Nigar Köçərli müsabiqədən danışdı

Nigar Köçərli müsabiqədən danışdı

Cəmiyyət
28 Noyabr 2012, 16:03 2501
Ölkəmizdə ədəbiyyat sahəsində ən böyük layihə sayılan Milli Kitab Mükafatına (MKM) əsər qəbulu başa çatıb. Belə ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir.

MKM-in təsisçisi, “Əli və Nino” Nəşriyyat evinin sahibi Nigar Köçərli bizimlə söhbətində əsərlərin Azərbaycanın bütün bölgələrindən daxil olduğunu bildirdi. Həmçinin Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər: “MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb”. Təsisçinin sözlərinə görə, bütövlükdə müsabiqəyə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunub: “Müsabiqənin şərtinə görə, hər bir əsər 40 min işarədən az olmalı deyil. Maksimal həcmlə bağlı məhdudiyyətlər qoyulmur.

Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayıb. Əsərləri yalnız müəlliflərin özləri təqdim ediblər və bura həm nəşr olunmuş, həm də nəşr olunmamış əsərlər daxildir. Qeyd edim ki, təqdim edilmiş əlyazmalar redaktə edilmir və qaytarılmır. Müsabiqəyə təqdim edilən əsər mükafat prosesinin başlanması barədə edilən elandan 10 ildən gec müddətdə yazılmamış olmalıdır. Şərikli müəllifli olan əsər mükafat laureatı olduğu təqdirdə, mükafatın məbləği müəlliflər arasında bərabər miqdarda bölünür. Hər müəllif ən çox üç əsər təqdim edə bilər”.

Nigar Köçərlinin sözlərinə görə, müsabiqəyə təqdim edilən əsərlər bu həftə Ekspert Şurasına təqdim olunacaq. Ekspertlər Şurasının ilk görüşü isə noyabrın sonunda təşkil olunacaq. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyahı), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. İyirmiliyə düşən əsərlərin həm Bakıda, həm də bölgələrdəki BookClub-larda müzakirələri olacaq və www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək.

MKM təsisçisi qeyd edib ki, iyun ayının 4-də mükafatın qalibləri elan olunacaq. Belə ki, münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin sahibi üç min, 2-ci yerə layiq görülən iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.

Keçən müsabiqənin nəticələri ilə bağlı yaranan narazılıqlara gəlincə, N.Köçərli bu il də həmin narazılıqların təkrar oluna biləcəyinə əmin olmadığını bildirib: «Uğurlu bir iş hər zaman birmənalı qarşılanmamalıdır. Əgər əvvəldən bəlli olsa ki, yarışmanın qalibi kim olacaq, o zaman hər şey birmənalı, maraqsız olardı. Əlbəttə, müsabiqənin bu qədər qalmaqallı olması mənim üçün xoş deyil. Çünki ədəbiyyat layihəsidir və istərdim ki, qalmaqaldan uzaq olsun. Amma digər tərəfdən də baxıram ki, elə “Nobel” mükafatı da qalmaqalla qarşılanır. Bununla belə, burada mənlik bir şey yoxdur. Mən təşkilatçıyam. Bu, bir prosesdir və davam edir. Kimsə narazıdırsa, öz narazılığını bildirə bilər. Müsabiqənin saytında münsiflərin adı dərc olunub. Kimin iradı varsa, onlarla əlaqə yaradıb öz fikirlərini bildirə bilər. Bu, şəffaf və aydın bir prosesdir”.

Müsabiqənin artıq 2 ildən bir keçirilməsinə gəlincə, təsisçi bunu təşkilatçılığın həddən artıq vaxt aparması ilə əlaqələndirib: “Mən belə qərara gəldim ki, Milli Kitab Mükafatı 2 ildən bir keçirilsə, daha yaxşı olar. Bir balaca fasilə vermək lazımdır. Təşkilatçılıq həddən artıq vaxt aparır. Düzdür, köməkçilərim də var, yaxşı komandayıq. Amma yenə də hədsiz vaxt aparır. İkincisi, ədəbiyyat aləmi üçün də yaxşı olar”.

MKM təsisçisinin sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd ədəbiyyatımızı ictimailəşdirmək, onu gündəmə gətirmək, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir: “Böyük irəliləyiş var və bu, məni çox sevindirir”.

Təranə Məhərrəmova