• cümə, 19 Aprel, 07:52
  • Baku Bakı 13°C

Niderlandın “Diplomat Magazine” jurnalında Azərbaycan diplomatının məqaləsi dərc olunub

27.11.16 10:47 859
Niderlandın “Diplomat Magazine” jurnalında Azərbaycan diplomatının məqaləsi dərc olunub
Niderlandın "Diplomat Magazine” jurnalının noyabr buraxılışında səfir Mir-Həmzə Əfəndiyevin "Made in Azerbaijan” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə son dövrlərdə ölkəmizdə aparılan əsaslı islahatlar barədə ətraflı məlumat verilir.
Yazıda Prezident İlham Əliyev tərəfindən xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinin mexanizminin tənzimlənməsi qaydalarının təsdiqi ilə "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi məsələsinə toxunulur.
Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili iqtisadi islahatlar ili kimi səciyyələndirib. Bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatını post-neft dövrünün tələblərinə uyğunlaşdırmaqdır. Son on üç il ərzində ölkənin ümumdaxili məhsul istehsalı üç dəfə artıb, işsizlik və yoxsulluq səviyyəsinin azaldılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan hökumətinin başlıca məqsədi ölkədə makroiqtisadi stabilliyin təmin olunmasıdır. Ölkə iqtisadiyyatının diversifikasiyası davam edir. Qeyri-neft sektoru vasitəsilə iqtisadi inkişafı təmin etmək məqsədilə, hökumət tərəfindən növbəti onillik üçün strateji yol xəritəsi hazırlanır.
Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş institutsional islahatın bariz nümunəsidir. Eyni zamanda, bu ilin avqust ayında vergi sahəsində aparılan islahatların istiqamətləri təsdiqlənib. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı məqsədilə müvafiq addımlar atılıb. Müəllif son dövrlərdə yerli istehsalın inkişafına yönələn islahatlar, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyat və maliyyə sektorlarında şəffaflığın təminatı məsələlərinə də toxunur.
Niderland Krallığı ilə Azərbaycan arasında əməkdaşlığa gəlincə məqalədə iki ölkə arasında keçirilən biznes forumlar, 2015-ci ildə iqtisadiyyat naziri Şahin Mustafayevin Niderlanda, 2016-cı ildə isə onun niderlandlı həmkarı Henk Kampın Bakıya səfərinin ikitərəfli əlaqələr üçün daha möhkəm bünövrə yaratdığı vurğulanır. Niderland kapitalına malik şirkətlərin Azərbaycanda fəaliyyət göstərdiyi diqqətə çatdırılır. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun cari ilin oktyabrında Niderlanda səfərinin və keçirdiyi görüşlərin gələcək əməkdaşlığa təkan verəcəyi bildirilir.
Eyni zamanda, yazıda "Made in Azerbaijan” brendinin təqdimatının niderlandlı sərmayəçilər üçün yeni imkanlar yaradacağı vurğulanır və onlar yaranmış imkanlardan istifadə etməyə dəvət olunur.
banner

Oxşar Xəbərlər