• cümə axşamı, 18 aprel, 21:51
  • Baku Bakı 21°C

Niyə tənqidə dözümlü deyilik? - Polemika

18.06.16 10:31 1932
Niyə tənqidə dözümlü deyilik? - Polemika
Sağlam tənqid inkişaf və uğura aparan bir cığırdır. Tənqidin ən gözəl tərəfi insanın arxayınlaşmasına imkan verməməsi, onu hədəflərinə yönəltməsidir. Lakin söhbət sağlam və haqlı tənqiddən gedir. Təəssüflər olsun ki, bəzən bir çoxları tənqidlə paxıllıq, təhqir anlayışlarını səhv salır. Bunun nəticələri isə bəzən çox ağır olur. Formula 1 könüllülərindən olan qızın hekayəti də bu qəbildəndir. Həmin qızı cəmiyyət olaraq sağlam tənqid etmək, doğru olanı göstərmək əvəzinə, ünvanına təhqir, nalayiq ifadələr işlədib, bir sözlə, "ürəyimizdən keçənləri” deyib öz hirsimizi soyutduq. Nə qədər yalan, yaxud doğru olduğunu bilməsək də, deyilənə görə, qızın halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Burada mühüm bir məqam ortalığa çıxır. Niyə düzgün şəkildə tənqid qabiliyyətimiz və tənqidə dözümümüz yoxdur? Gənclərin fikirlərini dinləyək...

Sözün düzünü zarafatla deyərlər...


Emil Vəliyev, kompyuter mütəxəssisi
Emilin fikrincə, tənqidin həm müsbət, həm də mənfi tərəfləri var. O deyir ki, bu ikisinin arasındakı incə məqamı nəzərdən qaçırmaq olmaz: "Hesab edirəm ki, tənqid insan həyatında mühüm rol oynayır. Təbii ki, burada söhbət hansı tənqiddən və kimin tənqid etməsindən gedir. Bu baxımdan bəzi nüanslara diqqət yetirmək vacibdir. Hər yoldan keçənin tənqidinə qulaq asmaq olmaz. Bu, artıq sənin öz fikirlərinin olmaması deməkdir. Elə insanların tənqidini ciddi qəbul edib ondan nəticə çıxarmalısan ki, həmin insanlar gerçəkdən sənə yaxın olsun. Fikrimcə, hər kəsin ətrafında belə insanların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Həmin insanların tənqidi səni inkişafa doğru aparır. Ümumiyyətlə, tənqidin ən müsbət tərəfi odur ki, cəmiyyətdə xoşagəlməz hadisələrin qarşısını alır. Lakin bu zaman tənqid etdiyin insanın qüruruna toxunmaq olmaz. Çalışmaq lazımdır ki, tənqid edərkən belə, kimisə incitməyəsən. Necə deyərlər, sözün düzünü zarafatla deyərlər”.
Həmsöhbətimiz deyir ki, bəzən "qızıl orta”nı tutmağı bacarmadığımıza görə belə neqativ halların şahidi oluruq: "O ki qaldı tənqidin pis tərəfinə, tənqidin ən pis tərəfi bəzən onun təhqirlə əvəz olunmasıdır. Bu da xoşagəlməz münaqişələrə gətirib çıxarır. Sözügedən qıza gəldikdə isə, onun xəstəxanaya düşməsi xəbəri cəmiyyəti etdiyi əməldən utandırmaq məqsədi daşıyır”

"Kor-koranə hamını pisləmək tənqid demək deyil...”

Aytac Quliyeva, tələbə

Aytac deyir ki, tənqidə dözümlü, yaxud dözümsüz yanaşmaq insanın psixologiyası ilə birbaşa əlaqəlidir: "Fikrimcə, insan psixologiyası belə qurulub ki, o, özünə əks fikri qəbul edə bilmir. Hər hansı bir əks fikir olanda o dəqiqə müdafiə mexanizminə keçir. Bir də ən əsası tənqidlə təhqir arasındakı o incə cizgidir, məncə. Formula 1-də könüllü olan qız haqqında çox təəssüf ki, tənqiddən daha çox təhqir oldu. Məsələn, insanlar onun süni danışığına və ya jestlərdən ifrat dərəcədə istifadəsinə fikir bildirə, səmimi şəkildə tənqid edə bilərdilər. Amma cəmiyyət tərəfindən daha çox təhqirə önəm verildi. Müxtəlif təhqiramiz ifadələr çox işləndi. Elə buna görə də o qız həmin təhqirləri qəbul edə bilmədi. Fikrimcə, o qızın yerində hər hansı birimiz olsaydıq, eyni şəkildə reaksiya verərdik...”.
Həmsöhbətimizin fikrincə, tənqid insanın şəxsiyyətinə zərbə vurmamalı, onu alçaltmamalıdır: "Bizim cəmiyyətin ən böyük bəlası budur ki, tənqidlə təhqiri ayırd edə bilmirik. Hər kəs tənqid etməyi sevər. Belə bir məsəl var: "Qınamaqla məsləhət vermək ən asan işdir”. Hamını kor-koranə pisləmək tənqid demək deyil. Mənim özümə gəldikdə, məni sağlam şəkildə tənqid edənlər olub. Əlbəttə, ilk vaxtlar bu tənqidlərə, necə deyərlər, qıcıq olmuşam. Amma sonra düşünəndə görmüşəm ki, məni tənqid edənlər də bu və ya digər şəkildə haqlıdırlar. Çalışmışam ki, edilən tənqidlərdən özümə nələrisə dərs götürüm. Hər bir insan sağlam şəkildə olan tənqidə dözümlü olmalıdır, amma bu şərtlə ki, bu tənqid onun şəxsiyyətini alçaldacaq formaya - təhqirə keçməsin. Əks halda cəmiyyətdə bu gedişlə özgüvənsiz və gücsüz bir nəsil yetişə bilər. Çünki bir insanın xəyallarını, arzularını kobud şəkildə aşağılamaq, onu ağır şəkildə ittiham etmək tamamilə yanlışdır”.

"İnsan tənqidə dözümlü olmağı bacarmalıdır...”

İlkin Zeynallı, tələbə

İlkin deyir ki, o da əvvəllər tənqidə dözümsüz biri olub. Lakin müsahibimiz sonradan özündə bu xüsusiyyəti aşılamağı bacarıb: "Əvvəllər məndə də belə hallar çox olub. Dəfələrlə dostlarım və yaxınlarım tərəfindən tənqid olunmuşam. Lakin o vaxtlar buna birmənalı yanaşa bilmirdim. Onlar haqlı olsalar belə, mən israrla özümü haqlı çıxarmağa çalışırdım. Təbii ki, mən bunun fərqində deyildim. Sonra zaman keçdikcə etdiyim hərəkətin nə qədər yanlış olduğunun fərqinə vardım. Artıq özümü və davranışlarımı düzəltməyə çalışdım. Bunun müsbət nəticələrini isə dərhal hiss etməyə başladım. Çünki haqlı tənqid insan üçün hər zaman önəmlidir”.
Həmsöhbətimiz deyir ki, cəmiyyətdə belə hallardan heç kim özünü sığortalamayıb: "Hesab edirəm ki, insan tənqidə dözümlü olmağı bacarmalıdır. Elə özüm də tənqidə son dərəcə dözümlüyəm. Əks halda insan yalnız özünün haqlı olduğunu fikirləşir və səhv üstünə səhv edir. Həmin xanıma gəldikdə, deyə bilərəm ki, ona qarşı edilənlər birmənalı şəkildə mədəniyyətsizlik və ifratın nümunəsidir. Həmin qızı daha çox jest və mimikalarına, danışıq qabiliyyətinə görə linç etdilər. Əslində etiraf edim ki, mən də o qızın hərəkətlərində və jestlərində sünilik hiss etdim. Sanki ona əvvəlcədən nəyi necə etməli olduğu öyrədilmişdi. Qız özü də bir az hərəkətlərini şişirtmişdi və yersiz jestlər edirdi. Tənqid edənləri haqlı hesab edirəm. Lakin söyüş söymək, təhqir etmək, fikrimcə, yolverilməzdir. Bununla cəmiyyət onu utandırdı, özünə inamını sarsıtdı. Lakin hesab edirəm ki, bu, hər kəsə qarşı edilə bilər. Bundan heç kim özünü sığortalaya bilməz. Çalışmaq lazımdır ki, tənqidə maksimum şəkildə dözümlü olmağı bacaraq”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər