“Niyə bizim şirkətdə işləmək istəyirsiniz” sualının cavabı - Gənclərə məsləhət
İş müsahibəsi işə qəbul üçün keçirilən ən önəmli
mərhələlərdən biridir. Belə ki, həmin müsahibə namizədin bu işə uyğun olub-olmadığını
müəyyənləşdirir. Müsahibə zamanı əsas məqamlardan biri də namizədin "Nə üçün
bizim şirkətdə çalışmaq istəyirsiniz” sualına dolğun cavab verməsidir. Əslində,
bu sual demək olar ki, bütün iş müsahibələrində verilir. Və bəzilərinə çox şablon
gəlsə də, həmin an namizədin verdiyi cavab onu digər rəqiblərindən bir addım
önə çəkə bilər. Bəzi gənclər bu suala necə dolğun cavab verəcəklərini
bilmirlər. Məsələnin onlar üçün əhəmiyyətini nəzərə alaraq "Azərconnect LLC”–nin insan resursları üzrə
böyük mütəxəssisi Tural İslamovla həmsöhbət olduq.
Tural bəy deyir ki, bu sualın müxtəlif statuslu
namizədlərə ünvanlanması fərqli mahiyyət kəsb edə bilər: "Bir çox hallarda
insan resursları üzrə mütəxəssisin bu sualı verməkdə məqsədi iş üçün gələn
namizədin müraciət etdiyi şirkət haqda nə dərəcədə məlumatlı olub-olmamasını
müəyyənləşdirməkdir. Bu sual ciddi təcrübəyə, spesifik qabiliyyət və səriştəyə
malik olan namizədlərə ünvanlandıqda, alınan cavab həmin şirkətin statusu,
bazardakı yeri, öz seqmentindəki çəkisi haqqında xəbər vermiş olur. Çünki bu
cür namizədlər bu sahədə kifayət qədər təcrübəyə malikdirlər və
bilik-bacarıqları onlara əsas yaradır ki, şirkətlər arasından seçim etsinlər.
Belə ki, ciddi təcrübəyə sahib olan bir mütəxəssisin ona edilən digər iş
təklifləri arasından sizin şirkəti seçməyi, şirkətinizin ciddi statusa və
müsbət reputasiyaya sahib olmasına işarədir. Lakin İR mütəxəssis bu sualı az
təcrübəyə sahib, yeni karyera qurmağa çalışan birinə ünvanlayırsa, bu zaman
onun məqsədi namizədin müraciət etdiyi şirkəti nə dərəcədə araşdırdığını,
şirkət haqqında nə qədər məlumatlı olduğunu bilməkdir. Təsəvvür edin, həmin
gənc namizəd verilən suala dolğun, gözlənilən şəkildə cavab vermir. Bu zaman
işə götürən şəxsdə müsbət fikirlər formalaşmır. Təəssüflə bildirmək istəyirəm ki, bəzi hallarda İR mütəxəssisləri
ön mühakimənin (BİAS) təsiri altına düşərək düzgün qərar vermirlər. Düşünürəm
ki, müsahibənin əsas önəmli şərtlərindən biri vakansiyanın tələblərinə
namizədin göstəricilərinin nə dərəcədə adekvat olmasıdır”.
Müsahibimizdən bu kimi situasiyalarda İR
mütəxəssisin hansı cavabı gözlədiyini və iş üçün müraciət edən şəxsin suala
dolğun cavab vermək üçün necə hazırlaşmalı olduğunu soruşduq: "Əksər hallarda
İR mütəxəssisi namizədlərdən müraciət etdiyi şirkətin öz seqmentində olan
çəkisini, statusunu, inkişaf imkanlarını, dəyərlərini və strategiyalarını ciddi
analiz və bazar araşdırması edərək, əldə etdiyi informasiyaya əsaslanaraq seçim
etdiklərini eşitmək istəyir. Burada namizədin üzərinə düşən iş, şirkəti ciddi
araşdırmaqdır. Həmin iş yerindəki karyera imkanlarını, təklif oluna biləcək
imtiyazları və s. kimi məlumatları toplu şəkildə əldə edib dolğun bir cavab
verməlidir. Bu bilgiləri isə o, ya şirkətin rəsmi internet səhifəsindən, ya da
həmin şirkətdə çalışan şəxslərdən əldə edə bilər”.
Günel Azadə