• çərşənbə axşamı, 19 mart, 09:14
  • Baku Bakı 8°C

Nitq və eşitmə məhdudiyyətli insanların dili-ağzı olan xanım - Çətin peşə

20.12.16 14:31 7394
Nitq və eşitmə məhdudiyyətli insanların dili-ağzı olan xanım - Çətin peşə
Valideynləri nitq qüsurlu olduğundan bu dili öyrənmək məcburiyyətində qalıb. Dili yaxşı bildiyindən, ətrafındakı nitq və danışma məhdudiyyəti olan insanlar təklif edib ki, surdo-tərcüməçi olsun. Zaman keçdikcə bu işə marağı artıb və ətrafındakıların motivasiyasından sonra işin incəliklərini öyrənməyə başlayıb, sənətə daha dərindən yiyələnmək üçün qrammatikanı incələyib. Yalnız bundan sonra tərcüməçiliyi işinə çevirib. Müsahibimiz "Lider” televiziysının "Səda” informasiya proqramının surdo-tərcüməçisi Yeganə Tağızadədir.

Y.Tağızadə deyir ki, ölkəmizdə surdo-tərcüməçilər olsa da, dili dərindən bilmirlər: "Nitq qüsurlu insanlar çox həssasdırlar. Onların dilini gərək yaxşı başa düşə, anlayasınız. Onlar sizin həqiqətən onları başa düşdüyünüzü hiss etməlidirlər. Çünki onların hissi çox güclüdür. Bu işdə təkcə surdo-tərcüməçi yox, həm də nitq və eşitmə məhdudiyyəti olanların psixoloqu, dili-ağzı olursan”.
Səmimi, inadkar, kinli
Nitq və eşitmə məhdudiyyətli insanları təsvir edən həmsöhbətimizin sözlərinə görə, bu cür insanlar çox əsəbi olurlar: "Onları bəzən həkimlər, polislər başa düşmür. Fikirlərini çatdıra bilməyəndə də əsəbiləşirlər. Buna görə məcburdurlar ki, bizim kimi surdo-tərcüməçilərdən istifadə etsinlər ki, onların fikirlərini çatdıraq. Onlar çox səmimidirlər. Qarşıdakı insanı o qədər gözəl hiss edirlər ki... Səmimi və ya qeyri səmimi olduğunuzu o dəqiqə tuturlar. Gərək onlar ilk növbədə sənə inansınlar. Əgər inanmasalar, onların yanında olmağın faydası yoxdur. Çox inadkardırlar, sözlərini yeritməyi sevirlər. Həm də bir az kinli olurlar, heç nəyi unutmurlar. Nitq məhdudiyyəti olan insana bircə dəfə pislik etdinsə, heç vaxt unutmayacaq və çalışacaq ki, nə vaxtsa sənin cavabını versin. Onu da deyim ki, surdo-tərcüməçilərin əksəriyyətinin valideynləri nitq qüsurlu olanların övladlarıdır”.
"Gərək bütün bacarığını ortaya qoyasan”
Y.Tağızadə onu da bildirdi ki, MDB ölkələrinin hamısında nitq qüsurluların "dili”, jestikası eynidir. Məsələn "ürək” sözünü demək üçün SSRİ ölkələrinin hamısında eyni işarəni göstərirsən. Onu da öyrəndik ki, Azərbaycanın heç bir təhsil müəssisəsində surdo-tərcüməçi yetişdirilmir. Yaxşı surdo-tərcüməçi olmağın sirlərindən danışan müsahibimizin sözlərinə görə, ilk növbədə gərək işinə ürəklə, sevgi ilə yanaşasan: "Bu işdə gərək bütün bacarığını ortaya qoyasan. Nitq qüsurlular hiss etməlidirlər ki, sən doğurdan da onları başa düşür və dediklərini olduğu kimi başqalarına çatdıra bilirsən. Bir də, azca psixoloq olmalısan. Çünki onları başa düşmək üçün keçirdikləri hissləri yaşamaq lazımdır”.

O, yalnız jestdən istifadə etməklə kifayətlənmir: "Mən jest ilə yanaşı, dodaq tərpənməsinə də xüsusi fikir verirəm. Çünki onlar dodağa da baxırlar. Bir var, jestdən istifadə edib, ağzını elə-belə hərəkət etdirəsən, bir də var, sözləri həm də dodaq tərpənməsi ilə başa salasan. Təhsili olan nitq və eşitmə qüsurlular dodaq tərpənməsini də gözəl tuturlar. Çünki orta məktəbdə onlara dodaq hərəkətləri ilə sözlər öyrədilir”.
"Uşaqlıqdan ailəmlə də bu dildə danışıram”
Qeyd etdiyimiz kimi, Y.Tağızadə həm də "Lider” televiziyasının "Səda” informasiya proqramında surdo-tərcüməçidir. Deyir ki, xəbərləri tərcümə edəndə onu o qədər yaşayır ki, bəlkə də studiyada bomba partlasa, eşitməz: "O aləmə girəndə, sanki ətrafdan təcrid olunuram. Nitq və eşitmə məhdudiyyətli insanlarla çox təmasda olduğumdan bəzən məni kənardan çağıranda belə, qulaqlarım eşitmir. Xəbərləri o qədər ürəkdən tərcümə edirəm ki, bəzən təvazökarlıqdan uzaq olsa da, özümlə fəxr edirəm. Çünki ürəyimi işimə qoyuram”.

Xəbərləri tərcümə etməyin çətin olub-olmamasına gəlincə, müsahibimiz deyir ki, kiminsə dediyini başa düşüb, başqasına çatdırmaq və yenidən cavabı tərcümə etməkdənsə, xəbərləri tərcümə etmək onun üçün daha rahatdır: "Amma ümumilikdə işimin mənim üçün heç bir çətinliyi yoxdur. Çünki balacalıqdan ailəmlə də bu dildə danışdığımdan, bu, mənim normal həyatımdır. Sizinlə normal söhbət etdiyim kimi, nitq məhdudiyyətli insanlarla da bu cür rahat söhbət edirəm”.

Y.Tağızadə televiziyada çalışmaqla, tədbirlərdə, seminarlarda tərcüməçilik etməklə yanaşı, həm də evdə tələbə hazırlayır: "Nitq və eşitmə məhdudiyyətli tələbələrimə jesti, qrammatikanı, düzgün yazılış qaydasını öyrədirəm. Nitq məhdudiyyəti olanların qrammatika ilə bağlı böyük problemləri var. Söhbət yazılışdan gedir. Sözlərin sonundakı şəkilçiləri atırlar”.
Onlar hansı problemdən əziyyət çəkirlər?
Müsahibimiz sonda nitq və eşitmə məhdudiyyətli şəxslərin problemlərindən danışmağı da özünə borc bildi: "Bu cür insanların ətrafında olduğuma görə deyə bilərəm ki, onların iş tapması çox problemlidir. Əmək qabiliyyətli olsalar da, iş tapmaqda çox çətinlik çəkirlər. Sovet dövründə bu cür məhdudiyyəti olan insanlar zavodlarda çalışa bilirdilər. İndi isə onların belə imkanları yoxdur. Paltar, ayaqqabı sexlərində işləyənlər var, amma azdır. Cəmiyyətdə özlərini çox rahat hiss edirlər, yalnız işsizlik problemindən əziyyət çəkirlər. Həmişə şikayətlənirlər ki, məhdudiyyətləri olmasaydı, mağazada, hansısa şirkətdə işləyə bilərdilər. Fəhləlik etmək üçün gərək qulaqları eşidə ki, onları buyursunlar. Onu da deyim ki, fiziki baxımdan çox güclüdürlər. Aralarında gözəl sənətkarlar da var. Mənim tələbələrimdən biri Rəssamlıq Akademiyasının emalatxanasında işləyir. Yaxşı imkanı olan biznesmenlər də, çox aşağı səviyyədə yaşayanlar da var”.

Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər