu mənada əsərdə obrazlar çox detallı təsvir olunub. Sizcə, bu böyük əsərdə kiçik obrazların da bu qədər dəqiq yazılmasına yazıçı niyə ehtiyac duymuşdu ki? 
  – Burada epizodik obrazlardan Sarı Çoban qızı diqqəti çəkən obrazlardandır. O, həmin dövrdəki Azərbaycan qızlarının faciəsini göstərir. Eşşəyin üstünə bağlanıb göndərilən obraz isə qürura və qəhrəmanlığa nümunədir. Kəndinə qüruru zədələnmiş halda getməmək üçün kənd yolunda özünü qayadan atır. Bu cür epizodik obrazlar ideyanın çatdırılmasında mühüm rol oynayır.

  Söhbətləşdi: Fərid Hüseyn




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973