Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa...
Rusiyanın Müasir Tarix Muzeyi yeni evlənənlər üçün
qapısını açıb. XVIII əsrin memarlıq abidəsi olan muzeyin möhtəşəm salonlarında
nikah mərasimləri keçirilir. Moskva hökumətinin "Yeni evlilik qeydiyyatı
meydanı” layihəsi çərçivəsində keçirilən ilk təntənəli mərasim, məşhur Moskva
İngilis Klubunun keçmiş kitabxanasında baş tutub. Bu, muzeyin bərpa edildikdən
sonra açılan ən gözəl salonlarından biridir. Salon mərmər sütunlar, nəhəng
tavan çilçırağı və Puşkin dövrünün orijinal nəşrləri olan kitab şkafı ilə
bəzədilib. Binanın tarixi interyerlərində yeni evlənənlər və qonaqlar
yaddaqalan şəkillər çəkdiriblər. Nikah qeydiyyatı VVAQ-ın Moskva şöbəsinin
işçiləri tərəfindən standart qiymətə -350 rubla aparılıb. Şüarı "Tarixi SİZ
yaradırsınız!” olan muzeyin baş direktoru İrina Velikanova qeyd edib ki, yeni
bir ailənin qurulması Rusiyanın böyük milli tarixinin bir hissəsidir: "Bir ailə
qurmağa qərar verən cütlər, ölkəmizin müasir həyatını əks etdirən bir muzeydə,
açıq şəkildə şəxsi tarixlərini - bu günlərini və gələcəklərini Rusiyanın tarixi
ilə əlaqələndirirlər. Ümid edirik ki, bu cür mərasimlər yaxşı bir ənənəyə
çevriləcək və mütəmadi olaraq muzeyimizin salonlarında keçiriləcək”.
Moskvada həyata keçirilən nikah mərasimi nümunə
kimi Rusiyanın başqa şəhərlərinə də yayılmağa başlayıb. Böyüklü-kiçikli Rusiya
şəhərləri gənclərə ölkələrinin və şəhərlərinin tarixlərini tanıtmaq və
sevdirmək, həmçinin gələcək nəsillərə nümunə göstərmək üçün nikahlarını tarixi
məkanlarda bağlamağı təklif edirlər. Maraqlısı odur ki, gənclər çağırışa fəallıqla
qoşulublar.
Qeyd edək ki, bizim ölkəmizdə nikah mərasimlərini
tarixi yerlərdə, muzeylərdə və s. qeyd etmək ənənəsi olmasa da, belə məkanlarda
fotosessiyalar keçirmək ənənəsi mövcuddur. Məsələn, gənclər Şəhidlər Xiyabanını
ziyarət edir, Milli Parkda, İçərişəhərdə və s. yerlərdə gəzərək anları foto və
videokameranın yaddaşında əbədiləşdirirlər. Nikah mərasimləri isə adətən VVAQ
şöbələrində, toy mərasimi zamanı restoran və ya şadlıq evində qeyd edilir. Son
vaxtlar nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində qeyd edilməsi ənənəsi də
yaranır.
Qardaş Türkiyədə də nikah mərasimlərinin tarixi
məkanlarda qeyd olunması halları olsa da, çox yayılmayıb. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət
və Tanıtma müşaviri İrfan Çiftçinin
sözlərinə
görə, qardaş ölkədə gənclərin tarixi, turistik məkanlarda nikah mərasimləri
mövcud olsa da, bu, kütləvi hal almayıb. Məsələn, Kapadokiyada uçan balonlarda
nikahın qeydə alınması son vaxtlar dəbdədir: "Tuz gölündə nikah fotoları
çəkdirmək də son aylar dəbdədir. Zaman-zaman bu cür mərasimlər həyata
keçirilir. Bir zamanlar İstanbul boğazında, Qız qülləsində belə mərasimlər
keçirilirdi. Ancaq bu, ümumi bir trend və dəb şəklində deyil, Türkiyədə çox
yayılmayıb”.
Bizim ölkəmizə gəlincə, Tarixçi-alim
Firdovsiyə Əhmədova nikah mərasimlərinin tarixi məkanlarda qeyd olunmasını
əlamətdar hadisə hesab edir. Belə ki, sovet dövründə bu cür mərasimlərin
ideoloji ənənəsi olub: "Mövcud ideologiyaya xidmət edən abidələri ziyarət
etmək, onların yanında şəkil çəkdirmək, qarşılarına gül qoymaqla həmin günü
xatirəyə çevirirdilər. Amma insanlar nikah mərasimlərini necə qeyd etmələrinə
yalnız özləri qərar verə bilər”. Alimin fikrincə, evliliyin xoşbəxt, maddi və
mənəvi dəyərlərə söykənən əsaslarda qurulmasına yönələn və rəmzi xarakter
daşıması baxımından tarixi yerləri ziyarət etməklə, fotolar çəkdirməklə və
yaxud həmin yerlərdə nikahı qərarlaşdırmaqla insanların hansı dəyərlərə
üstünlük verməsini ənənəyə çevirmək, cəmiyyətə bir mesaj ola bilər: "Bildiyim
qədər, yeni evlənən cütlüklər nikahdan öncə Şəhidlər Xiyabanını, İlhamla
Fərizənin məzarını ziyarət edirlər. Belə bir ənənənin olması yaxşıdır. Tarixi
məkanlarda kəbin kəsmə və ya rəsmi nikah mərasimlərinin baş verməsi isə
təqdirəlayiq haldır. Ancaq o şərtlə ki, həmin mövcud strukturlara, eksponatlara
zərər vurulmasın və kommersiya mənbəyinə çevrilməsin. Çox zaman bu cür
məsələlərdə möhtəkirlik edib, daha irəli gedərək, qazanc xarakterli tədbirlər
keçirir və belə məkanlara zərər vurma hallarına rast gəlinir. Ümumilikdə isə nikahın
tarixi məkanlarda kəsilməsini, tarixi abidələrin ziyarət olunmasını yaxşı hal
kimi dəyərləndirirəm. Bu, hər şeydən əvvəl gənclərin nələrə önəm verdiyi, öz
həyatlarında da o dəyərləri daşıyacaqlarına əminlik yaratmaq və gənclərə nümunə
olmaq baxımından əhəmiyyətlidir. Bu məsələdə qəbahət heç nə yoxdur, əksinə,
belə bir ənənənin yaradılması yaxşıdır”. F.Əhmədova hesab edir ki, bununla belə,
bu cür mərasimlər göstərici xarakter daşımamalıdır: "Əgər o gənclər, məsələn,
Tarix və ya İncəsənət Muzeyində belə mərasimləri reallaşdırmağa çalışarlarsa,
onların ən azı, ölkənin tarixi və ya mədəniyyəti, incəsənəti barədə bilgiləri
olmalıdır”.
Milli Tarix Muzeyinin
meneceri Kubra Dadaşova sorğumuza cavab olaraq bildirdi ki, nikah bağlayan
gənclər muzeyin salonlarını icarəyə götürərək burada fotosessiyalar keçirirlər:
«Muzeyin salonları çox möhtəşəmdir. Gənclər burada şəkil çəkdirməyi çox
xoşlayırlar. Ancaq indiyə qədər burada nikah mərasimi keçirən olmayıb». Menecer
hesab edir ki, tarixi təbliğ etmək baxımından belə mərasimlərin tarixi
məkanlarda və muzeylərdə keçirilməsi təqdirəlayiqdir. «Əgər bizdə də bu cür
mərasimlərin muzeylərdə keçirilməsinə rəsmi icazə verilsə, yaxşı olar».
İstiqlal Muzeyinin direktor
müavini Sədi Mirseyibli deyir ki, indiyə qədər muzeydə bu səpkidə mərasim
keçirilməyib. Muzey rəsmisi hesab edir ki, belə mərasimlərin tarixi profilli
yerlərdə keçirilməsi hüquqi cəhətdən nizamlanmalıdır: «Rəsmi icazə olandan
sonra belə mərasimləri keçirmək olar». S.Mirseyibli nikah mərasimlərinin
muzeylərdə keçirilməsini yenilik adlandırır: «Hesab edirəm ki, bizdə də bu
yenilik tətbiq oedilsə, müsbət addım olar. Ən azı, gənclərin öz tarixlərinə
bələd olması, onu sevməsi və təbliğ etməsi üçün təqdirəlayiq haldır».
Göründüyü kimi, bizdə hələ nikah mərasimlərinin tarixi məkanlarda
qeyd olunması ənənəsindən danışmaq olmaz. Hələ bu cür mərasimlər restoranların
çal-çağırı çərçivəsindən kənara çıxa bilməyib. Amma yaxşı ənənələri tətbiq
etmək müsbət haldır. Ən azı, tariximizə hörmət, onu təbliğ etmək və gələcək
nəsillərə aşılamaq baxımından...
Təranə Məhərrəmova