• cümə axşamı, 28 mart, 17:32
  • Baku Bakı 16°C

“Niyazi məndən dirijor çıxmayacağını dedi” – Gör-götür

29.06.15 12:53 3705
“Niyazi məndən dirijor çıxmayacağını dedi” – Gör-götür
Yalçın Adıgözəlov: “15 yaşımdan atamın maşınını gizlicə götürüb uşaqlarla gəzməyə gedirdik”
Deyir, bu sənətlə məşğul olan gərək işinin peşəkarı olsun. Çünki 100 nəfərlik orkestrə rəhbərlik etmək asan iş deyil: “Maestro adını qazanmaq üçün gərək çox çalışasan. Bu, elə-belə ad deyil, bu adı daşımaq haqqın olmalıdır”.
Müsahibimiz Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş adıgözəlovlar nəslinin davamçısı Yalçın Adıgözəlovdur. Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, xalq artisti, Prezident Mükafatçısı Yalçın Adıgözəlovun Azərbaycan musiqi mədəniyyətini vətənimizin hüdudlarından kənarda da tanıdılmasında böyük rolu var. Təkcə son bir neçə ay ərzində səsi Braziliya, Meksika, İngiltərə, Çin, Macarıstan, Lüksemburq, İtaliya səhnələrindən gəlib. Həmsöhbətimizlə birgə onun uşaqlıq və tələbəlik illərinə “səyahət” edək...
3 yaşlı uşağın yadında qalanlar
Y.Adıgözəlov 1959-cu il noyabrın 4-də Bakıda babası mərhum muğam ustadı Zülfü Adıgözəlovun evində dünyaya göz açıb. O, 2-3 yaşındaykən atası mərhum bəstəkar, Xalq artisti Vasif Adıgözəlova dövlət tərəfindən verilən evə köçüblər. 3 yaşında baş verənləri dumanlı da olsa, xatırlaya bilir. Həmin yaş dövründə yaddaşında qalan ən unudulmaz hadisə babası Zülfü Adıgözəlovun vəfatıdır: “Babamı Dövlət Filarmoniyasında son mənzilə yola salırdılar. Foyedə fəxri qarovul qurulmuşdu. O vaxt filarmoniyanın foyesinin döşəməsi sürüşkən metlaxdan idi. Ora-bura qaçır, nə mərasim olduğunu anlamırdım. Amma hiss edirdim ki, qadınlar qara geyinib ağlayırlarsa, pis nəsə baş verib. Bir kişi də oturub yanıqlı-yanıqlı kamança çalırdı. Böyüyəndən sonra bildim ki, babamı son mənzilə yola salarkən kamançanı ağladan Habil Əliyev idi”.
“Evlərdən musiqi sədası gəlirdi”
1967-ci ildə Bəstəkarlar Evinə köçürlər. 7 yaşlı Yalçın 1-ci sinfə Bülbül adına orta ixtisas məktəbinə gedir: “O vaxt bizim məktəb indiki Konservatoriyanın birinci mərtəbəsində idi. Gənc bəstəkarların övladları bir yerdə böyüyürdük. Süleyman Ələsgərov, Əşrəf Abbasov, Tofiq Quliyev, Zakir Bağırov, Arif Məikov, Musa Mirzoyev, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, İbrahim Məmmədov və başqaları ilə eyni binada qalırdıq. Məktəbə gedəndə onlar bizə dərs deyirdi, axşam evə qayıdanda da onların övladları ilə oynayırdıq. Qapılar açıq olurdu, hər evdən musiqi sədası gəlirdi. Hamımız eyni mühitdə, əhval-ruhiyyədə böyüyür, oxuduğumuz kitabları, getdiyimiz rəsm qalereyalarını, konsertləri paylaşırdıq. Valideynlərimiz filarmoniyada, müxtəlif teatrlarda işlədiklərindən hər axşam onların işlədiyi mədəniyyət ocaqlarına gedirdik. Evimizə gələnlər də atamın sənətlə bağlı dostları idilər. Buna görə mənim peşə seçmək imkanım olmadı”.
Y.Adıgözəlov babasının, atasının, əmisinin yolunu davam etdirsə də, qardaşı Toğrul fərqli yol seçir: “Qardaşım da 7-ci sinfə qədər musiqi məktəbində oxudu. 7-ci sinifdən sonra atam gördü ki, musiqiyə meyli yoxdur. Bir az da dəcəl idi. Məktəbini dəyişdilər. Orta məktəbi bitirəndə qərara gəldilər ki, Toğrul həkim olsun. Qeyd edim ki, anam 50 il Tibb Universitetində fransız dilindən dərs deyib. Beləliklə, Toğrul tibbi seçdi. Atam son illər nasaz idi. Qardaşım atamın həyatını fiziki olaraq, mən isə əsərlərini ifa etməklə mənəvi olaraq uzatdım. Nasaz da olsa, son dəqiqəsinə qədər işləyirdi. Biz də ondan nümunə götürərək, bilirdik ki, gecə-gündüz işləmək lazımdır”.
“10-12 saat çaldığım günlər olub”
Orta məktəbdə təhsil alanda müsahibimizin maraqları çox olub. İdmanı sevib, futbol, basketbolla, üzgüçülüklə məşğul olub. Hətta Konservatoriyanın futbol yığma komandasının tərkibində yarışlara da qatılıb. 8-9-cu sinifdə isə hiss edib ki, daha çox zövq aldığı sahə musiqidir: “10-12 saat çaldığım günlər olub. Bəstəkarlar Evində yaşamağımıza baxmayaraq, qaydalara uyğun olaraq, evdə gecə saat 12-dən sonra çalmağa icazə yox idi. Ya Bəstəkarlar İttifaqı, ya da məktəbə gedib gecə 2-3-ə qədər pianoda çalışırdım. Bilirdim ki, məktəbi bitirib Konservatoriyaya daxil olacağam”.
“Uşaqlarla bağ evimizin pəncərəsindən içəri girdik”
Orta məktəb dövrləri ilə bağlı yaddaşında xeyli maraqlı xatirələrin qaldığını deyən həmsöhbətimiz onlardan birini bizimlə bölüşdü: “Atam sonuncu illərinə qədər sükan arxasında olub, maşın sürməyi çox sevirdi. Mən də 15 yaşımdan sükan arxasındayam. Orta məktəbin son siniflərində oxuyurdum. Atam Moskvaya ezamiyyətə getmişdi. Sürücülük vəsiqəmin olmamasına baxmayaraq, dostlarım məni həvəsləndirdilər ki, “atanın maşını qarajdadır, biz isə piyada qalmışıq”. Yavaş-yavaş maşını qarajdan çıxarıb dostlarımla şəhərə gəzməyə çıxmağa, bağa getməyə başladıq. Bəzən balaca maşına 7-8 nəfər sığışırdıq. Bir gün atamın ezamiyyətdə olduğu vaxt 10-15 sinif yoldaşımızla qızlı-oğlanlı bizim bağa getməyi qərarlaşdırdıq. Bağa gizli getdiyimizdən açarı götürə bilməmişdim. Hamımız pəncərədən içəri keçməli olduq. Axşama artıq masa ətrafında yeyib-içmək idi, kabab çəkmişdik, rəqs edirdik. Məclisin ən qızğın vaxtında atam içəri girdi. Deməyəsən, Moskvadan bir gün tez gəlib. Baxıb ki, maşın qarajda, mən də evdə yoxam. Dostlarımın valideynlərinə zəng edib, məlum olub ki, hamısı yoxdur. Valideynlərdən biri bağa getdiyimizi söyləyib”.
Atasını görəndə donub qalırlar: “Elə bildim ki, dostlarımın yanında məni pərt edəcək. Atam gələndə görüb ki, qapı bağlıdır, hamımız evə pəncərədən girmişik. İçəri girən kimi dedi ki, “ayıb olsun sizə, oğlan xeylağısız, pəncərədən rahat keçmisiniz, bu yazıq qızlara niyə əziyyət verib pəncərədən keçirmisiniz. Heç olmasa, onların evə normal daxil olması üçün bağın açarını götürəydiniz. Gələn dəfə gələndə de, bağın açarını verim, evə rahat gəlib keçin”.
Sonra bizimlə oturdu, yemək yeyib, çay içdi. O hadisə mənə dərs oldu. Çünki məni pərt etmədi, dostlarımın qarşısında hörmətimi saxladı. Bu günə kimi dostlarım bu hadisəni danışıb gülürlər”.
“Niyazi mənə əsəbiləşdi”
Orta məktəbi bitirib Dövlət Konservatoriyasında professor Rauf Atakişiyevin sinfinə daxil olur. İkinci kursda oxuyanda hiss edir ki, dirijorluğa meyli var: “Dirijor olmaq sevdasına maestro Niyazinin sayəsində düşmüşdüm. O vaxtlar Bakıda dirijorluq məktəbi olmadığından Niyazidən dərs almamışdım. Fikrimcə, Maestro Niyazinin istedadı, böyüklüyü, Azərbaycan musiqi mədəniyyətinə verdiyi əziyyətlər olmasaydı, Azərbaycanda dirijorluq məktəbi olmazdı. Mən maestro Niyazinin konsertlərində oturmasaydım, atamın əsərlərinin premyerasnı duymasaydım, bu peşəyə yönəlməzdim”.
Sankt-Peterburqda dirijorluq üzrə oxumağa qərar verir. Amma maraqlıdır ki, maestro Niyazi Bakıda ali məktəb bitirən Yalçının dirijor olmaq istəyini heç də isti qarşılamır: “Onun mənim dirijor olmağıma reaksiyası çox sərt oldu. Dirijor ola bilməyəcəyimi dedi. Səbəbini soruşanda, bildirdi ki, dirijor olmaq üçün uzun illər oxumaq lazımdır. Mən də cavabında oxuyacağımı dedim. Bir az da əsəbiləşdi ki, ona deməmiş xaricə oxumağa gedirəm. Maestronun o qədər böyük ürəyi var idi ki, Sankt-Peterburqa gedəndə müəllimimə vermək üçün mənə məktub yazıb verdi. Məktubun mətni təxminən belə idi: “Yalçın mənim dostumun nəvəsidir. Bilmirəm, Yalçından dirijor alınacaq, ya yox, amma onu doğma övladınız kimi qəbul edin”.
Beləliklə, 1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisasına daxil olur və 5 il orada təhsil alır.
Qeyd edək ki, maestro Niyazi müsahibimizin dirijorluğunu görmür. O, Sankt-Peterburqdan qayıdanda artıq Niyazi dünyasını dəyişmişdi: “Niyazi yaşasaydı, yolum bəlkə də başqa cür olacaqdı. Bəlkə də sənət yolunda çox əzab-əziyyət çəkməyəcəkdim. Çünki Niyazi istedadı görəndə dəstəkləyirdi. Mən ilk qayıtdığım illər Bakıda çox əziyyət çəkdim. Düşünürdüm ki, məndən yaşda böyük olan həmkarlarım məni başqa cür qəbul edəcəklər, amma gözlədiyim kimi olmadı”.
Daha sonra Y.Adıgözəlov təhsilini Avstriyada aspirantura pilləsi üzrə davam etdirir.
“Atamdan sonra fikirlərimi heç kimlə paylaşa bilmirəm”
Atası Yalçının dirijor olmaq istəyini eşidəndə həyəcanlanır: “Hiss edirdim ki, arzumun reallaşmasını çox istəyir. Sankt-Peterburqdan qayıdandan sonra ömrünün sonuna qədər atamın bütün yeni əsərlərinin premyerasını mən etmişəm. O da həmişə deyirdi ki, mənim əsərimi heç kim Yalçın kimi hiss edə bilməz. Burada qan məsələsi, hissiyyat rol oynayırdı. Hər şeyi atamla paylaşır, müzakirə edirdim. Hər xaricə səfərimdən sonra səfər təəssüratlarımı onunla bölüşür, fikrilərini öyrənirdim. Onun fikirləri mənim üçün çox vacib idi. Təəssüflər olsun ki, indi təəssüratlarımı, fikrilərimi bölüşməyə elə bir adam yoxdur. İndi heç kimlə paylaşa bilmirəm (kövrəlir – L.M.)”.
Atası ilə hər zaman aralarında pərdə olduğunu deyir: “Anama dediklərimizi atama deyə bilmirdik. Anamızla açıq idik, amma atamdan çəkinirdik. Çünki atam ciddi kişi idi. Peşəsinə, mənliyinə, şəxsiyyətinə böyük hörmət var idi. Atama xalq, dostları, həmkarları tərəfindən olan münasibəti görürdüm. Bu günə qədər Azərbaycanın digər rayonlarına, Abşeronun kəndlərinə gedəndə mənə Vasifin oğlu deyirlər. Atama da Zülfünün oğlu deyirdilər. Atam gülürdü ki, 60 yaşını haqlasa da, hələ də ona Zülfünün oğlu deyirlər. Çox dürüst, açıq, eyni zamanda bəzən qaşqabaqlı idi. Qardaşımla mənə işimizi, insanlarla münasibətimizi düzgün qurmağı, diqqətli yaşamağı tapşırırdı. Özü də çox diqqətli idi. Hər sözünə, hərəkətinə, atdığı addıma cavabdeh idi. Deyirdi, nə olacaq, Allahın işidir, amma siz həyatınızı düzgün yaşayın, təmiz olun, niyyətiniz, fikirləriniz belə təmiz olsun, heç kimdən heç vaxt heç nə istəməyin. Özü də istəmədi. Ailəsi, vəzifəsi, fəxri adlarla bağlı heç vaxt heç kimə müraciət etmədi. Mənə də demişdi ki, heç vaxt xahiş eləmə, vaxt gələcək alacaqsan, özləri gətirib verəcək. Dediyi kimi də oldu”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər