• cümə, 29 Mart, 13:04
  • Baku Bakı 14°C

Niyaz Qasımov: “Könülün başqa bir aktyorla səhnədə obraz canlandırdığını izləmək mənə xoş təsir bağışlamaz”

17.03.15 06:59 4247
Niyaz Qasımov: “Könülün başqa  bir aktyorla səhnədə obraz canlandırdığını izləmək mənə xoş təsir bağışlamaz”
Aktyorlar deyirlər ki, teatr bizim ikinci ailəmizdir. Sizə bəhs edəcəyim sevgi hekayəsi də kiçik bir teatrın - Bakı Uşaq Teatrının yaradıcı heyətinin iki tanınmış simasının- Niyaz Qasımovla Könül Şahbazovanın yaşadıqları bir hekayədir. Maraqlıdır ki, artıq bu evlilik teatrda bir-birlərinə aşiq olub, ailə quran 3-cü cütlükdür. Dördüncü cütlük isə yoldadır desək yəqin ki yanılmarıq... Martın 11-də Teatr Xadimlər İttifaqında Bakı Uşaq Teatrının “Bizim teatr festivalı-2” nin açılışı oynanılan “Oyun” tamaşası isə öz sevgi hekayələrinə başlayan başlayan Könül Şahbazova və Niyaz Qasımov cütlüyü tamaşadan sonra onlara ünvanladığımız sualları cavablandırdılar.
- Maraqlıdır, ilk tanışlığınız necə yarandı? Birinci hansınız sevgi etiraf etdiniz?
- Könül Şahbazova: Niyazla 2010-cu ildə tanış olmuşuq. Tanışlığımızın səbəbkarı Bakı Uşaq Teatrı olub. Onunla bir yerdə işləyirdik. Ancaq sevgi münasibətlərimiz “Oyun” tamaşasından sonra başladı. O, teatra gələndən mənə qarşı olan hisslərini büruzə verirdi. Mən isə etiraz edirdim. Bu tamaşadan sonra mənim də ona qarşı olan fikrim dəyişdi. “Oyun” tamaşasında o qədər gözəl sözlər var ki, o sözlər hər bir xanımı yoldan çıxarar. Müəllif bu əsəri çox gözəl yazıb. Məhz oradakı sözlərlə Niyaz mənim saqqızımı oğurladı. Bunun üçün heç də peşman deyiləm. Niyaz çox yaxşı insandır. Hazırcavab və ağıllı biridir. Bunu bir daha deməyəcəm (Niyazın üzünə baxaraq-müəllif). Mən insanların xarici görkəminə deyil, daxili aləminə, zənginliklərinə önəm verirəm. Bu cəhətdən Niyazın xarakteri, daxili dünyası məni çox qane edir. Məhz buna görə də mən Niyazı seçmişəm.
- Niyaz Qasımov: Könüldə məni özünə cəzb edən onun saflığı oldu. Sözün düzünü desəm, hiyləgərliyi də var (gülür). Könül necə var, elədir. Əslində, qadınlar özlərini istədiyi kimi təqdim edirlər. Amma Könül onu çox nadir hallarda edir.
- Bir şeyi anlamadım. Deyirsiniz ki, Könül həm hiyləgərdir, həm də saf. O, necə olur elə?
- Niyaz Qasımov: Bunu pis mənada demirəm. Yəni onda az miqdarda qadın hiyləgərliyi var. Daha çox safdır, nəinki hiyləgər. Qadınlar var ki, real həyatda başqa xasiyyətə malikdirlər ancaq özlərini başqa cür göstərirlər. Mən Könülün üzünə baxanda bilirəm ki, o nə hisslər keçirir.
- Niyazla bağlı gələcək arzularınız nədən ibarətdir?
- Könül Şahbazova: İkimizi də böyük səhnədə görməyi arzulayıram. Niyazı daha parlaq və baş rollarda görmək istərdim. Gələcəkdə qismət olarsa Niyaz üçün tamaşa qurmaq fikrindəyəm. Onu görmək istədiyim obrazların yarısında görmüşəm.
- Niyaz gözünün qabağında idi deyə onunla evlənməyə qərar verdiniz, yoxsa sizin sevgi hekayəniz tamam başqadır?
- Könül Şahbazova: İkinci Könül dedi ki, Niyaza üstünlük ver. Mən ona çox güvənirəm. Gözümün qarşısında olsa da olmasa da mən ona etibar edirəm.
- Tamaşa hazırlayanda ən çox kimin sözü keçir?
- Könül Şahbazova: Mən tamaşaya rejissorluq edəndə böyük söz-söhbətlə qarşılaşırıq. Hərdən olur ki, aramızda anlaşılmazlıq yaşayırıq. O da öz fikirlərini bildirir, mən də. Çox zaman onun fikirlərini qəbul etmirəm.
- Niyaz, adətən, Azərbaycan kişiləri xoşlamırlar ki, yoldaşları aktrisalıq sənəti ilə məşğul olsun. Bu barədə sən nə düşünürsən?
- Niyaz Qasımov: Əslinə qalsa, Könülün aktrisa olmasını istəmirəm. Könülü daha çox rejissor kimi görürəm. Ancaq o sənətinin vurğunudur. İşini sevən aktrisadır. İstəyirəm ki, səhnədə sözünü deyə biləcək ən mükəmməl aktrisalardan biri olsun. Niyə də olmasın? Hər şeyi zaman göstərəcək. Yaşayarıq görərik.
- Əgər Könülün tamaşalardakı tərəf müqabili siz yox, başqa bir aktyor olsa, bəs onda necə?
- Niyaz Qasımov: Hər şeydən öncə mən kişiyəm. Gərək bu barədə bir qədər fikirləşim... Çox güman ki, razı olmaram. Könüllə birlikdə festivalın açılışında oynadığımız ikinəfərlik “Oyun” tamaşanı başqa aktyorla oynamasına razılıq verə bilmərəm. Ancaq, digər tamaşalara gəlincə, seçim şansını onun özünə həvalə edirəm. Nə qədər aktyor-aktrisa olsaq da, Azərbaycan mentaliteti bizim də qanımıza işləyib. Oturub Könülü bu obrazdan başqa bir aktyorla oynadığını izləmək mənə xoş təsir bağışlamaz. Yəqin ki, hər şeyi zamanla, ailə içində müzakirələrdən sonra qərar verəcəyik. İndiyə kimi mən Könülə o qədər də dəhşətli qadağalar qoymamışam. Ümid edirəm ki, bundan sonra da elə olar.
Könül Şahbazova: Niyaz başqa tərəf müqabili ilə oynaya bilər. Ancaq mən oynaya bilmərəm? (gülürük).
- Belə çıxır ki, siz də icazə verməzsiniz?
- Könül Şahbazova: Mənim üçün problem yoxdur. Mən ona inanıram və güvənirəm. O, istənilən obrazı istənilən tərəf müqabili ilə oynaya bilər.
- Gələcəkdə Könülün aktrisa kimi yaradıcılığına davam etdirməsinə razılıq verəcəksizmi?
- Niyaz Qasımov: Nə qədər ki, mən bu sənətdəyəm, onun da aktrisalıq yaradıcılığına nəzarət edəcəm. Mən öz sənətimi sevirəm. Bu sənəti nə qədər sevirəmsə, Könül məndən ikiqat artıq sevir. Aramızda elə bir problem olmamalıdır. Çünki biz eyni sənətin nümayəndələriyik. Ortaq bir dil tapa bilərik.
- Bu artıq Bakı Uşaq Teatrında üçüncü cütlükdür ki, evlənir. Niyə elə özünüzdən alıb, özünüzə qız verirsiniz? Başqalarına etibar etmirsiniz?
- Könül Şahbazova: Biz ona heç önəm verməmişik. Deyirlər, könül sevən göyçək olar. “Oyun” tamaşa isə bizi bir-birimizə sevdirib. Bizə nə edibsə o tamaşa edib.
- Niyaz Qasımov: Əslində gedib İrlandiyada bir ay qalsam, orada kiməsə vurulsam, orada da ailə qurub, evlənmək olardı. Evlənmək problem deyil. Teatrda biz bir-birimizin gözünün qabağındayıq. Bir-birimizin xarakterinə bələdik.
- Niyazın aktyorluq qabiliyyətini necə dəyərləndirirsiz?
- Könül Şahbazova: Niyaz çox gözəl və peşəkar aktyordur. Səhnədəki mizanları bilən və özünü tanıyan biridir. İnanıram ki, o daha böyük pillələrə qədər qalxacaq.
- Niyaz Qasımov: Bəli mən çox gözəl və peşəkar aktyoram. (gülürük)
P.S: Martın 18-də cütlüyün toyları baş tutacaq. Biz də öz növbəmizdə gənclərə ailə səadəti və yaradıcılıq uğurları arzulayırıq. Xoşbəxt olun!
P.P.S.Gələcəkdə Bakı Uşaq Teatrı cütlüklər məkanı adlansa yəqin ki, təccüblənmərik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər