• şənbə, 20 Aprel, 00:58
  • Baku Bakı 15°C

“Niyə sizin oğlanlar bu qədər qısqancdır?” – Əcnəbi

13.05.16 12:17 3103
“Niyə sizin oğlanlar bu qədər qısqancdır?” – Əcnəbi
"Bizim gənclər ailə qurmağa daha çox can atır. Sizdə isə gənclər üçün əsas məqsəd karyera qurmaqdır. Düzdür, bizim ölkədə də karyerçi gənclər çoxdur. Amma onlar ailə ilə karyeranı paralel aparmağa üstünlük verirlər”.
Bu sözləri bizimlə söhbətində əcnəbi tələbə Ömər Yallou dedi. Ömər Qambiyadandır. Bir ildir ki, ADA universitetində magistratura pilləsində təhsil alır.

"Azərbaycanı konservativ ölkə kimi tanıyırdım”

Həmsöhbətimiz deyir ki, ölkəmizə gəlməzdən öncə Azərbaycanın adını eşitsə də, ölkəmiz haqqında heç bir məlumatı olmayıb. Hətta konservativ ölkə kimi tanıdığı Azərbaycan bura gəldikdən sonra onu təəccübləndirib: "Qambiyada maliyyə təhsili alırdım. ADA universitetində Qambiyadan olan professor Muhamməd müəllim mənə Azərbaycan haqqında məlumat verdi və bu universitetdə magistratura pilləsində təhsil almağımı məsləhət gördü. Mən də təhsilimi Azərbaycanda davam etdirdim. Düzünü desəm, Azərbaycanı tolerant, müasir ölkə kimi tanımırdım. Sizin ölkə həqiqətən çox inkişaf edib”.

"Mənimlə şəkil çəkdirirlər”
Ömər tələbə olmaqla yanaşı, iqtisadiyyat sahəsində araşdırmaçı mütəxəssis kimi çalışır. Azərbaycanda ilk dəfə onu təəccübləndirən məqam insanların ona yaxınlaşıb şəkil çəkdirməsi olub: "Digər əcnəbilər kimi mən də ilk günlər müəyyən çətinliklər çəkdim. Qaradərili olduğum üçün ictimai nəqliyyatda insanların baxışları mənə qəribə gəlirdi. Hətta yaxınlaşıb mənimlə şəkil çəkdirirdilər. Əvvəllər bunu dərk edə bilmirdim. İndi isə öyrəşmişəm. Hətta şəkil çəkdirən olmayanda mənə qəribə gəlir” (gülür).
Ömər deyir ki, azərbaycanlıları çox sevir və ölkəmizdə dostları çoxdur: "Əslində sakit təbiətli insanam. İqtisadiyyatla məşğul olanlar adətən ünsiyyətcil olmurlar. Həmişə çalışıram həm intizamlı olum, həm də dərslərimi yaxşı oxuyum. Azərbaycanda dostlarım çoxdur. Qrup yoldaşlarımla çox yaxşı münasibətim var. Ən yaxın dostum isə keniyalı İbrahimdir”.

"Qızlar bunu qəbul etməz”
Ömər 20 uşaqlı ailədə böyüyüb. Öz ölkəsinin adətləri haqqında məlumat verən əcnəbi tələbə gülərək deyir ki, onlarda çoxarvadlılıq hökm sürdüyü üçün azərbaycanlı qızla ailə qura bilməz: "Azərbaycanlı qızla ailə qura bilmərəm. Çünki mənim ölkəmin sizdən fərqli adət-ənənələri var. Məsələn, biz ailədə 20 uşağıq. Atamın 3 arvadı var. Bizdə sizdən fərqli olaraq, çoxarvadlılıq hökm sürür. Azərbaycan qızları bunu qəbul etməz”.
Ömər deyir ki, Qambiyada 26-27 yaşlı qız evdə qalmış hesab olunur: "Bizim ölkədə qızların yaş məsələsi önəmlidir. Məsələn, mənim evlənəcəyim qadının maksimum 25 yaşı olmalıdır - o da ən pis halda. Çünki 25 yaş da mənim üçün çoxdur. Qambiyada adətən qızlar 17-18 yaşında ailə qururlar. İrqindən, dinindən, dəri rəngindən asılı olmayaraq bütün insanlarla dostluq edə bilərəm. Amma adət-ənənələrimizi nəzərə aldıqda, həyat yoldaşım öz ölkəmin vətəndaşı olmalıdır”.

"Oğlanlar qısqanc olur”
Öməri Azərbaycanda təəccübləndirən daha bir məqam azərbaycanlı oğlanların sevgililərinə münasibətidir. Müsahibimiz deyir ki, bizim ölkədə oğlanlar həddindən artıq qısqanc olur: "Əvvəllər qəribə gəlsə də, cəmiyyətin mənə olan münasibətini indi normal qarşılayıram. Qonaqpərvərliyiniz, istiqanlı olmağınız onsuz da hər kəsə məlumdur. Azərbaycan millətini çox sevirəm. Amma məni hər zaman Azərbaycanda gənc oğlanların sevgililərinə qarşı münasibəti təəccübləndirir. Azərbaycanlı oğlanlar həddindən artıq qısqanc olurlar. Hətta mən qrup yoldaşlarımla söhbətləşəndə, hansısa mövzunu müzakirə edəndə ehtiyat edirəm ki, birdən kiminsə həyat yoldaşı, sevgilisi mənə nə isə deyər. Sizdə qızla oğlanın dostluğu mübahisəli məsələdir. Düzdür, qızlar yaxşı dostluq etməyi bacarırlar, amma onların sevgililəri, həyat yoldaşları həddindən artıq qısqanc olduğu üçün buna icazə vermirlər. Bu, mənə çatmır”.

Leqal çoxarvadlılıq
Qambiya ilə Azərbaycan arasında fərqlərə gəldikdə, həmsöhbətimiz deyir ki, ən əsas fərq leqal çoxarvadlılıq məsələsidir: "Cəmiyyət arasında fərqli cəhətlər çoxdur. Amma əsas fərqlərdən biri odur ki, bizdə çoxarvadlılıq hüquqi cəhətdən leqaldır. Bundan əlavə, uşaqlar və valideynlər arasında çox böyük pərdə var. Siz daha sərbəstsiniz. Bizim ölkə konservativ və qapalıdır. Bizim gənclər ailə qurmağa daha çox can atırlar. Sizin gəncləriniz isə daha çox karyeranı düşünürlər. Əvvəl karyera qururlar, uğur əldə etdikdən sonra ailə qurmaq haqqında düşünürlər. Bizdə isə karyeraçı gənclər də karyera ilə ailəni paralel aparmağa üstünlük verirlər”.
Müsahibimiz taksi sürücülərinin əcnəbi olduğu üçün ondan daha çox gediş haqqı aldıqlarından şikayətləndi: "Taksilərə əyləşəndə məndən hər zaman çox pul alırlar. Azərbaycanlılar eyni məsafəni 3-4 manata gedirsə, mən 10 manat verməli oluram”.

"Qaqaş , qadan alım”
Həmsöhbətimiz Azərbaycan dilini bilməsə də, gündəlik həyatda ona lazım olan bir neçə cümləni əzbərləyib: "Dərslərdən vaxt tapdıqca, dilinizi öyrənmək üçün kursa gedirəm. Azərbaycanlı dostlarımdan da tez-tez kömək istəyirəm. Amma nə istədiyimi izah etmək üçün bir neçə söz əzbərləmişəm. Məsələn, marketə getdikdə "bu neçəyədir?” deyə bilirəm, yaxud taksiyə mindikdə, gedəcəyim ünvanı izah edə bilirəm. Ən çox sevdiyim sözləriniz isə "qaqaş” və "qadan alımdır”. Bu şirin sözləri mənə Turanə öyrədib”.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər