• şənbə, 20 Aprel, 18:19
  • Baku Bakı 24°C

Nikol Ermənistanı çətin duruma salıb

12.09.18 20:30 449
Nikol Ermənistanı çətin duruma salıb
Nikol Paşinyanın Rusiyaya uğursuz səfəri və atdığı bir sıra addımlar Qərbdə qeyri-müəyyənlik, təəccüb doğurmaqdadır. Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra verdiyi açıqlamalar baş nazirə olan ümidləri tamamilə puç edib. Erməni saytları yazır ki, ABŞ ən əsası Ermənistanın Suriyaya "humanitar missiya”nın göndərilməsinin mahiyyətini anlaya bilmir. Xüsusən də Vaşinqton Paşinyanın ABŞ bioloji materiallar laboratoriyasına Rusiya mütəxəssislərinin üzünə açıldığını deməsinin başa düşmür. "1in.am” saytında dərc olunan materialda vurğulanır ki, Amerika tərəfi Paşinyana anlatmağa çalışır ki, bu məsələdə paritetlik qorunsaydı yaxşı olardı, yəni əvəzində Rusiya laboratoriyaları da ABŞ üçün açıq olsun. "Bizim əldə etdiyimiz məlumata görə, bunun nəticəsində erməni tərəfinə başa salıblar ki, sentyabrda Tramp-Paşinyan görüşü baş tutmayacaq”, - deyə "Qrparak” qəzeti yazır.
Onun Fransa da analoji vəziyyətə düşəcəyi istisna edilmir. Məsələ ondadır ki, bu həftə Ermənistanın baş naziri Fransaya yola düşür. Səfərin reallaşacağı barədə xəbəri ilk olaraq Fransa erməni təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazayan anons etmişdi. Sentyabrın 14-də Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub. Erməni blogerləri və kütləvi informasiya vasitələrində hazırda bir suala cavab axtarırlar – Paşinyan nədən Parisə gedir? "Axı Makronla bu yaxınlarda Brüsseldə görüş oldu və bu müddət ərzində gündəlikdə hansı məsələlərin olacağı müəyyən olunmadı”, - deyə erməni bloger Yerevaneç yazır. "168am” qəzetinin məlumatına görə, N.Paşinyanın Parisə dəvəti həqiqətən də gözlənilməz olub. Lakin mətbuata sızan məlumatlara görə, təcili və gözlənilməz səfər "Veolia Djur” fransız şirkətinə qarşı qaldırılan cinayət işi ilə bağlıdır: "Fransa hakimiyyəti anlamağa çalışır ki, bizim hakimiyyətin bu cür iri fransız şirkətinə qarşı belə addımlar atmaqda məqsədi nədir və bu hal Makronun Ermənistana səfəri öncəsi baş verir. Xatırladım ki, polisin korrupsiya ilə mübarizə üzrə idarəsinin məlumatına görə, "Veolia Djur” İctimai xidmətlərin tənzimlənməsi üzrə komissiyanın sədri Robert Nazaryanı və daha yeddi məmuru ələ almaq üçün onlara Yerevan-Paris-Yerevan reysinə biletlər təqdim edib və bundan sonra suyun tarifi 11 dram – 180-dən 191 drama yüksəlmişdi”, - "Yerevaneç” yazır.
Bloger haqlı olaraq hesab edir ki, əgər Paşinyan həqiqətən də buna görə Parisə yollanırsa, bu, acı haldır. Bu cür məsələlər ən yüksək səviyyədə həll edilmir. Uzağı, telefonla yoluna qoyulur. "Ya Nikol Paşinyan hələ də öz səlahiyyətlərinin icrasına sözün əsl mənasında başlamayıb, ya da bu, xalis yalandır” N.Paşinyanın son bir neçə ay ərzində atdığı düşüncəsiz addımları nəzərə alsaq, erməni baş nazirin "xalça üstünə” çağırılması versiyası doğrudur. Eyni zamanda, Ermənistan hökuməti ilə "Veolia Djur” arasında müqavilə var və həmin müqavilənin keçmiş hökumətlə imzalanması onu pozmaq hüququnun olması demək deyil.
Bir neçə gün öncə "Veolia Djur”un baş direktoru Kristian Lefe bildirib ki, Ermənistan hakimiyyəti su tariflərini olduğu səviyyədə saxlamaq və bütün məsuliyyəti operatorun üzərinə qoymaq istəyir. Bundan az öncə isə Su Təsərrüfatı Dövlət Komitəsinin başçısı İnessa Qabayan deyib ki, tarif artmamalı, konsessiya haqqında müqaviləyə isə yenidən baxılmalıdır. Görünür, Fransa hiddətlənib ki, fransız biznesi Ermənistanda boğulmağa başlayıb.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Su Təsərrüfatı Dövlət Komitəsinin rəhbərliyi ilə görüşdə "Veolia Djur” bildirib ki, su tarifi qaldırılmalıdır və bu, 2016-cı ildə təsdiqlənmiş konsessiya haqqında müqavilədə əksini tapıb. "Veolia” su şəbəkəsini 2017-ci ildə 15 il müddətinə qəbul edib.
Erməni baş nazir isə öz ampluasındadır. Gah özünə qarşı sui-qəsd cəhdlərindən, gah da daxili düşmənlərin güclənməsindən bəhs edir. Yerevanda çıxışı zamanı Paşinyan bildirib ki, "əgər ona nəsə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq. "Potensial qatillərə nə olacağını təsəvvür edirsinizmi? Mən xalqın mandatı və razılığı ilə antikorrupsiya mübarizəsi aparıram. Əgər başıma nəsə gəlsə, xalq küçələrə çıxacaq və potensial qatillər üzərində məhkəmə quracaq. Məhz xalq mənim təhlükəsizliyimin zəmanətçisidir. Mən özümün və ailəmin təhlükəsizliyindən narahat deyiləm. Bu mübarizə sona qədər davam edəcək. Əgər mən korrupsiyaya bulaşsam, o zaman məni Respublika meydanında asın”, – deyə o bildirib. O, Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın bank hesabları məsələsinə də toxunub. Paşinyanın sözlərinə görə, təkcə bir bankda onun 30 milyon dolları var və bu hesab dondurulub. "Saşik Sərkisyana çağırış edirəm ki, bir həftə ərzində 30 milyon dolları dövlət büdcəsinə qaytarsın. Biz imkan verməyəcəyik ki, kimsə xalqla məzələnsin”.

Azər
banner

Oxşar Xəbərlər