Niyə dondurmanı əsasən yayda yeyirik?
Yayın
gəlişi həm də dondurma mövsümünün gəlişi deməkdir. İsti yay günündə
meyvəli, şokoladlı dondurmalara nəinki
uşaqlar, heç böyüklər də "yox” deyə bilmir. Bəzənsə yediyimiz bir dondurma ciddi problemlərə gətirib çıxarır. Amma
bizdən fərqli olaraq, bir çox ölkələrdə insanlar təkcə yayda deyil, həm də
qarlı-çovğunlu qış günlərində də yeyə bilirlər. Bəs görəsən biz niyə soyuq
aylarda dondurmanın dadından özümüzü məhrum edirik? Bu dondurmanın keyfiyyətli
bağlı olan bir məqamdır? Ümumiyyətlə, ölkəmizdə istehsal olunan dondurmaların
keyfiyyət standartları nə yerdədir?
"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub
Hüseynov deyir ki, dondurma ilə bağlı hər gün 6-7
istehlakçı müraciət edir: "Təəssüflər olsun ki, ölkənin əmtəə bazarında satılan
dondurmaların 30-40 faizi heç də standartlara uyğun deyil. İstehlakçılar
bilməlidirlər ki, dondurma süd məhsuludur və onun yağlılığını artırmaq üçün
yalnız kərə yağından istifadə olunmalıdır. Əgər istehlakçı dondurmanı yeyəndə
boğazda və dildə acılıq hiss olunursa, bu o deməkdir ki, dondurmanın tərkibinə
vaxtı keçmiş quru süd, uşaq yeməyi, marqarin və bitki yağları qarışdırılıb. Bu
sahədə ciddi problemlər var. Əmtəə bazarının ən çox çirklənmiş hissələrindən
biri də məhz dondurmadır. Bu problemlərin həlli üçün monitorinqlər həyata
keçirilməlidir. Dondurmanı alarkən onun
əridiyini görürsünüzsə, deməli, o, haradasa istilik temperaturuna məruz qalıb
və yenidən dondurulub. Belə məhsul, artıq çirklənmiş məhsul hesab olunur.
Dondurma alarkən mütləq onun son istifadə və yararlıq müddətinə baxmaq
lazımdır. İstehlakçı firmanın adı, ünvanının və digər əlaqə vasitələrinə fikir
vermək lazımdır. Yararlılıq vaxtı keçmiş dondurmanı almaq olmaz. Bəli, biz
digər ölkələrdən fərqli olaraq, adətən dondurmanı yay aylarında yeməyə üstünlük
veririk. Amma dondurma ilin bütün
fəsillərində yeyilə bilən məhsuldur. Bu, insanın orqanizminin möhkəmliyindən
asılı olan bir şeydir. Adətən xarici ölkələrdə kimsə qrip olanda ona soyuq su
və ya soyuq dondurma yedizdirirlər. Bu, onların orqanizmindən və həyat
şəraitindən asılıdır. Düşünürəm ki, bizdə qış aylarında dondurmanın yeyilməməyi
onun keyfiyyəti ilə bağlı deyil. İstehlakçılar adətən yaxşı dondurmanı necə
seçəcəkləri ilə bağlı müraciət edirlər. Gün ərzində bu barədə bir neçə müraciət
edilir”.
Tibb üzrə eskpert Adil Qeybulla bildirdi
ki, dondurma süd məhsulu olmaqla yanaşı, onun tərkibində müxtəlif qatqılar və
inqrientlər də ola bilir: "Keyfiyyətli dondurma yağlılıq dərəcəsinə və
tərkibindəki digər komponentlərə görə digərlərindən fərqlənir. Yaxşı olar ki,
dondurma isti vaxtlarda yeyilsin. Çünki dondurma orqanizmdə temperatur fərqi
yaradır. Sərin və soyuq havalarda boğazda olan bəzi mikroblar var ki, dondurma yediyimiz zaman həmin mikroblar fəallaşır. Bu zaman yuxarı
tənəffüs yollarının iltihabı baş verə bilər. Ona görə də bəzən fəsli nəzərə
almadan dondurma yeyən insanlarda ağırlaşmalar müşahidə olunur. İsti aylarda
yeyilən dondurmanın orqanizmə heç bir ziyanı yoxdur. Digər tərəfdən,
dondurmadan insan orqanizminə müxtəlif xəstəliklər keçə bilər. Çünki dondurma
süddən hazırlanır və çox vaxt bu süd pasterizə edilmir. Pasterizə olunmayan
südün tərkibində isə müxtəlif heyvani mənşəli infeksiyalar ola bilir və bu
infeksiyalar dondurmanın tərkibindən orqanizmə düşə bilir. Məsələn, dondurmanın
tərkibindən keçən infeksiya ilə bürselyoz
xəstəliyinə yoluxan insanlar olur. Yaxşı
olar ki, dondurma alarkən keyfiyyətlisinə üstünlük verilsin. Təəssüflər olsun
ki, bəzən standartlara cavab verməyən dondurmalar da satışa çıxarılır. Bu
dondurmalar ucuz olmaqla yanaşı, keyfiyyətsiz
olurlar. Belə dondurmaların tərkibində infeksiya olma riski daha
yüksəkdir. İstənilən halda, süddən hazırlanan məhsullar pasterizə edilməlidir.
Bizdə adətən dondurma isti aylarda yeyilir. Lakin bu, dondurmanın keyfiyyəti
ilə bağlı məqam deyil. Bu insanın orqanizmdən asılı olan bir şeydir. Məsələn,
xaricdə insanların sağlamlıq göstəriciləri bizimkinə nisbətən xeyli yüksəkdir.
Yəni eyni yaş kateqoriyasına məxsus olan insanların sağlamlıq göstəriciləri
bizimkindən daha yüksəkdir. Həmçinin bu fakt immun sistemi orqanizminin daxili
sabitliyinin daha dayanıqlı olması ilə izah olunur. Əgər dondurmadan ilin soyuq
aylarında da istifadə etmək istəyiriksə, onda müəyyən şərtləri gözləməliyik”.
Şəbnəm Mehdizadə