Nihad Qulamzadə: “Molyer gəlib bizim ifamızda öz əsərinə baxsaydı, bəlkə də, ürəyi partlayardı”
Gəncliyinin ən gözəl çağını
yaşayır. Yoxdan nələrsə var etməyə can atır. Bunun üçün əlindən gələni, hətta
gəlməyəni də etməyə səy göstərir. Arzularına, hədəflərinə addım-addım
yaxınlaşır. Bu, asan olmasa da, hədəfindən vaz keçmir. Hər dəfəsində müxtəlif
qapılar döyür, döydüyü 20 qapıdan yalnız biri üzünə açılır. Üzünə bağlanan o
qapılardan isə ümidsizliyə qapılmır, hər zaman "hər şey qaydasındadır” mesajını
ötürməyə çalışır. Çünki buna məcburdur, çünki arxasında onun möhkəm, ayaqda
qalmasını gözləyən komandası. Elə bir komanda ki, bütün ümidləri, gələcəyi,
gözləntiləri məhz ondan asılıdır. O isə güclü görünməyə məcbur və məhkumdur. Nihad Qulamzadə ƏSA adlı bir dünya yaradıb.
Onunla iməkləyir, addım atmağı öyrənir və ən əsası, dünyaya gətirdiyi teatrı yaşatmağa
çaba göstərir.
-
Bu gün Azərbaycan teatrının ƏSA-ya nə qədər ehtiyacı var idi?
- 2016-cı ildə ƏSA təsis olunanda
Azərbaycanda teatr mühiti çox çətin vəziyyətdə idi. Teatr, ümumiyyətlə, aktuallığını
itirmişdi. Bu 4 il ərzində çox şey dəyişdi. Hətta ƏSA teatrı təsis olunanda birmənalı
qarşılanmadı. "Necə yəni, fiziki məhdudiyyətli insanların da teatrı var?” -
deyənlər belə oldu. Fiziki məhdudiyyətli insanların da arzuları, istəkləri var və
onlar da teatrla məşğul olmaq istəyirlər. Biz də onları ətrafımıza yığıb "incəsənət
sərhəd tanımır” deyərək işə başladıq. Biz Azərbaycan tamaşaçısına göstərmək istəyirdik
ki, həqiqətən, teatr sərhəd, əngəl tanımır, teatr azaddır. Müəyyən çərçivələr,
qaydalar əsasında arzuladığımız hər bir şeyi etmək mümkündür. Teatr Xadimləri İttifaqının
teatrımıza münasibətinin dəyişməsi, insanların reaksiyası, artıq dövlət
səviyyəsində premyeralarımızın baş tutması, fəaliyyətimizin elit təbəqələrin diqqətini cəlb
etməsi göstərdi ki, həqiqətən, belə bir teatra ehtiyac var. Hətta bir müddət deyirdilər ki, ƏSA teatrı məşhurdusa,
bu əlilliyi olan aktyorlara görədir. Teatr Azərbaycanda ilk inkluziv teatrdır. Heç
vaxt eqoist olmamışam. Ancaq ƏSA teatrı ilə bağlı özüm haqqında çox yaxşı fikirdəyəm.
Bu günə kimi əlilliyi olan şəxslərlə bağlı müxtəlif layihələr olub. Ancaq heç
biri aktuallığını qoruya bilməyib. Əlillik faktoru ilk baxışda diqqəti cəlb edə
bilər, amma iş düzgün qurulmasa, biz tamaşaçılara istədiklərini verməsək, ƏSA teatrı
bir-iki tamaşadan sonra məhv olacaqdı. Bu gün ƏSA teatrını ayaqda saxlayan düzgün
iş qrafikidir.
-
Sizin bundan əvvəl idarəçilik bacarığınız və təcrübəniz olmayıb. Çətinlik
çəkmədinizmi?
- ƏSA teatrını təsis etməmişdən
qabaq kifayət qədər araşdırmalar edirdim. Əvvəl çalışdığım digər müstəqil teatrda
komandanın idarə edilməsi, məşqlərin düzgün şəkildə aparılması qaydasını
öyrəndim. Bütün səhvləri görüb, düşünüb, daha sonra ƏSA teatrını yaratdım. Teatrımız bu gün də pandemiya dövründə aktiv şəkildə
çıxış edir, yeni tamaşa hazırlayır, dayanmadan işinə köklənir. Bir ağac bar verəndirsə,
istənilən halda, şəraitdə o yenə də bar verəcək. Yağışın suyundan, hətta kanalizasiyanın
suyundan belə öz ehtiyacını götürəcək. Biz bu gün düşünməliyik ki, teatrı necə ayaqda
saxlayaq. ƏSA teatrı buna köklənib və Azərbaycanda ilk dəfə sponsorla işləyən, sponsor
tərəfdaşı olan teatr olub. Biz bunu biznesləşdirə bilmişik.
-
Bunun üçün yaxşı çevrə və hörmətli tanışlar lazımdır. Hazırkı durumda heç bir sponsor
deməz ki, tamaşa hazırlayın, sizə sponsorluq
edim. Sponsorlar daha çox şouya meyillənirlər.
- 8 ildir teatrla məşğulam və
bunun 4 ilini ƏSA teatrında keçirmişəm. ƏSA teatrı yarananda, deməzdim ki, mənim
yaxşı əlaqələrim vardı. Ətrafımda nə bankirlər, nə də biznesmenlər olub. Tamaşa hazırlamaq üçün müraciət etdiyimiz
15 bankdan birindən cavab aldıq. "Adamlar
və siçanlar” tamaşası hazır olanda 4 teatra müraciət etdim. O teatrların direktorlarının
qapısının ağzında iki gün gözləmişəm. O zamandan xeyli keçib deyə, bunu rahatlıqla
deyə bilirəm. Həmin vaxt Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidovla
görüşmək üçün qapısında 9 saat gözləmişəm. Bunlar asan proses deyil, bunun üçün
səbir lazımdır. O əsərin səhnələşdirilməsi üçün o qədər qapı döymüşəm ki... Təsəvvür
edin ki, həm tamaşa hazırlayır, həm sponsor axtarır, tamaşanın texniki
problemlərini həll edir, həm də hazır olduqdan sonra oynanılacağı səhnəni düşünür,
danışıqlar aparırdım.
-
Dəyərdimi?
- Bu mənim üçün bir missiyadır.
Mən Azərbaycan teatrına xidmət edirəm. Bilmirəm, bu missiya nə zaman bitəcək. Gördüyüm
işdən zövq alıram və gələcəyə fokuslanan insanam. Bu gün çətinlikdən imtina etsəm,
heç kim bu yükü boynuna götürməyəcək. Bəzən görürəm ki, gənclər yaşlı nəsli qınayır.
Ancaq düşünmürük ki, biz özümüz onların yaşına çatanda gənc nəslə nə qoyacağıq.
Biz əgər yaşlı nəsli nədəsə qınayırıqsa, deməli, qınaq obyektinə çevirdiyimiz
problemləri düzəltməliyik. Bizim də zamanımız gəlib keçəcək və mən bu zamanı yaxşı
dəyərləndirmək istəyirəm. Gedib hansısa teatrın direktorunun qapısında 9 saat gözləyirəmsə,
bütün yaradıcı heyət də o stress və həyəcanla məndən xəbər gözləyir. Fiziki olaraq
bunu tək yaşasam da, mənəvi olaraq bunu komanda yaşayır ki, "görəsən biz səhnəyə
çıxıb tamaşa oynaya biləcəyikmi?”. Təsəvvür edin, tamaşa hazırdır, oynamağa yer
tapmırıq. O zaman Amerika səfirliyinin dəstəyini almışdıq, bu da asan olmamışdı.
Mənim bir üstün cəhətim də odur ki, yaxşı layihə, təqdimat yazmağı bacarıram. Təsəvvür
edin ki, "Adamlar və siçanlar” tamaşasını hazırlamışıq, amma oynamağa yer tapmırıq.
Daimi şəkildə pozitivə köklənirik. Biz bu gün oturub ağlaşma qurmamalıyıq ki, vəziyyət
pisdir. Digər özəl teatrların direktorlarından fərqli olaraq, mən heç bir dövlət
teatrında çalışmıram, heç bir dövlət teatrından maaş almıram. Bununla belə, heç
ağlamıram. Özümüzü elə göstəririk ki, hər şey yaxşıdır.
- Bu vaxta qədər təxminən neçə qapı döymüsünüz?
- Çox qapı. Elə bank sektorundan
20 qapı döymüşəm. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu ilə işləyirik.
Mən dəfələrlə Mədəniyyət Nazirinə səhnə üçün müraciət etmişdim və heç birində müsbət
cavab almamışdım. Biz bir teatra min manat verib tamaşa oynamışdıq. Tamaşa anşlaqla
keçmişdi və həmin nümayişdə 1750 manatlıq bilet satılmışdı. Tamaşanın reklamına,
piarına və çap məhsullarına da xeyli pul xərcləmişdik. Teatrın rəhbəri gördü ki,
tamaşa anşlaqla keçib, oturmağa yer yoxdur, növbəti tamaşa üçün bizdən iki min manat pul istədi. İnsan
onda hansı vəziyyətə düşər? Tamaşadan sonra düşünürdüm ki, 750 manatı aktyorlar
arasında necə böləcəm. İndi də teatr icarə haqqı olaraq 2000 manat istəyir. Bazar
iqtisadiyyatında belə şey yoxdur, valyuta da belə sürətlə dəyişmir. Belə çıxır ki,
növbəti dəfə cibimdən 250 manat ödəməliyəm. Bütün bu məsələlər təbii ki, insanı
yorur, həvəsdən salır. Ondan sonra Mədəniyyət Nazirliyinə müraciət etdik. İndi
Nazilrik özəl teatrlara ayda bir dəfə dövlət teatrlarının səhnəsində ödənişsiz
çıxış etmək imkanı yaradıb. Probemlərlə üzləşirəmsə, bu o demək deyil ki, işimdən
uzaqlaşmalıyam. Əksinə, mən öz mübarizəmi
aparıram, həyat da bir mübarizədir. İnsan özü ilə mübarizə apardıqdan sonra ətrafı
ilə mübarizə aparır. Mən də hazırda özümlə mübarizəni bitirib ətrafımla mübarizə
aparıram. Arxasında olduğum və mənim arxamda olanlar üçün nəsə etmək istəyirəm.
-
Nihad Qulamzadə cəsarətlidir, yoxsa istedadlı?
- Nihad Qulamzadə, ilk növbədə,
cəsarətldir. Bu günə kimi çox cəsarətli addımlar atmışam. Hətta teatrla məşğul olmağımın
özü də bir cəsarət idi. Belə bir teatr yaratmağın özü də bir cəsarət deyilmi? Hər
bir insan istedadlı doğulur. Heç bir insan sonradan özünə proqram yükləmir, özünə
çip yerləşdirmir. Tanrı insanları bərabər ruhda yaradır və düzgün yanaşılmağını gözləyir. Düşünürəm ki, mən
istedadımı kəşf etmişəm. Hazırda o istedadı tanımağa çalışıram və düzgün
şəkildə yönəldirəm.
- Fiziki məhdudiyyətli insanlar cəmiyyətin ən həssas yeridir. O insanların
həssas yerinə toxunmaq, təbii ki, böyük reytinq, ad-san, şöhrət gətirəcək.
Yəqin ki, ƏSA-nı yaradanda siz də bunları düşünmüsünüz.
- Müstəqil teatr fəaliyyətimi
sonlandıranda, ümumiyyətlə, teatrdan uzaqlaşmaq
istəyirdim. O vaxt depressiyaya düşmüşdüm. 2016-cı ilin iyun ayı idi, teatrdan çıxmışdım.
Teatrın mətbəxini, bugünkü real vəziyyətini görmüşdüm. Teatrdan o qədər çox
iyrənmişdim ki... bir növ, özümə sığışdırmırdım. Alternativ fikirlərim vardı. Fotoqrafiya,
sənədli filmlərlə məşğul idim. Bir anlıq düşündüm ki, mən nə istəyirəm? Eyvana
çıxdım, insanlara baxdım, düşündüm ki, görəsən, özümü burdan atsam, nə olar? Təbii
ki, ya ölərəm, ya da bədənimin müəyyən yeri işləməz və əlil arabasına düşərəm. Bəs
əlil arabasında olsam, nə edərəm? O an özümü səhnədə gördüm, təsəvvür etdim ki,
pərdə açılır və mən səhnədəyəm, sonda hər kəs məni ayaq üstə alqışlayır. Çox həyəcanlı
idim. İçərişəhərə getdim, köhnə küçələrlə
gəzə-gəzə düşündüm və qardaşıma zəng etdim. Başladım bunu həyəcanlı şəkildə danışmağa.
Dedim ki, artıq başlamaq istəyirəm, mənə maaşından verə bilərsən? İlk tamaşamızda
xəyalımdakı o səhnəni canlandırdım.
-
Nihad Qulamzadə fiziki məhdudiyyətli xanımla ailə qurarmı?
- Biri ilə ailə həyatı quranda
potensial fiziki məhdudiyyətli şəxslə həyatımızı birləşdiririk. Bilmək olmaz ki,
hər an başımıza nə gələcək. Əslində, hər bir insan potensial fiziki məhdudiyyətli
şəxsdir. Fiziki qüsuru olan insanlara yazıq kimi baxmağın tərəfdarı deyiləm. Bizim
teatrda fiziki məhdudiyyəti olan aktyorların 60 faizi sonradan belə olub. Onlar düşdükləri situasiyalarda
müdrik fikirləri səsləndirəcək insanlardır. Bu günə qədər düşünürəm ki, onların
yerində mən özüm də ola bilərəm. Bunu dərk etmək lazımdır. Mənim hazırda nişanlım
var deyə, bu barədə düşünmək çox gecdir. Ancaq bundan əvvəl olsaydı, təbii ki, razılaşardım.
-
ƏSA hədəflərinə çatıbmı?
- ƏSA-nın hədəfləri çoxdur.
İllər keçdikcə o hədəflərinə addım-addım yaxınlaşır. Bizim ilkin hədəfimiz yaşamaq
idi. Bu elə bir hədəfdir ki, davamedicidir. Bundan sonrakı hədəfimiz daimi var olmaq,
tarixin tozlu səhifəsinə qarışmamaqdır. ƏSA teatrı hər zaman aktual olacaq. Bəlkə
də, bir ildən sonra ən aktual teatrlardan olacaq. ƏSA teatrının əsas hədəflərindən
biri də ortaya peşəkar iş qoymaq idi və buna da nail oldu. Artıq bizim tamaşalarımızın
öz dəst-xətti var.
-
Əngəlsiz, Sərhədsiz, Azad (ƏSA) teatr deyirsiniz. Bunu əməldə necə tətbiq edirsiniz?
Axı siz də klassikaya daha çox xidmət edənlərdənsiniz.
- Biz klassikanın içində azadlıq
yaradıb, o sərhədləri məhv edirik. Mənə görə, azadlıq istədiyini etmək yox, istəmədiyini
etməməkdir. Biz bu günə qədər istəmədiyimiz heç nəyi etməmişik. Əngəlsizik, ona
görə ki, heç bir əngəlimiz yoxdur, həm fiziki, həm də mənəvi olaraq. Sərhədsizdir,
ona görə ki, biz klassik əsəri götürəndə belə ona standartlar çərçivəsində yanaşmırıq.
Molyerin "And” tamaşasını qurmuşduq. Molyer gəlib bizim ifamızda öz əsərinə baxsaydı, bəlkə də,
ürəyi partlayardı. Biz əsəri olduğu kimi hazırlamaq məcburiyyətində deyilik.
M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında 13 dərviş vermişdik.
-
Nə məcburdur ki, klassik əsər səhnəyə qoyulsun?
- Əgər teatrla məşğuluqsa, nə
etməliyik? Oturub araşdırırıq ki, hansı əsər nə qədər satılıb. Kimin hansı əsərdən
nə qədər məlumatı var. Axı teatr olaraq biz də yaşamalıyıq. Nə də olsa, müstəqil
teatrıq, bilet satmalıyıq. Biz o səviyyədə deyilik ki, kimisə tanıdaq. Bu gün tamaşaçı
cəlb etməliyik ki, biletimizi sata bilək. Hətta biz tamaşamız haqqında sorğu keçirir,
insanların reaksiyasını öyrənirik. Bilirik ki, bu günün tamaşaçısı nə istəyir.
Xəyalə
Rəis,
teatrşünas