AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Niyə yalnız qar haqqında düşünə bilmirik?

Niyə yalnız qar haqqında düşünə bilmirik?

08 Mart 2020, 09:30 1913
Maksans Ferminin "Qar” romanı haqqında

Psixoloji məqam

Niyə yalnız qar haqqında düşünə bilmirik? Bu, cavabı yüz yerə yozulası, fikir qapılarını taybatay açan, bizi daha sonsuz düşüncələrin uçurumuna çağıran bir sualdır. Qar haqqında düşünmək namümkündür, çünki insan uşaqlıq dövrünü adlayandan sonra onun beyni yalnız bir şey haqqında düşünə bilmir. Bizlər – yetkin insanlar nə düşünürüksə, onun ətrafında mütləq başqa nələrsə də olur. Məsələn, Tanrını düşünürüksə, mütləq beynimizdəki dini aspektin reallıqları da həmin məqamda meydana gəlir. Yaxud bir qadın barədə beynimizin "damarlarını dartırıqsa” – fikirləşiriksə, mütləq onunla bağlı ya hansısa xatirə, ya da plan, arzu, yaxud da onunla əlaqəli digər adamlar düşüncə mühitimizə daxil olur. Yəni, yalnız bir şey haqqında düşünmək daha çox uşaqlara xas əlamətdir. Maksans Ferminin "Qar” romanında qəhrəman daim qar haqqında düşünür və əsərə Artur Rembodan "Yalnız qar haqqında düşünmək” misrası epiqraf seçilib. Mən Rembonun həmin misralarını öz məntiqim çərçivəsinə salaraq yozuram ki, şair bu misrayla bizi yalnız bir şey haqqında – ancaq qar barəsində düşünməyə – uşaq saflığına səsləyir.

Proses

Əsərin qəhrəmanı şair Yuko daim iki şey haqqında düşünür: Hayku və qar. Barəsində fikirləşdiyi hər iki nəsnə də minimalist təfəkkürün (qar tez əriyir, hayku əlüstü bitir) məhsuludur. Bu məqamın ən incəsənət tərəfi prosessuallıqdadır: Yəni qar yağarkən, şeir yazılarkən "ən gözəl anlarını yaşayır” və bitir. Əsərdə ata ilə şair oğlun dialoqunda dediyim məqam öz təsdiqini tapır:
– "Poeziya peşə deyil, oğlum, zamanın axmasıdır. Şeir axıb gedən sudur. Bax, bu çay kimi.
Yuko gözlərini lal sulara dikdi, sonra üzünü atasına tərəf çevirib dedi:
– Mən də elə bunu eləmək, bununla məşğul olmaq istəyirəm. Zamanın necə axıb getməsini öyrənmək istəyirəm”.

Əvvəl-axır

Hayku şair təfəkküründə fikrin "başlama və bitmə anı” ilə yekunlaşır, ümumiyyətlə də insanın şüuru daha çox əvvələ və son qanununa – nəticəliliyə tabedir. Araşdırmaçı Frank Kermode belə bir tədqiqat aparıb: Biz saatı qulağımıza tuturuq və oradan belə bir səs gəlir: "Tik-tak, tik-tak, tik-tak”. Səs "tik” ilə başlayır "tak” ilə bitir. "Tak” səsi, tik səsindən çoxdur, fəqət biz onlara – aradakı səslərə diqqət etmirik. Çünki insan şüurunu daha çox əvvəl və son məşğul edir, adəmövladı daim özündən asılı olmayaraq əvvəli və sonu düşünür. Bizə saata o şəkildə qulaq asmağı heç kəs öyrətməyib, bu insanın mahiyyətində, fitrətində, yaradılışında olan bir xarakterdir.

Süjet

Yuko hayku yazmaq üçün dağlara çəkilir, günlərlə qarı seyr edir və geri qayıdanda atası ondan soruşur ki, yolunu tapdınmı, o deyir ki, tapdım, özü də lap yaxşısını. Burdan belə məlum olur ki, Tanrı bütün gözəlliyi yaradıb və yaratdıqlarına məna verib, şairin missiyası mənanı öz içindən keçirib açmaqdadır. Yəni şairin işi mövcud mənanı yenidən mənalandırmaqdır – yaradıcılıqda fərdi yol bu deməkdir. Hər yeni məna dünyanın başqa simasını göstərir və sanki Allah öz sirlərinin açılmasından "sevinir”. Yəni dünyanı mənalandırdıqca onun sirrini açırsan, sirri cözdükcə isə Allaha daha da yaxınlaşırsan.

Davam

Yuko bir şair kimi yalnız qarın gözəlliyini vəsf edəcəyini özünə yaradıcılıq yolu seçir. Müəllif bununla şairliyin həm də əqidə yolu olmasını göstərir. Poeziya çox vaxt yeknəsəqlikdən doğulur: Yəni ruh bir yerə köklənir, fikir eyni nöqtəyə durmadan axır və məhz nişanlanmış yerdən şeir yaranır. Elə şair var ki, özünü öz içərisində təkrarlayır, onda böyük poeziya yaranır, elə şair də var özünü çölündə təkrarlayır, onda şair öz tükənmişliyini faş edir. Yuko qara – bir nöqtəyə öz içində köklənib, meydan da dardır – hayku cıdırı – 17 heca. O içindəki bütün hissləri bir mövzuya və bəlli qəlibə yerləşdirməli, könlündə vərə-vürd etdiklərini "çöl”ündə – yazı prosesində təkrarlamamaq şərti ilə yazmalıdır.

Əlamət

Romanda qarın əlamətlərindən biri onun dəyişik xarakterli olmasıdır – yəni sonda qar öz təbii halını tamam itirir – tamam başqa bir "varlığa” – suya çevrilir. Şeir də belədir, onun içimizdəki, duyğumuzdakı varlığı daha qalıcıdır, şəffafdır, yazıya köçməklə, sanki, o da suya dönür, bir nöqtədə qalmaqdan xilas olub "axır”.

Rəqəmlər

Yuko ildə 77 hayku qələmə alır, şair olmaq qərarını verəndə cəmi 17 yaşı vardı və daim 17 misralıq şeirlər yazırdı. 7 rəqəmi əsərdə simvollardan biridir. Yukonun 7 rəqəminə – yəni rəqəmlərdən birinə vurğun olduğunu göstərir. Yuko təbiət hadisələrindən qarın yağmasına, rəqəmlərdən yeddiyə, janrlardan şeirə – yəni çoxlu seçimlər içərisindən ancaq birinə – qəlbinin vurğuladığna maraq göstərir. Bütün bu detallarla müəllif şair kimliyinin, şair xarakterinin, əslində, necə olmalı olduğunu – seçimlərin insanın həyatının axarını müəyyənləşdirdiyini açıb-göstərir. Yəni şair bir budaqda oturub min budağı sirkələyən kəs deyil, oturduğu budağı ayrıca ağaca çevirə biləndir.

Ucalıq

Romandakı hadisələr ucalıqda baş verir. Yuko şeirlərini dağda yazır, qarın ən gözəli dağlarda olur, Soseki obrazının sevdiyi qadın – Nej kəndirbaz – hündürlük məftunu olur.
Karen Armstronq "Mifin qısa tarixi”ndə ucalıq barədə yazır: "Hündürlük mifologiyada daim müqəddəslik anlamı daşıyıb. Mistiklər ruhani sferaya çatana qədər səmanın müxtəlif qatlarından istifadə edirlər, yoqa ustaları havada durduqlarını deyirlər, peyğəmbər dağlara qalxaraq meraca gedir. İnsan bədəninin məhdudiyyətlərindən xilas olub universal olmaq istəyir. Ona görə də İsa peyğəmbərin göyə ucalmasını, Məhəmməd Peyğəmbərin meraca qalxmasını, Eliya peyğəmbərin arabası ilə birgə oddan səmaya yüksəlməsini bir mərhələdən başqa mərhələyə keçid kimi anlamaq lazımdır, hərfi mənada yox”.
Əsərdə ucalığa mifoloji, dini bir ehtiram duyulur və bu məqam demək olar sona qədər özünü göstərir. Şairlik ucada dayanmaq kimi simvolizə edilir.

Hekayət

Əsərdə süjet, sanki, qəfil bir hekayətə çevrilir. İmperatorun saray şairi Meycin Yukonun şeirlərini oxuyub onun ardıyca gəlir. Həmin vaxt Yuko dağlara çəkilib haykular yazırdı. Saray şairi onun atası ilə söhbət edəndə deyir: "Oğlunuzun şeirləri çox musiqilidir, ancaq onlarda rəng azdır, demək olar, yoxdur. Oğlunuzun yazdığı dil ümidsizcəsinə ağdır. Görünmürlər. Əgər o əsərlərini imperatora təqdim edəcəksə, mütləq şeirlərinə rəng qatmağı öyrənməlidir”. Bu müşahidə həm də saray şeirinin necə boyalı, saxta olmasına işarədir, eyni zamanda əsl şairlərə öz mənəvi kredosunu faş etməyə yaranan imkandır: "Əsl şair bir rəngin mahiyyətini açandır, yaxud bir rəngdən min rəng çıxarandır”. Cəmiyyətə, imperatora isə rəng lazımdır – çünki çoxlu rənglərin altında həqiqəti it-bata salmaq daha asandır.
Yuko qərar verir ki, özünü şair kimi yeddi il ərzində püxtələşdirsin, sonra imperatorun hüzuruna çıxsın. Saray şairi bir qızla yenidən onun arxasınca gəlir. Yuko həmin qıza vurulur, onunla yaxınlıq edir. Saray şairi Yukoya deyir ki, yaxşı şair olmaq üçün başqa bir şəhərdə kor rəssam, şair var, onun yanına get və ondan şeir yazmağı öyrən. Yuko çoxlu qarlı yollar aşıb gedir, yolda qarın, buzun altında donub ölmüş bir avropalı qız görür. O qız sanki canlıdır, yuxuya gedib, elə bil, buzlar onun üzərində şəffaf bir müdafiə çəpəri yaradıb. Yuko o qadına aşiq olur.
Yukonun üz tutduğu qoca Soseki ona rəngləri öz içində tapmağı – kəşf etməyi öyrədir. Süjetdən aydın olur ki, Sosekinin sənətinin gücü qadına məhəbbət sayəsində üzə çıxıb və onu bəşəri şairə və rəssama çevirib.

Qadın obrazı

Qadın obrazları əsərdə "xətt-xətdir”. Yukonun yatdığı qadın, yolda buz altında gördüyü qadın, Sosekinin sevdiyi qadın və ölən avropalı xanımın qızı. Qadın obrazları əsəri sanki hər dəfə tən ortadan bölür, süjeti parçalayır, nəticədə, baş qəhrəmanlar "ideya dayanacağına” ilk baxışdan fraqmentar xarakter daşıyan qadın obrazları vasitəsi ilə çatırlar.

Romanı yaradan hekayət

Soseskinin keçmiş taleyinə baxırıq – deməli, o, imperatorun samurayı olur və "Nej” (Qar) adlı kəndirbaz bir fransız qadına vurulur. Onlar ailə qurular, qızları dünyaya gəlir. Nej bir müddət sonra yenə kəndirbazlıq etmək qərarına gəlir, həyat yoldaşından bunun üçün icazə alır. İki dağın arasında ip çəkib burazlara bağlayırlar. Tamaşa vaxtı buraz qırılır və Nej uçurumun dibinə yuvarlanır, heç meyiti də tapılmır. Bundan sonra Soseski ruhi böhrana düşür və həyatın mənasını ancaq sənətdə görür, – Nejin şəkillərini çəkməyə başlayır. Bir müddət sonra o kor olur və məhz bundan sonra ən gözəl rəsmlərini çəkməyə başlayır. Bu hadisələri
Yuka öyrənəndən sonra deyir ki, mən Nejin harada olduğunu bilirəm. Soseski deyir: "Onun ölümündən sonra hər gün qarın gözəlliyini, Nejin üzünün gözəlliyini rəngkarlıq, musiqi və poeziyanın gücü ilə bir daha geri qaytarmağa cəhd etdim. Bax indi onu təkrar görmək imkanı yaranıb, amma əbəs yerə”. Burdan çox qəribə bir qənaət yaranır. Sanki Soseski durmadan Nejin simasını çəkməklə, əslində, onu buzların altında qoruyurmuş, onun varlığını yenidən başqa bir aləmdə yaradırmış. Əgər belə olmasaydı, onda Nejin bədəni uçuruma yuvarlananda parça-parça olardı. Yazıçı sənət vasitəsi ilə yaradılanın ölməzliyini göstərir.
Yuko Soseskini həyat yoldaşı Nejin yanına gətirir və ustad orda ölür. Bununla sanki həm iki aşiq bir-birinə, həm də sənətkar yaratdığına qovuşur. Sənətkarın ən böyük uğuru yaratdığına çata bilməkdir, çünki əksər sənətlərdə yaradılan sənətkardan uzaqda dayanır.

Sonluq

Yuko öz evinə qayıdır və saray şairinin yanındakı qız yenidən onlara gəlir. Yuko həmin qızla (Soseski və Nejin qızı) ilə evlənir. Və Yuko saraya getmək fikrinin daşını atır. Sonda məlum olur ki, bütün bunlar hamısı, əslində, daha çox Yukonun saraya getməməsi üçün olan hadisələrdir. Tanrı insanın ömründən qabaq da ona sanki, həyat verir – sadəcə həmin ömrü sən yox, başqaları sənin – sənin sonrakı həyatın üçün yaşayır və onların yaşantıları sənin sonrakı taleyini – aqibətini müəyyənləşdirir. Bu mənada Soseski və Nej obrazları həm də şərti qəhrəmandırlar, onlar özlərindən daha çox sonrakı taleləri yaradırlar.

Poeziya haqqında

Əsərin qayəsi dolsayısı ilə sənətdə ilahidəngəlmə bir qar təmizliyi olmasını vurğulamaqdır. Sadəcə elə insanlar var ki, daxili aləmini o qədər ekoloji cəhətdən korlayıb ki, özündən kənardakı bütün təmizliyi qaraldır. Romandan bir nəticə də hasil olur: Sənətkar özünü qorumaqla, əslində, dünyanı (qarın təmizliyi timsalında) qoruyur. Yuko mənən satılmır deyə onun mühiti – qarlar aləmi əsər boyunca eyni təmizlikdə də qalır.

Müqayisə

Romandakı gözəl bənzətmələrdən biri də şairlərin kəndirbazlara tay tutulmasıdır. Kəndirbazlar əllərindəki çubuqla öz müvazinətlərini qoruyurlar, şairlərin pərsəngi isə qələmləridir. Həm şairlər, həm kəndirbazlar daim daha artıq ucalığa can atırlar – kəndirbazlar fiziki, şairlərin isə mənəvi müvazinəti pozulanda faciəli aqibətdən xilas mümkünsüzləşir.

Əsərin strukturu

Roman sanki bir-biri ilə üzvü sürətdə bağlanan pritçalardır, eyni zamanda roman həm də elə bil uzun bir şeirdir. Sadəcə o şeirin ruhunu, məğzini hafizəsinə hopdurmuş təhkiyəçi olanları nağıl kimi danışır bizə. Bu əsəri sadəcə nəsr hadisəsi kimi qiymətləndirmək olmur, çünki romanın ruhi qatı elə müstəvidədir ki, belə bir kitabı sadəcə proza stixiyası ilə yazmaq mümkünsüzdür.

Romanın dili

Əsərin dili (tərcümədə oxumuşam, tərcümə və redaktə çox gözəl edilib) nəsr atmosferi yaratmağa hesablanmayıb və oxucuya hadisələrin lirikasını hiss etdirməkdə öz gücünü göstərir. Ona görə özünü öyrəşdiyimiz roman abu-havasına kökləyən oxucu üçün əsər bir qədər fərqli auradadır. Müəllif bəlli romanlardakı kimi hadisələrə dönüb-dönüb qayıtmır, hər vəziyyət bircə dəfə diqqətə çatdırılır, ancaq bu cür deyib keçmələr qarın təmiz atmosferində, əsərin pak ruhunu pozmur, nəticədə nəql olunanlara inanmaqda çətinlik çəkmirsən.

Unutmadan deyim:

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan bu roman "Mütərcim” nəşriyyatında işıq üzü görüb. "Yeni DƏB” seriyasından çap olunan kitabı fransız dilindən Cavanşir Yusifli tərcümə edib. Kitabın nəşrinə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev dəstək göstərib. Xatırladım ki, adıçəkilən kitab seriyasının rəhbəri və redaktoru Səlim Babullaoğludur. Gözəl, qalıcı, dəyərli, zövq aşılayan bir nəşr işi görüblər, kitabın ərsəyə gəlməsinə zəhmət, xidmət və dəstək göstərənlərə təşəkkür edirəm.
 
Fərid Hüseyn