• cümə, 19 Aprel, 02:58
  • Baku Bakı 18°C

Nikol məhkəməyə verilir

27.01.20 17:28 2581
Nikol məhkəməyə verilir
Konstitusiya Məhkəməsinin sədri baş naziri ona böhtan atmaqda günahlandırır

Nikol Paşinyan hakimiyyətdə olduğu iki il ərzində ilk dəfə olaraq məhkəmə prosesi ilə üzləşə bilər. Onu məhkəməyə verməyə hazırlaşan şəxs isə Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyandır. Vəkillərinə iddia hazırlamağı tapşıran Tovmosyan prosesdən geri çəkilmək fikrində olmadığını bildirib. Səbəb də odur ki, baş nazir bildirib ki, Tovmosyan konstitusiyanı pozaraq Konstitusiya Məhkəməsinin sədri vəzifəsini "işğal” edib. Bundan başqa, Nikol iddia edib ki, Tovmosyan hakimiyyət orqanlarına öz xidmətlərini təklif edib. O bildirib ki, Konstitusiya Məhkəməsi bir şəxs və bir qrup tərəfindən işğal olunub. Bu qrup da əvvəlki korrupsiyalaşmış hakimiyyətdir. Əlavə edib ki, 2018-ci ilin mayından başlayaraq əvvəlcə hər gün, sonra isə həftədə bir gün Tovmosyan ona öz xidmətlərini təklif edib: "Bildirirdi ki, Konstitusiyanın mətninin müəllifi odur və bütün sualtı daşlar barədə danışmağa hazırdır. Birlikdə nələr edə biləcəklərini də vurğulayıb. Bütün bu təkliflərin fonunda onu müvafiq yerə göndərdim. Bildirdim ki, mənim korrupsiyalaşmış rejimlə əməkdaşlıq etmək arzum yoxdur”. N.Paşinyan daha sonra Tovmosyanın ona bağışladığı qələmin fotosunu paylaşıb: "Bu qələm Qrayr Tovmosyanındır. Mən çox fikirləşdim ki, bunu zibil qutusuna atım, ya yox. Nəhayət ki, bunu yaltaqlanmağın ən qəribə növü kimi saxlamağa üstünlük verdim. Bu, mənim bu yaşıma kimi rast gəldiyim yaltaqlıq halının ən yüksək göstərici idi”. Baş nazir bildirib ki, onun Konstitusiya Məhkəməsinin sədri ilə ilk görüşü 2018-ci ilin may ayında olub: "O zaman Ümumerməni "Ayastan” fondunun Himayədarlar Şurasının iclasında yanaşı oturmuşduq. "Mənə "cənab Paşinyan can” deyə müraciət edirdi. Onun həddən artıq yarınmaq istəyi mənə qəribə gəlirdi. Onun "canlar”ı məni iyrəndirirdi. Sonradan Tovmosyan bir dəfə mənə dedi ki, xanımının qohumları da İcevandandır (Paşinyan İcevanda doğulub)”. Paşinyan qələm məsələsinə belə aydınlıq gətirib. Bildirib ki, "bir dəfə nəsə yazmaq istəyəndə qələm tapa bilməyib. Bu zaman Tovmosyan ona "elit” bir qələm təqdim edib. Geri qaytarmaq istəyəndə isə bildirdi ki, qoyun sizdə qalsın. "Bunu qaytarmaq qeyri-etik çıxırdı. Özü də kameralar qarşısında”. Baş nazirin sözlərinə görə, nəticədə bu qələm "sadiqliyin təminatı” kimi onda qalıb. Sonra isə Tovmosyan bir neçə dəfə onu qəbul etmək barədə dəfələrlə müraciətlər edir: "Etmədim. Bir neçə dəfə mənə Konstitusiya günündə iştirak etmək üçün müraciət etdi. Bununla da işğal olunan Konstitusiya Məhkəməsinə legitimlik qazandırmaq istəyirdi”. Baş nazir xatırladıb ki, onların növbəti görüşü 2019-cu ildə baş tutub. "Xanımıma yaxınlaşıb qızı üçün tələbə təqaüdünə görə təşəkkür etdi. Görəndə ki, bu yaltaqlıq münasibəti sərhədləri keçir - dedim ki, həmin şəxsin kim olduğunu bilməyiblər”.
Bütün bu ittihamlara Q.Tovmosyan öz vəkilləri vasitəsilə cavab verib. O bildirib ki, baş nazirin söylədikləri həqiqətə uyğun deyil.
Erməni nəşrləri yazır ki, hazırkı hakimiyyət nəyin bahasına olursa-olsun Q.Tovmosyanın istefasına nail olmağa çalışır. Bundan əvvəl Konstitusiya Məhkəməsi parlamentin Tovmosyanın səlahiyyətlərinə xitam verilməsi barədə müraciətini rədd edib. Sədrin səlahiyyətlərinin dayandırılması barədə təşəbbüsün müəllifləri bildirirlər ki, Tovmosyan dövlət quruluşunu devirməkdə ittiham olunub həbs olunan eks-prezident Robert Koçaryanın işinə baxarkən ciddi qanun pozuntularına yol verib.
Tovmosyan vəd edib ki, səbirlə 20 günü gözləyir. Bu müddət ərzində Paşinyanın söylədiyi fikirlərə görə hansısa bir obyektiv, tutarlı fakt ortaya qoymalıdır. Əks təqdirdə Paşinyanı barəsində böhtan səsləndirdiyinə görə məhkəməyə verəcək.
"Ermənistan Konstitusiya Məhkəməsinin sədri Tovmasyanın mənzilində axtarış aparmaqla Nikol Paşinyan qırmızı xətti tapdamış oldu”. Bu məlumatı "168 Jam” qəzeti yayıb. "Son 200 il ərzində dünya tarixində heç bir ali məhkəmə orqanının sədri təqibə məruz qalmayıb. Bu qırmızı xətlərin keçilməsi vacib nəticələrə gətirib çıxarır. Onlardan ən vacibi dövlətin mövcudluğunu dayandırmasıdır. Dövlətin əsas funksiyası bu qırmızı xətlərə əməl olunmasıdır. Paşinyan bu funksiyaları və dövlətin kriteriyalarını məhv edir”, - deyə qəzet yazıb.
Yeri gəlmişkən, mətbuat baş naziri ikiüzlülükdə də ittiham etməyə başlayıb. Belə ki, baş nazir Qafanda keçirdiyi mətbuat konfransında Avrasiya İqtisadi İttifaqının Ermənistan üçün investisiya cəlbediciliyindən danışıb. Onun sözlərinə görə, Ermənistan bu təşkilatda aktiv fəaliyyətə başlayır. Bildirib ki, hakimiyyətdə olduğu ilyarım ərzində Aİİ-də "reallaşmayan potensial” müşahidə ediblər. Bu səbəbdən də onu digər təşkilatlarla əməkdaşlıq baxımından bir meydança kimi nəzərdən keçirirlər. Baş nazir əlavə edib ki, sahibkarların nöqteyi-nəzərindən Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin paytaxtlarında biznes forumlar keçirmək məqsədəuyğundur.
Xatırladaq ki, Ermənistan 2015-ci ildən bu təşkilata üzvdür. N.Paşinyan deputat olarkən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasının əleyhinə səs verib. 2017-ci ildə Nikolun lideri olduğu "Çıxış” parlament partiyası parlamentin müzakirəsinə ölkənin təşkilatdan çıxması barədə qanun layihəsi təqdim edib. Əsas səbəblər içərisində sosial-iqtisadi göstəricilərin aşağı salınması, eləcə də, üçüncü ölkələrlə, o cümlədən qonşu dövlətlər olan İran və Gürcüstanla iqtisadi münasibətlərin inkişafında baryerlər göstərilirdi.
Onu da qeyd edək ki, Paşinyanın Qafanda keçmiş hakimiyyəti qınayan çıxışına Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublika Partiyasından reaksiya daxil olub. Partiyanın sədr müavini Armen Aşotyan isə bildirib ki, Paşinyan əlinin altında olan sənədlər paketinə istinad etməkdənsə, qorxusundan KİV-lərdə dərc edilmiş məqalələrə istinad edir. Əslində isə, Qarabağa dair danışıqların bütün stenoqramı, yazışmaları onun əlindədir. Aşotyan özünün Facebook səhifəsindən Paşinyana bir neçə sual da ünvanlayıb. Məsələn, o sual edir: Ermənistanda indiyədək heç olmasa bir lider belə olubmu ki, münaqişənin qarşılıqlı güzəştlər hesabına həll edilməli olduğunu deməsin? Yaxud Paşinyan özü danışıqları hansı sənəd əsasında aparır? Aşotyan bildirib ki, "həmin adam”, yəni Paşinyan dair çevrələrdə "danışıqlar zamanı axmaq davranışlarını ört-basdır etmək üçün hərdən özünü dəliliyə vurmağa məcbur olduğunu” etiraf edib.
"İndi sən kimi dəli yerinə qoyursan? Bizi, yoxsa özünü, bəlkə xalqı?”,- Aşotyan Paşinyana sual ünvanlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər