AZE | RUS | ENG |


“Niyyətim məşhur olmaq deyildi” - Fotolar

“Niyyətim məşhur olmaq deyildi” - Fotolar
Nahid Abbaszadə: “Videolarımda insanları təhqir edəcək heç bir hərəkətə yol vermirəm”

Son dönəmlər sosial şəbəkələrdə video çarxlar hazırlayıb paylaşmaq dəb halını alıb. Hətta bu  paylaşımlardan məşhurlaşanlar da az deyil. Videobloqger kimi tanınan bu gənclərin elə əsas məqsədləri də tanınmaqdır. Bu kimi paylaşımlar edən gənc müsahibim Nahid Abbaszadə isə ən məşhur serial və filmləri montaj edərək özünü də oraya daxil edir və öz şirin ləhcəsi ilə kadrlarda maraqlı bir ab-hava yaradır. Onun paylaşdığı videolar insanlar tərəfindən maraqla qarşılanır. Ötən gün Türkiyənin kifayət qədər populyar "Atv” telekanalında bu gəncin paylaşdığı videorolik haqqında süjet də vermişdilər. Nahid Abbaszadə "Eşkiya Dünyaya Hükümdar olmaz” filminin qəhrəmanı olan Deniz Çakırla onun çəkildiyi serialdan söhbət edirmiş kimi bir video hazırlamışdı. Həticədə həmin video Deniz Çakırın diqqətini cəlb edib. Məşhur aktrisa həmin videonu paylaşmış və bu video Türkiyədə böyük maraq doğurmuşdu.

Nahid Abbaszadə nəinki serial və filmlərdə, bəzən mahnı ifa edərək yerli müğənnilərimizin kliplərində də görünməyə başlayır. Hazırda Türkiyədə təhsil alan gənc aktyorumuzla əlaqə saxlayıb maraqlı söhbət etdik. İlk olaraq istərdik müsahibimizi sizə daha yaxından tanış edək. N.Abbaszadə 1991-ci ildə Qazax rayonunda anadan olub. 2000-ci ilə qədər Qazaxda yaşayıb. Daha sonra ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə köçüblər. Atası zərgər kimi işini Türkiyədə davam etdirib. Ailə 2007-ci ildə Azərbaycana geri qayıdıb. 2009-cu ildə Nahid dahi şairimiz Səməd Vurğunun da təhsil aldığı F.Şamoyev adına Qazax şəhər 4 saylı orta məktəbindən məzun olub. Həmin il  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olub. Universitet illərində Ramiz Əzizbəyli, Valeh Kərimov, İlham Namiq Kamal, Vidadi Həsənov, Pərviz Məmmədrzayev, Ötkəm İsgəndərov, Könül Axundova, Məmməd Səfa və başqa çox dəyərli sənətkarlarımızın tələbəsi olub. Onların təcrübələrindən yararlanıb.

- İndiyə qədər hansı sahələrdə çalışmısınız? 
- Universitetin 2-ci kursunda oxuyarkən həm oxuyur, həm də çalışırdım. Vüqar Camalzadə və Mahir İbrahimovun sahibi olduqları "Art global production” film şirkətində "Həyat varsa” serialının  səs rejissoru olaraq işə başladım. Həmçinin serialın bəzi bölümlərində həm aktyor kimi rol adım, həm də texniki heyətdə çalışdım. Daha sonra Azərbaycan Akademik Milli Dram Teatrında Vidadi Həsənov və Pərviz Məmmədrzayevin qurmuş olduqları "Gənc aktyorlar” studiyasında bir müddət işlədim. 2013-cü ildə universitetdən məzun oldum. 2014-cü ildə Rəşad Məmmədovun dəvəti və çox yaxın dostum rejissor Elçin Elxanlının məsləhəti  ilə "Kanal S” (indiki "ARB Şəki”)  televiziyasında yayımlanan "Ziq-zaq” verilişinin aparıcısı olaraq işə başladım. Həmkarım Sədaqət Məmmədzadə ilə birgə həftənin 5 günü pozitiv veriliş hazırlayırdıq. 2016-cı ildə "ARB” televiziyası ilə yollarımız ayrıldı və mən qohumum Rasim Tağıyevin  dəstəyi ilə Türkiyənin İstanbul şəhərində yerləşən "Sadri Alışık Akadmeyası”na qəbul olub təhsilimi davam etdirdim.

- Bəs orada kimlərdən dərs aldınız?
- Burada da öz peşələrinin zirvəsində olan insanlardan - Kərəm Alışık,  Şakir Gürzumar, Alpaslan Karaduman, Yasin Usludur, Gülcə Uğurlu, Tolqa Çiftçi, Mustafa Sancak kimi sənətkarlardan təhsil aldım. Hazırda da "Sadri Alışık Akademiyası”nda Harika Uyqur ve Hilal Sararın da içində olduğu çox möhtəşəm bir layihənin  təqdimatına hazırlaşırıq. Qeyd edim ki, bu proyektlə bağlı 150 nəfər iştirakçı arasında müsabiqə keçirildi və seçilən 25 nəfərdən biri də mən oldum. 9 ay sonra da inşallah, tamaşamız olacaq.

- Nə vaxtdan video bloqgerliklə məşğul olmağa başladınız?
- Niyyətim heç də video bloqgerlik etməkdən ibarət deyil. Sadəcə, ara-sıra öz səhifəmdə dostlarım üçün maraqlı videolar çəkib paylaşırdım. Türkiyəli aktrisa Dəniz Çakırı çox sevdiyim üçün onun rol aldığı serialdan bir səhnəni montaj edib paylaşdım. Çox bəyənildi və dostlarım paylaşmağa başladı. Daha sonra hər kəs dayanmadan yazdı ki, xahiş edirik, dayanmayın, davam edin. Mən də həftədə 1-2 dəfə paylaşımlar etməyə başladım. Onu da qeyd edim ki, çəkilişləri yaxın dostum Anar Muxtarov edir. Montaj və səsləndirmə ilə özüm məşğul oluram.

- Hazırladığınız videolara insanların marağı hansı səviyyədədir?
- Hazırladığım hər bir video insanların hədsiz marağına səbəb olur. Mən də bu işin içində olduğum üçün bilirəm ki, tənqid və iradlar da olacaq.  Amma Allaha şükür olsun ki, bəyənməyən insanların sayı çox azdır.

- İzlədiyimiz qədəri ilə, daha çox məşhur seriallardan kadrlar götürürsünüz. Bunu məşhurlaşmaq üçünmü edirsiniz?
- Bəlkə də inandırıcı gəlməyəcək, amma doğrudan da bu işə əylənmək üçün başladım. Hədəfim məşhur olmaq deyildi. Mən illərdir teatrdayam və tamaşada oynarkən aldığım zövq hər şeyə dəyər.

- Sizin paylaşdığınız video Türkiyə telekanallarının birində süjet kimi təqdim edilmişdi. İstərdik, bir az ondan danışasınız. 
- Dəniz Çakır üçün hazırladığım videonu aktrisa özü şəxsi "İnstagram” səhifəsində paylaşdı. Bu məni doğrudan da çox sevindirdi. O, Türkiyədə  çox məşhur bir insandır. Ümid edirəm, Dəniz Çakır bu dəstəyi ilə digər bütün məşhurlara örnək olar. Dəniz Çakırla bağlı hazırladığım videonun Türkiyənin "Atv” kanlında yayımlanmasından xəbərim yox idi. Gənc Tamaşaçılar Teatrının aktrisası, yaxın dostum Aygün Fətullayeva mənə zəng vurdu ki, "səni "Atv”-də göstərirlər”. Telefonumu əlimə alanda gördüm ki, tandığım-tanımadığım hər kəs yazıb ki, səni gördük. Nə yalan deyim, gözəl bir hiss idi.

- Bəs iradlara necə, tuş gəlmisinizmi?
- Xeyr, hələ ki, çox şükür, heç bir məşhur irad bildirməyib. İnşallah da bildirməz. Çünki videolarıma diqqət etsəniz, insanları təhqir edəcək heç bir hərəkətə yol vermirəm. Dediyim kimi, məqsədim azca da olsa üzlərdə təbəssüm yaratmaqdır. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin vitse-prezidenti Hacı Quliyev də "Bəyaz şou” ilə bağlı hazırladığım videolardan birini paylaşaraq belə bir fikir yazıb, mənim haqqımda:  "Düşünməyin, Nahid "Bəyaz şou”dadır. Əsas maraqlı tərəfi də odur ki, montaj vasitəsi ilə Nahid hər proqrama və filmə daxil olub oranın qəhrəmanına çevrilə bilir”. Bu sözlər gördüyüm işi ən gözəl şəkildə ifadə eden bir statusa çevrildi. Xalq artisti Faiq Ağyev də videolarımı izləyib və çox bəyəndiyini bildirən bir şərh paylaşıb.

- Belə başa düşdüm ki, bu videoların hazırlanmasında işlədiyiniz yerlərdə əldə etdiyiniz təcrübənin də sizə böyük köməyi olub. 
- Əlbəttə, montaj və səs proqramlarını bilməyim hazırladığım videoların daha da keyfiyyətli alınmasına çox kömək edir. İzləyən insanların müsbət fikir bildirmələri bu işə olan həvəsimi daha da artırır. 

-  İstərdik ki, bizə gələcək planlarınızdan danışasınız. 
- Çox maraqlı, həm də çox çətin sualdır. Mən Azərbaycandakı bütün həyatımı, işimi, dostlarımı, ən əsası da ən çox sevdiyim anamı qoyub, Türkiyəyə köçdüm. İndi mənim Türkiyədə bir hədəfim var. O da  təhsilimi davam etdirib, vurğunu olduğum sənətimdə daha yaxşı işlər görməkdir. İnanın ki, bunun üçün də çox əziyyət çəkirəm və çalışıram. Niyyətim heç də serial və kino ulduzu olmaq deyil. Burdakı dövlət teatrında işləsəm, mənə bəs edir. Və inanın ki, bir gün burada müəyyən pilləyə qədər yüksələ bilsəm, Azərbaycandan buraya gəlib sənətlə məşğul olmaq istəyən hər kəsə əl tutacam. Burda (İstanbulda – müəllif) yaşayan bəzi azərbaycanlılar kimi etməyəcəm (gülür).

-  Sizin Röya ilə montaj olunmuş klipinizi gördük. Hətta kliplərdə də iştirak edirsiniz.  
-  Röyanı çox sevirəm. Həm səsini, həm də özünü. Onun ifasında sevərək dinlədiyim "Sənə ehtiyacım var” mahnısı gözəl ifalarından biri idi. Ümid edirəm ki, Röyanın duet ortağı olan tanınan ifaçı  Xəyyam Nisanov bu duetə görə məndən inciməz. Röya ilə montajla bir araya gəlmək belə, gözəl idi. Və gələcəkdə başqa sevilən kliplərə də icazəsiz girməyi planlaşdırıram (gülürük). 

- Sonda oxuculara sözünüz. 
- Mənə dəstək olan hər kəsə, videolarımı bəyənib paylaşan insanlara çox təşəkkür edirəm. Ən başda isə "Kaspi” qəzetinin kollektivinə. Bir də bu gün 8 Mart qadınlar günüdür. Bu gün münasibəti ilə bütün xanımları, o cümlədən anamı təbrik edirəm. Anamın əllərindən öpürəm. Bayramınız mübarək, əziz xanımlar.  

Xəyalə Rəis








Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025